Məhkəmə qərarları › İş №2(103)-4195/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4195/2022

08.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4195/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadə katibliyi, İddiaçı X2, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(010)-84/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 18286,15 manat əmlaka dəymiş zərər və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh 24 iyul 2020-ci il tarixdə saat 17.30 radələrində idarə etdiyi “Vaz-21074” minik markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində hərəkətdə olarkən idarə etdiyi “Mitsubishi Pajero” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində sağlamlığına yüngül bədən xəsarəti, digər zərərçəkmiş şəxs X1 isə sağlamlığına zərər vurmadığına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. İnzibati xəta hadisəsinin olması 17 oktyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 sentyabr 2020-ci il tarixli qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş Cavabdeh barəsində inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxılarkən, inzibati xəta haqqında iş üzrə icraat zamanı Cavabdeh 28 oktyabr 2020-ci il tarixdə Şirvan Şəhər Məhkəməsində izahat verərək bildirmişdir ki, 24.07.2020-cı il tarixdə saat 17:30 radələrində idarə etdiyi avtomobillə X7 Mərkəzindən Şirvan şəhər İcra Hakimiyyəti istiqamətində hərəkətdə olmuşdur. “Elit bazarı” adlanan bazarın yanına çatanda qarşısında hərəkətdə olan, markasını və dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı bir avtomobili ötmə əməliyatı ilə keçmək istəyərkən öndən avtomobilin gəldiyini görüb, öz yoluna qayıtmaq istəmiş, yol yaş olduğu və gölməçə olduğu üçün geri qayıda bilməmiş, idarəetməni itirib yolun əks hərəkət hissəsinə çıxmışdır. Yolun əks hərəkət hissəsində olan “Mitsubishi Pajero” minik markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Həmin avtomobilin ön hissəsi ilə onun idarə etdiyi avtomobilin ön hissəsi toqquşmuşdur. Toqquşmanın təsirindən idarə etdiyi avtomobilin arxası yolun kənarında dayanmış “Chevrolet Cruze” minik markalı avtomobilə çırpılmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hər iki bud sümüyü sınmışdır. Avtomobili təqribən 100 km/saat sürətlə idarə etmiş, avtomobildə sərnişin və yük olmamışdır. Zərərçəkmiş şəxs İddiaçı dəymiş ziyan aradan qaldırılmamışdır. O, Şirvan şəhəri ərazisində su filtirlərinin satışı ilə məşğuldur. 24.07.2020-ci il tarixdə saat 17:30 radələrində idarə etdiyi avtomobillə Şirvan şəhər İcra Hakimiyyətindən Şirvan Diaqnostika Mərkəzi istiqamətdə hərəkətdə olarkən “Elit bazarı” adlanan bazarın yanına çatanda qarşı hərəkət istiqamətində markasını və dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı bir avtomobilin arxasında olan “VAZ 2107” markalı avtomobilin idarəetməni itirdiyini və gah sağa, gah da sola doğru istiqamətləndiyini görmüşdür. Ani vaxt ərzində hadisənin qarşısını almaq üçün heç bir çıxış yolu olmamışdır. Belə ki, sağda bir cərgə ilə avtomobillər dayandığı üçün doğru hərəkət etmək qeyri-mümkün idi. Sola doğru da hərəkət edə bilməzdi, çünki əks hərəkət zolağı ilə hərəkətdə olan avtomobilin yoluna çıxmaq istəməmişdir. Buna görə də avtomobili dayandırmaq qərarına gəlməklə, avtomobili tam dayandırma həddinə çatdırmışdır. Lakin “VAZ 2107” markalı avtomobil onun yoluna çıxaraq avtomobili ilə toqquşmuşdur. Önü avtomobilinin önü ilə toqquşandan sonra "VAZ 2107” markalı avtomobilin arxası onun sağında dayanmış "Chevrolet Cruze” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə çıxmışdır. Hadisə zamanı o, yüngül bədən xəsarətləri almışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15.09.2020-ci il tarixli 8/1222 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə “VAZ 21074” minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Cavabdeh “VAZ 21074” minik markalı avtomobili 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 100 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cu macdəsının 1-ci hissəsinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən X5 təqsiri 28 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Şirvan şəhər Məhkəməsi hakiminin inzibati xəta haqqında iş üzrə 3(032)-657/2020 nömrəli qərarı ilə tanınmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına 16186.15 manat şəkildə ziyan dəymişdir. Azərbaycan Respublikası “Şirvan AMS və Ticarət müəssisəsi” tərəfindən tərtib edilmiş kalkulyasiyaya uyğun olaraq avtomaşının təmir işləri 2100 manata başa gələcəkdir. “VAZ 21074” minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Rasıf oğlunun təqsiri üzündən baş vermiş inzibati xəta nəticəsində onun əmlakına avtomaşında təmir işlərinin aparılmasının dəyəri 2100 manat, dəyişməyə aid olan təmir üçün ehtiyat hissələrinin və detalların dəyəri 16186.15 manat zərər vurulmuşdur. Vurulmuş ziyanın ümumi miqdarı 18286.15 (on səkkiz min iki yüz səksən altı) manat təşkil edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(010)-84/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə vurulmuş ziyana görə 8752 (səkkiz min yeddi yüz əlli iki) manat məbləğində pul ödənilməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə aparılmış qiymətləndirmə ekspertizasının dəyəri olan 300 manat məbləğində pulun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, məhkəmə təqdim olunmuş ekspertiza rəyini sübut kimi qəbul edərək, ona qərəzli yanaşılmasına hər hansı bir səbəb görmür. Cavabdehin göstərdiyi bu faktiki hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. O, ümumiyyətlə birinci instansiya məhkəməsində olmamışdır. Bir haldaki birinci ekspert rəyi 27.10.2021-ci il tarixli, PL/G- 083 nömrəli "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, “Mitsubishi Pajero" markalı, ** MG *** dövlət qəydiyyatnişanlı avtomobilin təmiri və ehtiyat hissələrinin quraşdırılması 7456 manat qiymətləndirilmişdir. Cavabdeh 27.10.2021-ci il tarixli, PL/G-083 nömrəli "xxxx" MMC-nin qiymətləndirmə rəyinə etiraz etməmişdir. Güya cavabdeh etiraz etdiyinə görə məhkəmə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Cavabdeh ümumiyyətlə məhkəmələrdə iştirak etməmişdir. Nədənsə birinci instansiya məhkəməsi cavabdehin etiraz etdiyini yazıb ekspertiza rəyinə. Cavabdeh bildirir ki, iki ekspertiza rəyi arasında ziddiyət vardır. Ona görə ekspertizə təyin edilməli idi nədənsə birinci instansiya məhkəməsi qəsdən ikinci rəyi əsas götürmüşdür. Bu da ona əsas verir ki, birinci instansiya məhkəməsi işə qərəzli baxıb qətnəmə çıxartmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(010)-84/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X4 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi. O, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, icbari sığorta tərəfindən ona 5000 manat məbləğində pul ödənilmişdir. O, təyin edilmiş zərərdən həmin məbləğin çıxılmasına etiraz etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq birinci instansiya məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdehlazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İş materiallarında olan: 28.10.2020-ci il tarixli Şirvan Şəhər Məhkəməsinin qərarından görünür ki, inzibati xəta törətmiş Cavabdeh AR İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Həmin qərarla müəyyən edilir ki, X10 24 iyul 2020-ci il tarixdə saat 17.30 radələrində “Vaz 21074” minik markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobili Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində idarə edərkən “Mitsubisi Pajero” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində zərərçəkmiş şəxs İddiaçı sağlamlığına yüngül bədən xəsarəti, digər zərəçəkmiş şəxs X1 isə sağlamlığına zərər vurmadıqlarına görə dərəcələri təyin eidlməyən xəsarətlər yetirmişdir. 24.09.2020-ci il tarixli qüsur aktından görünür ki, “Mitsubishi Pajero” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələrinin quraşdırılması 18286.15 manat qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki. qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinəəsasən mülki hüquq pozuntusu (delikt) əsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam də ödənilməlidir. MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdeh idarə etdiyi avtomobillə iddiaçının idarə etdiyi avtomobilə zərər vurmuşdur. Cavabdehin yol-nəqliyyat hadisəsində təqsirli olması qüvvədə olan məhkəmə qərarı ilə sübut olunmuşdur. 27.10.2021-ci il tarixli, PL/G-083 nömrəli "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Mitsubishi Pajero” markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələrinin quraşdırılması 7456 manat qiymətləndirilmişdir. Cavabdeh qimətləndirmənin nəticəsinə etiraz etdiyi üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 28.01.2022-ci il tarixli, 9/9013 nömrəli “Məhkəmə Ekspertiza Mərkəzi”nin məhkəməəmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, “Mitsubishi Pajero” markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri 12952 manat məbləğində müəyyən edilmişdir. Kollegiya apellyatorun dəlilinə münasibətdə qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş rəy üzrə mütəxəsis zəruri biliyə malik olmaqla, “Məhkəmə Ekspertiza Mərkəzi”nin rəyi üzrə ekspert xüsusi biliyə malikdir. Buna görə də, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının da etiraf etdiyi kimi icbari sığorta tərəfindən ödənilmiş 5000 manat məbləğində sığorta ödənişi nəzərə alınmaqla, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 7952 (12952-5000=7952) manat məbləğində maddi zərər tutulmalıdır. Kollegiya apellyatorun yenidən ekspertiza təyin edilməsi ilə bağlı dəlilini yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edərək, qeyd edir ki, iş üzrə zəruri biliyə malik olan ekspertin rəyi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddianın 43%-i məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi- yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 43 manatı cavabdehdən, 57 manatı iddiaçıdan tutulmalıdır. Kollegiya həmçinin hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfiyəni "xxxx" MMC-nin mütəxəsisinə ödənilməli olan 300 manatın 129 manatı cavabdehdən, 171 manatı iddiaçıdan tutulmalıdır. Həmçinin iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 13 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Suraxanı Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(010)-84/2022 saylıqətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh vurduğu maddi zərərə görə 7952 (yeddi min doqquz yüz əlli iki) manat, 13 (on üç) manat dövlət rüsumu iddiaçı X2 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə "xxxx" MMC-dən rəyinin alınmasına görə mütəxəsisə ödənilməli olan 300 (üç yüz) manatın 129 (yüz iyirmi doqquz) manatı Cavabdeh, 171 (yüz yemiş bir) manatı İddiaçı alınaraq, "xxxx" MMC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 100 (yüz) manatın 43 (qırx üç) manatı Cavabdeh, 57 (əlli yeddi) manatı İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar