Məhkəmə qərarları › İş №2(103)-4244/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4244/2022

31.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4244/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(001)-983/2022 saylı qərardadından Cavabdeh1 nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əvvəlcə iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin azaldılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 75000 manat məbləğində pulun, habelə mənəvi zərərin əvəzi kimi 2000 manatın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş pul vəsaitinin əvəzi kimi isə 321 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(001)-983/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 50000 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 200 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(001)-983/2022 saylı qərardadı ilə həmin məhkəmənin 01 mart 2022-ci il tarixli 2(001)-983/2022 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 nümayəndəsi Vəkil1 şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(001)-983/2022 saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə hüquqlarını müdafiə etdiyi şəxsə ümumiyyətlə çatmamış və belə bir sənədin olmasından xəbəri yoxdur. Vəkil olaraq onun elektron kabinetinə isə 15 mart 2022-ci il tarixdə qərardad adı altında həm qətnamə, həm də qərardad yerləşdirilmişdir. Bundan sonra qanuna uyğun olaraq müddətin son günündə, yəni 15 aprel 2022-ci il tarixdə elektron kabinet vasitəsilə həmin qətnamədən apellyasiya şikayəti göndərmişdir. Məhkəmə onun tərəfindən 15 aprel 2022-ci il tarixdə göndərilən apellyasiya şikayətinin verilmə vaxtını düzgün qeyd etməyərək, onun məhkəməyə daxil olduğu vaxtı qanunsuz olaraq göndərildiyi gün kimi yox, qeydiyyata və təhvil aldığı vaxt kimi əsas götürmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(001)-983/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(001)-983/2022 saylı qətnaməsi Cavabdeh1 nümayəndəsi Vəkil1 şəxsi elektron kabinetinə 10 mart 2022-ci il tarixdə saat 14:56-da yerləşdirilmişdir. (i.v.81). Lakin apellyasiya şikayəti məhkəməyə elektron qaydada 15 aprel 2022-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası MPM-in : ---360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. ---128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. ---129.1-ci maddəsinə görə aylarla hesablanan müddət, müddətin son ayında və günündə qurtarır. ---130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. ---130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. ---133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Cavabdeh1 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş 18 yanvar 2022-ci il tarixli etibarnaməyə əsasən, Vəkil1 təmsil etdiyi Cavabdeh1 adından məhkəmədə işin aparılması ilə bağlı geniş səlahiyyətlərə malik olmuşdur. Məhkəmənin 01 mart 2022-ci il tarixli qətnaməsi 10 mart 2022-ci il tarixdə Vəkil1 elektron kabinetinə yerləşdirilmiş, MPM-in 128.3-cü maddəsinə əsasən qətnamədən şikayət vermə müddəti 11 mart 2022-ci il tarixdə başlanmış və 11 aprel 2022-ci il tarixdə başa çatmışdır. Beləliklə, 11 aprel 2022-ci il tarixi iş gününə təsadüf etməklə qətnamədən şikayət verməyin son günü olmuşdur. Göründüyü kimi Cavabdeh1 nümayəndəsi Vəkil1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(001)-983/2022 saylı qətnaməsindən apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddətdən sonra vermiş, məhkəməyə buraxılmış müddətin üzrlü hesab edilməsi ilə bağlı vəsatət və sübutlar təqdim etməmişdir. 15 mart 2022-ci il tarixdə vəkilin elektron kabinetinə qərardad adı altında həm qətnamə, həm də qərardadın yerləşdirilməsi ilə bağlı kollegiya qeyd edir ki, 01 mart 2022-ci il tarixdə iş üzrə həm qətnamə, həm də tərəflərin barəsində xüsusi qərardad çıxarılmış, qətnamə elektron kabinetə 10 mart 2022-ci il tarixdə, xüsusi qərardad isə 15 mart 2022-ci il tarixdə yerləşdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddəti buraxılmış hesab etməklə apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(001)-983/2022 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 nümayəndəsi Vəkil1 şikayəti təmin edilməsin. Apellyasiya şikayətinin geri qaytarılması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(001)-983/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar