Məhkəmə qərarları › İş №2(103)-4226/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4226/2022

13.06.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4226/2022 13.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdeh Aygün Metinin iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-604/2022 saylı, 11 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC cavabdeh Aygün Metinə qarşı pulun və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2183 manat müqavilə üzrə borcun, əldə çıxmış fayda qismində 2000 manat pul vəsaitinin, hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 500 manatın və 173,50 manat dövlət rüsumunun, cəmi 4856 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-604/2022 saylı, 11 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində göstərir ki, "xxxx" MMC ilə Aygün Metin arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında o şirkətə satınalma üzrə müdir vəzifəsinə işə götürülmüşdür. Aygün Metin şirkətdə işlədiyi müddətdə onun ünvan 1 ünvanında yerləşən 90 saylı mənzil 1 il müddətinə icarə müqaviləsi əsasında götürməklə onun istifadəsinə verilmişdir. Mülkiyyətçi ilə şirkət arasında bağlanılmış icarə müqaviləsinin şərtlərinə əsasən kirayə haqqı Aygün Metin tərəfindən ödənilməli olduğu halda onlara sonradan məlum olmuşdur ki, o müqavilə ilə üzərlərinə düşən öhdəliyi icra etməyərək yaşadığı mənzilin kirayə haqqını ödəməmişdir. Belə ki, evin mülkiyyətçisi Şahid xx.xx.2019-cu il tarixdə şirkətlərinə müraciət edərək qeyd etmişdir ki, mənzilin istifadəçisi Aygün Metin iki aydan artıq müddətində icarə haqqını və igər ödənişləri ödəmədən, eyni zamanda mənzili ona təhvil vermədən tərk etmişdir. Şahid bildirdiyinə görə dəfələrlə onunla əlaqə yaratmağa cəhd edilsə də, o, ya telefon zənglərini açmamış, ya da müxtəlif bəhanələr gətirməklə müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməkdən mütəmadi olaraq boyun qaçırmışdır. Şirkət tərəfindən həmin şəxsin etmiş olduğu müraciətə baxılmaqla ona “22” noyabr 2020-ci il tarixdə 2183 (iki min yüz səksən üç) manat icarə haqqı kimi pul vəsaiti ödənilmişdir. Məhkəmə işin hallarına düzgün qiymət verməmiş və nəticədə aşağıda eyd edilən əsaslar üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, “Kopaş Kozmetik” Pazarlama Sanayi ve Ticaret A.Ş-dən mallar alınarkən həmin malların üzərində İnterpazarlama şirkətinin adı qeyd edilərək Azərbaycana gətirilirdi. Lakin sonradan onlara məlum olmuşdur ki, cavabdeh "xxxx" Pazarlama Sanayi ve Ticaret A.Ş-dan İnterpazarlama MMC adına etiket olaraq vurulmuş mallar bu günə qədər də bir neçə malın üzərində saxlamaqla satışı başqa şirkətə satılması həyata keçirilməkdədir. Bununla da cavabdehin qanuna uyğun olmayan hərəkətləri nəticəsində şirkətin işüzar nüfuzuna zərər vurulmaqla yanaşı müəyyən gəlirlərin əldən çıxmasına səbəb olmuşdur. Belə ki, şirkət cavabdehin qanunsuz əməlləri nəticəsində 1 il ərzində “Kopaş Kozmetik” pazarlama Sanayi ve Ticaret A.Ş-dan alacağı mal alışı üzrə ticarətdən məhrum olmaqla ümumilikdə 2500 manat dəyərində əldən çıxmış faydadan əsassız şəkildə məhrum olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Aygün Metin isə apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, İddiaçı MMC-nin cavabdeh Aygün Metinə qarşı "pulun və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində iddiaçıya icarə haqqı qismində 2183 manat, əldə çıxmış fayda qismində isə 2000 manat məbləğində ziyan dəyməsini iddia etsə də, tələbin təsdiqi üçün heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Həmin halların əsaslandırılması üçün iddiaçı tərəfindən gətirilmiş dəlillər məhkəmə tərəfindən araşdırılmış sübutlarla təkzib olunmuş və müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Şahid arasında xx.xx.2018-ci il tarixdə icarə müqaviləsi bağlansa da, Aygün Metin həmin həmin müqailə üzrə tərəf olmamış və üzərinə heç bir öhdəlik götürməmişdir. Eyni zamanda, həmin müqavilənin bağlanmasından əvvəl, yəni xx.xx.2018-ci il tarixdə "xxxx" MMC ilə Aygün Metin arasında icarə müqaviləsi bağlanmış və həmin müqavilə əsasında cavabdeh xx.xx.2018-ci ildən xx.xx.2019- cu ilədək F.X.Xoyski məhəllə 127-də yerləşən on altı mərtəbəli binanın 13-cü mərtəbədə yerləşən 5-ci mənzildə yaşamışdır. Həmçinin, cavabdehin İddiaçı MMC ilə "X1 Sanayi ve Ticaret A.Ş." şirkəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli distribütorluq müqaviləsinə hər hansı aidiyyəti müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Tətbiq edilməsi nəzərdə tutula bilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə.442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə.443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə.443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə.448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə.448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1114.1.Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin yuxarıda qeyd olunan normaları nəzərdən keçirilə bilər. İddia ilə bağlı faktiki hallar həmin yaxud digər normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün də iddia haqlı sayıla bilməzdi. İddiaçının cavabdehə qarşı olan olan tələbi iki hissədən ibarətdir: Birinci tələb ondan ibarətdir ki, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün sonuncunun əvəzindən mənzilin kirayə haqqı kimi 2183 manat ödəmiş və hazırda da həmin pulu tələb edir. Ancaq birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi cavabdeh həmin müqavilənin tərəfi olmamış və üzərinə heç bir öhdəlik götürməmişdir. Buna baxmayaraq cavabdeh qeyd olunan müqavilə bağlandıqdan sonra həmin mənzildə yaşamamış, başqa mənzildə yaşamışdır. Bu cür vəziyyətdə iddiaçı cavabdehdən həmin məbləği tələb etməkdə haqlı olmamışdır. İkinci tələb isə ondan ibarətdir ki, iddiaçı əldə çıxmış faydanın əvəzi olaraq cavabdehdən 2000 manat tələb edir. Ancaq iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etmir. Bu cür vəziyyətdə iddiası necə əsaslı ola bilərdi ki, məhkəmə də bunu mütləq təmin etməli olsun. Ona görə də iddiaçı bu cür iddia irəli sürməzdən əvvəl bunun nə qədər əsaslı və keçərli olmasını özü üçün əvvəlcədən müəyyənləşdirməli idi. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-604/2022 saylı, 11 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçın apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-604/2022 saylı, 11 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar