Məhkəmə qərarları › İş №2(103)-4233/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4233/2025

06.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4233/2025 06.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə vurulmuş maddi zərərin və mənəvi zərərin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh X7 və onun nümayəndəsi və vəkili X5 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-226/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh Minaçı qızının nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xətai rayon, Xudu Məmmədov küçəsi, 33 saylı evin 85 saylı mənzili (bundan sonra – Mənzil) iddiaçının, Bakı şəhəri, Xətai rayon, Xudu Məmmədov küçəsi, 33 saylı evin 88 saylı mənzil isə cavabdehin mülkiyyətindədir.

2. 25.01.2024-cü il tarixdə Bakı şəhəri 82 saylı MKİS-nin rəisi R.Eldarzadənin, mühəndisi R.Xanpaşayevin və sahə nəzarətçisi E.Həsənovun iştirakı ilə tərtib edilmiş Aktda (surəti işə əlavə edilmişdir) cavabdehin mülkiyyətində olan mənzildən su axmasının baş verməsi və Mənzilə baxış keçirilərkən su axmasının təsdiq edilməsi, nəticədə iddiaçının Mənzilinin hamam və sanuzelinə ziyan dəydiyi qeyd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Mənzilə vurulmuş maddi ziyana görə 3000 manat, mənəvi zərərə görə 500 manat və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 85 saylı mənzil xüsusi mülkiyyətindədir, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Yaşadığı mənzildən bir mərtəbə yuxarıda, yəni 88 saylı mənzildə cavabdeh yaşayır. 2024-cü ilin əvvəlindən cavabdeh mənzilinə su axıdır, ilk vaxtlar ona su xətti ilə ehtiyatlı davranmağı xahiş etmiş, mənzilinə su axıdılmasının dayandırılmasını xahiş etmiş, lakin bununla belə su sızması mütəmadı xarakter almış, daimi su axdığı üçün o, bu barədə dəfələrlə müvafiq MKİS-ə bildirmiş və tədbir görülməsini xahiş etmişdir. İdarənin əməkdaşları dəfələrlə cavabdehə qanunsuzluğa son qoyulması və birgə yaşayış qaydalarına əməl edilməsi barədə müraciət etmişlər, buna baxmayaraq heç bir nəticəsi olmamışdır. xx.xx.2024-cü il tarixində 82 saylı MKİS əməkdaşlarının iştirakı ilə mənzilə baxış keçirilmiş, bu barədə akt tərtib edilmiş, həmin aktda 88 saylı mənzildən 85 saylı mənzilə su axıdıldığı müəyyən edilmiş, mənzilə ziyan vurulduğu qeyd edilmişdir. Bundan sonra cavabdehə lazımi xəbərdarlıqlar edilsə də, o yenidən su axıtmağa davam etmişdir. Mənzilinə su axması nəticəsində dəhlizin, yataq otağının və hamamın divarları, tavanı və döşəməsi, yorğandöşək, bəzi ev əşyaları yararsız hala gəlmişdir. Cavabdehdən dəfələrlə su axıntısının qarşısını almasını və ona dəymiş ziyanı ödəməsini tələb etsə də, cavabdeh bundan imtina edir. Cavabdehin səhlənkarlığı ucbatından öz mülkiyyətindən istifadə edə bilməmişdir. Vurulmuş zərərə dair müvafiq foto şəkillər və video yazılar da mövcuddur.

5. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, 82 saylı MİKS tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli akt iddiaçıya cavabdeh tərəfindən ziyan vurulması faktını təsdiq etmir. Aktda sadəcə göstərilir ki, mənzilə baxış keçirildi və su axıntısının olduğu təsdiqləndi. Eyni zamanda, ekspert rəyində də bu fakt təqsdiqlənmiş, amma zərərin kim tərəfindən vurulduğu müəyyən edilməmişdir. İddiaçının qeyd etdiyi hadisə 2024-cü ilin may ayında deyil, yanvar ayında baş vermişdir. Belə ki, "xxxx" ASC-nin əməkdaşlarının məsuliyyətsizliyi nəticəsində suyun təzyiqi normadan artıq verilmiş və binanın istilik xəttində sızma baş vermişdir. Nəticədə həm cavabdehə məxsus mənzilə, həm də iddiaçıya məxsus mənzilə maddi ziyan dəymişdir. Belə olan halda, "xxxx" ASC-yə qarşı iddia qaldırılmalı idi. Ekspert rəyində qeyd edilir ki, 88 saylı mənzilin qapısı açılmadığı üçün baxış keçirilməsi mümkün olmamışdır. Ona xx.xx.2024-cü il saat 16:00-da yerli baxış keçirilməsi barədə ilkin e-mail bildirişi təxminən 2 ay əvvəlcədən göndərilmiş, lakin ona məlum olmayan səbəbdən təxirə salınmışdır. xx.xx.2024-cü il tarixdə 15:35-ə təyin edilmiş yerli baxış barədə bildiriş isə ona yerli baxışın keçirildiyi vaxtdan 8 dəqiqə əvvəl gəlmişdir. O, ünvan 2 ünvanda olması mümkün olmamışdır. İddiaçının mənzili əvvəlcədən təmirsiz vəziyyətdə olmuşdur. Bunu evin digər hissələrinə baxdıqda müəyyən etmək olar. Tələb olunan vəsait isə evin tam təmiri üçün hesablanmışdır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-226/2025 saylı xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddianın qismən təmin edilməsi, dəymiş maddi zərərə görə 2813 manat pulun və 40 manat dövlət rüsumunun Cavabdeh tutularaq X6 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 10 manat hissəsinin X6 aid edilməsi, ekspertiza xərcinin 80 manat hissəsinin Cavabdeh, 20 manat hissəsinin isə X2 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh X4 nümayəndəsi və vəkili X8 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə dəymiş zərərin cavabdehin təqsiri üzündən baş verdiyini və yaxud da ki, həmin zərərin yaranmasının cavabdehin əməli ilə səbəbli əlaqənin olubolmaması tədqiq etməmişdir. Cavabdeh dəfələrlə vurğulamışdır ki, baş verən su sızıntısı cavabdehin hər hansı su krantını açıq qoyması səbəbilə baş verə biləcək bir hal olmamışdır. Su sızıntısının baş verməsi istər iddiaçı istərsə də cavabdeh tərəfindən qarşısı alına bilinməyən səbəbdən yaranmışdır. Məhkəmə zərərin vurulma mənbəyi və onun məhz hansı subyekt tərəfindən vurulmasını araşdırmaq əvəzinə bütün zərəri bir başa cavabdehə şamil etmişdir. 82 saylı MİKS tərəfindən və məhkəmə tikinti-texniki ekspertizası tərəfindən iddiaçının mənzilinə baxış keçirilmiş, lakin cavabdehin mənzilinə baxış keçirilib cavabdehin və yaxud da "xxxx" ASC-nin (əməkdaşlarının məsuliyyətsizliyi nəticəsində suyun təzyiqi normadan artıq verilib-verilməməsi) təqsiri üzündən iddiaçının mənzilinə ziyan vurulub-vurulmadığı yoxlanılmamışdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1096.1-ci maddəsini səhv tətbiq etmiş, yəni həmin normada cavabdehin təqsiri üzündən iddiaçıya ziyan vurması ilə bağlı mötəbər sübutlara istinad etməmişdir. Birinci instansiya məhkəməsi MM-nin 21.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi zərər miqdarını iş üzrə təyin edilmiş məhkəmə tikinti-texnki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 10/7717 saylı, xx.xx.2025-ci il tarixli rəyinə istinad edərək 2.813 manat həcmində müəyyən etmişdir. Göründüyü kimi iddiaçı yüksək məbləğdə cavabdehdən pul əldə etmək məqsədi ilə iddia ərizəsinə göstərdiklərindən fərqli olaraq dəhliz, mətbəx və iki yaşayış otağına ziyan dəydiyini göstərmişdir. Bundan başqa 2024-cü əvvəllərində cavabdehin təqsiri üzündən baş verməyən səbəbdən iddiaçının evinə su axmış və cavabdeh iddiaçıya dəyimiş zərəri ödəmişdir. Lakin, birinci instansiya məhkəməsi məhkəmə tikinti-texniki ekspertizası rəyinə istinad etməklə kifayətlənmiş, rəydə göstərilən məbləği əsas götürərkən qeyd edilən xüsusatları nəzərə almayaraq Mülki Məcəlləsinin 21.1-ci maddəsini tətbiq etmişdir. Halbuki, ən azından cavabdehin iddiaçıya daha öncə ödəmiş olduğu məbləğ ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən çıxılmalı idi. Birinci instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin 10/7717 saylı, xx.xx.2025-ci il tarixli rəydə qeyd edilənləri digər sübutlarla, o cümlədən cavabdehin gətirdiyi dəlillərlə müqayisəli şəkildə tədqiq etmədən rəydə göstərilən məbləği 2813 manatı əsas götürərək həmin məbləğin Cavabdeh tutularaq X6 ödənilməsi barədə qətnamə qət etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamədə MPM-nin 88-ci maddəsində göstərilən qaydalara uyğun olmayaraq ekspertiza rəyinə qiymət verməklə MPM-nin 103-cü maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsində cavabdeh izahatında "xxxx" ASC-nin əməkdaşlarının suyu normadan artıq verdiyini bu səbəbdən binanın istilik xəttində sızma baş vermə ehtimalı olduğunu, mənzilində gözlə görünən su sızıntısı olmadığını, 82 saylı MİKS tərəfindən, eləcə də ekspert tərəfindən də yalnız iddiaçının məzilinə baxış keçirildiyini, ümumiyyətlə iddiaçının mənzilinə dəymiş ziyanın yaranma səbəbini müəyyən etmə istiqamətində araşdırma aparmayaraq ədalət mühakiməsinin tərəflərin bərabərliyi deyil bir tərəfli, yəni iddiaçının tələbini yoxlamadan əsas götürməklə qətnamə qəbul edərək Mülki Prosesual Məcəlləsinin 9.1-ci maddənin tələbini pozmuşdur. Məhkəmə qətnamədə iddiaçıya dəymiş ziyanın bu və ya digər cavabdeh tərəfindən vurulmasını müəyyən etməmişdir. Məhkəmə tərəfindən iş üzrə tərəflərin yaşadığı binanın köhnə tikili olması və oradakı kommunal xidmətlərin "xxxx" ASC-in səhlənkarlığı və təqsiri üzündən və yaxud binanın ümumi suboru xəttlərinin dəyişməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarının nəzdində fəaliyyət göstərən MKİS-lərin səhlənkarlığı ucabtından zərərin vurula bilməsi ehtimalını araşdırmamışdır. Məhkəmə iş üzrə müəyyən edilmiş zərərdə cavabdehin qanunazidd əməlinin olub-olmamasını müəyyən etməməsi işin nəticəsinə təsir edə biləcək bir haldır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi və vəkili X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

13. Maddə 21.1 hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 1096 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

15. Maddə 1097 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir;

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Maddə 384.0.1 apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Hazırki halda qətnamə cavabdeh tərəfindən mübahisələndirilərək ləğv edilməsi xahiş edilsə də, qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-226/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilməən saxlanılmalıdır.

26. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

27. Hazırda iş üzrə iddiaçı məhkəməyə zərərin ödənilməsi tələbi ilə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edir.

28. Belə ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

29. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sübutlar əsasında iddiaçının mənzilinə su axıdılması ilə cavabdeh tərəfindən ona zərər vurduğu təsdiqini tapır.

30. İş materiallarında olan Bakı şəhəri 82 saylı MKİS-nin rəisi R.Eldarzadənin, mühəndisi R.Xanpaşayevin və sahə nəzarətçisi E.Həsənovun iştirakı ilə tərtib edilmiş Aktda (surəti işə əlavə edilmişdir) qeyd edilmişdir ki, iddiaçının müraciəti əsasında Mənzilinə baxış keçirildi və su axıntısının olduğu təsdiq edildi, su axıntısı zamanı iddiaçının Mənzilinin hamam və sanuzelinə ziyan dəymişdir.

31. Məhkəmə tikinti-texnki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 10/7717 saylı, xx.xx.2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, Mənzilə su axıdılması nəticəsində dəhliz, mətbəx və iki yaşayış otağının divarında su sızma izlərinin olması, tavanında sarımtıl ləkələrin olması, divara vurulmuş divar kağızının qopması müşahidə olunur. Mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2813 manat məbləğində müəyyən olunur.

32. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya instansiya məhkəməsində məhkəmə iclası zamanı cavabdeh mülkiyyətində olan mənzildən iddiaçının mənzilinə su axmasını təsdiq etmişdir. Həmçinin bu halın birinci dəfə cavabdehin də dediyi kimi, sonuncunun mənzilində olan su radiatorunun partlaması (cavabdehin bildirdiyinə görə "xxxx" ASC-nin əməkdaşlarının məsuliyyətsizliyi nəticəsində suyun təzyiqinin normadan artıq verilməsinə görə baş vermişdir) nəticəsində baş verdiyini, sonradan isə sanitar qovşaqdan su axması ilə bağlı olduğunu bildirmişlər. Həmçinin, iddiaçı tərəfindən CD diskə köçürülərək məhkəməyə təqdim edilmiş video gürüntü və foto şəkillərdən görünür ki, iddiaçıya məxsus Mənzilin yataq otağının və dəhliz hissələrinin tavanından və divarlarından su axaraq yerə və otaqdakı əşyaların üzərinə tökülür. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 10/7717 saylı, xx.xx.2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, baxış zamanı Mənzilin dəhliz, mətbəx və iki ədəd yaşayış otağı tikilisinin tavanında su sızma izləri və sarımtıl ləkələrin olduğu müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətində onun tərəfindən iddiaçının mənzilinə ziyan vurulub-vurulmadığının ətraflı araşdırılmadığını qeyd etsə də, məhkəmə iclasında verdiyi izahat və ekspert rəyi ilə qeyd olunan hal öz təsdiqini tapır. Bununla belə, cavabdehin dediyi kimi əgər su radiatorunun partlamasına "xxxx" ASC tərəfindən verilən isti suyun təzyiqinin normadan artıq verilməsi səbəb olmuşdursa, bu halda cavabdeh həmin Cəmiyyətə, yaxud aidiyyəti dövlət qurumlarına dərhal məlumat verməli, hadisənin təfərrüatları araşdırılmalı və müvafiq qərar qəbul edilməli idi. Lakin cavabdeh məhkəmə iclaslarında bu barədə nə "xxxx" ASC-yə, nə də müvafiq dövlət orqanlarına məlumat vermədiyini bildirmişdir. Cavabdeh zərərin onun tərəfindən vurulması halını təkzib edən sübutu məhkəməyə təqdim etməmişdir.

33. Həmçinin, "xxxx" ASC məsuliyyət daşıması dəlili ilə bağlı cavabdehin mənzilindəki su radiatorunun partlamasına səbəb olan hadisənin həqiqə0tən də "xxxx" ASC-nin təqsirindən baş verməsinin müəyyən edilməsi halı ilə yanaşı cavabdehin mənzilində olan su radiatorunun kim tərəfindən quraşdırılması halı da iş üçün əhəmiyyət kəsb edən, araşdırılması zəruri olan hal olmuşdur.

34. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, (cavabdehin bildirdiyinə görə) cavabdehin mənzilində quraşdırılmış və bildirdiyinə görə təzyiq nəticəsində partlamağa məruz qalmış su radiatoru ona məxsus olmuş 88 saylı mənzilin əvvəlki mülkiyyətçisi tərəfindən quraşdırılmışdır. Mənzili aldıqdan sonra həmin radiatorun texniki vəziyyətinin yoxlanılması barədə isə cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Bu halda, mənzildə aidiyyəti dövlət orqanın icazəsi, yaxud razılığı alınmadan quraşdırılmış əlavə avadanlıqların istismarı nəticəsində dəymiş zərərə görə məsuliyyəti onu quraşdıran şəxs, indiki halda isə cavabdeh məsuliyyət daşımış olur. Çünki cavabdeh özünə məxsus mənzildən, habelə mənzilə xidmət edən bütün zəruri vasitələrdən istifadə etməsi nəticəsində üçüncü şəxslərə dəymiş hər bir zərərə görə cavabdehdir. Təsadüfi deyil ki, qanunvericilikdə hər bir şəxsin mülkiyyətindən istədiyi kimi istifadə etmək imkanını tanınmaqla bərabər, bu hüququn həyata keçirilməsi zamanı qonşuların və üçüncü şəxslərin hüquqlarının pozulmamasını da nəzərə almışdır (AR MMnin 152.5-ci maddəsi).

35. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya məxsus mənzilə cavabdehə məxsus olmuş Bakı şəhəri, Xətai rayon, X.Məmmədov küçəsi, 33 saylı evin 88 saylı mənzildən su axması nəticəsində dəymiş ziyanın ümumilikdə 2813 manat məbləğində olması iş üzrə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə müəyyən edildiyindən, dəymiş ziyanın real həcmi 2813 manat olmaqla, cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddianın təmin olunması nisbətində tərəflərdən tutulmalı, ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi X6 aid edilməli, ekspertiza xərcinin 80 manat hissəsi Cavabdeh, 20 manat hissəsi isə X2 tutularaq dövlət büdcəsinə ödənilməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

38. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Minaçı qızının nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-226/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar