Məhkəmə qərarları › İş №2(103)-420/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-420/2021

11.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-420/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X16 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi və vəkili X6, Maraqlı şəxsin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “doğum akt qeydinin ləğv edilərək əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “doğum akt qeydinin ləğv edilərək əvvəlki vəziyyətə gətirilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat Şöbəsində Cavabdeh adına verilmiş atalığın müəyyən edilməsinə dair xx.xx.2016-cı il tarixli akt qeydinin ləğv edilməsi, Maraqlı şəxs soyadının X1 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə iyirmi ilə yaxın bir müddətdə qeyri-rəsmi olaraq bir ailədə yaşamışlar. Birgə münasibətlərindən xx xxxx 2002ci ildə Maraqlı şəxs anadan olmuşdur. Onun göstərişinə görə, uşağın tam adı X1 qeydə alınmışdır. Sonradan Cavabdeh Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək Fidanın atası kimi qeydə alınmasını xahiş etmiş və bu əsasla xx xxxxxx 2016-cı il tarixdə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Son zamanlar Cavabdeh ilə aralarında olan münasibətlər tam pozulmuşdur. Cavabdeh onunla danışığında güya məcburiyyət qarşısında qızı Fidanın atası olmasına dair ərizə verməsini bildirmişdir. O, qızı Fidan və onun haqqında xoşagəlməz sözlər işlədən bir insanla onları bağlayan hər hansı bir sənədin olmasını istəmir. Bu səbəbdən belə hesab edir ki, xx.xx.2016-cı il tarixli atalığın müəyyən edilməsinə dair akt qeydi ləğv edilməli, qızı Fidana əvvəlki soyadı qayıtmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(006)-3029/2020 iddia tələbi təmin edilmiş, Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat Şöbəsi tərəfindən Cavabdeh adına verilmiş atalığın müəyyən edilməsinə dair xx.xx.2016-cı il tarixli akt qeydi və onun əsasında verilmiş AZ–İ№ 270234 saylı şəhadətnamənin ləğv edilməsi, Maraqlı şəxs ata adı və soyadının əvvəlki vəziyyətinə bərpa edilməklə, ona yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamədə adının “Fidan”, soyadının “Əhmədova”, ata adının “Ağalar”, doğum yerinin “Bakı” şəhəri, doğum tarixinin “xx.xx.2002” ata qrafasında ata adının “X3”, milliyətinin “Azərbaycanlı”, ana qrafasında ana adının “İddiaçı”, milliyətinin “Azərbaycanlı” kimi qeyd edilməsi Bakı şəhər Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədən, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, işə baxılarkən Maraqlı şəxs 17 yaşı olmuşdur. Buna baxmayaraq, işə baxılarkən və qətnamə qəbul edilərkən qanunların (maddi hüquq normaları) tələbləri pozulmuş, Fidanın razılığı olmadan və onun maraqlarına zidd qətnamə qəbul olunmuşdur. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, izahat verərək göstərmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin və MPMnin tələblərini kobud şəkildə pozmuş, iddia tələbi məhkəmə qaydasında baxılmalı olmadığı halda işə baxmış, iş məhkəmədə baxılan zaman uşağın artıq 17 yaşı tamam olmasına baxmayaraq, onun fikrimə əhəmiyyət verilməmiş, bununla da maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək qanunsuz qətnamə qəbul etmişdir. Hesab edirlər ki, iş üzrə tələbin yönəlməli olduğu Cavabdeh deyil, Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi olmalı idi. Məhkəmə öz qətnaməsində də qətnamənin icra olunmasını Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə etmişdir. Göründüyü kimi, əsl cavabdehin Nərimanov Rayon Qeydiyyat Şöbəsi olmasına baxmayaraq, məhkəmə buna qiymət verməmişdir. İkincisi məhkəmə iddia ərizəsinə mübahisə olmadan baxmışdır. İş materiallarından görünür ki, cavabdeh iddianı etiraf etmişdir. Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. AM-nin müvafiq tələbindən görünür ki, valideynlərin birgə xahişi əsasında rayon Qeydiyyat şöbəsi uşağın soyadını dəyişə bilər. Lakin məhkəmə bu hala da qiymət verməmiş, tərəflər arasında mübahisə olmadığı halda iddia ərizəsinə baxmışdır, halbuki qeyd olunan məsələ ilə bağlı qeydiyyat şöbəsindən imtina tələb edilməliydi. Üçüncüsü bu kateqoriyadan olan iddia ərizəsinə inzibati məhkəmə baxmalı olduğu halda, rayon-şəhər məhkəməsi qanunsuz olaraq qətnamə qəbul etmişdir. Belə ki, AM-nin müvafiq tələbindən görünür ki, uşağın soyadının dəyişdirilməsi Rayon Qeydiyyat şöbəsinin səlahiyyətindədir. Rayon Qeydiyyat şöbəsi tərəfindən hansısa bir aktın qəbul olunması və ya hərəkətin edilməsi inzibati prosessual məcəllənin tələbləri əsasında baxılmalıdır. Belə ki, İPM-nin 35-ci maddəsində qeyd edilir ki, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iş üzrə ilkin olaraq uşağın soyadının dəyişdirilməsi üçün valideynlərin birgə müraciəti əsasında Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən inzibati akt qəbul edilməli idi. Lakin işin hallarından görünür ki, nəinki belə bir akt qəbul olunmayıb, hətta bu tip bir müraciət belə olmamışdır. Dördüncüsü, qətnamə qəbul olunan zaman uşağın fikri soruşulmamış, onun razılığının olub-olmaması araşdırılmamışdır. Göstərilənlərə əsasən mübahisələndirilən qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 apellyasiya şikayəti əsaslı olduğu üçün onun təmin edilməsini xahiş etmiş, izahatında apellyasiya şikayətində göstərilən əsaslara istinad etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X12 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, izahat verərək göstərmişdir ki, cavabdeh ailəli olmaqla, 2 uşaq atasıdır. İddiaçı 20 ilə yaxındır ki, tanımış, həmin dövrdə onunla yaxın münasibətdə olmuşdur. İddiaçı 2002-ci ildə ona zəng edərək, Fidan adlı qızının anadan olduğunu və uşağın atasının onun olduğunu bildirərək, tələb etmişdir ki, atalıq faktını etiraf etsin və qızın doğum haqqında şəhadətnaməsində ata kimi qeyd olunmağa rəsmi qaydada razılıq verməsini istəmişdir. İddiaçı Fidanın onun qızı olmasına onu inandırsa da, ailədə, eləcə də dost-tanış arasında bilinməsin deyə, ata kimi qeyd olunmasına razı olmamışdır. Həmin vaxt Fidan anasının göstərişi ilə «X8» kimi qeydə alınmışdır. Bundan sonra İddiaçı davamlı şəkildə telefonuna gah zəng edərək, gah da SMS göndərərək, müxtəlif təhdidlərlə, o cümlədən, mətbuata çıxıb açıqlama verməklə, ailəsinə bildirməklə onu rüsvay edəcəyi ilə hədələyərək, müvafiq razılıq ərizəsi verib atalığı etiraf etməsini tələb etməyə başlamışdır. 2005-ci ildə cavabdeh evdə olarkən, iddiaçıdan onun telefonuna yenə də SMS (sevgi ismarıcı) gəlmiş və həyat yoldaşı həmin SMS-i görüb oxumuş, güclü əsəb sarsıntısı keçirərək xəstələnmişdir. Belə ki, SMS-i oxuyandan təxminən yarım saat keçməmiş onun boyun nahiyəsində anidən şiş yaranmışdır. Həyat yoldaşı həmin şişə görə uzun müddət müxtəlif yerlərdə, o cümlədən, X11 N.N.Bloxin adma X18 Mərkəzini Poliklinikasında müalicə almalı olmuşdur. Həkim əmələ gəlmiş şişin güclü əsəb nəticəsində keçirilmiş stressdən (sarsıntıdan) yarandığını təsdiq edərək, bir daha elə vəziyyət təkrarlansa, aparılan müalicənin müsbət nəticə verməyəcəyini, yəni remissiya fazasında olan həmin xəstəliyin yenidən aktivləşəcəyi təqdirdə sonluğun faciəvi olacağını bildirmişdir. İddiaçı da məcbur olub həyat yoldaşını SMS-in təsadüfən gəldiyinə və ona aid olmadığına inandırmağa və nəyin bahasına olursa olsun, cavabdehlə aralarında olmuş münasibəti gizlətməyə çalışmışdır. Cavabdeh isə öz hərəkətlərinə son verməyərək, gah zənglərlə, gah SMS-lərlə, gah da cavabdehin iş yerinə gəlib onunla görüşməyə cəhd etməklə onu rahat buraxmamışdır. Cavabdeh onun zənglərinə cavab verməkdən və onunla görüşməkdən imtina etdiyinə görə o, hətta yaşadığı mənzilin yerləşdiyi binaya gələrək, həyat yoldaşı ilə birlikdə evə gələrkən, qəsdən qarşılarına çıxaraq, bu üsul ilə istəyinə nail olmağa çalışmışdır. Nəhayət, 2016-cı ildə bir daha onu və ailəsini narahat etməyəcəyinə dair verdiyi vədin müqabilində cavabdeh onunla razılaşmış və müvafiq qaydada sənədləşmə aparılaraq, Fidanın atası kimi qeydə alınmışdır. Belə ki, cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2016-cı il tarixdə 05 №-si ilə mən Fidanın atası kimi qeydə alınmış və bu barədə «Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə» verilmişdir. Lakin bundan sonra da İddiaçı öz qanunsuz hərəkətlərinə son qoymayaraq, cavabdehi özü ilə görüşməyə və ailə kimi yaşamağa məcbur etmək məqsədi ilə onun telefonuna çoxsaylı zənglər etməklə, qeyri-etik ifadələr yazılmış SMS-lər göndərməklə rahat buraxmamışdır. Cavabdeh onun bu tələblərini yerinə yetirməkdən imtina etdiyinə görə telefon zənglərində və göndərdiyi SMS-lərində onu ağır formada təhqir etməyə başlamışdır. Cavabdeh onun telefon nömrəsini bloka salsa da o, gizli nömrələrlə, habelə başqa telefonlarla eyni hərəkətlərini davam etdirməkdən əl çəkməmişdir və bu hərəkətlər indiyədək edir. 2018-ci ildə İddiaçı cavabdehin həyat yoldaşının da telefon nömrəsini əldə edib əvvəlcə başqa şəxs vasitəsi ilə, sonra isə özü ona zəng edərək, cavabdehin Fidanın atası kimi qeydə alınmasını bildirmiş, onu da təhqir etmişdir. Bütün bunlar onu göstərir ki, onun məqsədi cavabdehin ailəsini dağıtmaq olmuşdur. Cavabdeh hesab edir ki, onun həqiqətən də Fidanın atası olub-olmaması məhkəmə qaydasında yoxlanılmalıdır. Belə ki, bu yaxınlarda əldə etdikləri məlumata görə İddiaçı öz həmyerlilərinə Ağdam bölgəsində xidmət etmiş bir hərbiçi ilə evli olduğunu və uşağın həmin hərbiçidən olduğunu bildirmişdir. Digər tərəfdən, cavabdeh bundan əvvəl də atalıq qeydinin ləğv olunması barədə Bakı şəhəri Nərimanov rayon məhkəməsində iddia qaldırmış, lakin iddia rədd edilmişdir. Bundan sonra verdiy apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılarkən, İddiaçı özü atalığın ləğv olunması barədə hazırki iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx xxx 2019-cu il tarixli, 2(006)-3029/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, atalığın müəyyən olunmasına dair akt qeydi ləğv olunduqdan sonra cavabdehin ərizəsi əsasında Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-5069/2019 saylı qərardadı ilə iddiası baxılmamış saxlanılmışdır. Göstərilənlərə əsasən hesab edir ki, iş üzrə verilmiş apellyasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla və tərəflərin vürdikləri izahatlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında iyirmi ilə yaxın bir müddətdə qeyri-rəsmi ailə münasibətləri olmuş, bu münasibətlərin davam etdiyi müddətdə İddiaçı xx xxxx 2002-ci il tarixdə Fidan adlı qızı dünyaya gəlmişdir. Həmin vaxt İddiaçı rəsmi nikahda olmadığından uşağın doğum haqqında şəhadətnaməsində onun soyadı kimi ananın soyadı göstərilmiş, ata qrafasında isə ananın sözlərinə əsasən «Ağalar» yazılmışdır. Uşaq anadan olduqdan sonra Cavabdeh uşağın saxlanmasında və onun maddi cəhətdən təmin olunmasında iştirak etmiş, xx xxxxxx 2016-cı il tarixdə isə atalığın etiraf edilməsi haqqında Qeydiyyat orqanına ərizə vermiş və hər iki valideynin razılığı əsasında uşağın doğum haqqında akt qeydində dəyişiklik edilərək ata qrafasında Cavabdeh qeyd edilməklə, xx.xx.2016-cı il tarixdə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Lakin sonradan iddiaçı ilə cavabdehin arasındakı münasibətlər pisləşmiş və iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, müəyyən edilir ki, birinci instansiya məhkəməsi işə baxarkən ytekinlik yaşına çatmayan Maraqlı şəxs işə cəlb etməmiş, onun baxılan məsələ ilə bağlı fikri soruşulmamış və qətnamə qəbul edilərkən nəzərə alınmamışdır. İddiaçı öz tələbini cavabdehin məcburiyyət qarşısında qalaraq uşağın atası olması barədə ərizə verməsini bildirməsi, cavabdehlə münasibətlərinin tam pozulması, onun və qızı Fidanın haqqında xoşagəlməz söz işlədən cavabdehlə onları bağlayan hər hansı bir sənədin olmasını istəməməsi ilə əsaslandırmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı izahatında iddiaçını 20 ilə yaxın müddətdir ki, tanıdığını, iddiaçı ilə yaxın münasibətlərinin olduğunu, 2002-ci ildə iddiaçının Fidan adlı uşağının dünyaya gəldiyini və uşağın atasının onun olmasını bildirdiyini və uşağın atası olmasına onu inandırdığını, iddiaçının uzun müddət ona zəng edərək və mesajlar göndərərək narahat etdiyini, bu səbəbdən onun öz ailəsində problemlər yarandığını, 2016-cı ildə iddiaçının bir daha onu narahat etməyəcəyi şərti ilə uşağın atası olmasına dair ərizə verərək atalığı etiraf etdiyini, lakin iddiaçının bundan sonra da ondan əl çəkmədiyini, son zamanlar isə uşağın atasının o yox, Ağdam bölgəsində xidmət etmiş bir hərbçi olduğunu eşitməsini, bu səbəbdən də uşağın atası olub-olmamasının məhkəmə qaydasında yoxlanılmalı olmasını bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə tibbi-genetik ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı doğulmuş Maraqlı şəxs bioloji atası olması inkar olunur. Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 7-ci maddəsinə əsasən uşaq öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. Beləliklə, Konvensiya uşağın öz valideynlərini tanımaq hüququnu elan edir. Ailə Məcəlləsinin 49.2-ci bəndinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Göstərilən norma və Konvensiyanın 7-ci maddəsi ilə uşağın valideynləri tərəfindən tərbiyə edilməsi, maraqlarının təmin edilməsi, hərtərəfli inkişafı və ləyaqətinə hörmət hüququ təmin edilir. Valideynlər və ya qanuni qəyyumlar uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət daşıyırlar. "Uşağın ən yaxşı mənafeləri onların əsas qayğılarıdır". “Valideynlər və ya uşağı böyüdən digər şəxslər, hər şeydən əvvəl öz bacarıqları və maddi imkanları daxilində uşağın inkişafı üçün zəruri olan yaşayış şəraitinin təmin edilməsinə görə məsuliyyət daşıyırlar” (“Uşaq hüquqları haqqında” Konvensiyanın 7, 18, 27-ci maddələri). Ailə Məcəlləsinin uşağın ünsiyyət hüququnu, o cümlədən hər iki valideyni ilə ünsiyyət hüququnu təmin edən 50.1-ci maddəsi də onun ailədə yaşamaq və tərbiyə olunmaq hüququ ilə sıx şəkildə bağlıdır. Uşaq Hüquqları haqqında Konvensiyanın 12-ci maddəsinin tələblərinə görə, öz baxışlarını formalaşdırmağa qadir olan uşaq özünə aid bütün məsələlər barəsində həmin baxışları sərbəst ifadə etmək hüququ ilə təmin edilməli, həmçinin uşağın baxışlarına onun yaşına və yetkinliyinə uyğun lazımi diqqət yetirilməlidir. Bu məqsədlə uşağa onun maraqlarına toxunan hər hansı məhkəmə araşdırmasının və ya inzibati araşdırmanın gedişində ya bilavasitə, ya da nümayəndə və ya müvafiq orqan vasitəsilə, milli qanunvericiliyin prosessual normalarında nəzərdə tutulan qaydada dinlənilmək imkanı verilməlidir. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Beləliklə, sadalanan hüquq normalarından formalaşan nəticə ondan ibarətdir ki, uşağın hüquqlarına toxunan məsələlərlə bağlı mübahisə həll edilərkən, hər şeydən əvvəl uşağın maraqlarının ən yaxşı şəkildə təmin edilməsinə diqqət yetirilməli, bu zaman onun öz fikri mütləq nəzərə alınmalıdır. Lakin işə baxmış birinci instansiya məhkəməsi Maraqlı şəxs 17 yaşı olmasını (hazırda onun 19 yaşı vardır və yetkinlik yaşına çatmışdır) və onun artıq öz baxışlarını formalaşdırmaq iqtidarında olmasını və özünə aid bütün məsələlər barəsində həmin baxışlarını sərbəst ifadə etmək iqtidarında olmasını nəzərə almamış, onu işə cəlb etməmiş və baxılan mübahisə ilə bağlı fikrini dinlənilməmiş, bununla da maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə Ailə Məcəlləsinin tələblərinə istinad edilməklə apellyator Maraqlı şəxs valideynləri arasında onun doğum aktı qeydində atası kimi Cavabdeh göstəriləməsinə dair qeydin ləğv edilməsindən getdiyindən və həmin məsələ apellyator Maraqlı şəxs mənafeyinə birbaşa toxunduğundan Ailə Məcəlləsinin 52ci maddəsinin tələbinə əsasən bu məsələnin həlli zamanı onun fikri mütləq nəzərə alınmalıdır. Maraqlı şəxs isə onun həmin qeydin ləğv edilməsinə etiraz etdiyini öz nümayəndəsi vasitəsilə məhkəmə iclasında bildirmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, apellyatorun anası İddiaçı onun atası Cavabdeh qarşı sonuncunun guya onun və qızı Fidanın barəsində xoşagəlməz sözlər işlətməsi, məcburiyyət qarşısında qalaraq uşağın atası olmağa dair ərizə verməsini bildirməsi, bu səbəbdən də cavabdehlə onları bağlayan hər hansı sənədin olmasını istəməməsi kimi dəlillərə istinad edərək qaldırmış olduğu iddianın təmin edilməsi ilk növbədə uşağın Ailə Məcəlləsi və Uşaq Hüquqlarına dair Beynəlxalq Konvensiya ilə müəyyən edilən və qorunan üstün maraqlarının pozulması ilə nəticələnmişdir. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası iş üzrə keçirilmiş məhkəmə tibbi-genetik ekspertizasının Cavabdeh apellyator Maraqlı şəxs atası olmasının inkar edilməsinə dair rəyi ilə bağlı qeyd edir ki, həmin rəyin mötəbərliyi məhkəmə kollegiyasında şübhə yaratmasa da, iddia uşağın atası tərəfindən deyil, anası tərəfindən qaldırıldığından və atalığın mübahisələndirilməsi ilə deyil, atanın uşağa və anasına münasibətdə davranışı ilə bağlı olduğundan, həmçinin uşağın özü bu mübahisə ilə bağlı fikir bildirməklə, cavabdehin onun atası olmasına dair şübhələri inkar etdiyindən, qeyd edilən rəylə müəyyən edilmiş hal qətnamə qəbul edilərkən nəzərə alınmamalıdır. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası izah edir ki, bu hal Cavabdeh atalığı mübahisələndirməyə dair uşağın özünə qarşı (Maraqlı şəxs artıq yetkinlik yaşına çatmışdır) iddia ilə məhkəməyə müraciət etməsinə mane olmur. Belə ki, 2000-ci ilədək mövcud olmuş Nikah və Ailə Məcəlləsindən fərqli olaraq, xx.xx.2000-ci ildən qüvvədə olan Ailə Məcəlləsində atalığın mübahisələndirlməsi ilə bağlı mübahisələrə dair müddət müəyyən edilməmişdir. İddianın cavabdeh tərəfindən etiraf edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Göstərilənlə bağlı kollegiya hesab edir ki, cavabdeh iddianı etiraf edərək onun təmin edilməsini məhkəmədən xahiş etsə də, bu, apellyator Maraqlı şəxs mənafeyinə toxunduğundan iddianın təmin edilməsi üçün əsas ola bilməz. Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. İşin müəyyən edilən hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin halları iddianın təmin edilməsinə əsas verməmişdir, məhkəmə iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir, ona görə də qətnamə ləğv edilməklə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-3029/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 2300 manat ekspertiza xərci Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar