Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4192/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 aprel 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə iş üzrə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən törətdiyi mülki hüquq pozuntusu nəticəsində ona dəymiş maddi zərərin ödənilməsi məqsədi ilə 1.800 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” markalı, **-TX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixində saat 17:00 radələrində Hacıqabul-Mincivan yolunun heyvanların keçidi üçün nəzərdə tutulmuş 150-ci kilometrliyində yolun sol tərəfindən sağ tərəfinə keçən ona məxsus 1 baş qaramalı vurmuş və aldığı zədələrdən qaramal hadisə yerində tələf olmuşdur. Hadisə ilə əlaqədar Füzuli rayon polisi şöbəsində aparılmış araşdırma zamanı cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunduğundan cavabdehin barəsində xx.xx.2022-ci il tarixli İXP ******* №-li protokol tərtib edilmişdir. Füzuli rayon X1 Xidmətləri Mərkəzi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin təqsiri üzündən tələf olmuş qaramalın bazar qiyməti 1.800 manatdır. Cavabdeh iddiaçıya vurduğu zərəri könüllü olaraq ödəmədiyindən iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə münasibətləri barədə məlumat
3. İş üzrə cavabdeh işə baxmış Rayon Məhkəməsinə izahat verərək bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobil qaramala yavaşca dəymiş və qaramal bunu heç hiss etməyərək, hadisə yerindən uzaqlaşmışdır. Zərbə elə yüngül olmuşdur ki, avtomobilin heç faralarının şüşələri zədələnməmişdir. Qaramal gedəndən sonra isə hadisə yerinə gəlmiş iki nəfər cavan kişi, qaramalın onlara məxsus olduğunu və qaramala heç nə olmadığını bildirərək, narahat olmamasını demişlər. Bundan başqa, o, qaramalın 1.800 manat dəyərində qiymətləndirilməsi ilə razı deyil, çünki qaramalın çəkisi heç 100 kq. olmamışdır. Qiymətləndirmə onun iştirakı olmadan keçirilmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini, cavabdehin iddiaçıya vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə 1.800 manat məbləğində pulun tutulmasını, iş üzrə ödənilməli olan dövlət rüsumunun əvəzinin – 38 manat məbləğində pulun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus qaramal tələf olmuşdur, bununla da cavabdeh hüquq pozuntusu (delikt) törətmiş, iddiaçıya isə maddi zərər dəymişdir. İddiaçıya dəymiş zərərin həcmi 1.800 manatdır. Çünki Füzuli rayon X1 Xidmətləri Mərkəzinin aktı ilə müəyyən edilir ki, iddiaçıya məxsus olmuş həmin qaramalın bazara qiyməti məhz elə həmin məbləğdədir. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı, iddia ərizəsində göstərdiyi qaramalın ona məxsus olmasını təsdiq edən heç bir sübutu təqdim etməmişdir. Əslində isə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra iddiaçıya yaxınlaşmış iki nəfər cavan kişi, qaramalın onlara məxsus olduğunu bildirmişlər. Bundan başqa nəzərə alınmalıdır ki, əgər həmin qaramal iddiaçıya məxsus olmuşdursa, onda qaramalın tələf olmasında iddiaçı özü təqsirlidir, çünki iddiaçı qaramalı nəzarətsiz buraxmışdır. Daha sonra nəzərə alınmalıdır ki, Füzuli rayon X1 Xidmətləri Mərkəzinin arayışı hadisədən 1 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə verilmişdir. Bundan o qənaətə gəlmək olar ki, ya inək ümumiyyətlə ölməmiş, ya da inəyi torpağa basdırdıqdan bir gün sonra müayinə etmişlər. Həmin arayışda qaramalın qiyməti 1.800 manat göstərilsə də o, qiymət ilə razı deyil, çünki qaramalın çəkisi heç 100 kq. olmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, ona dəymiş zərərin əvəzinin ödənilməsini müvafiq sığorta şirkətindən tələb etməlidir. İddiaçı, sığorta şirkətinin ziyanı ödəməkdən imtina etməsini bildirsə də, bunu təsdiq edən sübutları Rayon Məhkəməsinə təqdim etməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə bunlara əhəmiyyət verməmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
8. Apellyasiya baxışında iştirak etmiş cavabdeh şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
9. İş üzrə iddiaçı apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat vermişdir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, işin materialları və tərəflərin izahatlarına əsasən müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, iş üzrə cavabdeh idarə etdiyi avtomobil ilə xx.xx.2022ci il tarixdə Hacıqabul-Mincivan yolunun 150-ci kilometrliyində yol-nəqliyyat hadisəsi törətmişdir.
12. İddiaçı bildirir ki, cavabdeh həmin yol-nəqliyyat hadisəsi zamanı bir baş qaramalı idarə etdiyi avtomobil ilə vurmuş, nəticədə qaramal tələf olmuşdur.
13. Cavabdeh isə bildirir ki, onun idarə etdiyi avtomobil qaramala dəysə də, qaramal tələf olmamış, hadisə yerindən getmiş, sağ qalmışdır.
14. Cavabdeh həmin qaramalın tələf olmadığını bildirsə də, Füzuli Rayon Polis X3 X4-nəqliyyat hadisələri üzrə baş inspektoru, polis mayoru X2 tərəfindən tərtib edilmiş İXP4485418 saylı “İnzibati xəta haqqında” protokoldan, “Yol-nəqliyyat hadisəsinin sxemindən” və cavabdehin həmin hadisə ilə bağlı polis orqanına özünün verdiyi izahatdan görünür ki, cavabdehin idarə etdiyi avtomobil bir baş qaramalı vurmuş, qaramal tələf olmuşdur.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Qeyd edilən maddələrin tələblərindən göstərilən məsələnin müzakirəsinə yanaşdıqda müəyyən edilir ki, cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi zamanı 1 baş qaramal tələf olmuşdur. Cavabdehin göstərdiyi dəlil əsassızdır.
17. Cavabdehin digər dəlili ondan ibarətdir ki, həmin qaramal iddiaçıya deyil, yolnəqliyyat hadisəsindən dərhal sonra ona yaxınlaşmış iki nəfər cavan kişiyə məxsus olmuşdur. Buna görə də, iddiaçı bu kimi iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyil.
18. Cavabdehin bu dəlilinə etiraz iddiaçı isə bildirir ki, həmin qara mal ona məxsusdur.
19. MPM-in yuxarıda göstərilən maddələrinin tələblərini nəzərə alan Məhkəmə bildirir ki, həmin qaramalın iddiaçıya məxsus olması, Füzuli RPŞ-nin DYPB-nin Yolnəqliyyat hadisələri üzrə baş inspektoru, polis mayoru X2 tərəfindən tərtib edilmiş İXP4485418 saylı “İnzibati xəta haqqında” protokoldan, “Yol-nəqliyyat hadisəsinin sxemindən”, Füzuli rayon X1 Xidmətləri Mərkəzi və Əhmədbəyli Bələdiyyəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, tələf olmuş qaramal iddiaçıya məxsus olmuşdur.
20. Göründüyü kimi, cavabdehin bu dəlili də əsassızdır.
21. İddiaçı bildirir ki, ona məxsus və cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi zamanı tələf olmuş qaramalın dəyəri 1.800 manat olmuşdur.
22. İddia tələbinə etiraz edən cavabdeh, Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində göstərir ki, Füzuli rayon X1 Xidməti Mərkəzi ilə Əhmədbəyli Bələdiyyəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, tələf olmuş qaramalın qiyməti 1.800 manat olmuşdur.
23. Cavabdeh, həmin qiymətin şişirdilmiş olduğunu bildirsə də, bu halı təsdiq edə biləcək sübutu (məsləsən: hər hansı baytarın və ya mal-qara satışı ilə məşğul olan bazarın müvafiq qiymətləndirmə ilə bağlı arayışını) məhkəmələrə təqdim etməmişdir.
24. Odur ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, cavabdehin müzakirə edilən bu dəlili əsassızdır.
25. Cavabdeh bildirir ki, iddiaçıya dəymiş zərər onun tərəfindən deyil, onun mülki məsuliyyətini sığortalamış müvafiq sığorta şirkəti tərəfindən ödənilməlidir.
26. Məhkəmə bildirir ki, cavabdehin bu dəlili də yuxarıda göstərilən əsaslar ilə əsassız hesab edilməlidir. Çünki cavabdeh göstərdiyi bu dəlilin əsaslı olmasını təsdiq edə biləcək sübutu (məsələn: “Sığorta müqaviləsini” və ya “Sığorta polisini”) işə baxan məhkəmələrə təqdim etməmişdir.
27. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1.).
28. Qeyd edilən maddi hüquq normalarının hazırki iş üzrə mövcud mübahisənin həllinə tətbiqi nəticəsində Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin təqsiri ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi kimi 1.800 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbini təmin etmiş Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. g) apellyasiya baxışının nəticəsi
29. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, cavabdehin özünə aid edilməlidir.
34. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 aprel 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.