Məhkəmə qərarları › İş №2(103)-4239/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4239/2022

14.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4239/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikintisi Kooperativinə və Kooperativin sədri X5 qarşı “müqavilə öhdəliklərinin icra olumaması, dayanacağa sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin üzərinə, onunla ünvan üzrə mənzilə aid bağladıqları müqavilənin “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), “mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.) üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin qoyulması, ünvan üzrə binanın sahəsində yerləşən dayanacaqda ona məxsus avtomobilin saxlanması və dayanacaqdan istifadə hüququna qarşı cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququnun təmin edilməsi və tanınması, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi nəticəsində dəymiş 15.000 manat maddi zərərin və 15.000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh1 MTK-nın və Cavabdeh1 MTK sədri X4 üzərinə, onunla ünvan üzrə mənzilə aid bağlanmış “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin etməli (bənd 1.2.), “mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.), “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin etməli” (bənd 1.7.), üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin qoyulması, ünvan üzrə binaın sahəsində yerləşən dayanacaqda ona məxsus avtomobilin saxlanması və dayanacaqdan istifadə hüququna cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, onun avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququnun təmin edilməsi və tanınması, cavabdehlərdən dəymiş maddi zərərin əvəzi kimi 20117 manat və vurulmuş mənəvi zərərin əvəzi kimi 15.000 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 MTK-nın üzərinə İddiaçı ilə ünvan 2 ünvanda Cavabdeh1 MTK-nın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilə dair bağlanmış “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin edilməsi” (bənd 1.2.), “mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.), “blokların təmir və təmizlik işlərinin aparılmasının təmin edilməsi” (bənd 1.7.) üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin qoyulması, İddiaçı məxsus avtomobilin binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna Cavabdeh1 MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququnun təmin edilməsi və tanınması, Cavabdeh1 MTK-dan dəymiş maddi zərərin əvəzi kimi 20.117 (iyirmi min yüz on yeddi) manat və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manatın Cavabdeh1 MTK-dan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə, iddianın təmin edilməmiş hissəsinə münasibətdə, hüquqi cəhətdən natamamdır. Cavabdehin müqavilə öhdəliklərini icra etməməsi, ona məxsus mənzilində normal şəraitdə yaşaması üçün tələb olunan kommunal xidmətlərlə və təhlükəsizlik tədbirləri ilə lazımınca təmin edilməməsi, iddiaçıya və onun əmlakına zərər vurulmasına səbəb olan və qətnamələrdə subut edilmiş təqsirli hərəkətləri səbəbindən, özünə məxsus mənzildən lazımınca istifadə edə bilmir. Bunun nəticəsində, normal və təhlükəsiz yaşayış şəraitindən məhrum olmuşdur və onun qanunla müdafiə edilən mülkü hüquqları pozulmuşdur. Göstərilən əsasla, iddiaçının mənəvi zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Qətnamənin təmin edilmiş və təmin edilməmiş hissəsində tələblər Cavabdeh1 MTK və Cavabdeh1 MTK-nın sədri X5 aid edilməlidir. Hüquqi qüvvəyə minmiş qətnamələrdə və hazırkı qətnamədə subut və təsdiq edilmişdir ki, onun hüquqlarının davamlı pozulması, cavabdehin təqsirli hərəkətinin (hərəkətsizliyinin) müstəqil nəticəsidir. İş materialında olan ekspert rəyindən görünür ki, binanın inşasında yol verilmiş qusurlar nəticəsində mənzildə qazla işləyən cihazlarla istilik sisteminin quraşdırılması təhlükəsizlik qaydalarına ziddir və texniki cəhətdən mümkünsüzdür. Bu o deməkdir ki, ünvan üzrə məzildə (binada) normal komfort şəraitdə yaşamaq perspektivi yoxdur. Binada sakinlər tərəfindən məcburi olaraq, mənzillərdə təhlükəsizlik tədbirlərinə zidd olaraq qaz istifadəsi ilə işləyən qızdırıcı cihazların quraşdırılması, o deməkdir ki, bina daima potensial təhlükəli vəziyyətdədir. Bu real psixoloji faktorların onun şüuruna davamlı mənfi təsiri və stress yaratması inkaredilməzdir. Hesab edir ki, onun davamlı olaraq, ciddi sarsınti və iztirab keçirməsi mübahisəsizdir və bunun sübuta ehtiyacı yoxdur. Dəymiş ziyan mövcuddursa, mənəvi ziyanın, bu və ya digər dərəcədə mövdudluğu mübahisəsizdir və eyni anda, bununla bağlı, tələb hüququ da yaranmış olur. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi, həmin hissədə də iddianın təmin edilməsi və həmin hissədə iddia tələbinin cavabdeh X5 aid edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1 Mənzil Tikintisi Kooperativinin nümayəndəsi və Kooperativin sədri X7 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı vəkili Vəkil2 iddiaçının verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsinin qismən, yəni mənəvi zərərin ödənilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin mənəvi zərərin ödənilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməsini xahiş etməklə, qətnaməni qismən, yəni mənəvi zərərin ödənilməsi hissəsində mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil2 çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Cavabdeh1 MTK-nın İdarə Heyətinin ümumi yığıncağının xx.xx.2013-cü il tarixli protokolundan görünür ki, MTK-nın üzvü 139 saylı mənzilin sahibi X6 müraciətinə əsasən o, kooperativ üzvlüyündən azad edilmiş və xx.xx.2008-ci il tarixli ’’Qranit” MTK üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında Müqavilə”si etibarsız sayılmışdır. İddiaçı kooperativ üzvlüyünə qəbul edilərək, onunla ’’Qranit” MTK üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilə”, həmçinin “Xidmət Müqaviləsi” bağlanmış və 2-ci blok, 16-cı yaşayış mərtəbəsindəki 2 otaqlı, 139 saylı mənzili dəyəri 98.627 manat ondan kooperativin xəzinəsinə qəbul edilmişdir.(Cild İ, i.vər. 14 - 15) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda Cavabdeh1 MTK-nın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2491 saylı reyestr kitabının 231888 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.(Cild İ, i.vər. 11) İş materiallarında olan, Cavabdeh1 Mənzil Tikintisi Kooperativinin sədri X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Xidmət Müqaviləsi”nin surətindən görünür ki, kooperativ, yaşayış binasının həyətyanı sahəsinin işıqlandırılmasını, təmir-təmizlik işlərinin aparılmasını, liflərin fasiləsiz və normal işləməsini, binanın və dayanacaqların mühafizəsini, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə (bənd 1.1.), sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini (bənd 1.2.), mənzillərin girişində elektrik sayqacının quraşdırılmasını (bənd 1.4.) və blokların təmir və təmizlik işlərinin aparılmasını təmin etmək (bənd 1.7.) üzrə öhdəlikləri üzərinə götürmüşdür.(Cild İ, i.vər. 12 - 13) İş materiallarında olan, Bakı şəhər İcra Hakimiyyətinin tikinti obyektinin istismarına dair xx.xx.2016-cı il tarixli 0083 saylı “İcazə”dən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi, 9 C saylı binanın avtodayanacağının sahəsi 5962,80 kv.metrdir.(Cild İ, i.vər. 16 - 17) İş materiallarında olan, Cavabdeh1 Mənzil Tikintisi Kooperativinin sədri X7 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq binada olan qarajların ayrı-ayrı şəxlərə məxsus olduğu və kooperativin balansında qaraj sahəsinin olmadığı, Cavabdeh1 MTK-dan mənzil alarkən bağlanmış müqavilədə qaraj verilməsi ilə bağlı heç bir öhdəliyin olmaması bildiririlmişdir.(Cild İ, i.vər. 18) İş materiallarında olan, Cavabdeh1 Mənzil Tikintisi Kooperativinin sədri X7 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, təxminən 2018-ci ildən sonra avtodayanacaq sahibləri haqqında məlumat MTK-da olmamışdır. Mülkiyyət hüququ əldə etmiş mülk sahibləri, həmin mülkləri sata, bağışlaya, dəyişdirə və qanunla qadağan olunmayan qaydada özgəninkiləşdirə bilər. Bu səbəbdən də hal hazırda MKT-da bu haqqda məlumatların olmağı mümkünsüzdür. İstismara qəbul edilərkən verilən akta əsasən binada 205 avtodayanacaq sahəsi olmuş, onların da satılması zamanı qayda və qanunlara tam əməl edilmişdir. Mənzillərlə bərabər avtodayanacaq sahələri də ayrılıqda satışa çıxarılmış və ayrı-ayrı ödənişlər əsasında müxtəlif şəxslərə satılmışdır. Mənzillərin alqı satqısına dair müqavilə yalnız mənzillərə aid olmaqla, avtodayanacaq sahəsinə heç bir aidiyyatı olmamış və MTK-nın belə bir öhdəliyi də olmamışdır.(Cild İİ, i.vər. 9) İş materiallarında olan, "xxxx" MMMC-nin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 1120-MM7- 0156 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət qeydiyyatından keçmiş, Nizamnaməsi təsdiq olunaraq xx.xx.2020-ci ildən etibarən ünvan 3 ünvanında rəsmi fəaliyyət göstərən "xxxx" MMMC-nin bir çox sahələrə, o cümlədən də binada yerləşən avtodayanacaqlara dair sorğuda tələb olunan sənəd və məlumatlara dair müraciətlərinə baxmayaraq Cavabdeh1 MTK-nın rəhbərliyi cəmiyyətə hər hansı bir sənəd təqdim etməmiş və məlumat verməmişdir. Mövzu ilə bağlı "xxxx" MMMC idarə heyətinin sədri tərəfindən "xxxx" MTK-nın sədri Həbib Zülfüqarova ünvanladığı xx.xx.2022-ci il tarixli məktub da bu günə kimi keçən müddət ərzində cavablandırılmamışdır. Bununla yanaşı, bina sakinləri ilə söhbətlər nəticəsində, o cümlədən Cavabdeh1 MTK-nın sədri Həbib Zülfüqarovun şəxsən imzası ilə təsdiq etdiyi xx.xx.2020-ci il tarixli təhvil-qəbul aktında binanın 178 ədəd avtodayanacağının Cavabdeh1 MTK tərəfindən ayrı-ayrı şəxslərə müqavilə ilə pulla satıldığı, avtodayanaqların bir qisminin naməlum şəxslər tərəfindən vətəndaşlara icarəyə verildiyi, avtodayanacaqların bina təhvil verilmədən əvvəl Cavabdeh1 MTK-nın sifarişi ilə 2007-ci ildə “Tamay” firması tərəfindən yeraltı qaraj kimi lahiyələndirildiyi, ancaq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2016-cı il tarixli 0083 nömrəli tikinti obyektinin istismarına rəsmi icazə sənədində isə ümumi sahəsi 5962.80 kv.m olan avtodayanacaqlar kimi göstərildiyi məlum olmuşdur. "xxxx" MMMC-nin rəsmi fəaliyyətinə başladığı tarixdən bu günə qədər binanın avtodayanacaqlarından istifadə üçün heç bir mülk və sahə mülkiyyətçisindən icarə haqqı almadığını və müqavilə imzalamadığını, həmçinin həmin avtodayanacaqları bina sakinləri və ayrı-ayrı vətəndaşlara icarəyə verən şəxslərin də "xxxx" MMMC-yə kommunal xidmət haqqı ödəmədiklərini təsdiq edir.(Cild İİ, i.vər. 11 - 12) İş materiallarında olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)325/2016 saylı, 03 iyun 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı və qeyrilərinin cavabdehlər Cavabdeh1 MTK-ya və Kooperativliyin sədri X5 qarşı “xidmət müqaviləsinə əlavələrin edilməsi və ümumi həyət sahəsinin yaxşılaşdırılması tələbinə” dair iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq” şəhərciyində yerləşən Cavabdeh1 MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 2-ci girişinin bütün mərtəbələrindəki pilləkən marşlarındakı pillələrinin hündürlük ölçülərinin eyni səviyyəyə çatdırılması və göstərilən pilləkən marşlarının üzlük daşlarla üzlənilməsi, binanın 2-ci girişində 3-cü liftin quraşdırılması, həmin liftin texniki təhlükəsizlik tələblərinə uyğun olması və istismara yararlığının mütəxəssislər tərəfindən rəsmi sənədlə təsdiq edildikdən sonra istismara verilməsi, binanın 2-ci girişində hər 3 liftin fasiləsiz işləməsi və liftlərdə xilasetmə məntəqəsilə əlaqə sisteminin quraşdırılması və normal işləməsinin təmin edilməsi, girişin pilləkən qəfəsinin bütün mərtəbələri normal səviyyədə işıqlandırılması, girişin bütün mərtəbələrinin pilləkənləri tikinti norma və qaydalarına uyğun olaraq tam bərpa edilməsi, pilləkən qəfəsinin bütün mərtəbələrində, pilləkən meydançalarında tavan və divarlarının tamamlama işləri tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməsi, girişin 16,17 və 18-ci mərtəbələrində ümumi istifadə sahələrin (döşəmələrinin) və divarların tamamlama işləri tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməsi, girişin 16,17 və 18-ci mərtəbələrində mənzil qapılarının qarşısındakı ümumi istifadə dəhlizinin qaranlıq sahələrin (dəhlizin sağ və sol hissəsi) daimi işıqlandırılması, binanın 2-ci girişində ümumi havalandırma sisteminin quraşdırılması ilə bağlı qüsurların (binanın qeyri-yaşayış obyeklərində çoxsaylı mətbəxlərin havasovuranın 2-ci girişin vintilyasiya sisteminə birləşdirilməsi nəticəsində mənzillərə və mərtəbələrin ümumi istifadə sahələrinə kəskin qoxularının sirayət etməsi) tam aradan qaldırılması vəzifəsinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması qət edilmişdir.(Cild İ, i.vər. 30 - 39) İş materiallarında olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)608/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və X5 qarşı “müqavilə öhədliklərinin icra edilməməsi, mülki hüquq pozuntusu, qanunsuz pul tələb edilməsi, vəzifəli şəxsin qanunla verilməsi nəzərdə tutulmuş məlumatların və sənədlərin fiziki şəxsə verilməsindən imtina edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” ilkin iddiası qismən təmin edilərək, cavabdehlərin xx.xx.2013-cü il tarixli “Xidmət müqaviləsi” üzrə Kooperativin öhdəlikləri yerinə yetirilənədək və Yasamal Rayon Məhkəməsinin xx.xx.2016 tarixli qətnaməsi ilə cavabdehin üzərinə qoyulmuş vəzifələr icra edilən vaxta qədər, eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin xx.xx.2018-ci il tarixli, xx/xx-05128 saylı yanğın-texniki müayinə məktubunda göstərilən nöqsanlar aradan qaldırılana qədər, iddiaçıdan kommunal xidmət üzrə ödəniş tələb olunması qanunsuz hesab edilmiş və kommunal xidmətlər üzrə Cavabdeh1 MTK-nın üzərlərinə mühasibat sənədlərində iddiaçının adına hazırkı vaxta qədər hesablanmış ödəniş məbləğinin ləğv edilməsi vəzifəsi, iddiaçıya məxsus mənzilə aid aylıq kommunal xidmət üzrə ödəniş məbləğinin necə müəyyənləşdirilməsi, kommunal xidmətə hansı xidmətlərin daxil olması, hər bir xidmət üçün ödənilməli pul məbləğinin həcmi barədə rəsmi arayışın verilməsi vəzifəsi Cavabdeh1 MTK-nın üzərinə qoyulması, Cavabdeh1 MTK-nın təqsirli mülki hüquq pozuntuları nəticəsində iddiaçının mülkiyyət ilə bağlı hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsinə maneələr yaratması, qanunla verilməsi nəzərdə tutulmuş məlumatların (müqavilə öhdəliklərinin icrasının gecikməsinin səbəbləri, kommunal ödənişin necə hesablanması, binada və binanın 2-ci girişində mövcud olan natamamlıqlar və təhlükəli halların aradan qaldırılması barədə) və mühüm sənədlərin iddiaçıya verilməsindən imtina etməsinin qanunsuz hesab edilməsi, Cavabdeh1 MTK-nın İddiaçı qarşı “kommunal xidmətlərə görə ödənişlərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.(Cild İ, i.vər. 19 - 28) İş materiallarında olan, Ədliyyə Nazirliyinin Məhkəmə X2-texniki və məhkəmə mühasibat ekspertizasının 10/3788 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən İddiaçı məxsus 139 №-li mənzilin açıq eyvanında qaz xətti olmadığından “Kombi” İstilik sistemin quraşdırılması üçün qapalı eyvanda yerləşən qaz xəttindən, yaşayış otağının daxilindən dəmir boru vasitəsilə, otağın quruluşuna uyğun divarüstü bir neçə bağlantıdan istifadə edilməklə qaz xətti çəkilməlidir ki, bu da “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının müvafiq bəndlərinə ziddir.(Cild İ, i.vər. 224 - 226) İş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyinin Məhkəmə X2-texniki və tikintitexniki obyektlərin tədqiqi ekspertizasının 10/6946 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən X3 məxsus 139 №-li mənzilin isti su və istiliklə təmin edilməsi üçün, radiatorlar və istilik sisteminə aid digər avadanlıqlar daxil olmaqla, istilik sisteminin quraşdırılması üçün görüləcək işlərin ümumi dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 3285 manat məbləğində müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Ariston” markalı su qızdırıcısının sutka ərzində sərf etdiyi elektrik enerjisinin 30 kVts, illik sərfiyyatının isə 10800 kVts (30 kVts x 30 gün x 12 ay), dəyərinin isə (1 kVts elektrik enerjisinin 200 kVts-a qədər 0.08 AZN, 200 kVts-dan 300 kVts-a qədər 0.09 AZN, 300 kVts-dan çox olan hissəsi 0.13 AZN nəzərə alınmaqla) 1236 AZN olduğu müəyyən edilir.(Cild İİ, i.vər. 20 - 22) Məhkəmə kollegiyası, mənəvi zərərlə bağlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə dair iddiaçının apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadan gəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Lakin iddiaçı cavabdehdən 15.000 manat mənəvi ziyanın alınaraq ona ödənilməsini tələb etsə də, bununla bağlı mötəbər sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Plenumun tövsiyəedici qərarını müqayisəli təhlil edərək hesab edir ki, iddiaçı iddia tələbində qeyd edilən maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Ona görə ki, bu xüsusda olan iddiaların təmin edilməsi üçün ilk növbədə o sübut etməlidir ki, həqiqətən də cavabdehin hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmiş, müalicə almış, bunlar cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş vermiş, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi mənəvi zərər arasında səbəbli əlaqə olmuşur. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə hər hansı sübut təqdim etməmişdir. Odur ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericilik iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən 15.000 manat mənəvi zərərin cavabdehin təqsirli hərəkəti nəticəsində vurulması halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən zərər vurulmasını sübut etməsi yükü iddiaçının üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia tələbi mənəvi zərərə aid hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin mənəvi zərərə aid hissədə iddia tələbi ilə bağlı gəldiyi bu nəticə ilə razılaşır və apelyatorun mənəvi zərərlə bağlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə dair apelyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Belə ki, İddiaçı apelyasiya şikayətində göstərilən hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən İddiaçı apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar