Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4204/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-86/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1nə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “qiymətləndirilmənin nəticələri haqqında hesabatın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” MMC-nin 15 noyabr 2019-cu il tarixli, 19-175 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 2(008)-11260/2016 saylı, 19.12.2016-cı il tarixli icra vərəqəsi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 52/20 saylı, 20.09.2019-cu il tarixli sifariş məktubuna əsasən ona məxsus “Chevrolet Aveo” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin qiymətləndirilməsi Cavabdeh1 MMC tərəfindən həyata keçirilir və 15 noyabr 2019-cu il tarixli, 19-175 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabata əsasən avtomobilin ilkin qiyməti 11.000 (on bir min) manat qiymətləndirilmişdir. Hesab edir ki, əmlakın qiymətləndirilməsinin nəticələri barədə “xxxx” MMC-nin hesabatı qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Cavabdeh1 MMC tərəfindən 15 noyabr 2019-cu il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabata əsasən avtomobilin qiyməti qərəzli olaraq süni surətdə azaldılaraq 11.000 (on bir min) manat dəyəyərində müəyyən edilmişdir. Avtomobilin real bazar qiyməti ilə müqayisədə 6-7 min manat ucuz qiymətləndirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1595/2020 saylı, 11 fevral 2020-ci il tarixli qərardadı ilə “xxxx” MMC-nin hüquqi ünvanı ünvan 1diyyatı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İşə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” MMC-ni əsl Cavabdeh1 MMC ilə əvəz edilməsini və “xxxx” ASC-nin digər cavabdeh kimi məhkəməyə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-86/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı məxsus “Chevrolet Aveo” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinin nəticələri haqqında Cavabdeh1 MMC-nin 15 noyabr 2019-cu il tarixli, 19-175 saylı hesabatının ləğv edilməsi, Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 MMC və “xxxx” ASC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manatın Cavabdeh1 MMC və “xxxx” ASC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən aşağıda qeyd olunan maddi hüquq normalarının tələbləri pozulmuşdur. Hərracın keçirilməsində əsas məqsəd hərraca çıxarılmış əmlakın yüksək qiymətə satılmasıdır. Hərraca çıxarılan əmlak ilkin satış qiymətindən aşağı da (15% və 25%) satıla bilər, qat-qat yuxarı qiymətə də satıla bilər. Yəni əmlakın satılmasında əsas amil ilkin satış qiyməti deyil, hərracın keçirilmə qaydasıdır. Lakin, məhkəmənin gəldiyi nəticədən belə başa düşülür ki, əgər hərraca çıxarılmış əmlak ilkin satış qiymətindən, hətta real bazar dəyərindən yuxarı satılsa da hərrac keçirilməsi etibarsız hesab edilməlidir və əsas olan ilkin satış qiymətidir. Göründüyü kimi birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan hüquq normasını mübahisəli işə düzgün tətbiq etməmişdir. Bu səbəbdən də məhkəmənin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd olunmalıdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamədə sadəcə qanunun normalarını sadalamış, hazırkı hala onların tətbiqi izah edilməmiş və cavabdehlər tərəfindən qanunvericiliyin hansı tələblərinin pozulduğu müəyyən olunmamışdır. Belə ki, Bankın 2016-ci ildən qəbul olunmuş məhkəmə aktının icra olunmasına nail ola bilməməsi, ədalət məhkəməsinə olan güvənin yox olması və mülki dövriyyənin məhdudlaşdırılmasıdır. Məhkəmə qətnamədə sübutlara (sadəcə qiymətləri göstərən arayışa) məcmu halda qiymət verərək iddianın əsaslı olduğu qənaətinə gələrək, hazırkı mübahisəyə məcmu halda qiymət verə bilməmişdir. Belə ki, 6 (altı) ildir ödənməyən borcun qaytarılması üçün qanunvericiliklə və tərəflər arasında bağlanmış ipoteka müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri icra etməyən, girov əmlakına tutma yönəldməyən, əmlakların hərracda yüksək qiymətə satılması üçün heç bir hərəkət etməyən iddiaçı ipoteka qoyanın formal olaraq əmlakın aşağı qiymətə qiymətləndirildiyini iddia etməsi əsassızdır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan hallara hüquqi qiymət verməmiş, iddiaçının hüquqlarını bərpa etdiyini əsas gətirərək qanunsuz olaraq Bankın hüquqlarını kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsi iddianı tam təmin edərkən heç bir araşdırma aparmamış, məhkəmə keçirilmiş hərracla bağlı müvafiq sənədləri və əsas olan sənədləri tələb etməmiş, sadəcə bir orqanın, təqdim edilmiş arayışa əsasən qanunsuz və əsassız olaraq qiymətləndirmənin nəticələri haqqında hesabatın ləğv edilməsini hesab etmişdir. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, lazımı sübutların əsillərini və ya lazımı qaydada təsdiqlənmiş sürətlərini tələb etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.01.2021-ci tarixli, 9/4701 saylı ekspert rəyinə əsaslanaraq, istinad edərək, əmlakın likvid qiyməti ilə deyil, bazar qiyməti ilə müəyyən etmişdir. Bundan əlavə, açıq hərraca çıxarılmış ipoteka predmetinin ilkin satış qiyməti adından da bəlli olduğu kimi, “ilkin” qiymətdir və hərracdan alış qiyməti deyil. Hərrac iştirakçılarının tələbatına əsasən təbii ki, qiymətin artması mümkündür. Göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiyməti əmlakın son qiyməti deyil. Əmlakın son qiyməti yalnız hərrac vaxtı tələblə təklif əsasında müəyyən oluna bilər. Məhkəmə reallığı əks etdirməyən və həddən yüksək qiymət ilə müəyyən edilmiş ekspert rəyinə istinad edərək qətnamə qəbul etmişdir, bu isə öz növbəsində, həmin əmlakın gələcəkdə açıq hərracda satılmasını qeyri-mümkün edir. Göründüyü kimi birinci instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, bununla da məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 88 və 89.3-cü maddələrinin tələblərini kobud şəkildə pozulmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-86/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh1nə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Bank tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-86/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-86/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı məxsus “Chevrolet Aveo” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinin nəticələri haqqında Cavabdeh1 MMC-nin 15 noyabr 2019cu il tarixli, 19-175 saylı hesabatı ləğv edilməlidir və və gəldiyi nəticəni Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2021-ci il tarixli, 9/4701 saylı ekspert rəyində göstərilənlərlə və “Qiymətləndirmə fəaliyyəti haqqında” 25 iyun 1998-ci il tarixli, 510-İQ saylı Azərbaycan Respublikası Qanunu ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Əsgər Kərimov qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Əsgər Kərimovun apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Əsgər Kərimovun apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Cavabdeh1 MMC-nin 15 noyabr 2019-cu il tarixli, 19- 175 saylı Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin 52/20 saylı, 20.09.2019-cu il tarixli sifariş məktubu, Sabunçu Rayon Məhkəməsinin 2(008)-11260 saylı, 19.12.2016-cı il tarixli icra vərəqi əsasında aparılmış qiymətləndirməyə əsasən “Chevrolet Aveo” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin qiyməti 11.000 manat təşkil edib. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2021-ci il tarixli, 9/4701 saylı ekspert rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 2013-cü il buraxılışlı, mühərrik tutumu 1600 kub/sm, “Chevrolet Aveo” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 12.500 (on iki min beş yüz) manat müəyyən olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” 25 iyun 1998-ci il tarixli, 510-İQ saylı Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 8-ci maddəsinə görə qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar müahisələrə məhkəmələr tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin faktiki hallarını rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Bütün qeyd olunan xüsusatlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Əsgər Kərimovun apelyasiya şikayətinin qeyd edilən dəlilləri əsaslı hesab edilməməklə formal mülahizələrdən ibarətdir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Belə ki, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Əsgər Kərimov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Əsgər Kərimovun apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hazırda yoxlanılan hissədə faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-86/2021 saylı, 25 fevral 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Əsgər Kərimovun apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-86/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4204/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4204/2021
18.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver