Məhkəmə qərarları › İş №2(103)-419/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-419/2022

25.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-419/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh qızının, onun nümayəndəsi X1, nümayəndəsi və vəkili Nümayəndə, Tərcüməçi Bağırova (Yəhyayeva) Günay Akif qızının iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(006)-414/2021 saylı qətnaməsindən Cavabdeh qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızından iddiaçının xeyrinə bir başa dəymiş maddi ziyanın 12000 manat mənzil üzrə və 5623 manat əşyalar üzrə, cəmi 17623 manat və 17.623 manat mənəvi ziyan, cəmi 35246 manat, 30 manat dövlət rüsumu, cəmi iddia üzrə 35726 manatın birdəfəlik tutulub, iddiaçıya verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, 5 saylı evin, 2 nömrəli mənzilin mülkiyyətçisidir. Həmin evin cavabdehə məxsus 5 nömrəli mənzilindən (yuxarıdan) 1995-ci ildən başlayaraq, sistematik olaraq, axırıncı dəfə 03.06.2020ci il tarixdə mənzilinə su axıntı olmuş və nəticədə mənzilində mətbəx, dəhliz, otaq və avadanlıqlar, geyim və digər əşyalar yararsız hala salınmışdır. 1995-ci ildən 2020-ci ilədək mənzilin istifadə üçün yararlı halda saxlanması üçün iddiaçı 1600 manata yaxın pul vəsaiti xərclənmişdir. Mənzilinin su ilə basması nəticəsində mənzilində olan bütün əşyalar xarab olmuşdur. Hazırda isə iddiaçıya yetirdiyi ziyanın mənzilinin əvvəlki vəziyyətin bərpasına 12000 manat pul vəsaiti zəruridir. Əşyalarının qiyməti isə 5.623 manat təşkil edir. O cümlədən: 1. Divan – 600 manat; 2. Kredmlo-çarpayı – 500 manat; 3. Şifonyer üçqapılı – 400 manat; 4. Çarpayı taxtadan – 300 manat; 5. Döşəklər 3 ədəd yundan 220x160 ölçüsü olan – 100x3=300 manat; 6. Yorğan yündan 2 ədəd 220x160 ölçüsü olan – 100x2=200 manat; 7. Yorğan dəvə yunundan 2 ədəd x 150 manat=300 manat; 8. Yataq örtülü 1 ədəd – 100 manat; 9. Əl-üz dəsmallar 40 ədəd təzə – 20 manatdan 40 ədəd = 800 manat; 10.Yataq dəsti satin pambığı 2 komplekt x 150 manat = 300 manat; 11. Brend geyim gödəkçələri: a) “Everlast” - 3 ədəd x 150 ABŞ dolları = 450 ABŞ dolları, b) “WED*ZF” - 1 ədəd 120 ABŞ dolları, c) “UNİ*QLO” 1 ədəd 120 ABŞ dolları, cəmi 450+240=690 ABŞ dolları x 1,7 manat= 1173 manat; 12. Xalça yundan 1,5 x 2,5 ölçüsü olan 1 ədəd – 500 manat; 13. Qantellər xromdan olan 150 manat. Bir başa dəymiş maddi ziyanın 12000 mant mənzil üzrə və 5623 manat əşyalar üzrə cəmi 17623 manat təşkil edir. Mənəvi ziyanın maddi ziyanın ölçüsü miqdarın məbləğində iddiaçıya vurulmuşunu hesab edir. Cavabdeh könüllü olaraq ziyanı ödəməkdən imtina etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(006)-414/2021 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh qızından su axıtma nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi mənzilə görə 2605 (iki min altı yüz beş) manat, mənzildəki əşyalara vurulmuş zərərə görə 515 (beş yüz on beş) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3150 (üç min yüz əlli) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh qızı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(006)-414/2021 saylı qətnaməsinin iddia tələbinin təmin olunduğu hissədə ləğv edilib, iddia tələbinin bütünlükdə rədd olunması bərədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfin cavabdehə məxsus mənzildən 1995-ci ildən başlayaraq sistematik olaraq, axırıncı dəfə 03.06.2020-ci il tarixdə onun mənzilinə su axıntısının olması barədə qeyd etdiyi fikirlər həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh qızına məxsus mənzildən iddiaçıya məxsus mənzilə sistematik olaraq su axıdılmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi 03 iyun 2020-ci il tarixli aktda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, A. Əliyev küçəsi, ev 5, mənzil 2-də yaşayan İddiaçı şikayət ərizəsi ilə müraciət etmiş və bildirmişdir ki, 5-ci mənzildə yaşayan Cavabdeh qızının mənzilindən dəfələrlə su axıdılmış, mənzil və avadanlıqlar yararsız hala düşmüşdür, vətəndaşın şikayətini nəzərə alaraq, baxış keçirilən zaman həqiqətən də mətbəx, dəhliz və otaqda su axıntısı aşkar edilmişdir. Sözügedən akta mötəbər sübut kimi qiymət verilə bilməzdi. Belə ki, əvvəla MKİS-nin əməkdaşları akt tərtib edərkən cavabdehin iştirakını təmin etməmişlər. Bundan əlavə aktda baxış keçirildiyi qeyd edilsə də, hansı mənzilə baxış keçirildiyi göstərilməmişdir. İddiaçı 1995-ci ildən onun mənzilinə su axıdıldğını qeyd etsə də, cavabdeh mənzili 1998-ci il tarixdə əldə etmişdir. Mənzili əldə edərkən də 1 otaqlı mənzil 2 otaqlı mənzilə uyğunlaşdırılmışdı. Belə ki, mətbəxin yerində yataq otağı düzəldilmiş, mətbəx isə eyvana keçirilmişdi. Mənzili əldə etdikdən sonra mənzili təmir cavabdeh tərəfindən etdirilmişdir və 1998-ci ildən 2018-ci ilədək həmin mənzildə yaşanılmışdır. Bu müddət ərzində iddiaçı tərəfindən onun mənzilinə su axıdılması ilə bağlı cavabdehə hər hansı bir irad olmamışdır. 2020-ci ilin may ayından cavabdehin oğlu ona məxsus mənzili yenidən təmir etdirməyə başlamışdır. Təmir işləri qurtardıqdan sonra, yəni 2020-ci ilin sentyabrından həmin mənzildə yalnız cavabdehin oğlu yaşayır. Mənzildə 25 sentyabr 2019-cu il tarixdə yeni sayğac quraşdırlmışdır. Ümumiyyələ isə 2019-cu ilin əvvəlindən 2020-ci ilin sonunadək su sərfiyyatı olduqca az, cəmi 78 kub.m olmuşdur. Qeyd olunan sorğuya cavabdan da görünür ki, sayğac quraşdırldığı vaxtdan 2020-ci ilin sonunadək su sərfiyyatı cəmi 33 kub.m olmuşdur. Bundan başqa qeyd edilməlidir ki, iddiaçıya məxsus mənzildə isə uzun illərdir ki, kimsə yaşamır. İddiaçı cavabdehin mənzilinin yerləşdiyi bina ilə üzbəüz olan digər binadakı mənzilində yaşayır. İddiaçının Bakı şəhəri, Nəsimi rayonu, A. Əliyev küçəsi, ev 5 ünavnındakı 2 saylı mənzildə uzun illər ərzində yaşamaması 22 yanvar 2021-ci il tarixdə ekspert tərəfindən iddiaçının mənzilinə baxış keçirilərkən də bir daha təsdiqini tapdı. Belə ki, mənzildə uzun illər ərzində hər hansı bir təmir işlərinin aparılmadığı, mənzilin baxımsız vəziyyətdə olması açıq-aşkar görünürdü. Həmçinin mənzildə olan əşyalara baxış keçirildikdə də həmin əşyaların hər hansı birinin xarab olması, yaxud keyfiyyətini itirməsi də müəyyən olunmadı. Mənzildəki divan, kreslo-çarpayı, şifonyer üçqapılı və taxtadan çarpayının keyfiyyətində olduqca cüzi dəyişikliklər olsa da, həmin dəyişikliklər təbii aşınmanın, eləcə də uzun müddət istifadənin nəticəsində əmələ gəlmiş dəyişikliklər idi. İddia ərizəsində göstərilən digər əşyalarda da da hər hansı bir xarab olma, yaxud keyfiyyətinin bu və ya digər şəkildə itirilməsi əlamətləri demək olar ki, aşkar edilmədi. Baxış zamanı 11-ci bənddə göstərilən brend geyim gödəkçələrindən yalnız bir ədəd “Everlast” gödəkçəsi aşkar edildi ki, həmin gödəkçə də təzə vəziyyətdə olmaqla, üzərində hər hansı bir dəyişiklik müəyyən edilmədi. Hazırki mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və 19 aprel 2021-ci il tarixli ekspert rəyi verilmişdir. Ekspert rəyində qoyulmuş 1-ci və 2-ci suallara qeyri- müəyyən cavablar verilmiş, həmçinin göstərilmişdir ki, 5 saylı mənzilin qapısı bağlı olduğu üçün su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Ekspertiza təyin edirlərkən cavabdehin hər hansı bir məlumatı olmamış, eləcə də mübahisəli mənzilə baxış keçirilərkən iştirakı təmin edilməmişdir. Ümumiyyətlə isə ekspert rəyi əsaslandırılmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh qızı, onun nümayəndəsi X3, nümayəndəsi və vəkili Nümayəndə izahatlarında apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, ekspert rəyləri ilə razı olmadıqlarını bildirərək, qətnamənin iddianın qismən təmin edilən hissəsində ləğv edilərək, iddianın həmin hissədə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, İş № 2(006)-414/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş edərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, izahatlarında əlavə olaraq qeyd etdilər ki, hətta apellyasiya mərhələsində yenidən məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş, mənzilə su sızması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, cavabdeh qətnaməni qeyd olunan hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 08.11.2001-ci il tarixli, ÖM seriyalı 093150 №-li qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci Bulvar Məmmədyarov küçəsi, ev 5, mənzil 2 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 543 saylı reyestr kitabının 81227 nömrəli səhifədə, 30/24565 nömrə ilə qeydiyyat aparılmışdır. Müdafiə Nazirliyi Bakı Qarnizonu MİH-nin 5 №-li MİS-nin mühəndis vəzifəsində işləyən E.N.Əmiraslanov, texnik vəzifəsində işləyən S.Ə.Əzizov və elektrik qaz qaynaqçısı vəzifəsində işləyən İ.A.Ağayev tərəfindən tərtib edilmiş 03.06.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 5, mənzil 2-də yaşayan İddiaçı şikayət ərizəsi ilə müraciət etmiş və bildirmişdir ki, 5-ci mənzildə yaşayan Cavabdeh qızının mənzilindən dəfələrlə su axıdılmış, mənzil vçə avadanlıqlar yararsız hala salınmışdır. Vətəndaşın şikayətini nəzərə alaraq onlar tərəfdən baxış keçirilən zaman həqiqətən də mətbəx, dəhliz və otaqda su axıntısı aşkar olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 5 №-li Mənzil-İstismar Sahəsinin 09.06.2020-ci il tarixli, 19 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, 5-ci evin 5-ci mənzili 30/18529 saylı,08.08.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh qızına məxsusdur. Cavabdeh qızı, oğlu – X4 ilə birlikdə göstərilən ünvanda qeydiyyatdadırlar. A.Əliyev küçəsi, ev 5 mənzil 2-də yaşayaş İddiaçı şikayət ərizəsi ilə müraciət etmiş və bildirmişdir ki, 5-ci mənzildə yaşayan Cavabdeh qızının mənzilindən dəfələrlə mənzilinə su axıdılmışdır. Xəbərdarlıq olunmasına baxmayaraq heç bir ölçü görülməmişdir və sonuncu dəfə 03.06.2020-ci il tarixdə mətbəx, dəhliz, otaq və avadanlıqların yararsız hala salınması barədə müraciət emişdir. "xxxx" ASC-nin Nəsimi rayonu Sukanal İdarəsinin 07.01.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvana 25.09.2019-cu il tarixdə CSS-20 markalı ******* nömrəli suölçən cihaz quraşdırılmışdır. Həmin tarixdən 17.12.2020-ci il tarixinə (suölçən cihazın son göstərişisi qeyd olunan vaxt) suölçən cihazın 33 m3 olmuşdur. 2019-cu ilin yanvar ayından suölçən cihaz quraşdırılan tarixədək verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq hesablama yolu ilə müəyyənləşdirilmişdir. Həmin tarixdən suölçən cihaz quraşdırılan tarixədək ünvanda 1 nəfər qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə qaydaları»na əsasən suölçən cihaz olmadıqda 1 nəfər üçün üç ay ərzində 5 m3 su sərfiyyatı nəzərdə tutulmuşdur. Belə ki, 2019-cu il yanvar ayından həmin ilin oktyabr ayınadək su sərfiyyatı 45 m3 olmuşdur. Beləliklə, 01.01.2019-cu il tarixdən 17.12.2020-ci il tarixədək ünvanda ümumi su sərfiyyatı 78 m 3 olmuşdur. Məhkəmə qərardadına əsasən təyin edilmiş "xxxx" MMC-nin LP-012/21 nömrəli, 03 fevral 2021-ci il tarixli daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə görə 1 ədəd divan – 30 manat, 1 ədəd kreslo-çarpayı – 15 manat, 1 ədəd şifonyer (üçqapılı) – 80 manat, 1 ədəd çarpayı – 20 manat, 3 ədəd döşək (yun) – 30 manat, 2 ədəd yorğan (yun) – 20 manat, 1 ədəd yorğan (dəvə yunu) – 15 manat, 1 ədəd yataq örtüyü – 5 manat, 40 ədəd əl-üz dəsmallar – 40 manat, 1 ədəd brend geyim gödəkçəsi – 50 manat, 1 ədəd xalça (1,5 x 2,5 ölçülü, yun) – 200 manat, 1 ədəd qantel (xrom) – 10 manat, ümumilikdə hazırki bazar dəyəri 515 manat təşkil etmişdir. Həmin ekspert tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. Məhkəmə qərardadına əsasən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki obyektlərin tədqiqi və ərzaq və sənaye mallarının əmtəəşünaslıq ekspertizasının 10/3759, 9/5513 nömrəli, 19.04.2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, 5 saylı evin, 2 saylı mənzilinə yuxarı mərtəbədəki 5 saylı mənzildən su sızması faktı müəyyən olunmuş, lakin 5 saylı mənzilin qapısı bağlı olunduğu üçün, su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Yuxarıda göstərilənləri, o cümlədən mülki iş materiallarında olan 5 saylı MİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş 03.07.2020-ci il tarixli aktın məlumatlarını, eləcə də divarlardakı su sızma işlərini nəzərə alaraq, mübahisəli 2 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, 5 saylı evin 2 nömrəli mənzilində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqiibi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2605 manat məbləğində müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, qərardadda qoyulmuş sualda göstərilən əşyaların ekspert tədqiqatına təqdim edilmədiyindən həmin əşyaların əmtəə dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılması mümkün olmamışdır. Kollegiya iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi MM-nin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər social və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1111.2-ci maddəsinin tələbinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. MM-nin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 5, mənzil 2-yə Cavabdeh qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 5, mənzil 5-dən su axması baş vermiş və bunun nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Kollegiya hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəf ekspertizanın keçirilməsində iştirak etmədiklərini bildirdikləri üçün, apellyasiya mərhələsində kompleks əlavə məhkəmə tikintitexniki və məhkəmə-əmtəəşünaslıq eksertizaları təyin edilmişdir. Azərbaycan Respblikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 aprel 2022-ci il tarixli, 10/7026-9/9089 saylı rəyinə əasən Bakı şəhəri, Nəsimi rayonu, A.Əlyev küçəsi, 5 saylı evin, 2 saylı mənzilinə yuxarı mərtəbədən 5 saylı mənzildən su sızması faktı müəyyən olunmuş, lakin 5 saylı mənzilin su və kanalizasiya xətləri gizli şəkildə olduğundan, su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Yuxarıda göstərilənləri, o cümlədən mülki iş materiallarında olan 5 saylı MİS-in əməkdaşları tərəfindən tərtib edilmiş 03.07.2020-ci il tarixli aktın məlumatlarını, eləcə də divarlardakı su sızma izlərin nəzərə alaraq, mübahsəli 2 saylı mənzilə 5 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. İddia ərizəsində qeyd edilən və eksert baxışına təqdim olunmuş malların istifadədə olması nəzərə alınmaqla, təmir-bərpa xərcin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 620,0 manat müəyyn olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərlişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi, eksert tərəfindən tədqiqat obyektinə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Kollegiya hesab edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının əşyalarına dəymiş zərər mütəxəsis rəyi əsasında 515 manat məbləğində müəyyən olunduğu halda, ekspert tərəfindən qeyd olunan zərər 620,0 manat məblğində müəyyən olunmuşdur. İddiaçı əşyalara dəymiş zərərin məbləğini mübahisələndirmədiyindən, kollegiya iddiaçının əşyalarına dəymiş zərərə görə 515 manat məbləğində zərərin tutulması ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Kollegiya apellyatorun onun tərəfindən iddiaçının mənzilinə su axıdılmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, onun bu dəlili işdə olan mötəbər sübutlarla tam olaraq təkzib olunur. Beləliklə kollegiya hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndrilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndrilən hisədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi yəni iş üzrə apellyasiya mərhələsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 9 (doqquz) manatı cavabdehdən, 91 (doxsan bir) manatı iddiaçıdan alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(006)-414/2021saylı qətnaməsi mübahisələndirilən-iddianın qismən təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 9 (doqquz) manatı Cavabdeh qızından, 91 (doxsan bir) manatı İddiaçı alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar