Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4246/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhəri 20 saylı Notariat ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi və müddətinin uzadılması və s.) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1070/2024 nömrəli 06 may 2024cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan "xxxx" QSC-nin İnfrastruktur Departamenti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, Biləcəri Lokomativ deposunun maşinisti X7 Azərbaycan Dəmir yolu Yol xidmətinin P-232 nömrəli, xx.xx.1988-ci il tarixli məktubu ilə Pirşağı-Sumqayıt sərnişin mənzili 38 km pk 8-də dəmir yolunun təhkim zolağında əsaslı tikinti işləri aparmamaq şərti ilə bostan və tərəvəz bitkilərinin əkilibbecərilməsi üçün torpaq sahəsi ayrılmışdır.
2. İş materiallarında olan Bakı şəhəri 20 saylı Notariat ofisi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 241 nömrəli məktubdan görünür ki, onun 22 sentyabr 2017-ci il tarixdə vəfat etmiş atası – X5 vəfatı ilə əlaqədar mirasın qəbulu ilə bağlı ərizəsinə notariat ofisi tərəfindən baxılmış və ona bildirilmişdir ki, müddətin ötürülməsi səbəbindən onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Bununla əlaqədar olaraq buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
3. İş materiallarında olan İV-ЖГ seriyalı 322589 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Baharova (Abdinova) Ulduz Habil qızı arasında 01 avqust 1986-cı il tarixdə nikah bağlanmış və 804 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir.
4. İş materiallarında olan XİV-ЖГ seriyalı 485669 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X11, anası isə İddiaçı3dır.
5. İş materiallarında olan Xİİ-ЖГ seriyalı 432536 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X11, anası isə İddiaçı3dır.
6. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 894164 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 22 sentyabr 2017-ci il tarixdə ölmüşdür.
7. İş materiallarında olan 7 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 iyun 2023-cü il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid 17 iyun 2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: İddiaçı3 – xx.xx.1961 Bakı şəhəri; Əri (arvadı): X11 (xx.xx.1956 )-(ölüb); Qızı: İddiaçı2 (xx.xx.1987)-(evli); Qızı: İddiaçı1 (xx.xx.1991)- (evli);
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhəri 20 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi və müddətinin uzadılması və.s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişlər ki, PirşağıSumqayıt sərnişin mənzili 38 km pk 8-də dəmir yolunun təhkim zolağında yerləşən, əkinə yararlı torpaq sahəsi onlardan ikisinin atası və digərinin əri - X1 olmuşdur. Z.Baharov 22 sentyabr 2017-ci il tarixdə işemik insult keçirərək vəfat etmişdir. Z.Baharovun birinci növbə vərəsələri - həyat yoldaşı İddiaçı3 və qızları Əliyeva (Baharova) Zümrüd Zakir qızı və Mahmudova (Baharova) Aynur Zakir qızıdır. Yuxarıda qeyd edilən torpaq sahəsi Z.Baharovdan onlara, yəni iddiaçılara miras qalmışdır. Onlar, yəni vərəsələr Z.Baharovun sağlığında və onun ölümündən sonra torpaq sahəsindən istifadə etməklə Z.Baharovdan qalan miras əmlakı faktiki olaraq qəbul etmişlər. Hazırda da həmin torpaq sahəsi onlar tərəfindən idarə olunur, sahənin saxlanması üçün müxtəlif tədbirlər (sökülmüş hasarın bərpası, əkin işləri və s.) görülməkdədir. Qeyd edilən torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı reyestrindən Çıxarış olmadığından onlar hər bir halda həmin torpaq sahəsinin miras əmlak olaraq faktiki qəbul etməklə yanaşı formal qəbul edilməli olduğunu bilməmişlər. Yalnız 2023-cü ilin ortalarında həmin torpaq sahəsinə çıxarışın alınması məqsədilə hüquqi yardım üçün müraciət etdiklərində bu məsələ barədə məlumatlı olmuşlar. Onlar birinci növbə vərəsələr olaraq miras payını faktiki qəbul etdikləri üçün torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququnu realizə etmək məqsədilə tələb olunan sənədləri toplayaraq (buna da müəyyən vaxt sərf edilmişdir) cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə müraciət etmişlər. Lakin Notariat Ofisi 19 avqust 2023 tarixli, 241 saylı cavab məktubu ilə miras əmlakın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin ötürüldüyünü bildirərək müraciəti təmin etməkdən imtina etmiş və buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Odur ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni başqa qaydada ala bilmədikləri yaxud vərəsəlik işi açıla bilmədiyi üçün onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçılar Z.Baharova məxsus miras əmlakı qəbul etdiklərini digər şəxslərə şəksiz nümayiş etdirmişlər, torpaq sahəsindən istifadə edərək, ona faktiki sahibliyə yiyələnmişlər. Bununla da miras əmlakı mülkiyyətlərinə qəbul etmək barədə iradə ifadə etmişlər. Onlar Z.Baharovun sağ olduğu dövrdə də, ondan sonra da fasiləsiz olaraq yuxarıda qeyd edilən torpaq sahəsindən istifadə etməklə miras əmlakı hər bir halda faktiki olaraq qəbul etmişlər. Onlar hesab edirlər ki, Z.Baharov 22 sentyabr 2017- ci ildə vəfat etmiş, onun birinci növbə qanun üzrə vərəsələrinin, yəni onların Z.Baharova məxsus olmuş əmlaka vərəsəlik hüquqları vardır. Belə ki, Mülki Məcəllənin 1243.3-cü maddəsinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul edib. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1274-cü maddəsinə görə, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Odur ki, onlar hesab edirlər ki, 22 sentyabr 2017-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Pirşağı-Sumqayıt sərnişin mənzili 38 km pk 8-də dəmir yolunun təhkim zolağında yerləşən torpaq sahəsinin qəbul edilməsi üçün ötürülmüş müddət üzrlü hesab edilməli, həmin müddət uzadılmalı və torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququnun realizə edilməsi vəzifəsi cavabdeh Bakı Şəhəri 20 saylı Notariat Ofisinin üzərinə qoyulmalıdır. İddiaçılar yuxarıda göstərilənləri nəzərə alaraq, 22 sentyabr 2017-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakın - Pirşağı-Sumqayıt sərnişin mənzili 38 km pk 8-də dəmir yolunun təhkim zolağında yerləşən torpaq sahəsinin qəbul edilməsi üçün müddətin ötürülməsinin üzrlü hesab edilməsi, həmin müddətin uzadılması və onların torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququnun realizə edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1070/2024 nömrəli 06 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhəri 20 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi və müddətinin uzadılması və.s” tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1151.2, 1152, 1159.1.1, 1246, 1248.1-ci maddələrinə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16.1.1, 17.1, 17.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin hallarına uyğun deyildir. İddiaçılar onlara münasibətdə miras qoyanın vərəsələri olduqlarını və vaxtilə miras qoyanın istifadəsinə verilmiş, onun ölümündən sonra isə faktiki olaraq iddiaçıların istifadəsində olan torpaq sahəsi üzərində ilkin mərhələdə miras qoyanın hüquqlarının rəsmiləşdirilməsini, sonrakı mərhələdə isə əmlakın vərəsələr arasında bölüşdürülərək müvafiq qaydada sənədləşdirmə işini aparmaq istəmişlər. Bundan ötrü onların mərhum X5 vərəsələri olmasına və Zakir Baharova ayrılmış torpaq sahəsinin faktiki onlar tərəfindən qəbul edilməsinə dair sənəd tələb edildiyindən iddiaçılar qeydiyyatda olduqları ünvan üzrə aidiyyəti notariat ofisinə müraciət etmişlər. Sonuncu isə artıq qüvvədən düşmüş Mülki Məcəllənin 1246-cı maddəsi ilə nəzərdə tutulan vərəsəlik hüququ üçün xüsusi qəbul müddətin ötürüldüyü əsası ilə iddiaçılara imtina etmişdir. Birinci instansiya məhkəməsi isə faktiki olaraq işin qeyd edilən hallarından kənara çıxaraq iş üzrə yanlış nəticələrə gəlmişdir. Birinci instansiya məhkəməsi faktiki olaraq iddia tələbindən kənara çıxmış, mərhum X5 istifadəsinə verilmiş torpaq sahəsinin hüquqi statusunu qiymətləndirməyə cəhd etmişdir. Halbuki, bu ümumiyyətlə iddia predmetini təşkil etməmiş, iddia Zakir Baharov ayrılmış torpaq sahəsi üzərində onun hüquqlarının mövcud olub-olmaması ilə bağlı olmamışdır. Qeyd edilən məsələ ümumiyyətlə inzibati icraat qaydasında baxılmalı olan bir məsələ olduğundan və hazırda işdə iştirak edən şəxslər tərəfindən bununla bağlı heç bir məsələ qaldırılmadığından birinci instansiya məhkəməsinin ona münasibət bildirməsi və faktiki olaraq işi bu məsələ üzərindən qiymətləndirməsi anlaşılan deyil. Birinci instansiya məhkəməsi qeyd edilən normaların tələblərini pozaraq iş üzrə yanlış qənaətə gəlmişdir. Məhkəmənin qətnaməsində qeyd edilir ki, iddiaçılardan ikisinin atası, digərinin isə əri olan mərhum X11 istifadəsinə verilmiş torpaq sahəsinin özəlləşdirilməsiilə bağlı hüquqlarından yaşadığı müddətdə istifadə etməmiş, həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün müraciət etməmişdir. Zakir Baharova torpaq sahəsi ayrılsa da, sonuncu öz sağlığında həmin torpaq sahəsi üzərində mülkiyyət və ya digər əşya hüquqları əldə etməmiş, həmin torpaq sahəsi yalnız onun istifadəsinə verilmişdir. Bu əsasla da məhkəmə o qənaətə gəlmişdir ki, Pirşağı Sumqayıt sərnişin mənzili 38 kmpk 8-də dəmir yolunun təhkim zolağında əsaslı tikinti işləri aparmamaq şərti ilə bostan və tərəvəz bitkilərinin əkilib-becərilməsi üçün torpaq sahəsi BaharovZakir Dadaş oğluna ayrılsa da, onun sağlığında həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı üçün müraciət edilmədiyindən, o, həmin əmlaka dair mükiyyət hüquqları əldə etmədiyindən həmin torpaq sahəsi miras əmlak, yəni miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) toplusuna daxil deyildir. Lakin istinad edilən Mülki Məcəllənin 158.1.2-ci maddənin məzmunundan görünür ki, əmlakdan istifadə hüququ da əmlak hüquqları sırasına daxil edilmişdir. Digər tərəfdən mərhum X2 ona ayrılmış torpaq sahəsi üzrə mülkiyyətçi hüquqlarının əldə edilməsi üçün hər hansı bir addım atmaması onun bu hüquqlardan imtinası kimi qiymətləndirilə bilməz. Miras qoyanın əmlak hüquqları onun sağlığında dövlət qeydiyyatına alınıb-alınmamasından asılı olmayaraq mirasın tərkibinə daxildir. Bu hüquqların rəsmiləşdirilməməsi heç də onun itirilməsinə əsas vermir. Həmin hüquqlar bütünlüklə vərəsəyə və ya vərəsələrə keçdiyindən rəsmiləşdirmə prosesi də həmin vərəsə və ya vərəsələrin müvafiq dövlət qurumlarına yaxud rəsmiləşdirilmə ilə bağlı hüquqmüəyyənedici sənədlərlə bağlı çatışmazlıq olduqda və ya başqa bir uyğunsuzluq aşkar edildikdə məhkəmə orqanlarına müraciəti əsasında həyata keçirilir. Hazırkı mülki mübahisənin də mahiyyəti ondan ibarət olmuşdur ki, vərəsələr aidiyyəti notariat ofisinə müraciət etsələr də, sonuncu miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsi səbəbindən miras qoyan mərhum X5 vərəsələrinin tam dairəsini müəyyənləşdirməkdən, ümumiyyətlə vərəsəlik işi açmaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsinin yanlış gəlmiş olduğu nəticələrdən biri də ondan ibarətdir ki, mərhum X7 məxsus olan miras əmlak mövcud olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi qeyrimümkündür. Qeyd edilməlidir ki, iddiaçılar cavabdeh 20 saylı notariat ofisinə bu mərhələdə vərəsəlik şəhadətnaməsinin alınması üçün deyil, miras əmlakın mövcud olması, onların mərhum Zakir Baharovun vərəsələri olması, vərəsələr olaraq həmin miras əmlakı qəbul etmələrini bildirmələri və vərəsəlik işinin açılaraq onlara miras əmlakın rəsmiləşdirilməsinə başlamaları üçün müvafiq sənədin verilməsi üçün müraciət etmişlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-cimaddəsinin də müddəalarından görünür ki, vərəsə(lər) miras qoyanın ona məxsus olan hər hansı bir əmlakı üzərində hüquqlarını təsdiqləyən çıxarış olmasa da belə, onun vərəsəsi(ləri) ilkin mərhələdə həmin hüquqların ölmüş miras qoyana məxsus olmasını təsdiqləyən sənədin alınması üçün qeydiyyat orqanına müraciət edə bilərlər. Hazırkı mülki iş üzrə iddiaçılar həm də qeydiyyat orqanına müraciət etməkdən ötrü özlərinin vərəsə statuslarını təsdiqləmək və notariat ofisindən müvafiq sənədi almaq məqsədilə aidiyyəti üzrə 20 saylı notariat ofisinə müraciət ünvanlamışlar. Məqsəd isə vərəsələr kimi tanındıqdan sonra miras qoyanın adına miras qoyulan əmlak üzərində hüquqlarını təsdiqləyən müvafiq hüquq müəyyənedici sənədi əldə etdikdən sonra həmin sənədi sonrakı mərhələdə notariat ofisinə təqdim edərək vərəsəlik şəhadətnaməsini almaqdan ibarət olmuşdur. Cavabdeh 20 saylı notariat ofisi də onların belə bir hüquqlarının olmaması əsası ilə deyil, sırf miras qoyanın miras əmlakının vərəsələr tərəfindən qəbul edilməsi ilə bağlı Mülki Məcəllədə mövcud olmuş, lakin artıq məhkəmə mübahisəsi davam etdiyi müddətdə qüvvədən düşmüş miras əmlakın xüsusi qəbul şərtini və müddətini müəyyən edən Mülki Məcəllənin 1246-cımaddəsinə istinad edərək vərəsəlik işinin açılmasından imtina etmişdir. Məhkəməyə verilmiş iddia ərizəsində qeyd edilmiş, sonradan dəqiqləşdirilmiş iddia tələblərindən də görünür ki, iddiaçılar vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı tələb irəli sürməmişlər. Beləliklə, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1581.2cimaddəsini,“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tələblərini pozmuş, Mülki Məcəllənin 1151.1-ci maddəsini isə yanlış şərh edərək hazırkı işin halları üzrə düzgün tətbiq etməmişdir. Nəticə etibarilə birinci instansiya məhkəməsi iddiaçılara münasibətdə vərəsəlik hüquqlarına təminat verən konstitusion normanı da pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir . Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki qeyd edilən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
16. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
17. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
18. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
19. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
20. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
21. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
22. 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.
23. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
24. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
25. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun:
26. 16.1.1-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsi üsulları arasında özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı nəzərdə tutulmuşdur.
27. 17.1-ci maddəsinə görə özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini, (onun qalan hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə almaq hüquqları vardır. Həmin güzəştlərin verilməsi formaları və həyata keçirilməsi qaydaları Dövlət Proqramı ilə müəyyən olunur.
28. 17.2-ci maddəsinə görə özəlləşdirilən dövlət müəssisələrin səhmlərinin və ya hissələrinin satışında güzəştlər aşağıdakı şəxslərə aid edilir: 17.2.1. əsas iş yeri həmin müəssisə hesab edilən işçilər; 17.2.2. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər; 17.2.3. özəlləşdirilən müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1070/2024 nömrəli 06 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
39. İş materialları ilə müəyyən edilir ki, Biləcəri Lokomativ deposunun maşinisti X7 iş yerindən Azərbaycan Dəmir yolu Yol xidmətinin P-232 nömrəli, xx.xx.1988-ci il tarixli məktubu ilə Pirşağı-Sumqayıt sərnişin mənzili 38 km pk 8-də dəmir yolunun təhkim zolağında əsaslı tikinti işləri aparmamaq şərti ilə bostan və tərəvəz bitkilərinin əkilibbecərilməsi üçün torpaq sahəsi ayrılmışdır. X11 22 sentyabr 2017-ci il tarixdə vəfat etmiş, 7 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 iyun 2023-cü il tarixli arayışla da təsdiq edilmişdir ki, X5 ailə tərkibi arvadı İddiaçı3, qızı İddiaçı2 və digər qızı İddiaçı1 ibarət olmuşdur. X11 istifadəsinə verilmiş torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı hüquqlarından yaşadığı müddətdə istifadə etməmiş, həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün müraciət etməmişdir. Hazırki iş üzrə iddiaçılar Zakir Baharova əsaslı tikinti işləri aparmamaq şərti ilə bostan və tərəvəz bitkilərinin əkilib-becərilməsi üçün verilmiş Pirşağı-Sumqayıt sərnişin mənzili 38 km pk 8-də dəmir yolunun təhkim zolağında yerləşən torpaq sahəsinin onlar tərəfindən birinci növbə üzrə vərəsələr olaraq miras əmlak kimi faktiki olaraq qəbul edilməsinə, onlar tərəfindən saxlanılması və idarə olunmasına əsaslanaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsələr də, həmin torpaq sahəsi üzərində mərhum X11 tərəfindən mülkiyyət və ya digər əşya hüquqları əldə edilməmiş, həmin torpaq sahəsi yalnız onun istifadəsinə verilmişdir.
40. Kollegiya qeyd edir ki, Pirşağı Sumqayıt sərnişin mənzili 38 km pk 8-də dəmir yolunun təhkim zolağında əsaslı tikinti işləri aparmamaq şərti ilə bostan və tərəvəz bitkilərinin əkilib-becərilməsi üçün torpaq sahəsi X7 ayrılsa da onun sağlığında həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı üçün müraciət edilmədiyindən, o, həmin əmlaka dair mükiyyət hüquqları əldə etmədiyindən həmin torpaq sahəsi miras əmlak, yəni miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) toplusuna daxil deyildir. Belə olan halda X7 məxsus olan miras əmlak mövcud olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi qeyri-mümkündür.
41. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı məhkəmə qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X6 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1- ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu qanunverici orqan tərəfindən Mülki Məcəllənin mirasın qəbulu və mirasdan imtina ilə əlaqədar normalarının həmin Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir.
42. Yekunda Plenum aşağıdakı nəticəyə gəlmişdir: Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir; - Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir; - mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.
43. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarını nəzərə alaraq bildirir ki, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246-cı maddəsi artıq qüvvədən düşdüyündən X7 məxsus digər miras əmlak mövcud olduğu təqdirdə iddiaçılar həmin əmlaka dair vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün notariat orqanına müraciət etmək hüququna malikdirlər.
44. Bununla bağlı olaraq birinci instansiya məhkəməsi iddia tələbinin “mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi və müddətinin uzadılması” hissəsində də təmin etməməkdə haqlı olmuşdur.
45. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
48. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə birgə iddiaçılar tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1070/2024 nömrəli 06 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.