Məhkəmə qərarları › İş №2(103)-4199/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4199/2025

27.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4199/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “cavabdehin balans və istifadəsində olan hava elektrik xəttinin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Nümayəndə2, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialın nümayəndəsi X7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X3nin Bakı filialının nümayəndəsi Nümayəndə4, İddiaçı iştirakları ilə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, mülkiyyətində olan və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,0390 ha torpaq sahəsində yerləşən və cavabdeh “X19” Şirkətinin balans və istismarında olan 0,4 kv-luq hava elektrik xəttinin həmin torpaq sahəsindən çıxarılması vəzifəsinin cavabdeh Şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən torpaq sahəsini və fərdi yaşayış evini rəsmi qaydada bağlanmış “Alğısatqı müqaviləsi” əsasında almış və “Daşınmaz əmlakın dövlət reyestrindən” ona xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəli “Çıxarış” verilmişdir. İddiaçıya məxsus həmin fərdi yaşayış evinin həyətyanı sahəsindən cavabdeh Şirkətinin balans və istismarında olan 0,4 kv-luq kabel xətti keçir və həmin kabel xətti Şirkətə aid mancanaq dəzgahını qidalandırır. Bu naqillər evlə bağlı fasad işlərinin və həyətdə görülməli olan digər təmir işlərinin həyata keçirilməsinə maneçilik törədir. Bundan başqa, həyətində təmir ediləcək yerlər var, lakin iddiaçı bu kimi işləri görə bilmir. Bununla da iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur, o, ev üzərində sərəncam verə bilmir, nə də ki, evindən rahat şəkildə istifadə edə bilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasma dair Tələblərin” 2.2.1-ci maddəsində göstərildiyi kimi, elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə izolyasiyasız naqilli hava elektrik verilişi xətləri üçün gərginliyi 1.000 voltadək hava elektrik verilişi xətləri üçün - 2 metr təyin edilir. Lakin qeyd edilən elektrik xətti bu tələbə cavab vermir. b) iddiaya qarşı verilmiş etirazlar barədə məlumat

3. Cavabdeh Şirkətinin nümayəndəsi iddia qarşı yazılı etiraz verərək, bildirmişdir ki, iddiaçıya məxsus tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum "xxxx" Saziş və “Birgə Əməliyyat” Sazişi imzalanmamışdan da öncə, dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə Cavabdeh Şirkətinin qanuni istifadəsinə verilmişdir. xx.xx.2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X21 Bi.Vi. və DNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş imzalanmış və xx.xx.2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Həmin Qanunun 4-cü bəndinə görə, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda həmin Qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Sazişin 4-cü bəndinə əsasən, Bu Sazişin məqsədləri baxımından Kontrakt sahəsi dedikdə, bu Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan, ARDNŞ-in balansında olan sahələr, habelə həmin perimetr hüdudlarında şaquli yeraltı formasiya, yeraltı lay və horizontlar, Qüvvəyə minmə tarixənədək Dövlət Neft Şirkətinin kəşf etdiyi karbohidrogen ehtiyatları həmçinin, bu Sazişin həyata keçirilməsi nəticəsində kəşf edilə biləcək bütün Karbohidrogen ehtiyatları başa düşülür. Yuxarıda qeyd olunanların məzmunundan aydın olur ki, qeyd olunan torpaq sahəsi DNŞ-nin balansında olmuş, sonradan "xxxx" Saziş əsasında Şirkətin qanuni sahiblik və istifadəsinə təqdim edilmişdir. Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 150 saylı qərarı ilə Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (e) bəndində Saziş ərazisi üzərindəki hüquqların qəsb edilməsinin qadağan olunması qeyd olunur. Müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun evin əvvəlki mülkiyyətçisinin, sonradan isə iddiaçının adına "xxxx" qeydə alınması Şirkətin hüquq və təminatlarının - mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. İddiaçı qeyd edir ki, o, fərdi yaşayış evini alğı-satqı yolu ilə aldıqdan sonra, ona alğısatqı müqaviləsi əsasında evə dair ona xx.xx.2021-ci il tarixli “Reyestrdən çıxarış” verilmişdir. Həmçinin iddiaçı mülkiyyətində olan həmin evin həyətyanı sahəsindən Şirkətə məxsus mancanaq dəzgahını qidalandıran 0,4kv-lıq elektrik kabel xətlərinin keçdiyini, elektrik xətlərinin təmir bərpa işlərinin aparılmasına maneçilik yaratdığını və həmin elektrik xətlərinin köçürülməsi barədə Şirkətə müraciət etdiyini bildirmişdir. Qeyd ediliməlidir ki, “Texniki təhlükəsizlik haqqında” Qanuna və Nazirlər Kabinetinin 94 saylı, xx.xx.2001-ci il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Torpaq Məcəlləsinin 22.2 maddəsinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin hüquqi rejimlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir ki, belə normativ hüquqi aktlara “Neft mədənlərinin neft, qaz və suların yığımı, nəqli və hazırlanması obyektlərinin texnoloji layihələşdirmə” Qaydalarını göstərmək olar. Bu qaydalara əsasən neft buruğu ilə yaşayış evləri arasında məsafə ən azı 300 metr olmalıdır. Torpaq Məcəlləsinin 62-ci maddəsinin məzmununa əsasən mühafizə zolağı daxilində yerləşən torpaq ərazilərinin yaşayış və ictimai tikililər üçün ayrılması qadağan edilir. Əlavə olaraq, inventar nömrəsi 23876/13 olan 0,4 kv-luq ellektrik xətti hələ məlum "xxxx" saziş və “Birgə Əməliyyat” sazişi imzalanmamışdan öncə, 1987-ci ildə mancanaq dəzgahlarının qidalandırılması üçün alüminium naqillərdən çəkilmişdir. Qeyd olunanlardan aydın olur ki, evin əvvəlki mülkiyyətçisinə, sonradan isə iddiaçıya məxsus tikili (yaşayış evi) 2020-ci ilin sonlarında, yəni sözügedən elektrik xəttinin çəkilməsindən xeyli müddət sonra inşa edilmişdir. Bundan başqa, iddiaçının mülkiyyətində olan torpaq sahəsi 1 saylı mədənin 6-cı sahəsində yerləşən 162701 saylı neft quyusunun, rezervdə olan neft xəttinin və bilavasitə 162571 saylı neft quyusunu qidalandıran 0,4 kv-luq elektrik xəttinin mühafizə zolağı daxilində yerləşir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinin tələbinə əsasən, sənaye təyinatlı torpaq sahəsi yaşayış məntəqələrinin torpaq sahəsi təyinatına dəyişilməklə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən həyata keçirilməsi”nə dair qanunun tələbləri pozulmuşdur. Həmin Məcəllənin 11-ci maddəsinin 4-cü bəndinin tələbinə görə, torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilməməsinə baxmayaraq, özbaşına tikili inşa edilməklə sənaye təyinatlı torpaq sahəsinin məhdudiyyətlərinə məhəl qoyulmamışdır. Məcəllənin 22-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borclu olduqları halda, neft təhlükəsizliyi qaydalarına riayət edilməmişdir. Məcəllənin 46-cı maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə əsasən, dövlət obyektlərinin – dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlətin müstəsna mülkiyyətində olan torpaqlara aid olmasına baxmayaraq, bu torpaq sahəsi qeyri-qanuni özgəninkiləşdirilmişdir. Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinin tələbinə görə, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilməli olduğu halda, həmin torpaq sahəsi qeyri-qanuni özgəninkiləşdirilərək öz təyinatına və hüquqi statusuna uyğun olaraq istifadə edilmir. Odur ki, iddianın rədd edilməsi xahiş olunur.

4. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi (vəkili) Nümayəndə2 da iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmiş və həmin etirazını belə əsaslandırmışdır ki, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Sazişə əsasən Cavabdeh Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları, eləcə də 162701 nömrəli neft quyusunun mühafizə zonası daxilində (57 metr) yerləşir. Bundan başqa araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən elektrik xətti həmin torpaq sahəsində iddiaçının orada məskunlaşmasından öncə də mövcud olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, elektrik xətti 162571 nömrəli neft quyusuna gedir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci bəndinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən, sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3cü bəndinə Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 259 nömrəli Qərarı ilə edilən dəyişikliyə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neftqaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələrlə fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyular arasında 300 metr, mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə 150 metr, ləğv olunmuş quyularla minimum 75 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “Texniki təhlükəsizlik haqqında” xx.xx.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Bu maddədə açıq şəkildə və birmənalı olaraq qeyd edilir ki, həmin torpaqlar dövlət mülkiyyətində saxlanır. “Texniki təhlükəsizlik haqqında” xx.xx.1999-cu il tarixli Qanununa və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, nef-tqaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Həmin Məcəllənin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq Məcəlləsinin 82-ci maddəsinə görə isə torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. Eyni zamanda, həmin Məcəllənin 110-cu maddəsində göstərilir ki, bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət Məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. İşin mübahisəsiz halıdır ki, həmin torpaq sahəsi, “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla, Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşir. Belə olan halda, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunması məqsədi ilə, SOCAR-ın daimi istifadəsində olan, neft-qaz əməliyyatları aparılan torpaq sahələri yalnız təyinatı üzrə istifadə edilə biləcəyi nəzərə alınmalıdır. c) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakı və məhkəmə baxışı iclasında iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

5. İş üzrə iddiaçı iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Cavabdeh Şirkətinin nümayəndəsi X12 iddia tələbinə etiraz edərək, iddia tələbinə qarşı verilmiş etirazların məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini xahiş etmişdir.

7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi (vəkili) Nümayəndə2 iddia tələbinə qarşı verilmiş etirazların məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini xahiş etmişdir.

8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X3nin Bakı filialının nümayəndəsi Nümayəndə4 bildirmişdir ki, təmsil etdiyi qurum iddianın təmin edilməsinə etiraz etmir. Mübahisəli elektrik xətti X10 və Satışı İdarəsinə məxsus 81 saylı transformatordan qidalanır ki, Cavabdeh Şirkətinə məxsus mancanağı qidalandırır və istismarına məsuliyyət daşıyır. Həmin xətt Qaydalara uyğun çəkilməyib.

9. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə baxışı iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə baxışı iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Buna görə də, Rayon Məhkəməsi işə “DƏDK və R” PHŞ-in Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

10. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 07 may 2025-ci il tarixli qətnamə ilə, iddianın təmin edilməsini, iddiaçının mülkiyyətində olan, yuxarıda qeyd edilən ünvanındakı torpaq sahəsində yerləşən və cavabdeh “X19” Şirkətinin balans və istismarında olan 0,4kv-luq hava elektrik xəttinin həmin torpaq sahəsindən çıxarılması vəzifəsinin cavabdeh Şirkətin üzərinə qoyulmasını qət etmişdir.

11. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətçisi olduğu mülkiyyətində olan torpaq sahəsindən cavabdeh “X19” Şirkətinin balans və istismarında olan 0,4 kV-luq kabel xəttinin bir hissəsinin keçməsi iddiaçının öz əmlakına öz istədiyi kimi sahib olmaq və ondan öz istədiyi kimi istifadə etmək imkanına mane olmaqla onun mülkiyyət hüququnu pozan hal kimi qiymətləndirilməlidir. Bu isə iddiaçının bildirdiyi faktiki halların onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu mənasına gətirib çıxarır. e) apellyasiya şikayəti barədə məlumat

12. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

13. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın məzmunu ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

14. Apellyatorun – iş üzrə üçüncü şəxs olan Dövlət Neft Şirkətinin (SOCAR) (vəkili) nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

15. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, təmsil etdiyi qurumun qətnamədən verilmiş şikayəti bəyəndiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş edərək, iddia tələbinə qarşı verilmiş etirazın məzmununa uyğun izahat verdi.

16. İş üzrə iddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

17. İş üzrə üçüncü şəxs olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X3nin Bakı filialının nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi.

18. İş üzrə üçüncü şəxs olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında nümayəndəsinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verilməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

19. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

20. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına verilmiş “Çıxarışından” və xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Texniki pasportdan” görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 10da yerləşən 21 “A” saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,0390 ha torpaq sahəsi “Reyestrdə” xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına xx.xx.2021-ci il tarixində ********** № ilə qeydiyyata alınmışdır.

21. “X19” Şirkətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şirkət tərəfindən iddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə baxılaraq elektrik xəttinin onun orada məskunlaşmasından öncə mövcud olduğu əsas gətirilək müraciətin təmin edilməsindən imtina edilmiş, əlavə olaraq vurğulanmışdır ki, onun qeyd edilən ərazidə yaşaması şirkətin qanunla qorunan hüquqlarını və dövlət tərəfindən verilmiş təminatlarını kobud surətdə pozur.

22. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X3 Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının fərdi yaşayış evinin həyətyanı sahəsindən keçən elektrik verilişi xəttinin mülkiyyətçisi ilə bağlı məlumat verilməsi barədə xx.xx.2023-cü il tarixli müraciətinə baxılaraq bildirilmişdir ki, “X19” Şirkətinin balans və istismarında olan 0,4 kV-luq kabel xəttinin bir hissəsi evinin həyətyanı sahəsinin daxilindən keçir və həmin kabel xətti Şirkətə aid mancanaq dəzgahını qidalandırır. Həmin kabel xətti X10 və Satışı idarəsinə məxsus 81 saylı komplekt transformator yarımstansiyasının 0,4 kv-luq paylayıcı qurğusundan qidalanır (PQ) və Biləcəri ETSİ ilə Şirkət arasında balans mənsubiyyəti sərhədi PQ-dən çıxan kabelin uclarından təyin edilmişdir.

23. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 1-ci ərazi X13 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İdarənin əməkdaşları tərəfindən sözügedən ünvana baxış keçirilmiş və iddiaçının müraciətində qeyd olunan fakt təsdiqini tapmışdır. Müraciətdə qeyd edilən məsələ ilə bağlı müvafiq tədbir görülməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və “X19” Şirkətinə xx.xx.2024-cü il tarixli, 3-18-60/2-4064/2024 və 3-18-60/2-4071/2024 saylı məktublar ünvanlanmışdır.

24. Energetika Nazirliyi Enerji X3 Bakı filialının xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi tərəfindən 2(001)-1382/2025 saylı iş üzrə qəbul edilmiş və icra edilməsi üçün Agentliyə verilmiş qərardadın icrası ilə əlaqədar Agentliyin mütəxəssisi tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə və torpaq sahəsinə baxış keçirilmiş və bu zaman məlum olmuşdur ki, “X19” Şirkətinin balans və istismarında olan 0,4 kV-luq kabel xəttinin bir hissəsi evin həyətyanı sahəsinin daxilindən keçir və həmin kabel xətti Şirkətə aid mancanaq dəzgahını qidalandırır. Həmin kabel xətti X10 və Satışı İdarəsinə (Biləcəri ETSİ) məxsus 81 saylı komplekt transformator yarımstansiyasının 0,4 kV-luq paylayıcı qurğusundan qidalanır (PQ) və Biləcəri ETSİ ilə Şirkət arasında balans mənsubiyyəti sərhədi PQ-dən çıxan kabel xətlərinin uclarından təyin olunmuşdur. Həmin 0,4 kV-luq kabel xəttinin iddiaçının evinin həyətyani sahəsindən keçən hissəsi Qaydalara uyğun çəkilməmişdir. Eyni zamanda Şirkət tərəfindən sözügedən 0,4 kV-luq kabel xəttinin “Texniki pasportu” təqdim edilməmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının xx.xx.2024-cü il tarixli, 3-15/3-1-2/2024 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının texniki istismar Qaydalarının” 9.7-ci bəndinin tələbinə əsasən KX-nin mövcud texniki vəziyyətini əks etdirən pasportu olmalıdır. “Elektrik enerjisindən istifadə Qaydaların” 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin Enerji X3nin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.6-cı bəndinə görə, istehlakçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblərinə” əsasən ona məxsus elektrik qurğularının qorunmasını, onlara sərbəst keçməyi və yanaşmağı təmin etməli, həmçinin kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava elektrik verilişi xətləri mənsub olan təşkilatın icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alaraq bildirilir ki, iddiaçının evinə və torpaq sahəsinə aid müvafiq “Reyestrdən çıxarış” olduğunu və xəttin qaydalara uyğun istismar edilmədiyini nəzərə alaraq xəttin iddiaçının həyətyanı sahəsindən keçən hissəsinin kənarlaşdırılması məqsədəuyğun hesab edilir.

25. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 3-21-3-02/2-4299/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X14 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən **********71-10301 reyestr nömrəli Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 10-cu döngə, 21 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş 552 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncama əsasən vətəndaş (hazırkı iş üzrə tərəf olmayan) X6 ayrılmış və xx.xx.2017-ci il tarixində sonuncunun adına ilkin qeydiyyatdan keçmişdir. Daha sonra, yəni xx.xx.2017-ci il tarixdə Bakı Şəhəri 26 saylı Notariat Kontoru tərəfindən reyestrdə 4Ə-82 nömrə altına qeydə alınmış “Alğı-satqı müqaviləsinə” əsasən həmin əmlak Əfqan Nəsirov tərəfindən (hazırkı iş üzrə tərəf olmayan) X1 və onun həmin əmlak üzərində mülkiyyət hüququ "xxxx" xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı Şəhəri 26 saylı Notariat Kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə 4Ə-90 nömrə altında reyestrdə qeydiyyata alınmış “Bağışlama müqaviləsinə” əsasən 0,06 ha ölçücü olan torpaq sahəsinin 0,039 ha hissəsi Sevinc Mikayılova tərəfindən (hazırkı iş üzrə tərəf olmayan) X8 bağışlanmışdır. Bakı Şəhəri 43 saylı Notariat Kontoru tərəfindən xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilərək, reyestrdə 4Ə/496 nömrə altında qeydə alınmış “Alğı-satqı müqaviləsinə” əsasən iddiaçının mülkiyyətinə keçmiş və hazırda sonuncunun mülkiyyətindədir. Yerdə qalan 0,021 ha torpaq sahəsi Sevinc Mikayılovanın adına qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir.

26. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Məhkəməyə verilmiş 10/7507 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, iddia ərizəsində qeyd edilən ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün üzərindən 0,4 kV-luq elektrik kabelinin keçməsi “Elektrik qurğularının quraşdırılması Qaydalarının” 81.2-ci bəndinə əlavə edilmiş 102 saylı cədvələ uyğun deyil. Belə ki, kabel xətti dam örtüyünün üzərindən 2,5 metr məsafədən aparılmalıdır. Həmin ünvanda mişar daşından olan hasarın üzəri ilə çəkilmiş elektrik kabelinin cərəyandaşıyıcı damarlarının sonluqları “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ №02-2002) 2.3.6-cı bəndinə əsasən xüsusi sıxaclarla və qaynaq edilməsi yolu ilə bərkidilməlidir.

27. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinəuyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir.

28. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi onun mülkiyyətində olan və yuxarıda qeyd edilən ünvanında yerləşən 0,0390 ha torpaq sahəsindən cavabdeh “X19” Şirkətinin balans və istismarında olan 0.4kv-luq hava elektrik xəttinin çıxarılması ilə bağlıdır.

29. Göründüyü kimi iddia tələbi iddiaçının mülkiyyətinə edilmiş qəsdin aradan qaldırılması ilə bağlıdır. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

32. Baxılan işdə də birinci instansiya məhkəməsi tərəfindən müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçıya mülkiyyət hüququ əsasında məxsusdur və həmin hüquq "xxxx" qeydiyyata alınmışdır.

33. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.).

34. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz (maddə 13.). Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (maddə 29.).

35. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

36. Qeyd edilən ölkədaxili və beynəlxalq hüquq normalarının tələblərindən hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iddiaçı, onun mülkiyyətində olan torpaq sahəsindən başqasına – Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus elektrik xəttinin çıxarılmasını tələb etməkdə və Rayon Məhkəməsi isə bu tələbi əsaslı hesab etməkdə haqlı olmuşlar.

37. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qətnamədən verdiyi apellyasiya şikayətində göstərilir ki, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşorneft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən Cavabdeh Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları, eləcə də 162701 nömrəli neft quyusunun mühafizə zonası daxilində (57 metr) yerləşir. Bundan başqa, mübahisələndirilən elektrik xətti həmin torpaq sahəsində iddiaçının orada məskunlaşmasından öncə də mövcud olmuşdur.

38. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

39. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, yuxarıda göstərilən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur.

40. Göründüyü kimi mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğundan, reyestrin məzmununun məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından Çıxarış qüvvədə olduğundan iddiaçının mülkiyyət hüququ hər cür pozuntudan müdafiə edilməlidir.

41. Digər tərəfdən qeyd edilməlidir ki, “X19” Şirkətinin balans və istismarında olan 0,4 kV-luq kabel xəttinin daha əvvəldən həmin ərazidən keçməsi də iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz.

42. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçının mülkiyyətində olan və yuxarıda qeyd edilən ünvanında sahədə yerləşən mübahisəli 0,4kv-luq hava elektrik xəttinin çıxarılmasını qət etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin həmin hissəsinə aid dəlili əsassızıdır.

43. Bununla yanaşı Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi qeyd edilən 0,4kv-luq hava elektrik xəttinin həmin torpaq sahəsindən çıxarılması haqqında vəzifəni cavabdeh Şirkətin üzərinə qoyulmasını qət etməkdə səhvə yol vermişdir.

44. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi 0,4kv-luq hava elektrik xətti Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının balans və istifadəsində olsa da, həmin kabel xətti X10 və Satışı İdarəsinə məxsus 81 saylı komplekt transformator yarımstansiyasından qidalanır.

45. Bunu və kabel xəttinin iddiaçıya məxsus sahədən çıxarılması üçün xüsusi prosedurun həyata keçirilməsi zəruri olduğundan 0,4kv-luq hava elektrik xəttinin həmin torpaq sahəsindən çıxarılması haqqında vəzifənin birbaşa cavabdeh Şirkətin üzərinə qoyulması düzgün deyil.

46. Məhkəmə hesab edir ki, həmin hava elektrik xəttinin iddiaçıya məxsus sahədən çıxarılması üçün cavabdeh Şirkətin üzərinə vəzifə qoyulmalıdır ki, Şirkət, həmin elektrik xəttinin iddiaçıya məxsus sahədən çıxarılmasının təmin edilməsi üçün, müvafiq aidiyyati orqanlara müraciət etsin. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə cavabdeh Şirkətin üzərinə vəzifənin qoyulması hissəsində dəyişdirilməlidir. h) apellyasiya baxışının nəticəsi

47. Beləliklə də göstərilənləri, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi yuxarıda qeyd edilən hissədə dəyişdirilməlidir.

48. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İş üzrə üçüncü şəxs olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 may 2025-ci il tarixli qətnamə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının üzərinə onun balans və istismarında olan 0,4 kv-luq hava elektrik xəttinin İddiaçı mülkiyyətində olan və Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0,0390 ha torpaq sahəsindən çıxarılması vəzifəsinin qoyulması hissəsində dəyişdirilsin. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının üzərinə vəzifə qoyulsun ki, o, həmin 0,4 kv-luq hava elektrik xəttinin İddiaçı mülkiyyətində olan və Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0,0390 ha torpaq sahəsindən çıxarılmasının təmin edilməsi üçün müvafiq orqanlara qısa müddətdə müraciət etsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilmiş 07 may 2025-ci il tarixli qətnamənin qalan hissəsi, yəni cavabdeh “X19” Şirkətinin Azərbaycan Respublikasındakı filialının balans və istismarında olan 0,4 kv-luq hava elektrik xəttinin İddiaçı mülkiyyətində olan və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,0390 ha torpaq sahəsindən çıxarılması hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar