Məhkəmə qərarları › İş №2(103)-421/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-421/2022

07.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-421/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Mətanət A” şirkətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-88/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs “Mətanət A” şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı üçüncü şəxs kimi Suraxanı rayon İcra və Probasiya şöbəsini və “Mətanət A” şirkətini göstərməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2(010)-6904/2016 saylı, 02.11.2016-cı il tarixli icra sənədi üzrə icra icraatı zamanı aparılmış qiymətləndirmənin nəticəsinin - “VAZ-2107” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh MMC-nin “Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə” 12.12.2018-ci il tarixli, R01/12/18 saylı ekspert rəyinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)6904/2016 saylı 02.11.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı “Mətanət A” şirkətinin cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək cavabdehdən 1400,36 manat məbləğində əsas borcun, 100 manat məbləğində cərimə borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə 05.12.2016-cı ildə qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Suraxanı Rayon Məhkəməsinin 8(010)-1389/2018 nömrəli 27.07.2018-cı il tarixli qərardadı ilə Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatı təmin edilmiş, icra sənədinin icrasını təmin olunması məqsədilə borclu İddiaçı məxsus olan “VAZ-2107” minik markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra icraatı zamanı 05.09.2018-ci il tarixli “Qiymətləndirmənin təşkili haqqında” müqaviləyə əsasən Baki şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin 24.10.2018-ci il tarixli qərarı ilə qeyd olunan avtomobilin qiymətləndirilməsi işi Cavabdeh MMC tərəfindən aparılmış, avtomobilin 12.12.2018-ci il tarixinə bazar dəyəri 1800 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh MMC-nin müəyyən etdiyi qiymət avtomobilin həqiqi dəyərinə uyğun deyil və qiymətləndimə ilə bağlı rəy tamamilə əsassızdır. Belə ki, 2000-ci il buraxılışlı VAZ-2107 markalı avtomobilin qiyməti avtomobilin vəziyətinə görə bazar qiyməti 4500 manatdan 6300 manat arasında dəyişir. Ekspert rəyində qiymətləndirmə zamanı müqayisəli metoddan istifadə edilməmiş, bazar qiymətləri araşdırılmamış və nəticə etibarı ilə aşağı qiymət müəyyən edilmişdir. Qiymətləndirilmədən sonra avtomobili 3-cü şəxs Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən 1536 manat borc əvəzi olaraq “Mətanət A” şirkətinə təklif edilmiş və “Mətanət A” şirkəti avtomobili borc əvəzi olaraq qəbul etmişdir. Bundan sonra, onun həmin avtomobil üzərində mülkiyyət hüququna dair qeydiyyatı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində ləğv edilmiş, avtomobil üzərində “Mətanət A” şirkətinin mülkiyyət hüququ qeydə alınmışdır. Bununla da hüquqları kobud formada pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-88/2021 saylı 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş 2(010)-6904/2016 saylı, 02.11.2016-cı il tarixli icra sənədi üzrə icra icraatı zamanı İddiaçı məxsus olan “VAZ-2107” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh MMC-nin “Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə” 12.12.2018-ci il tarixli, R01/12/18 saylı ekspert rəyinin ləğv edilməsi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın Cavabdeh MMC-dən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Mətanət A” şirkəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən 3-cü şəxsin “Mətanət A” şirkətinin nümayəndəsi X2 yazılı vəsatətlə məhkəməyə müraciət edərək “VAZ-2107” markalı, **-GT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həmin dövrə real əmtəə vəziyyətinə uyğun bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8410/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyində qeyd edilmişdir ki, “VAZ-21074” minik markalı, 2000-ci il buraxılışlı, 18 il istismarda olmuş (2000-2018) normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2018-ci ilin dekabr ayına nəzəri orta bazar qiyməti təxminən 4500 manat müəyyən olunur; “VAZ-21074” minik markalı, 2000-ci il buraxılışlı, 21 il istismarda olmuş (2000-2021) normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2018-ci ilin dekabr ayına nəzəri orta bazar qiyməti təxminən 4250 manat müəyyən olunur; Avtomobilin 2018-ci il tarixə (2000-2018) olan bazar dəyəri ilə hal-hazırda (2000-2021) olan bazar dəyəri arasındakı fərq avtomobilin istismar müddəti ilə bağlı olmuşdur. Məhkəmə iclasında 3-cü şəxsin “Mətanət A” şirkətinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanaı rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki işə məhkəmə iclasında iştirak etməyən cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsinə dair 4 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati-İqtisadi məhkəmələr isə Azərbatycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli “İcra haqqında” Azsərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlüklə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin qərarda qeyd edilmişdir ki, İcra Haqqında Qanunun 26-cı maddəsinə əsasən icra sənədinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra Haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra Haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcədə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iddia ərizəsini icraata qəbul edib iddia icraatı qaydasında baxması prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, iddiaçı qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olsa da, birinci instansiya məhkəməsi tərəfindən ona bu hüququndan hansı formada istifadə etmək qaydası izah olunmamış, əksinə işə düzgün olmayan qaydada , yəni iddia icraatı qaydasında baxaraq qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, icra sənədinin icrası zamanı yaranan məsələlərlə bağlı ayrıca məhkəmə qətnaməsinin qəbul edilməsinə ehtiyac olmasada, iddia ərizəsinin məzmununda göstərilən hallar məhkəmə araşdırmasının predmeti ola bilər. Çünki, hazırki iş üzrə iddiaçı da icra sənədinin icrası zamanı icra məmurunun sifarişi əsasında alınmış Cavabdeh MMC-nin 12.12.2018-ci il tarixli, R01/12/18 saylı “Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə ekspert rəyi”ni, dolayısı ilə icra məmurunun hərəkətlərini mübahisələndirmişdir. Lakin hazırki tələbə iddia icraatı yaxud inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasa da, iddiaçının qətnamənin icrası qaydasında, yəni həmin mülki işin davamı olaraq icra sənədinin qanunsuz icra olunması ilə əlaqədar icra məmurunun hərəkətlərindən yaxud hərəkətsizliyindən, o cümlədən hazırki işin predmeti olan qiymətləndirmə rəyi ilə bağlı icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ var və onun bu şikayətinə həmin məhkəmə tərəfindən icra qaydasında baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhz bu qayda icra sənədinin düzgün icra olunmasının əlçatanlılığını və səmərələliyini təmin etmiş olur. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli qərardadında qərara almışdır ki, İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli qərardadda göstərilənlər bilavasitə hazırki işin predmeti ilə bağlı olan hallarla əlaqədar yaranan mübahisəli vəziyyətə aid olmasa da o qərardadda göstərilən hüquqi mövqe bu iş üzrə nəzərə alınmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsinə əsasən əmlakın üzərinə həbsin qoyulmasından sonra icra məmuru əmlakın qiymətləndirilməsini həyata keçirərək, həmin Qanunun 53-cü maddəsinə əsasən tələbkara təklif etməlidir. Tələbkar əmlakı qəbul etməkdən imtina etdikdə isə, həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində (icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində) Mülki Məcəllənin 415-ci maddəsində müəyyən edilən qaydada hərrac yolu ilə satılmalıdır. Ancaq, hazırki iş üzrə icra məmuru borclunun(hazırki iş üzrə iddiaçının) avtomobilini qiymətləndirərək “İcra haqqında” Qanunun 53-cü maddəsinə əsasən tələbkara təklif etmiş, tələbkar da(hazırki iş üzrə şikayət verən 3-cü şəxs) həmin avtomobili qəbul etmişdir, yəni avtomobili qəbul etməkdən imtina etmədiyi üçün üç ay müddətində (icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində) Mülki Məcəllənin 415-ci maddəsində müəyyən edilən qaydada hərrac yolu ilə satılmasına da ehtiyac qalmamışdır. Demək, hərracın keçirilməsinədək olan dövrdə yarandığından yaxud ümumiyyətlə hərrac keçirilmədiyindən yaranmış hazırki mübahisə də icra icraatı çərçivəsində avtomobilin qiymətləndirməsini sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməlidir. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, üçüncü şəxs “Mətanət A” şirkətinin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 88/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh MMC-yə (üçüncü şəxslər Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə və “Mətanət A” şirkətinə) qarşı əmlak qiymətləndirmənin nəticəsinin - ekspert rəyinin ləğv edilməsi tələbinə dair mülki işin icraatına xitam verilməli, İddiaçı icra icraatı çərçivəsində avtomobilin qiymətləndirməsini sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 59.0.3, 384.0.5, 387.2.8, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi qərara aldı: Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Mətanət A” şirkətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-88/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə (üçüncü şəxslər Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə və “Mətanət A” şirkətinə) qarşı əmlak qiymətləndirmənin nəticəsinin ekspert rəyinin ləğv edilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı icra icraatı çərçivəsində avtomobilin qiymətləndirməsini sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar