Məhkəmə qərarları › İş №2(103)-4242/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4242/2023

17.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4242/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), x oğlu və X1 ibarət tərkibdə, x oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1801/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə İddiaçı ittiham olunduğu maddələr üzrə təyin olunmuş cəzalarının qismən toplamaq yolu ilə ümumilikdə 17 il azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, cəza çəkməsinin əvvəli xx.xx.2017-ci il tarixindən hesablanmışdır.

2. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının və xx.xx.2018-ci il tarixli hökmünün ləğv edilməsi, cinayət işinin yenidən baxılması üçün Gəncə Hərbi Məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılması qərara alınmışdır.

3. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.4, 150.2.5, 274, 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.1, 338.2 və 341.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməklə cinayət işinin göstərilən pozuntuların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərara alınmışdır.

4. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı ilə ********* nömrəli cinayət işinin İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.4, 150.2.5, 274, 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.1, 338.2 və 341.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hissəsinə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmiş, o, dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasından həbsdən azad edilmişdir.

5. İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək (5 il 6 ay 19 gün) müddətində qanunsuz olaraq həbsdə saxlanılmış və azadlıqdan məhrum edilmişdir.

6. İddiaçı barəsində həbs qətimkan tədbiri tətbiq edilməmişdən öncə ortalama aylıq əmək haqqı 801,198 manat təşkil etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 150.000 manat, vurulmuş maddi zərərə görə 52.905 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1988-ci il tarixində Gəncə şəhərində anadan olmuşdur. O, 2006-cı ildə həqiqi hərbi xidmətə yollanmış, xidmətdə olarkən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidməti davam etdirmək qərarına gəlmişdir. Həmin tarixdən etibarən Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində xidmət etmişdir. İddiaçı 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olarkən heç bir əsas olmadan hazırda şərti adı “Tərtər işi" olan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin tərkib hissəsi olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı İddiaçı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və digər maddələrində nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti bir neçə dəfə uzadılmışdır. xx.xx.2018-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.1, 338.2, 341.3-cü maddələri ilə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev İddiaçı və həmin cinayət işi üzrə məhkum edilmiş qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təqdim edilməsi haqqında xx.xx.2018-ci il tarixli qərarı və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2018-ci il tarixli yekun qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışının təyin edilməsi haqqında yeni qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən İddiaçı və qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında hazırlıq iclasının xx.xx.2018-ci il tarixli qərarına, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında xx.xx.2018-ci il tarixli qərarına, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2018-ci il tarixli yekun qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarına yeni açılmış hallar üzrə baxılmasına dair Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən verilmiş ərizə təmin edilərək qeyd olunan qərarlar ləğv edilməklə cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışa təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı və qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının xx.xx.2018-ci il tarixli qəran ləğv edilərək cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işinin icraatına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə iş Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərilmiş, ibtidai istintaqın davam etdirilməsi İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, birgə istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri Qasım Məmmədova tapşırıldığından həmin tarixdə onun icraatına qəbul olunmaqla istintaq aparılmışdır. Aparılmış istintaqın nəticəsində xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə icraata İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Qərara əsasən tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilmişdir. Beləliklə, İddiaçı əsassız və qanunsuz olaraq ittihamlara məruz qalmış, xx.xx.2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddəti bir neçə dəfə artırılmış, həbsinin ilk aylarını ağır işgəncələrə məruz qalmış, ona qarşı yeni ittiham irəli sürülmüş, ona qarşı irəli sürülmüş ittihamlarla təqsirli bilinərək İddiaçı müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bununla da, iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır maddi ziyan və mənəvi zərər vurulmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirdi. O, cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqını 2017-ci ilin may avında almışdır. “Kapital Bank" ASC-nin Gəncə filialından təqdim edilmiş çıxarışdan görünür ki, onun həmin dövrdə orta aylıq əmək haqqı məbhği 801 manat təşkil edirdi. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci may ayından 2022-ci ilin dekabr ayına qədər, yəni 66 ay ərzində faktiki aylıq qazancından məhrum edilmişdir. Bu isə 52,905 manat edir (801 x 66=52,905). İddiaçı hərbi qulluqçu olaraq xüsusilə ağır cinayətlərdə ittiham olunmaqla bu ittihamlara görə təyin edilmiş uzunmüddətli azadlıqdan məhrum etmə cəzasını ağır şəraitdə çəkdiyindən, azadlığının əlindən alındığı 66 ay müddətində təkcə özünün deyil, həm də yaxın ailə üzvləri mənəvi iztirablar yaşadığından, məhz bu ittihamlara məruz qalıb həbs edildikdən sonra faktiki ailəsinin dağılmasından, iki azyaşlı övladının illər ərzində atasız, yalnız böyüməsindən, həm özünün, həm də valideynlərinin ağır mənəvi-psixoloji hallar yaşamasından ona vurulmuş mənəvi zərərə görə isə 150.000 manat kompensasiya tələb edir.

9. Cavabdeh iddia ərizəsinə etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi ilə bağlı müdəalar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 189-191-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. Zərər çəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir. Bu baxımdan hesab edirik ki, ilk növbədə cinayət işi üzrə məhkəmə icraatı zamanı həmin məhkəmə işi üzrə hökmdə kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılması məsələsinin qeyd olunubolunmaması araşdırılmalıdır. Bundan başqa Cinayət Prosessual Məcəllənin 197-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərər çəkmiş şəxsə vurulmuş ziyana görə kompensasiya qismində ödənilmiş məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunan məhkəmə məsrəfi məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Göstərilənlərə əsasən bildiririk ki, məhkəmə tərəfindən kompensasiya müəyyən edilərkən, həmin kompensasiyanın dövlət büdcəsinə qaytarılması məsələsi də həll edilməlidir. Bununla yanaşı “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilərək kompensasiya tələb edilmişdir. Bununla bağlı bildiririk ki, Cinayət Prosessual Məcəllənin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Lakin iş materiallarında iddiaçıya cinayət prosesini həyata keçirən orqanın (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının) səhvi və ya sui-istifadəsi nəticəsində ziyan dəyməsi faktını müəyyənləşdirmək mümkün deyildir. Belə ki, yuxarıda qeyd olunan cinayət işi üzrə məhkum olunmuş şəxsin cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsləri olub- olmaması məlum deyildir. Eyni zamanda nəzərinizə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən cinayət işi ilə bağlı 2017-ci il 7 may tarixli bəyanat yaymışdır. Bu baxımdan hesab etmişlər ki, yuxanda qeyd olunan məsələlər ilə bağlı adıçəkilən orqanların məhkəmə işinə cəlb olunması məqsədəmüvafiqdir. Bundan başqa qeyd etmişlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 8 nömrəli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bununla yanaşı maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Bundan başqa iddiaçı ərizəsində maddi zərərə görə kompensasiya tələb etmişdir. Bununla bağlı bildiririk ki, sözügedən məsələ əmək mübahisəsi olduğundan qeyd olunan məsələ işçi (hərbi qulluqçu) və işəgötürən (müvafiq hərbi hissə) arasında tənzimlənməlidir.

10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 1801/2023 nömrəli qətnaməsi ilə (hakim N.İ.Abbasov) iddia qismən təmin edilmiş, dövlət büdcəsi vəsaiti hesabına İddiaçı vurulmuş mənəvi zərərə görə 66.000 manat, maddi ziyana görə 52.879 manat olmaqla, cəmi 118.879 manatın ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə İddiaçı hərbi qulluqçu olaraq xüsusilə ağır cinayətlərdə ittiham olunmaqla bu ittihamlara görə təyin edilmiş uzunmüddətli azadlıqdan məhrum etmə cəzasını ağır şəraitdə çəkməsi, azadlığının əlindən alındığı 66 ay müddətində təkcə özünün deyil, həm də yaxın ailə üzvlərinin mənəvi iztirablar yaşaması, məhz bu ittihamlara məruz qalıb həbs edildikdən sonra faktiki ailəsinin dağılması, iki azyaşlı övladının illər ərzində atasız, yalnız böyüməsi, həm özünün, həm də valideynlərinin ağır mənəvi-psixoloji hallar yaşaması səbəbindən ona vurulmuş mənəvi zərərə 150.000 manat tələb etməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia qismən təmin edilməli, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək həbsdə saxlanıldığı 05 il 06 ay 19 gün müddətinə iddiaçının xeyrinə ədalətli həddə - hər ayı üçün 1.000 manat hesablanmaqla 66.000 manat tutulmalıdır.

12. Məhkəmə həmçinin iddiaçının vurulmuş maddi ziyanla bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı azadlıqdan məhrum olmamışdan öncə ortalama 801,198 manat əmək haqqı almışdır (xx.xx.2017- 594.36 manat, xx.xx.2017-815.90 manat, xx.xx.2017-772.61 manat, xx.xx.2017-815.90 manat, xx.xx.2017-1007.22 manat). Göründüyü kimi, iddiaçı iş yerindən və aylıq stabil gəlirindən məhrum olmaqla həbsdə olduğu 66 ay müddət ərzində ona 52.879 manat (66*801,198) maddi ziyan dəymişdir. Odur ki, iddia bu hissədə də qismən əsaslı olduğundan, qismən təmin edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1100, 1101.1, 1101.2-ci maddələrinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2-ci maddələrinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4, 5, 6.1, 7, 12-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Koinq Almaniyaya qarşı», «Artiko İtaliyaya qarşı», «Younq, Cames və X3rşı» işləri üzrə qərarlarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə, AR Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə istinad edərək iddiaçıya dəymiş zərərin dövlət büdcəsi hesabına ödənilməsi qərarına gəlmişdir. Halbuki, həmin maddənin tələbinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) ödəməlidir. Məhkəmənin əsaslandığı Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən isə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Məhkəmə qətnaməsində “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 03 noyabr tarixli 7 nömrəli Qərarının 10-cu hissəsinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə iddiaçıya mənəvi zərərə görə 66.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Hesab edirlər ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 66.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquqmühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmənin saslandığı bu maddə tamamilə yanlışdır. Belə ki, Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Lakin, bu qanunvericilik normasına zidd olaraq məhkəmə iddiaçıya dəymiş ziyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulması qət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa bu prosessual hüquq normalarının pozuntusuna səbəb olur. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Lakin məhkəmənin çıxardığı qətnamə sözügedən qərarda sadalanan tələblərə cavab vermir. Həmçinin qeyd edirlər ik, Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxılarkən xüsusi diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını traflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Yuxarıda sadalananlardan görünür ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, kifayıət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ərizəsi verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

17. Etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində iş tam şəkildə araşdırılmış, cavabdeh tərəfin Maliyyə Nazirliyi olduğu məhkəmə tərəfindən təsdiq edilmişdir. Belə ki, onun, yəni İddiaçı cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş zərərin ödənilməsi hüququnun olması Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 68-cı maddəsindən, İnsan hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5-ci maddəsindən, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 36-cı maddəsindən, V fəslindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101-ci maddəsindən, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunundan, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarlarından, həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin 30 iyun 2022-ci il tarixli qərarından irəli gəlir. Bundan başqa, maliyyə nazirliyi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsini yalnış şərh edir. Belə ki, bu norma törədilmiş cinayət nəticəsində zərərçəkənə münasibətdə tətbiq edilən normadır. Bunun iddiaçının işinə heç bir aidiyyəti yoxdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizə ünvanlayaraq rayonda yaşaması və səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 68, İİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir

21. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə 56 və 56.01. bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

22. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun Maddə 4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Maddə 5.1.Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi nəticəsində) nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər ödənilməlidir. Maddə 5.5.Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi nəticəsində) nəticəsində hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 6. 1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: “İnsan hüquqlarının və X2 haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X2 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh həmin hissəni apellyasiya qaydasında mübahisələndirdiyindən qətnamənin əsaslılığı yalnız iddianın təmin olunduğu hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca nemətlərdən biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, insanın bir sıra digər hüquqları deklarativ xarakter daşıyır. Bu mühüm hüquq «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsində, 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində geniş təsbit olunmuşdur.

30. Zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir.

31. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var.

32. «İnsan hüquqları və X2 haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».

33. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 7 saylı Protokolunun 3-cü maddəsinə əsasən, şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə, yaxud o, yeni və ya təzədən ortaya çıxmış faktın qəti olaraq məhkəmə səhvi olduğunu göstərməsi əsasında əfv edilibsə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və ya müvafiq dövlətin mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır.

34. Həmin müddəa «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 14cü maddəsində də ifadəsini tapmışdır: «əgər hansısa şəxs cinayətə görə məhkəmənin qəti qərarı ilə məhkum olunmuşsa və haqqında çıxarılmış hökm məhkəmə səhvi buraxıldığını şəksiz təsdiq edən yeni, yaxud yeni aşkar edilmiş bir cəhətə əsasən sonradan ləğv edilmiş, yaxud o, əfv olunmuşsa, onda göstərilən naməlum cəhətin tamamilə, yaxud qismən onun təqsirindən üzə çıxarılmadığı sübut edilməzsə, belə ittiham əsasında cəza çəkmiş şəxs qanuna əsasən kompensasiya alır».

35. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək (5 il 6 ay 19 gün) müddətində əsassız və qanunsuz olaraq həbsdə saxlanılmış və azadlıqdan məhrum edilmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməmişdən öncə İddiaçı ortalama aylıq əmək haqqı 801,198 manat təşkil etmişdir.

36. Nəzərə alınmalıdır ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 1 və 4-cü maddələrinin məzmunundan göründüyü kimi şəxsin haqqında bəraətverici hökm çıxarıldıqda şəxs ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunun göstərilən şəkildə ifadə olunması istintaq və məhkəmə orqanlarının səhvi nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsindən imtina üçün əsas ola bilməz.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozülmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edidlir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

38. Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət müşakiməsinin əsas prinsipləri haqqında» Bəyamnaməyə istinad etmişdir: «Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022ci il tarixinədək müddətində qanunsuz azadlıqdan məhrum edilməsi, onun həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olması, mənəvi sarsıntı keçirməsi, onun nüfuzuna xələl gəlməsi, barəsində mənfi fikir formalaşmasına görə cavabdehdən maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

41. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

42. Beləliklə, hazırkı iş üzrə iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

43. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.

44. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərə məruz qalması və bu zərərin əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə düzgün nəticəyə gəlmiş, iddiaçının xeyrinə qanunsuz olaraq həbsdə saxlanıldığı və azadlıqdan məhrum edildiyi hər aya görə 1.000 manat olmaqla, ümumilikdə 66.000 manat məbləğində dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə ədalətli qətnamə qəbul etmişdir.

45. Eyni zamanda, birinci instansiya məhkəməsinin iddiaçının barəsində həbs qətimkan tədbiri seçilməmişdən öncə ortalama əmək haqqının məbləği nəzərə alınmaqla 66 ay müddət ərzində ona 52.879 manat məbləğində maddi ziyanın dəyməsi barədə gəldiyi qənaət də düzgün olmuşdur.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1801/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar