Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4224/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Ziya Şirinovun iştirakı ilə, İddiaçı cavabdehlər yyyyyyyyyyy və mmmmmmmmmmmmmmm qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(004)-699/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər yyyyyyyyyyy və mmmmmmmmmmmmmmm qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş 6619,25 manat (3893,68 ABŞ dolları) maddi zərər, 3500 manat məbləğində mənəvi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 31 manat məbləğində pulun cavabdehlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən və Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ictimai şəxsdir. Braziliyada qəbilələrin fəaliyyəti haqqında araşdırma aparmaq üçün maliyyə vəsaiti yığaraq bütün xərcləri özü ödəyərək Braziliyaya getmişdir. Lakin orada olarkən məlum pandemiya səbəbindən yollar bağlanmış və fors-major hal nəticəsində iddiaçı köməksiz vəziyyətdə qalmışdır. Bu zaman Azərbaycanın Braziliyadakı səfirliyinə müraciət edərək çarter reysləri ilə Bakıya yola salınmasını xahiş etmişdir. Azərbaycan səfirliyi isə onun müraciəti üzrə heç bir tədbir görməmişdir. İddiaçı isə pulu bitdiyi üçün ucuz və təhlükəli yerlərdə qalmışdır. Səfirlik Azərbaycan vətəndaşının taleyini axarına buraxmışdır. Halbuki dövlətin vəzifəsi vətəndaşa kömək etməkdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və digər cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanununun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə dair iddialara baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli Qərarının 15.4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Apellyasiya baxışı zamanı işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, İddiaçı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının yönəldiyi cavabdehlər qismində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi inzibati orqandır. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara rayon (şəhər) məhkəmələri tərəfindən deyil, inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvi və iş üzrə icraata xitam verilməsi üçün qanunvericiliklə təsbit olunmuş hüquqi əsasdır. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli, 2(004)-699/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər yyyyyyyyyyy və mmmmmmmmmmmmmmm qarşı ona dəymiş 6619,25 manat (3893,68 ABŞ dolları) maddi zərərin, 3500 manat məbləğində mənəvi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 31 manat məbləğində pulun cavabdehlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən və Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən onun xeyrinə tutulması tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, cavabdehlər yyyyyyyyyyy və mmmmmmmmmmmmmmm qarşı hazırkı iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4224/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4224/2021
01.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver