Məhkəmə qərarları › İş №2(103)-4194/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4194/2020

22.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4194/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ xx xxxxxxxx 2020-ci il 2(103)-4194/2020 Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi X3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-243/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə borcun əvəzi kimi 40000 ABŞ dolları, dövlət rüsumuna görə ödənilmiş 30 manat və mənəvi zərərə görə 10000 manat pulun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh2 iddiaçının mərhum atası X5 xx xxxxxx 2008-ci il tarixində 40000 ABŞ dolları məbləğində pulu 2008-ci ilin fevral ayının 15dək qaytarmaq şərti ilə borc almış və bu barədə Bakı şəhəri 31-ci Dövlət Notariat Kontorunda borc müqaviləsi bağlanmışdır. Lakin Zöhrab onun atasını aldadaraq pulu qaytarmamış, pulun əvəzinə atasına məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Baba Əliyev küçəsində yerləşən 1 saylı evin 17 saylı mənzilini verəcəyinə söz vermiş və bunun üçün xx xxxxxx 2008-ci il tarixində Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunda həmin mənzilə dair atasına xx xxxxxx 2010-cu il tarixinədək baş etibarnamə vermişdir. Etibarnamə Cavabdeh1 adından oğlu Cavabdeh2 tərəfindən imzalanmışdır. Cavabdehlər borcu qaytara bilmədiklərinə görə 2008-ci ildə həmin evi onlara vermişlər. 2008-ci ildən etibarən iddiaçı ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Etibarnamənin qüvvədə olduğu müddətdə atası həmin mənzili öz adına keçirməmiş və etibarnamənin müddəti bitmişdir. Atası dəfələrlə Cavabdeh1 ilə telefonda danışıb və ya görüşüb mənzili onun adına keçirməyi tələb etsə də, Cavabdeh1 atasını aldadaraq, vədinə əməl etməmişdir. Cavabdeh1 bu hərəkətləri atasına çox pis təsir etdiyindən o, xəstəlik tapmış və xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Atasının vəfatından bir müddət sonra Xəzər rayon icra və probasiya şöbəsindən onlara bildirmişlər ki, yaşadıqları mənzil hərracdan satışa çıxarılmışdır, buna görə də onlara evi tərk etmək üçün iki ay vaxt verilir. Ona məlum olmuşdur ki, Cavabdeh1 2008-ci ildə mənzilə görə 40000 ABŞ dolları aldığı halda, 2013-cü ildə onlara məlumat vermədən və onların xəbəri olmadan mənzili başqa bir şəxslə əlbir olub banka ipotekaya qoyaraq həmin adamın adına külli miqdarda pul götürmüş, həmin krediti qaytarmamış, nəticədə borc yaşadıqları mənzilə yönəldilmişdir. Bununla bağlı o, polis orqanlarına şikayət etmiş, Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərara əsasən cinayət işinin başlanması rədd edilmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdehlər pulu qaytarmaqdan yayınmışlar. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində, ona maddi və mənəvi ziyan da vurulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-243/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh2 40000 ABŞ dolları məbləğində pulun ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə maddi və prossesual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, onun məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Bundan əlavə mənzilin 40000 ABŞ dollarına satılması barədə razılaşdıqdan sonra xx xxxxxx 2008-ci il tarixdə Bakı şəhəri 31 saylı Notariat Kontorunda əvvəlcə borc müqaviləsi bağlanmış, bundan 7 gün sonra isə, yəni iddiaçı mənzilə köçəndən sonra notariat kontoruna gedərək müqaviləni ləğv etdirmişlər. Onun məhkəmə iclasında iştirakı təmin olunmadığına görə həmin müqavilənin ləğv olunmasına dair sənədi məhkəməyə təqdim edə bilməmişdir. Mənzilə dair etibarnamə verildikdən sonra iddiaçı tərəf həmin mənzili uzun müddət öz adlarına rəsmiləşdirməmişdir. Həmin evin hərraca çıxarılıb satılmasından nə onun, nə də atası Cavabdeh1 xəbəri olmamışdır. Bütün bunları mərhum Vahid Əliyev başqa şəxslərlə razılaşmaqla etmiş, atası Mirəyub isə ipoteka müqaviləsinə imza etmişdir. Bundan başqa iddiaçı hazırkı tələblə bağlı iddia müddətini ötürməklə 12 ildən sonra iddia qaldırmışdır. Onun tərəfindən bağlanılan müqavilə hal-hazırda qüvvədə deyilsə, yəni notarial qaydada ləğv olunubsa, məhkəmə ondan bu pulu tələb etməkdə haqlı deyildir. Bundan əlavə, həmin borc müqaviləsi məhz mənzilin alqı-satqısının təsdiq olunması üçün bağlanmışdır. Yəni bu əqd başqa bir əqdi pərdələmək üçün, görünüş üçün bağlanmış uydurma əqd olmaqla əhəmiyyətsizdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi saxta məlumatlara əsaslanaraq yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh2 birinci instansiya məhkəməsində iştirakı təmin edilməmiş və o, iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edə bilməmişdir. Çünki İddiaçı iddia müddətini ötürməklə 12 ildən sonra iddia qaldırmışdır. Bundan əlavə borc müqaviləsinin əsasında həmin mənzil dayanır ki, mənzil də Cavabdeh1 məxsusdur. O həmin vaxt Moskvada olduğuna görə rəsmi alqısatqı müqaviləsi bağlamaq mümkün olmamış, əvəzində 40000 ABŞ dollarını, yəni mənzilin pulunu Zöhrabın almasını təsdiq edən borc müqaviləsi imzalanmışdır. İddiaçı mənzilə köçdükdən sonra Cavabdeh2 mərhum Vahid Əliyevlə görüşüb notariat kontorunda bu müqaviləni ləğv etdirmək barədə razılaşmış, lakin Zöhrab əlil olduğuna görə V.Əliyev özü tək gedib bu işi başa çatdıra bilməmişdir. Cavabdeh1 evdən çıxarılması məsələsinə gəldikdə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 mənzildən çıxarılması hissəsində bankın iddiası rədd edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş edərək izahatında bildirdi ki, 2008-ci ildə ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Baba Əliyev küçəsi ev 1-də yerləşən 17 saylı mənzilin satılmasına dair iddiaçının atası Vahid Əliyevlə razılaşmaları olmuş, lakin o, Azərbaycanda olmadığına görə bunu rəsmiləşdirə bilməmişlər. Buna görə iddiaçının atası 40000 ABŞ dollarını onun oğluna vermiş və bu barədə borc müqaviləsi bağlamaqla rəsmiləşdirmişlər. Sonradan isə mənzil həqiqətən Vahid Əliyevin istifadəsinə verilmiş, mənzilə dair bütün sənədlər də Vahidə verilmişdir. Mənzil həmin vaxtdan iddiaçının atasına verilmiş və halhazıradək də onların istifadəsindədir. O, Rusiya Federasiyasından qayıtdıqdan bir müddət sonra iddiaçının atası X18 Rüstəmov adlı şəxslə birlikdə ondan xahiş etmişdir ki, mənzili banka girov qoyaraq kredit götürmək istəyirlər. Vahid Əliyev ondan sadəcə bununla bağlı müvafiq sənədlərin imzalanmasını xahiş etmiş, o da mənzil artıq Vahid Əliyevə məxsus olduğundan onun xahişi əsasında bankla girov müqaviləsi bağlamışdır. Həmin vaxt bank qarşısında 3 ev girov qoyularaq 72000 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Onun götürülmüş kreditə heç bir aidiyyəti yoxdur, o sadəcə iddiaçının atasının xahişi ilə ipoteka müqaviləsi bağlamışdır. O, mənzili iddiaçının atasına satmış, mənzili iddiaçının atasının xahişi əsasında girov qoymuşdur. Bundan əlavə o, 31 saylı notariat kontoruna borc müqaviləsinin ləğv olunmasına dair məlumat verilməsi üçün müraciət edərkən ona həmin müqavilənin ümumiyyətlə reyestrdə qeydə alınmadığı bildirilmişdir. İddiaçı isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, bağlanan borc müqaviləsi ləğv edilməmiş, hal-hazırda qüvvədədir. O, cavabdehlərdən atasının verdiyi pul məbləğini tələb edir. İzahatının sonunda o, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)- 243/2020 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan X12 ilə Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış və Bakı şəhəri otuz birinci Dövlət Notariat Kontorunda təsdiq olunmuş borc müqaviləsindən görünür ki, X1 Zöhrab Mirəyub oğluna 40000 ABŞ dolları məbləğində borc vermiş, Cavabdeh2 həmin 40000 ABŞ dolları məbləğində pulu X5 qəbul etməklə öhdəsinə götürmüşdür ki, 2008-ci ilin fevral ayının 15-dək X9 40000 ABŞ dollarını nəğd şəklində qaytaracaqdır. Müqaviləyə görə, əgər borc alan öz öhdəliyini yerinə yetirməzsə, əvəzini əmlakı ilə ödəyəcək. İş materiallarında olan Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş xx xxxxxx 2008-ci il tarixli AR-İ seriyalı 073944 saylı etibarnamədən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Mərdəkan qəsəbəsi Baba Əliyev küçəsi ev 1 mənzil 17-yə dair sərəncam vermək hüquqları da daxil olmaqla X9 etibarnamə vermişdir. Etibarnamə xx xxxxxx 2010-cu il tarixədək verilmiş, etibarnaməni Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən oğlu Cavabdeh2 imzalamışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 025407 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 7 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, X7 xx.xx.2019-cu il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2019-cu il tarixli ərizəsi əsasında xx.xx.2019-cu il tarixdə vərəsəlik işi açılmışdır. Qanunvericiliyin tələbinə əsasən mərhumun arvadı X4, oğlu İddiaçı, oğlu X14 onun vərəsələri olması barədə məlumat verilmişdir. İş materiallarında olan xx xxxx 2011-ci il tarixli 412/M-3 saylı ipoteka müqaviləsindən görünür ki, xx xxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə Rüstəmov Möhübbət İxtiyar oğlunun “xxxx” ASC qarşısında öhdəliklərinin icrasının təmini məqsədilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi B.Əliyev küçəsi ev 1 mənzil 17-ni ipoteka ilə yüklü etdirmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(105)-295/2014 saylı qətnaməsindən görünür ki, Rüstəmov Möhübbət İxtiyar oğlunun xx xxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə “xxxx” ASC qarşısında öhdəliklərinin icrasının təmini məqsədilə bir neçə daşınmaz əmlaka, o cümlədən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi B.Əliyev küçəsi ev 1 mənzil 17-yə tutma yönəldilmişdir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Bakı şəhəri Xəzər RPİ-nin təhqiqatçısının xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 dələduzluq yolu ilə X7 40000 ABŞ dolları məbləğində pulunu ələ keçirməsi barədə İddiaçı şikayət ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş cavab məktubundan görünür ki, xx.xx.2008-ci il tarixdə 3M-3 reyestr nömrəsi ilə X12 ilə Cavabdeh2 arasında borc müqaviləsi rəsmiləşdirilərək 3M reyestr kitabında qeydə alınmış və reyestr kitabında tərəflər imza etmişlər. Həmin müqavilənin ləğv edilməsi barədə 3M reyestr kitabında heç bir qeyd aparılmamışdır. Beləliklə, iş materiallarında olan sənədlərdən görünür ki, borc verən X12 ilə borc alan Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixdə 40000 ABŞ dolları məbləğində borc verilməsinə dair müqavilə bağlanmış və notarial qaydada təsdiq olunmuşdur. Müqavilə notariat reyestrində qeydə alınmış və sonradan ləğv olunmamışdır. X12 xx.xx.2019-cu il tarixdə öldüyünə görə, Vahid Əliyevin vərəsələrindən biri olan İddiaçı xx.xx.2008-ci il tarixli borc müqaviləsi üzrə öhdəliklərin icra edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi borc verən X12 ilə borc alan Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixli borc müqaviləsi üzrə öhdəliklərin borc alan tərəfindən yerinə yetirilməməsini əsas götürərək 40000 ABŞ dolları məbləğində pulun ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə Cavabdeh2 alınaraq İddiaçı ödənilməsini qət etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdeh2 birinci instansiya məhkəməsində işə baxılarkən iştirakının təmin edilməməsi ilə bağlı kollegiya qeyd edir ki, mülki işin materiallarına əsasən, Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, xx xxxxxx 2019-cu il tarixli məhkəmə baxış iclasında iştirak edərək izahat vermiş və xx xxxxxx 2020-ci il tarixə təyin olunmuş növbəti məhkəmə iclasına dəvət olunması barədə qəbzə şəxsən imza etmişdir. xx.xx.2008-ci il tarixli borc müqaviləsinin başqa əqdi pərdələmək məqsədilə bağlanmış uydurma əqd olması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müqavilədə borcun xx xxxxxx 2008-ci il tarixədək qaytarılmaq şərtilə verilməsi, borc alan tərəfindən öhdəlik yerinə yetirilməzsə, əvəzini əmlakı ilə ödəyəcəyi razılaşdırılmışdır. İddiaçı iddia ərizəsində borc verildikdən sonra Cavabdeh1 öhdəliyə əməl etməyərək borcu qaytarmadığını, borcun əvəzində Vahid Əliyevə mənzil verəcəyini vəd etdiyini bildirmişdir. İş materiallarında olan xx xxxxxx 2008-ci il tarixli AR-İ seriyalı 073944 saylı etibarnamədən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Mərdəkan qəsəbəsi Baba Əliyev küçəsi ev 1 mənzil 17-yə dair sərəncam vermək hüquqları da daxil olmaqla X9 etibarnaməni borc müqaviləsi üzrə öhdəliyin icra müddəti başa çatandan 10 ay sonra vermişdir. Cavabdeh2 xx.xx.2008-ci il tarixli borc müqaviləsinin uydurma əqd olmasını sübuta yetirə bilməmişdir. Apellyasiya məhkəməsində işə baxılarkən Cavabdeh2 iddia müddətinin tətbiq olunması barədə ərizə vermiş və iddia müddətinin tətbiq olunaraq iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, borc müqaviləsindən irəli gələn öhdəliklər üzrə iddia müddəti 3 il olduğu halda, iddiaçı iddia müddətini buraxmaqla iddia qaldırmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 iştirakı təmin olunmadığına görə o, iddia müddətinin tətbiqi barədə həmin məhkəməyə ərizə verə bilməmişdir. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İş materiallarından görünür ki, həm Cavabdeh2, həm də onunla eyni ünvanda yaşayan atası Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılarkən iştirak etmişlər. Lakin Cavabdeh2 iddia müddətinin tətbiq olunması barədə birinci instansiya məhkəməsinə ərizə verməmişdir. Bundan əlavə, Cavabdeh2 apellyasiya şikayətində xx.xx.2008-ci il tarixli müqavilənin sonradan tərəflərin razılığı ilə ləğv olunması barədə sübutu apellyasiya instansiyası məhkəməsinə təqdim edəcəyini qeyd etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, apellyasiya məhkəməsində işə baxılarkən həmin müqavilənin ləğv olunmaması müəyyən edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı maddi hüquq normalarına istinad etməyi zəruri hesab edir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 X12 ilə bağladığı xx.xx.2008-ci il tarixli borc müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Vahid Əliyevin varisi olan İddiaçı hazırkı iddianı qaldırmaqda haqlı olmuş, birinci instansiya məhkəməsi 40000 ABŞ dolları məbləğində pulun Cavabdeh2 alınıb İddiaçı ödənilməsini qət etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-243/2020 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar