Məhkəmə qərarları › İş №2(103)-4245/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4245/2023

05.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4245/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4245/2023 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-24/2023 saylı 25 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 07 may 2017-ci il tarixdə bir qrup şəxs tərəfindən saxlanılmış və Tərtər rayonunun Marquşevan kəndinin ərazisində yerləşən hərbi hissənin köhnə qərargahına aparılmışdır. Qərargahda qanunsuz olaraq saxlanıldığı müddətdə vətənə xəyanətdə ittiham edilmiş, insan ləyaqətini alçaldan rəftara, habelə cinayət təqibinə məruz qalmış və nəticə etibarı ilə konstitusion hüquq qismində çıxış edən azadlıq və bir sıra digər hüquqları pozulmuşdur.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun barəsində Azərbaycan Respublikası CM-nin 274 və digər maddələri ilə istintaq edilmiş ********* №li cinayət işinin istintaqı zamanı CM-nin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmədiyi üçün İddiaçı barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən 16 mart 2018-ci il tarixli qərarla xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 68.600 manat maddi və 50.000 manat mənəvi zərər olmaqla, cəmi 118.600 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2010-2012-ci illərdə hərbi tibb məktəbinin hərbi tibb fakültəsində kursant kimi təhsil alaraq məktəbi uğurla bitirmişdir. Təhsildən dərhal sonra - xx.xx.2012-ci ildə feldşer kimi Tərtər rayonunda yerləşən N saylı hərbi hissəyə təyinat almış və xidmətə başlamışdır. Ona qarşı 2017-ci ildə törədilən qanunsuz əməllər zamanı N saylı hərbi hissənin 2-ci taborunun tibb məntəqəsinin feldşeri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olmuşdur. 07 may 2017-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yaymışlar. Bəyanatda aşağıdakılar göstərilmişdir: "Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunmuşdur ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər". Bəyanatdan məlum olmuşdur ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və digər cinayət faktları üzrə 03 may 2017-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlamışdır. Sonradan məlum olmuşdur ki, bu cinayət işi üzrə məhkəmələrin hökmü ilə 25 nəfər təqsirləndirilən şəxs 7 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilmişdir. Həmçinin yüzlərlə əsgər və zabit istintaq dövründə işgəncələrə məruz qalmış və ən azı 11 nəfər istintaq dövründə verilən işgəncələr nəticəsində ölmüşdür. Bütün bu hadisələr Azərbaycan cəmiyyətində şərti “Tərtər işi" adlanır və vaxtaşırı geniş ictimai müzakirələrə səbəb olur.O, da sözügedən cinayət işi çərçivəsində müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətdə olarkən 2017-ci ilin may ayında saxlanılmışdır. O, 2017-ci ilin 6 və yaxud N mayında məzuniyyətdən hərbi hissəyə qayıtmış və həmin vaxt da hərbi hissə komandiri polkovnik-leytenant Teymur Məmmədovun göstərişi ilə qara maskalı şəxslər tərəfindən xidmət yerində saxlanılmışdır. Onu əli, ayağı və gözləri bağlı vəziyyətdə hərbi tibb maşını ilə Tərtər rayonunun Marquşevan kəndində yerləşən köhnə hərbi hissəyə aparmışlar, ora çatan kimi həyətdəcə formasını, adı və soyadı yazılan lövhəni, rütbəsini cırmışlar, "bunlar sənə yaraşmır” ifadəsini işlətmişlər. Binaya salmış, ikinci mərtəbədə bir otağa aparmışlar, orada gözünü açmışlar, yerdə işgəncə görmüş halda yatan 6-7 nəfəri göstərib demişlər ki, "bunlar kimi olmaq istəmirsənsə, dövlətə xəyanətlə bağlı bildiklərini danış". O, isə heç bir şey bilmədiyini demişdir. Bunu dedikdən sonra, onu başqa bir otağa aparmışlar. Burada ona işgəncə vermişlər. Ayaqlarının altına plastik borularla, taxtayla vurmuşlar, təpik, şillə ilə döymüşlər, üstünə su töküb islatdıqdan sonra elektrik naqili bağlayıb bədəninin müxtəlif nahiyələrinə elektirik cərəyanı vermişlər. Bu proses qısa fasilələrlə 8-10 saat davam etmişdir. Bundan sonra onu çoxsaylı digər hərbçilərlə birgə "Kamaz" markalı maşına "yükləyib" Mingəçevirdəki N saylı hərbi hissənin köhnə kazarmalarına aparmışlar. Burada adını, soyadını xatırlamadığı 2 təhqiqatçı 2 dəfə onun izahatını almışdır. İzahatın alınmasında Hərbi Prokurorluqdan gələn şəxs də iştirak etmişdir. Ona yenə vətənə xəyanətlə bağlı suallar vermişlər. O, heç bir cinayət hadisəsi törətmədiyni bir daha təkrarlamışdır. Təhqiqatçılar və Hərbi Prokurorluqdan nümayəndə ona demişdir ki, "yalan deyirsən, əsgərləri necə satmısan düşmənə onu de". Onun üzünə sürücüsü, MAXE Nicat İbrahimovu qoymuşlar. Ancaq o, Nicat İbrahimovun dediklərini təkzib etmişdir. Bundan sonra ona yenidən işgəncələr verilmişdir. Huşunu itirənə qədər ona işgəncə vermişlər, bir az özünə gələndən sonra isə yenidən müstəntiqin qarşısına çıxarıb dindirmişlər. Eyni izahat, eyni suallar və eyni cavablardan sonra yenidən işgəncələr davam etmişdir. Bu proses davamlı şəkildə təxminən 1 aya yaxın davam etmişdir. İşgəncələr eyni anda 3-4 nəfər tərəfindən verilmiş, onun bədəninə elektrik cərəyanı qoşulmuş, boğulma efekti yaradan şəkildə suda boğmuşlar, müxtəlif əşyalarla, o cümlədən əl-ayaq zərbələri ilə döymüşlər. Daha sonra Bakıya hərbi polisə gətirilmişdir. Təxminən bir həftəyə qədər orada saxlanılmışdır. Bakıda hərbi polisin əməkdaşları onu "vətən xaini" deyib döymüşlər. Hərbi polisdə saxlanılarkən 2 dəfə maşınla Hərbi Prokurorluğa sorğu-suala aparılmışdır. Daha sonra geri - Mingəçevirə qaytarılmış, burada saxlanıldıqdan bir müddət sonra gözlərini və əllərini açmışlar. İyun ayının xatırlamadığı günündə Mingəçevirdən buraxılmış, onu N saylı hərbi hissədə N ay yaraları sağalana qədər korpus komandirinin sərəncamında saxlamışlar. 2017-ci ilin 7 avqustunda işgəncələr nəticəsində aldığı xəsarətləri nisbətən sağaldığı üçün müqavilə müddətinin bitməsi əsası ilə hərbidən tərxis etmişlər. Elektrik cərəyanı verilməsi nəticəsində bədənində deşiklər əmələ gəlmişdir. Evə buraxıldıqdan sonra ayağında dəri xəstəliyi yaransa da, bir müddət sonra bu xəstəlik sağalmışdır. Azərbaycan Respulikası Müdafiə Nazilriyinin bir qrup hərbi qulluqçusunun barəsində Azərbaycan Respublikası CM-nin 274 və digər maddələri ilə istintaq edilmiş ********* saylı cinayət işinin istintaqı zamanı CM-nin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməyi sübuta yetirilmədiyi üçün onun barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə (cinayətin törədilməsinə aidiyyəti olmaması və ya təqsirliliyi sübuta yetirilməməsi) əsasən 16 mart 2018-ci il tarixli qərarla xitam verilmişdir. 2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən 2-ci Qarabağ müharibəsində səfərbərlik çərçivəsində orduya çağırılmış və Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Hazırda bədənində gözlə müşahidə edilə bilən xəsarət izi və ya ləkə qalmamış, lakin psixoloji vəziyyəti məruz qaldığı işgəncələrdən sonra sıradan çıxmışdır. Əsəb pozğunluğundan əziyyət çəkir. Hazırda heç bir yerdə işləmir, uzun müddətdir işsizdir. O, şərti adı "Tərtər işi" adlanan cinayət işi çərçivəsində hərbçiləri özünü öldürmə dərəcəsinə çatdırma, bir sıra hərbçilərin sağlamlığına ağır və az ağır zərər vurma, əzab vermə və s. cinayət əməllərinə yol vermiş N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X7, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, baş gizir X4 və N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, kiçik gizir X1 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Tərtər Hərbi Məhkəməsinin (X12 oğlunun sədrliyi ilə) 31 yanvar 2019-cu il tarixli hökmü ilə Fuad Ağayev 10 il, Qurban Cümşüdov və Cavid Ağadadaşov isə hər biri 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Məhkəmə tibb ekspertizasının 24 aprel 2018-ci İl tarixli 1046 saylı rəyinə əsasən onun "bədən səthində hər hansı xəsarət və xəsarət izi aşkar olunmamışdır". Həmin hökmdən təqsirləndirilən şəxslərin vəkilləri apelyasiya şikayəti verərək, müdafiə etdikləri şəxslərə verilmiş cəzaların yüngülləşdirilməsini xahiş etmişlər. Gəncə Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının (sədrlik edən və məruzəçi X2) 30 sentyabr 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayətləri təmin edilməmiş, ancaq Qurban Cümşüdov və Cavid Ağadadaşovun təqsirli bilindiyi CMnin 126.3-cü maddəsinə münasibətdə CM-nin 62-ci maddəsi tətbiq edilməklə, hökm dəyişdirilmiş, bu iki şəxsin cəzaları qismən toplanmaq yolu ilə onların hər birinə 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, şərti adı "Tərtər işi" adlanan cinayət işi çərçivəsində o, qanunsuz və əsassız cinayət təqibinə məruz qalmış, qanunsuz azadlıqdan məhrum edilmiş və ona amansız işgəncələr verilmiş, daha sonra isə qanunsuz olaraq hərbi xidmətdən tərxis olunmuşdur. Ona qarşı qanunsuz əməlləri onun barəsində başlanmış cinayət işinə Hərbi Prokurorluq tərəfindən 16 mart 2018-ci il tarixli qərarla xitam verilməsi də bir daha təsdiq edir. Bununla da o, maddi və mənəvi ziyana məruz qalmış, peşəkar hərbçi karyerasından məhrum edilmiş, özü və ailəsi hazırda da stress və sarsıntı keçirir, hər hansı maddi gəlir və iş yeri yoxdur. Bu səbəbdən, yəni təhqiqat və istintaq orqanının qanunsuz hərətəkətləri nəticəsində ona vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almalıdır. Ona vurulmuş maddi ziyana görə kompensasiyanı belə əsaslandırır: onun hərbi xidmət dövründə aylıq əmək haqqısı 900 manat olmuşdur. Sonuncu dəfə bu əmək haqqını tam şəkildə 2017-ci ilin may aylnda almışdır. Həmin ilin iyun-iyul aylarında 800 manat almış, avqust ayında isə ona cəmi 300 manat verilmişdir. 2017-ci ilin avqustunda isə müqavilə müddəti bitdiyi əsası ilə hərbi xidmətdən tərxis edilmişdir. Deməli, iyun-yul aylarında əmək haqqından cəmi 1.000 manat (hər ay üzrə 500 manat), avqust ayında isə 600 manat əksik almışdır. Bu cəmi 3 ay (iyun-avqust 2017) 1.600 manat edir. 2017-ci ilin avqust ayında növbəti 5 il üçün müqavilə müddətinin uzadılmasından qanunsuz məhrum edilməklə növbəti 5 il üçün maddi gəlirlərindən məhrum edilmişdir. Bu isə 60 ay üçün (5 il x 12=60 ay) 54.000 manat edir. Bundan başqa onun hərbi xidmətdən tərxis oldunduqdan bir müddət sonra maddi xərclərini qarşılamaq üçün təxminən 30.000 manat dəyərində olan 2005-ci il istehsalı olan "Toyota Prado" markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilini dəyərindən aşağı qiymətə 17.000 manata satmışdır. Nəticədə ona 13.000 manat ziyan dəymişdir. O, 2017-ci ilin may-iyun aylarında məruz qaldığı işgəncə və pis rəftardan vaxtaşırı müalicə alır, ancaq həmin məbləğlərin ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmir. Beləliklə, onun məruz qaldılğı maddi zərər 68.600 manat edir (1600+54.00+13.000=68.600). Ona vurulmuş mənəvi zərəri isə 50.000 manat məbləğində qiymətləndirir. Ona qarşı başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə (cinayət törədilməsinə aidiyyəti olmaması və ya təqsirliliyi sübuta yetirilməməsi) əsasən Hərbi Prokurorluğun 16 mart 2018-ci il tarixli qərarı ilə xitam verilmişdir. Ona fiziki, maddi və mənəvi zərər vuran şəxslərdən bəziləri müəyyən edilmiş, həbs edilmiş, məhkum edilsə də, qalan əhəmiyyətli hissəsi bugünədək azadlıqdadır. Zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə məhkum olunan şəxslər (Fuad Ağayev və digərləri) ona və digər şəxslərə işgəncə verən zaman dövləti təmsil etmişlər, yəni adi mülki vətəndaş kimi yox, müvafiq hərbi hissələrin vəzifəli şəxsləri kimi çıxış etmişlər, təhqiqat və ibtidai istintaq orqanının funksiyalarını həyata keçirmişlər, dövlətə xəyanət və digər cinayət faktlarının araşdırılması üçün bir sıra hərbi hissələrin əraziləri (N saylı hərbi hissənin Marquşevan ərazisindəki köhnə qərargah binası, N saylı hərbi hissənin köhnə binası və s.), hərbi hissələrin qulluqçuları (məsələn N saylı hərbi hissə və s.) onların ixtiyarına verilmişdir. Bu səbəbdən də onların gördüyü qanunazidd fəaliyyətə görə məsulyyətinin dövlətin üzərinə düşməsi də məntiqlidir.

5. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia tələbinə etiraz ərizəsi təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Tərtər Hərbi Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə zərərçəkmiş şəxs olduğuna əsaslanaraq dəymiş mənəvi ziyana görə 50.000 manat, maddi ziyana görə 68.600 manat, cəmi 118.600 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Bununla bağlı bildirirlər ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi ilə bağlı müddəalar Azərbaycan Respublikası CPM-nin 189-191-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərərçəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərərçəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. Zərərçəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir. Bu baxımdan hesab edirlər ki, ilk növbədə cinayət işi üzrə məhkəmə icraatı zamanı iddiaçıya kompensasiya ödənilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib-etməməsi, həmin məhkəmə işi üzrə hökmdə kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılması məsələsinin qeyd olunub-olunmaması araşdırılmalıdır. Bundan başqa CPM-nin 197-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxsə vurulmuş ziyana görə kompensasiya qismində ödənilmiş məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunan məhkəmə məsrəfi məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Göstərilənlərə əsasən bildirirlər ki, məhkəmə tərəfindən kompensasiya müəyyən edilərkən, həmin kompensasiyanın dövlət büdcəsinə qaytarılması məsələsi də həll edilməlidir. Bununla yanaşı iddia ərizəsində “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilərək kompensasiya tələb edilmişdir. Bununla bağlı bildirirlər ki, Cinayət Prosessual Məcəllənin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Lakin iş materiallarında iddiaçıya cinayət prosesini həyata keçirən orqanın (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının) səhvi və ya sui-istifadəsi nəticəsində ziyan dəyməsi faktını müəyyənləşdirmək mümkün deyildir. Belə ki, yuxarıda qeyd olunan cinayət işi üzrə məhkum olunmuş şəxslərin cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsləri olubolmaması məlum deyildir. Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən cinayət işi ilə bağlı 2017-ci il 7 may tarixli bəyanat yaymışdır. Bu baxımdan hesab edirlər ki, yuxarıda qeyd olunan məsələlər ilə bağlı adıçəkilən orqanların məhkəmə işinə cəlb olunması məqsədəmüvafiqdir. Bundan başqa qeyd edirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 8 nömrəli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bununla yanaşı maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Bundan başqa iddiaçı maddi zərərə görə kompensasiya tələb etmişdir. Bununla bağlı bildirirlər ki, sözügedən məsələ əmək mübahisəsi olduğundan qeyd olunan məsələ işçi (hərbi qulluqçu) və işəgötürən (müvafiq hərbi hissə) arasında tənzimlənməlidir. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsi xahiş edilmişdir

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(006)- 24/2023 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddianın qismən təmin edilməsi, İddiaçı vurulmuş maddi zərərə görə 1.433,20 manat və mənəvi zərərə görə 4.000 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1100, 1101.1, 1101.2-ci maddələri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 57.1, 58.1, 58.2-ci, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4, 5, 6-cı maddəsinin 1-ci bəndi, 7, 12-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə terefinden iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə i qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 4.000 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Eyni zamanda hesab edirik ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyuk ictimai təhlükə törətməyən cinayət törədildikdə— on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 4000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

14. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

15. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

16. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi

17. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.

18. Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.

19. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir

«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu

20. Maddə 4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır

21. Maddə 5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir

22. Maddə 6. 1-ci bəndi Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir

23. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir

24. Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.

25. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

29. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iddianın təmin olunan hissəsi mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın təmin olunan hissəsində hissədə dəyişdirilməlidir.

34. Belə ki, işdə olan yazılı sübutlarla müəyyən olunur ki, İddiaçı 07 may 2017-ci il tarixdə bir qrup şəxs tərəfindən saxlanılmış və Tərtər rayonunun Marquşevan kəndinin ərazisində yerləşən hərbi hissənin köhnə qərargahına aparılmışdır. Qərargahda qanunsuz olaraq saxlanıldığı müddətdə vətənə xəyanətdə ittiham edilmiş, insan ləyaqətini alçaldan rəftara, habelə cinayət təqibinə məruz qalmış və nəticə etibarı ilə konstitusion hüquq qismində çıxış edən azadlıq və bir sıra digər hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun barəsində Azərbaycan Respublikası CM-nin 274 və digər maddələri ilə istintaq edilmiş ********* №li cinayət işinin istintaqı zamanı CM-nin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmədiyi üçün İddiaçı barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən 16 mart 2018-ci il tarixli qərarla xitam verilmişdir

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın yuxarıda qeyd olunan hissələrində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

36. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi ziyanla bağlı hissədə kifayət qədər əsaslandırılmışdır.

37. Lakin birinci instansiya məhkəməsi cavabdehdən 4000 manat mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, iş materiallarında iddiaçının həbsdə saxlanıldığı və bunun nəticəsində onun ciddi mənəvi iztirab çəkməsi iş materialları təsdiq olunmur. Bunu nəzərə alaraq kollegiya hesab edir ki, mənəvi ziyanın həcminin 3000 manat müəyyən edilməsi daha ədalətli və ağlabatandır.

38. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında qeyd edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.

39. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

40. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilri ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.

41. Beləliklə, qeyd olunanlar konteksində Kollegiya cavabdeh tərəfindən verilmiş şikayəti araşdıraraq belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Nəsimi Rayon Məhkəməsinin 2(006)-24/2023 saylı iş üzrə 25 aprel 2023-cü il tarixli qətnaməsi qismən - mənəvi zərərə görə pulun ödənilməsi hissəsində dəyişdirilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-24/2023 saylı iş üzrə 25 aprel 2023-cü il tarixli qətnaməsi cavabdehdən mənəvi ziyanın tutulması hissəsində dəyişdirilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 3.000 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-24/2023 saylı iş üzrə 25 aprel 2023-cü il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar