Məhkəmə qərarları › İş №2(103)-4190/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4190/2021

27.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4190/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-187/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 17.532 manat maddi və 100.000 manat məbləğində dəymiş mənəvi zərərin əvəzi olmaqla, cəmi 117.532 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun qardaşı X4 11.03.2020-ci il tarixdə “kəskin aorta disseksiyası (Tip A). Arterial gipestenziya İİİ mər.” diaqnozu ilə Cavabdeh MMC-yə yerləşdirilmişdir. Cavabdeh MMC-dən pasiyentin təcili olaraq əməliyyat edilməsinin zəruriliyi xəstə yaxınlarına bildirilmişdir. Həmin tarixdə onunla Cavabdeh MMC arasında “X20 xidmət müqaviləsi” imzalanmışdır. Mərhum X2 gedən zaman şüurlu yerində olmuş, fiziki cəhətdən sağlam olmuş və 13.03.2020-ci il tarixdə əməliyyat olunmuşdur. Əməliyyat icra edən zaman X3 qohumları Klinikanın yeməkxanasında gözləmişlər. Onlar təxminən 5-6 saat gözlədikdən sonra əməliyyat barədə onlara məlumat verilmədiyindən narahat olub əməliyyatın icra edildiyi 6 və 7-ci mərtəbəsinə qalxmışlar. Bu zaman həmin mərtəbədə mühafizəçidən X7 qohumları onun əməliyyatı barədə soruşmuş, mühafizəçidən hər hansı bir məlumat verə bilməyəcəyini bildirmişdir. Bu zaman adını bilmədikləri tibb bacısı onlara yaxınlaşmış və əməliyyatın davam etdiyini bildirmişdir. Həmin anda eyni mərtəbədə yerləşən konfrans otağından X7 əməliyyatını icra etməli olan həkim Kamran Musayevin iki nəfər tanımadıqları mülki geyimli şəxslərlə birlikdə çıxdığını görmüşlər. Kamran X1 yaxınları görən zaman yenidən konfrans otağına qayıdıb qapını bağlamışdır. Bundan sonra həkim Kamran Musayevin köməkçisi və özü həmin otaqdan çıxaraq onları içəri dəvət etmişlər. Onlar həkim Kamran Musayevdən nə üçün əməliyyatda olmadığını və onlara əməliyyat barədə məlumatın verilməməsini soruşduqda, sonuncu hər şeyin yaxşı olduğunu, səbrli olmaqlarını bildirmiş və əməliyyatın digər həkimlər tərəfindən tamamlandığını bildirmişdir. Bundan sonra həkim Kamran X1 Klinikanın reanimasiya şöbəsinə yerləşdirilməli olduğunu bildirərək əlavə olaraq 5.000 manat məbləğində pul ödənilməli olduğunu bildirmişdir. O, məcburiyyət qarşısında qalaraq həmin pul vəsaitini ödəmişdir. 13.03.2020-ci il tarixdə səhər saatlarında Klinikadan mərhumun qohumlarına zəng edərək xəstəxanaya gəlmələri və xəstənin dünyasını dəyişdiyini bildirmişlər. Meyitə baxan zaman mərhumun qohumları görmüşdür ki, X7 baş və boğaz nahiyələrində kəsiklər mövcuddur. Bu zaman iddiaçı və mərhumun ailə üzvləri əməliyyatın video görüntülərini və tərtib edilmiş əməliyyat protokollarını tələb etsələr də, Cavabdeh MMC həm video görüntüləri, həm də tərtib edilmiş əməliyyat protokollarını verməklən boyun qaçırmışdır. Onlar xəstənin reanimasiya şöbəsində qalması üçün ödənilmiş pul vəsaitini geri tələb etdikdə isə hər hansı pul vəsaitinin onlara qaytarılmayacağını bildirmişlər. İddiaçı tərəfindən Cavabdeh MMC- yə ümumilikdə 17.332 manat məbləğində pul ödənilmişdir. Həmin pulun 12.000 manatının əməliyyatın icra edilməsi üçün, yerdə qalan 5.000 manat məbləğində pulun isə depozit olaraq Klinikanın hesabında saxlanılacağı, zərurət yaranarsa həmin pul vəsaitindən çıxılacağı ona bildirilmişdir. Tərəflər arasında 11.03.2020ci il tarixli “X20 Xidmət Müqaviləsi” imzalanan zaman ödənilməli məbləğ hissəsi boş olmuş, iddiaçı həmin müqaviləni imzalandıqdan sonra ödənilməli məbləğ hissəsində “17.004” manat qeyd edilmişdir. O, vəkil sorğusu ilə Cavabdeh MMC-yə müraciət edilərək, İddiaçı tərəfindən ödənilmiş 17.332 manat məbləğində pulun sərfiyyatının, yəni xərclərin açıqlamasının verilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən həmin sorğuya cavab olaraq 18.05.2020-ci il tarixli, 36022 nömrəli məktubla bildirilmişdir ki, "11.03.2020-ci il tarixli “X20 Xidhmət Müqaviləsi”nə əsasən, əlavə yatış günləri,əlavə cərrahi müdaxilə və əlavə göstərilən xidmətlərin dəyəri müqavilə ilə nəzərdə tutulan məbləğə daxil deyildir və əlavə olaraq ödənilməlidir. Müqavilənin 2.2.6-cı maddəsinə əsasən göstərilən xidmətlərin (həkim səhvi istisna olmaqla) müvəffəqiyyətsizliyin maddi və mənəvi məsuliyyətini Xəstə və Xəstə yaxını öz üzərinə götürür və ödənilən məbləğin geri qaytarılmayacağını qəbul edir. Müqavilənin 4.2-ci bəndinə əsasən, Xəstə və Xəstə yaxını göstərilən xidmətlərin nəticəsindən asılı olmayaraq xəstəxana və tibb heyəti barəsində heç bir halda şikayətçi olmayacağını və ödənilən pul məbləğinin geri qaytarılmayacağını qəbul edir. Həmin məktuba əlavə edilmiş 11.03.2020-ci il tarixli “X20 Xidmət Müqaviləsi” və “X20 Xidmətə Xəstə Yaxını Razılıq Bildirişi”ndən aydın olur ki, X3 qardaşı İddiaçı 17.004 manat məbləğində pul vəsaitini Cavabdeh MMC- yə ödəməsini öz öhdəsinə götürmüşdür. Lakin, 473888 nömrəli 11.03.2020-ci il tarixli mədaxil qəbzindən (5.332 manat) və 12.03.2020-ci il tarixli 441763 nömrəli mədaxil qəbzindən (12.000 manat) aydın olur ki, İddiaçı "Cavabdeh” MMC-yə ümumilikdə 17.332 manat məbləğində pul ödəmişdir. Belə olan təqdirdə müqavilədə nəzərdə tutulmadığı halda və mədaxil qəbzlərində ödənişin təyinatı barədə qeyd göstərilmədiyi halda əlavə 328 manat məbləğində pul vəsaitinin İddiaçı hansı səbəbdən alınması qeyri müəyyəndir. Bununla bağlı cavabdeh təşkilata 31.05.2020-ci il tarixli 112/S saylı sorğu ilə təkrar müraciət edilərək X3 qardaşı İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilmiş cəmi 17.332 manat məbləğində pulun sərfiyyatının, yəni xərclərin açıqlamasının verilməsini xahiş edilmişdir. Həmin sorğuya cavab olaraq 36343 nömrəli 06.07.2020-ci il tarixli məktubla tibbi xərclərin siyahısı təqdim edilmişdir. Həmin cədvəldən görünür ki, xəstənin müalicəsi və əməliyyat olunması üçün sərf edilmiş məbləğ ümumilikdə 18.114,59 manat təşkil etmiş, mərhumun yaxınları tərəfindən isə 17.332 manat məbləğində pul vəsaiti ödənilmişdir. Təqdim edilən cədvəldən belə aydın olur ki, guya X7 yaxınlarının hələ Klinikaya 782.58 manat borcu mövcuddur. 11.03.2020-ci il tarixli “X20 Xidmət Müqaviləsində” ödənilməli olan məbləğ 17.004 manat göstərilmiş, 473888 nömrəli 11.03.2020-ci il tarixli mədaxil qəbzi ilə 5.332 manat, 12.03.2020-ci il tarixli 441763 nömrəli mədaxil qəbzi ilə 12.000 manat, cəmi olaraq klinikaya 17.332 manat məbləğində pul ödənilmişdir. Cavabdeh tərəfindən sonuncu göstərilmiş qiymət cədvəlində isə (xüsusi blankla çap edilməli olduğu halda çap edilməmişdir) ümumilikdə 18.114,59 manat məbləğində pul vəsaitinin xərcləndiyi qeyd edilmişdir. Göründüyü kimi, müqavilədə, qiymət cədvəlində və mədaxil qəbzlərində ödənilməli olan məbləğ barədə fərqli rəqəmlər mövcuddur. Cavabdeh tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirmədiyi üçün onun tərəfindən ödənilmiş 17.332 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək, həmçinin tibbi müdaxilədən imtina etmək pasiyentin hüquqlarıdır. Lakin X20 xidmətə xəstə yaxını razılıq bildirişini X3 qardaşı İddiaçı imzalamışdır. Xəstə yaxınlarının dediklərindən aydın olur ki, X11 11.03.2020-ci il tarixdə klinikaya daxil olan zaman şüuru yerində olmuş, fiziki cəhətdən sağlam olmuş və 13.03.2020-ci il tarixdə əməliyyat olunmuşdur. Yəni, tibbi müdaxiləyə özü şifahi və könüllü razılıq vermək iqtidarında olmuşdur. Belə olan halda, həmin müqavilənin xəstə yaxını tərəfindən, yəni iddiaçı tərəfindən imzalanması “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa zidd olmuşdur. Cavabdeh təşkilat onun, yəni iddiaçının ağır vəziyyətdə olmasından istifadə edərək həmin müqaviləni tələm-tələsik imzalatdırmışdır. Bundan başqa, onun tərəfindən cavabdeh 17.332 manat məbləğində pulun ödənilməsini təsdiq edən 441763 və 474888 nömrəli mədaxil qəbzləri də mövcuddur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-15 nömrəli 02.02.1999-cu il tarixli əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 143 nömrə ilə qeydiyyata alınmış “Ciddi hesabat blanklarının forma və rekvizitləri və onlardan istifadə qaydalarına” əsasən mədaxil qəbzi ciddi hesabat blankıdır. Kassa mədaxil orderi və onun qəbzi müəssisənin məsul şəxsləri tərəfindən imzalanır və möhurlə təsdiq edilir. Nəğd vəsaitlərin kassaya mədaxili müəssisənin rəhbəri, baş mühasibi və ya onun səlahiyyətli nümayəndəsi, habelə xəzinədarı tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş ciddi hesabat blankı olan ilə sənədləşdirilir və pulu kassaya verən şəxsə xəzanədar tərəfindən möhürlə təsdiqlənmiş kassa mədaxil orderinin qəbzi verilir. İddia ərizəsinə əlavə edilən mədaxil qəbzlərinin əslindən aydın olur ki, həmin qəbzdə səlahiyyətli şəxsin imzası mövcud deyil və o, qanuni müvafiq qaydada möhürlənməmişdir. Xəstə yaxınları cavabdeh təşkilatdan əməliyyatın icra edilməsini təsdiq edən video görüntüləri və əməliyyat protokollarını tələb etsələr də, Cavabdeh MMC tələb olunan sənədləri verməkdən imtina etmişdir. Cavabdeh vurduğu maddi ziyanla yanaşı, həmçinin iddiaçıya 100.000 manat məbləğində mənəvi ziyanı da ödəməyə borcludur. Hesab edir ki, Cavabdeh MMCdən ödənilmiş 17.532 manat məbləğində pul vəsaiti və vurulmuş mənəvi zərərin əvəzi olaraq 100.000 manat tutularaq ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh "Cavabdeh” MMC-dən 17.532 manat maddi və 100.000 manat məbləğində dəymiş mənəvi zərərin əvəzi olmaqla, cəmi 117.532 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-4190/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 5732 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 5762 (beş min yeddi yüz altmış iki) manat məbləğində pul tutulması, iddia tələbləri qalan hissədə təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməmiş hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə 17.332 manat məbləğində pulun ödənilməsini təsdiq edən 441763 və 473888 nömrəli mədaxil qəbzləri də mövcuddur. Həmin qəbzlərlə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ- 15 nömrəli 02.02.1999-cu il tarixli əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 143 nömrə ilə qeydiyyata alınmış ciddi hesabat blanklarının forma və rekvizitləri və onlardan istifadə qaydalarına” əsasən mədaxil qəbzi ciddi hesabat blankıdır. Kassa mədaxil orderi və onun qəbzi müəssisənin məsul şəxsləri tərəfidən imzalanır və möhürlə təsdiq edilir. Nəğd vəsaitlərin kassaya mədaxili müəssisənin rəhbəri, mühasibi və ya onun səlahiyyətli nümayəndəsi, habelə xəzinədarı tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş ciddi hesabat blankı olan ilə sənədləşdirilir və pulu kassaya verən şəxsə xəzinədar tərəfindən möhürlə təsdiqlənmiş kassa mədaxil orderinin qəbzi verilir. İddia ərizəsinə əlavə edilən mədaxil qəbzlərinin əslindən aydın olur ki, həmin qəbzdə səlahiyyətli şəxsin imzası mövcud deyil və qanuna müvafiq qaydada möhürlənməmişdir. İddiaçı həmçinin, qətnamənin mənəvi ziyanın ödənilməsi hissəsində rədd edilməsini əsassız hesab edərək, həmin hissədə təmin olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən tərəflər arasında bağlanmış müqaviləni yox iddiaçı tərəfin iddialarını əsas götürülmüşdür. Belə ki, müqavilədə əməliyyatın qiyməti qeyd olunsada hakim tərəfindən müqaviləyə deyil iddiaçının sözlərinə inanılmışdır. Eyni zamanda qəbul edilmiş qətnamədə X16 həm icraçı həmdə direktor kimi əməliyyatın qiymətin danışmağa səlahiyyət olan şəxs kimi göstərilsədə bu belə deyil. Belə ki əməliyyatı icra etmiş doktor X12 direktoru deyil baş həkimidir. Qiymət siyasəti isə Baş Həkimin salahiyətinə aid olan məsələ deyil. Eyni zamanda qətnamədə ödənilən pulun hansı xidmətin göstərilməsi üçün nəzərdə tutulduğu göstərilməsi qeyd olunsada X20 xidmət müqaviləsində xidmətin adı konkret olaraq göstərilmişdir və müqavilə məbləğinin konkret hansi xidməti əhatə etdiyi öz əksini tapmışdır. Eyni zamnda qiymətin müqaviləyə sonradan yazılması barədə hakimin gəldiyi nəticə təssüf doğurur. Yani burada hakim Azərbaycan Respublikası Prezidentinin Xüsusu Tibb Xidmətinin tabeliyində və balansında olan Klinikanın əslində fırıldaqçılıqla məşqul olduğu qənaətinə gəlir bu isə ciddi bir qurum üçün təhqirdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iddiaçının apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə cavabdehin apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, “Xəstəxana” qismində Cavabdeh MMC ilə digər tərəfdən “Xəstə yaxını” qismində xəstə X7 qardaşı İddiaçı arasında bağlanmış 11.03.2020-ci il tarixli “X20 xidmət müqaviləsi”nin 2.1.1 və 2.1.2-ci bəndlərinə əsasən Cavabdeh MMC peşəkar həkim və tibbi heyəti vasitəsilə nəzərdə tutulan tibbi xidmətləri həyata keçirir. “Xəstəxana” tibbi xidmətləri “Xəstə” və ya "Xəstə yaxını”nın imzalanmış olduğu və bu müqavilənin ayrılmaz hissəsini təşkil edən Əlavə-1-də təqdim olunan “Xəstə razılığı” və ya “Xəstə yaxını razılığı” bildirişlərinə əsasən göstərir. Müqavilənin 2.2.5 və 2.2.6-cı bəndinə əsasən “Xəstə”nin “Xəstəxana” tərəfindən göstərilən tibbi xidmətə qarşılığı olaraq ödədiyi məbləğin fakturasını istəmək və almaq hüququ vardır. “Xəstə razılığı” və ya “Xəstə yaxını razılığı” bildirişinə əsasən həyata keçiriləcək nadir (xüsusi) əməliyyatın həyatı riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları, əməliyyatdan sonra ciddi ağırlaşmaların (ağciyər yetməzliyi, attelektaz, pnevmoniya, ölüm və s.) ola biləcəyi MK və MMC həkimləri tərəfindən izah edilir. İzah olunanlara əsasən “Xəstə” və/və ya “Xəstə yaxını” əməliyyatın dr. Kamran Musayev tərəfindən həyata keçirilməsini tələb edir və əməliyyatın və göstərilən xidmətlərin (həkim səhvi istisna olmaqla) müvəffəqiyyətsizliyinin maddi və mənəvi məsuliyyətini öz üzərlərinə götürür. “Xəstə” və/və ya “Xəstə yaxını” əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, xəstəxanaya ödənilən 17004 manat məbləğin geri qaytarılmayacağını qəbul edir. Müqavilənin 2.2.7-ci bəndinə əsasən göstəriləcək tibbi xidmətin “Qiymət Cədvəli”nə əsasən fakturada əks etdirilən məbləğini “Xəstəxana”ya vaxtında və əksiksiz olaraq ödəyir və ödəmiş olduğu məbləği, göstərilmiş xidmətin nəticəsindən asılı olmayaraq geri ödənilməyəcəyini qəbul edir. Müqavilənin 2.2.8-ci bəndinə əsasən “Xəstə” və ya “Xəstə yaxını” hazırki müqavilə ilə nəzərdə tutulmayan yanaşı xidmətlər göstərilməsi, fəsad çıxması, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 3.1-ci maddəsində göstərilən əlavə olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən “Xəstə” və ya “Xəstə yaxını” göstərilən tibbi xidmətin, qarşılığı olan 17004 manat məbləği xidmətin nəticəsindən asılı olmayaraq ödəyir. 11.03.2020-ci il tarixli “X20 xidmətə xəstə yaxını razılıq” bildirişinin kserosurətindən görünür ki, xəstə X7 qardaşı İddiaçı bəyan edir ki, tələbinə əsasən xəstəyə həyata keçiriləcək tibbi xidmətlərin və əməliyyatın yüksək dərəcəli riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları, əməliyyat zamanı və əməliyyatdan sonra ciddi ağırlaşmaların, o cümlədən ölüm halının baş verə biləcəyi Cavabdeh MMC həkimləri tərəfindən ona izah edilmişdir. İzah olunanlara əsasən o, azad iradəsi ilə tibbi xidmətlərin və əməliyyatın Cavabdeh MMC həkimləri tərəfindən həyata keçirilməsini tələb edir və əməliyyatın və göstərilən xidmətlərin müvəffəqiyyətsizliyinin (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini öz üzərinə götürür. Əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq göstərilən tibbi xidmətlərə görə xəstəxanaya ödədiyi 17004 manat məbləğin geri qaytarılmayacağını qəbul edir. Müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə halları) qarşılığı olaraq “Qiymət Cədvəli” əsasında fakturada müəyyənləşdiriləcək məbləği əlavə olaraq xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh MMC tərəfindən verilmiş 13.03.2020-ci il tarixli ölüm haqqında tibbi arayışının kserosurətindən görünür ki, xəstə X11 “Kəskin aorta disseksiyası (Tip A), arterial hipertoniya İİİ mər.” diaqnoz ilə 11.03.2020-ci il tarixdə klinikaya daxil olmuşdur. 13.03.2020-ci il tarixdə xəstəyə aorta disseksiyasının ləğvi, qalxan aorta protezləşdirilməsi əməliyyatı icra olunmuşdur. 13.03.2020-ci il tarixdə saat 15.50 radələrində aparılan reanimasion tədbirlərə baxmayaraq bioloji ölüm qeyd alınmışdır. Cavabdeh MMC tərəfindən təqdim edilmiş xəstə X7 tibbi sənədlərdən görünür ki, Müzəffər Zeynalov sinədə ağrı, təngnəfəslik şikayətlərlə 11.03.2020-ci il tarixdə klinikaya cərrahi müalicə üçün daxil olmuş, xəstəyə aortanın kəskin disseksiyası (Tip A), arterial hipertoniya İİİ mər.diaqnozu təyin olunmuş, xəstənin ümumi vəziyyəti ağır olmuşdur, xəstəyə təxirəsalınmaz cərrahi müalicə məsləhət götürmüş və ÜDC reanimasiya şöbəsinə yerləşdirilmişdir. Xəstəyə 12.03.2020-ci il tarixdə ümumi anesteziya altında SQD-nin tətbiqi ilə "Aortanın kəskin Tip A disseksiyasının ləğvi + Hemiarcus protezləşdirilməsi (28 mm Dakron qreft”) cərrahiyyə əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonra onu 12.03.2020-ci il tarixdə 19.40-da anestezioloq nəzarətində nisbi stabil vəziyyətdə ÜDC reanimasiya şöbəsinə gətirilmişdir. Ümumi vəziyyəti ağırdır, huşu medikametoz yuxudadır. 13.03.2020-ci il tarixdə saat 10.00 xəstənin ümumi vəziyyəti ağırdır, huşu medikamentoz yuxudadır. Xəstəyə yüksək doz üçlü inotrop (adrenalin, noradrenalin, dopamin), İABP (1:1) və ECMO dəstəyinə baxmayaraq dərinləşən hipotenziya fondunda saat 15.00-da xəstənin monitorunda bradikardiya ardından asistoliya görülmüşdür. Dərhal genişləndirilmiş reanimasion tədbirlərə başlanılmış, göstərilən yardım fonundan xəstənin ritmini bərpa etmək mümkün olmadı və saat 15.50-də bioloji ölüm təsdiqlənmişdir. Cavabdeh MMC tərəfindən verilmiş 11.03.2020-ci il tarixli ƏFB seriyalı 473888 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, Müzəffər Zeynalovun müalicəsi üçün 5332 manat məbləğində pul ödənilmişdir. Cavabdeh MMC tərəfindən verilmiş 12.03.2020-ci il tarixli ƏFB seriyalı 441763 mədaxil qəbzinin kötüyündən görünür ki, Müzəffər Zeynalovun müalicəsi üçün 12000 manat məbləğində pul ödənilmişdir. Cavabdeh MMC tərəfindən tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, xəstə X7 ümumi tibbi sərfiyyat xərcləri 18.114,59 manat təşkil etmiş, 17.332 manat ödənilmiş, 782,58 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh MMC tərəfindən Vəkil ünvanlanmış 18.05.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, X4na "Cavabdeh” MMC-də göstərilmiş tibbi yardıma baxmayaraq baş vermiş bioloji ölüm halı ilə əlaqədar olaraq xəstəyə açılmış tibbi sənədlər Klinika tərəfindən araşdırılmış, müayinə və müalicə zamanı həkim səhvinin olmadığı aşkarlanmışdır. Qeydə alınmış bioloji ölüm faktının mərhumun xəstəxanaya daxil olan zaman vəziyyətinin olduqca ağır olması, əsas və yanaşı xəstəliklərinin ağırlaşmaları ilə əlaqədar olması müəyyən edilmişdir. X3 qardaşı İddiaçı tərəfindən imzalanmış 11.03.2020-ci il tarixli "X20 Xidmətə Xəstə Yaxını Razılıq Bildirişi”nə əsasən həyata keçirilən əməliyyatın və göstərilən xidmətlərin nəticəsindən asılı olmayaraq (həkim səhvi istisna olmaqla) xəstəxanaya ödənilən pul məbləğinin geri qaytarılmayacağı xəstə yaxını tərəfindən qəbul edilmişdir. 11.03.2020ci il tarixli "X20 Xidmət Müqaviləsi”nə əsasən əlavə yatış günləri, əlavə cərrahi müdaxilə və əlavə göstərilən xidmətlərin dəyəri müqavilədə nəzərdə tutulan məbləğə daxil deyildir və əlavə olaraq ödənilməlidir. Müqavilənin 2.2.6-cı maddəsinə əsasən göstərilən xidmətlərin (həkim səhvi istisna olmaqla) müvəffəqiyyətsizliyinin maddi və mənəvi məsuliyyətini Xəstə və Xəstə yaxını öz üzərinə götürür və ödənilən məbləğin jeri qaytarılmayacağını qəbul edir. Müqavilənin 4.2-ci bəndinə əsasən Xəstə və Xəstə yaxını göstərilən xidmətlərin nəticəsindən asılı olmayaraq xəstəxana və tibbi heyət barəsində heç bir halda şikayətçi olmayacağını və ödənilən pul məbləğinin geri qaytarılmayacağını qəbul edir. Cavabdeh MMC tərəfindən Vəkil ünvanlanmış 27.07.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki,X4na Cavabdeh MMC-də göstərilmiş tibbi yardıma baxmayaraq baş vermiş bioloji ölüm halı ilə əlaqədar olaraq xəstəyə açılmış tibbi sənədlər araşdırılmış, müayinə və müalicə zamanı həkim səhvinin olmadığı aşkarlanmışdır. Qeydə alınmış bioloji ölüm faktının mərhumun xəstəxanaya daxil olan zaman vəziyyətinin olduqca ağır olması, əsas və yanaşı xəstəliklərinin ağırlaşmaları ilə əlaqədar olması müəyyən edilmişdir. X14 xəstəxanaya daxil olarkən vəziyyətini nəzərə alaraq və bu barədə xəstə yaxınlarına ətraflı məlumat verilərək dərhal ürəkdamar cərahiyyəsi reanimasiya şöbəsinə yerləşdirilmişdir. Reanimasiyaya yerləşdirilən və ağır vəziyyətdə olan xəstəyə qol çəkdirməyin tibbi nöqteyi nəzərdən imkansız olduğunu nəzərə alaraq xəstə yaxınları özləri sənədə imza almışlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X21 tərəfindən verilmiş 560/KEŞ saylı, 15.12.2020-ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, X9 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: -1,2,5-ci suallar üzrə: tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən X11 11.03.2020-ci il tarixdə saat 15.04-də döş nahiyyəsində ağrı və təngnəfəslik şikayətləri ilə "Cavabdeh”nın ürəkdamar cərahiyyəsi şöbəsinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona "Aortanın kəskin disseksiyası (Tip A); arterial hipertoniya İİİ mərhələ” diaqnozu düzgün təyin edilmişdir. Aparılmış instrumental müayinələr zamanı aorta valve səviyyəsindən başlanaraq sağ ona femoral arteriyada sonlanan disseksiya xətti, yalançı lumen hesabına anevrizmatik dilatasiya, ciddi kompressiya və disseksiyon fleb (SMA) olduğunu nəzərə alaraq xəstənin üzərində təxirəsalınmaz cərrahiyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. -3-cü sual üzrə: X11 "Cavabdeh”ya daxil olarkən onun ümumi vəziyyəti ağır, huşu isə aydın olmuşdur. -4-cü sual üzrə: "X20 müdaxiləyə razılıq bildirişi”ni kim tərəfindən imzalanmasının təyini məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. -6,9,14-cü suallar üzrə: X7 üzərində təxirəsalınmaz qaydada icra edilmiş "Aortanın kəskin Tip A disseksiyasının ləğvi, Hemiarcus protezləşdirilməsi (28 mm dacron qreft)” cərrahiyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. -7-ci sual üzrə: X7 müəyyən edilən cərrahi patologiyalar ilə əlaqədar aparılmış əməliyyat ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. -8-ci sual üzrə: X7 əməliyyatdan öncəki vəziyyəti aparılmış müvafiq müayinələr əsasında düzgün olaraq qiymətləndirilmişdir. -10-cu sual üzrə: Təbbi təcrübəyə əsasən hər bir operativ ürək əməliyyatlarında ölüm riski mövcuddur. -11,13-cü suallar üzrə: X7 meyiti müayinə olunmadığı üçün onun ölümündə hansı səbəbin həlledici olması və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olubolmaması haqqında fikir söylənilməsi mümkün olmadı. -12-ci sual üzrə: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən X7 üzərində 12.03.2020-ci il tarixdə cərahiyyə əməliyyatı icra edilmiş və əməliyyatda sonra xəstəyə dinamik nəzarət təmin edilmişdir. Lakin göstərilmiş ixtisaslı tibbi yardımlara baxmayaraq stabilləşmənin əldə edilməsi mümkün olmamış və 13.03.2020-ci il tarixdə saat 15.50-də bioloji ölüm faktı qeydə alınmışdır. -15-ci sual üzrə: tibbi sənədlərdə X7 üzərində aparılmış cərrahiyyə əməliyyatının müddəti (ə/b; ə/q) qeyd edilməmişdir. -16-cı sual üzrə: X7 üzərində icra edilmiş cərrahiyə əməliyyatından sonra onun vəziyyəti ağır kimi qiymətləndirilmiş, huşu medikamentoz yuxuda, tənəffüsü süni tənəffüs aparatında, ECMO və hemofiltrasiya dəstəyi altında olmuşdur. Xəstənin koma vəziyyətində olması barədə tibbi sənədlərdə qeydiyyat aparılmamışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı əməliyyatın müqaviləyə əsasən həkim Kamran Musayev tərəfindən aparılmamasını iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyi üçün, eyni zamanda məhkəmə tərəfindən belə bir sübutların da əldə edilməsi mümkün olmadığı üçün iddiaçının bu dəlilləri əsassız hesab olunmalıdır. Həmçinin xəstəxana tərəfindən aparılmış əməliyyatın müqaviləyə uyğun aparılmaması ilə bağlı iddiaçının dəlilləri də öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçının mərhum qardaşı üzərinə cavabdeh Xəstəxana tərəfindən göstərilmiş tibbi xidmətin müqaviləyə uyğun olmaması, aparılmış əməliyyatın müvəffəqsizliyinin Xəstəxananın təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığından, iddiaçı həmin əsaslara görə müqavilə üzrə ödənilmiş pulun geri qaytarılmasını haqlı hesab edilə bilməz. Tərəflər arasında bağlanmış müqavilənin qiyməti 17004 manat göstərilsə də, iddiaçı tərəfindən Xəstəxanaya 17332 manat ödənilmişdir. Həmin məbləğin 11600 manat hissəsi cərrahiyyə əməliyyatı üçün, digər hissəsi isə xəstənin əməliyyatdan sonrakı dövr üçün xəstəxanada qalması üçün razılaşdırılmışdır. Beləliklə, iddiaçının Xəstəxanaya ödədiyi 17332 manatın 5732 manat hissəsinin cərrahiyyə əməliyyatı üçün deyil, əməliyyatdan sonra xəstənin reanimasiyada və palatada müalicə alması üçün nəzərdə tutulması ilə bağlı dəlilləri əsaslı olduğu üçün qəbul edilməli, cavabdeh tərəfindən qaytarılmadaqdan imtina olunmuş həmin məbləğ iddiaçıya geri verilməlidir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik qismən icra olunduğu üçün, yəni cərrahiyyə əməliyyatı müqavilə üzrə yerinə yetirilsə də, digər xidmətlər xəstəyə göstərilmədiyi üçün, həmin xidmətlərin göstərilməsi üçün ödənilməsi təsdiq olunan 5732 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməl hüquqazidd olmalı; ikincisi- törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməli; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalı; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 25 iyul 1997-ci il tarixli Fərmanının 2-ci maddəsinə əsasən bu Qanunun 31-1 maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir. - 57-ci maddəsinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. - 59-ci maddəsinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllədə təsbit edilmiş «zərər» anlayışının şərh olunması ilə əlaqədar 31 may 2002-ci il tarixli Qərarında həmçinin qeyd edilir ki, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan əsas hüquq və azadıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizələrindən asılıdır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarından da göründüyü kimi, mənəvi zərər şəxsin pozulmuş hüququnun müstəqil nəticəsidir. «Pozulmuş hüquq» dedikdə məhkəmə, heç şübhəsiz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində vurğulandığı kimi, «qanunla qorunan hüquq»ların pozulmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli Qərarın 10-cu bəndində də qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Kollegiya qeyd edir ki, işin mübahisəsiz hallarına görə, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tibbi-ekspertizasının rəyi X11 üzərində təxirəsalınmaz cərrahiyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuş, aparılmış cərrahiyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmiş, müəyyən edilən cərrahi patologiyalar ilə əlaqədar aparılmış əməliyyat ona təyin edilmiş diaqnoza uyğun olmuş, onun əməliyyatdan öncəki vəziyyəti aparılmış müvafiq müayinələr əsasında düzgün olaraq qiymətləndirilmiş, onun ölümündə hansı səbəbin həlledici olması və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. Beləliklə cavabdeh tərəfindən mərhuma göstərilmiş tibbi xidmətin müqaviləyə uyğun olmaması, aparılmış əməliyyatın müvəffəqsizliyinin xəstəxananın təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığından, iddiaçı həmin əsaslara görə müqavilə üzrə ödənilmiş pulun geri qaytarılmasını haqlı hesab edilə bilməz. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin qiyməti 17004 manat göstərilsə də, iddiaçı tərəfindən Xəstəxanaya 17332 manat ödənilmişdir. Həmin məbləğin 11600 manat hissəsi cərrahiyyə əməliyyatı üçün razılaşdırılmış, digər hissəsi isə xəstənin əməliyyatdan sonrakı dövr üçün xəstəxanada qalması üçün nəzərdə tutulmuşdur. İddiaçı məhkəmə kollegiyasının iclasında göstərmişdir ki, əməliyyatın qiyməti (11600 manat) Xəstəxananın baş həkimi Kamran Musayevin öz kabinetində, köməkçisi Cəmilə xanımın iştirakı ilə razılaşdırılmışdır. Əməliyyatın məbləği razılaşdırıldıqdan sonra ona müqavilə təqdim edilmiş və o, həmin müqaviləni oxumadan imzalamışdır. Kollegiya hesab edir ki, iddiaçının xəstəxanaya ödədiyi 17332 manatın 5732 manat hissəsinin cərrahiyyə əməliyyatı üçün deyil, əməliyyatdan sonra xəstənin reanimasiyada və palatada müalicə alması üçün nəzərdə tutulması ilə bağlı dəlillər əsaslı olmuşdur. Buna görə də cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik qismən icra olunduğu üçün, yəni cərrahiyyə əməliyyatı müqavilə üzrə yerinə yetirilsə də, digər xidmətlər xəstəyə göstərilmədiyi üçün, həmin xidmətlərin göstərilməsi üçün ödənilməsi təsdiq olunan 5732 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya mənəvi ziyanla bağlı hesab edir ki, iddiaçının mənəvi ziyanın ödənilməsini cavabdehdən tələbi əsassız olmuşdur. Belə ki, həmin tələbin əsası kimi istinad edilən hal, yəni, iddiaçının qardaşının əməliyyatdan sonra vəfat etməsinin cavabdehin hərəkətləri nəticəsində baş verməsi sübuta yetirilməmişdir. Halbuki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından tərəflər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirdikləri hissədə ləğv edilməsi ilə bağlı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və qətnamənin ləğv edilməsinə əsas ola biləcək hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, apellyatorların dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-187/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar