Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4248/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-268/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı “xxxx” MMC (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “qeyri-yaşayış sahəsinin yenisi ilə əvəzlənməklə və kirayə haqqı verilməklə boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən beşmərtəbli binanın zirzəmisində 39,7 kv.m və 48,4 kv.m olmaqla ümumilikdə-88.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ saxlanılmaqla, hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməklə və gələcəkdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən yüksək mərtəbəli yaşayış binasında yarımzirzəmi formasında (39,7+48,4=88,1x20%=105,72) 105,72 kv.m sahədən ibarət qeyri yaşayış sahəsi ilə təmin edilməsi şərti ilə ünvan 1 ünvanında yerləşən beşmərtəbli binanın zirzəmisində 39,7 kv.m və 48,4 kv.m olmaqla ümumilikdə-88.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir). Cavabdeh məhkəməyə qarşılıqlı iddia tələbinə dair ərizə verərək ünvan 1 ünvanında yerləşən beşmərtəbli binanın zirzəmisində ona məxsus 39,7 kv.m və 48,4 kv.m olmaqla ümumilikdə 88.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahələrinin sökülməsi ilə əlaqədar olan yeni tikiləcək binaların 1-ci mərtəbəsində sahibkarlıq fəaliyyətini davam etdirmək məqsədilə 700 kv.m qeyri-yaşayış sahəsinin verilməsi, ona həmin qeyri-yaşayış sahəsinə çıxarış verilənə qədər hər ay 4500 manat məbləğində icarə haqqının verilməsi, ünvan 1 ünvanında qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin və binanın həyətində olan torpaq sahələrində paylı mülkiyyətin ədalətli bazar qiyməti ilə müəyyən edilərək dəyərinin, iddiaçıdan 162.000 manat məbləğində maddi, 700.000 manat məbləğində isə mənəvi zərərin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-268/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, cavabdehə hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməklə və gələcəkdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən yüksək mərtəbəli yaşayış binasında yarımzirzəmi formasında (39,7+48,4=88,1x20%=105,72) 105,72 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi ilə təmin edilməsi şərti ilə ona məxsus ünvan 1 ünvanında yerləşən beşmərtəbli binanın zirzəmisində 39,7 kv.m və 48,4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində (ümumilikdə 88,1 kv.m) mülkiyyət hüququ saxlanılmaqla, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, iddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən beşmərtəbli binanın zirzəmisində cavabdehə məxsus 39,7 kv.m və 48,4 kv.m olmaqla ümumilikdə-88.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin sökülərək onun yerində tikiləcək yeni binanın yarımzirzəmi formasında (39,7+48,4=88,1x20%=105,72) 105,72 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin cavabdehə təhvil verilməsi, həmin 105,72 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi cavabdehə təhvil verilənədək hər ay 450 manat məbləğində kirayə haqqının cavabdehə ödənilməsi qərara alınmış, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı qətnamə ilə razılaşaraq onu mübahisləndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin əsassız və qeyri-qanuni olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini qeyd edərək göstərmişdir ki, rayon məhkəməsi işə obyekiv baxmamış, sübutlara düzgün qiymət verməmiş, düzgün olmayan qətnamə qəbul etmişdir, göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin tam təmin edilərək, yeni tikiləcək binaların 1-ci mərtəbəsində sahibkarlıq fəaliyyətini davam etdirmək məqsədilə 700 kv.m qeyri-yaşayış sahəsinin verilməsi, ona həmin qeyri-yaşayış sahəsi çıxarış verilənə qədər hər ay 4500 manat məbləğində icarə haqqının verilməsi, ünvan 1 ünvanında qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin və binanın həyətində olan torpaq sahələrində paylı mülkiyyətin ədalətli bazar qiyməti ilə müəyyən edilərək dəyərinin, iddiaçıdan 162.000 manat məbləğində maddi, 700.000 manat məbləğində isə mənəvi zərərin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, qətnamə ədalətizdir və əsassızdır, o, mahiyyət etibarı ilə özünə məxsus qeyri yaşayış sahəsinin sökülərək yerində yeni müasir binanın inşa edilməsinə, Bakı şəhərinin abadlaşdırılması və müasirləşdirilməsinə etiraz etmir, lakin MMC tərəfindən onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur, tərəflər arasında son razılıq əldə olunmadan onun mülkiyyətindən istifadəyə məhdudiyyətlər qoyulmuşdur, o, mülkiyyətindən sərbəst istifadə edə bilməmiş, aparılan uzun-uzadı danışıqlar nəticə verməmiş, MMC-nin təklifləri onu qane etmir, həmin sahələrdən o sahibkarlıq fəaliyyəti üçün istifadə edir, bu səbəbdən də qarşılıqlı iddasında göstərilən ölçüdə sahənin və məbləğdə kirayə haqqının ödənilməsi halında razılığa gələ bilər, buna baxmayaraq MMC tərəfindən həmin sahələr də artıq sökülmüşdür, işə baxan rayon məhkəməsi ona qarşı obyektiv olmamışdır, eyni ərazidə başqa şəxslərə mənzilə görə kirayə haqqı kimi 500-600 manat verildiyi halda onun iki qeyri-yaşayış sahələri üçün ümumilikdə 450 manat müəyyən etmişdir, göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin tam təmin edilərək, yeni tikiləcək binaların 1-ci mərtəbəsində sahibkarlıq fəaliyyətini davam etdirmək məqsədilə 700 kv.m qeyri-yaşayış sahəsinin verilməsi, ona həmin qeyriyaşayış sahəsi üzrə çıxarış verilənə qədər hər ay 4500 manat məbləğində icarə haqqının verilməsi, ünvan 1 ünvanında qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin və binanın həyətində olan torpaq sahələrində paylı mülkiyyətin ədalətli bazar qiyməti ilə müəyyən edilərək dəyərinin, eləcə də MMC-dən 162.000 manat məbləğində maddi, 700.000 manat məbləğində isə mənəvi zərərin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin paytaxt Bakı şəhərinin abadlaşdırılması və müasirləşdirilməsi sahəsindəki tapşırıq və göstərişinə əsasən, Bakı şəhərində “Pilot layihə” formatında vaxtı keçmiş və istifadə müddətini başa vurmuş binaların sökülməsinə və yerində yeni müasir binaların inşa edilməsi ilə sakinlərin yeni müasir binalar tikilərək onların mənzil-məişət şəraitinin yaxşılaşdırlıması sahəsində onların şirkəti də bir sıra layihələrdə iştirak edir, hazırkı tikili də həmin layihələrdəndir, tikinti üçün bütün zəruri sənədləşdirmə və razılıqlar əldə olunmuş, həmin binaların qəzalı və istismara yararsız olması müəyyən olunmuş, şirkət olaraq onlar həmin sahədə olan bütün sakinlərlə yeni tikiləcək binada sahələri əvvəlkindən 20 faizdən çox olan təmirli mənzillə təmin olunmaları, bina hazır olan vaxtadək isə müvafiq kirayə haqqı ödənilməsi barədə qarşılıqlı razılaşmalar əldə etmiş, xeyli müddətdir ki, bütün digər sakinlərin sahələrinin sökülməsi və onlara müvafiq kirayə haqqı ödənilməsinə baxmayaraq hazırkı cavabdehlə razılıq əldə oluna bilmir, çünki cavabdeh qarşılıqlı iddiasında ona məxsus 88,1 kv.m qeyri-yaşayış sahəsinin müqabilində 700 kv.m sahə verilməsini, kirayə haqqı kimi isə 4500 manat tələb edir ki, bu da ağılasığmaz və absurddur, əslində bu hüquqdan sui-istifadədir, məhz cavadehin bu cür hərəkətləri səbəbindən yeni mənzillərini gözləyən onlarla digər sakinin, eləcə də onlara nəzərdə tutulandan daha uzun müddətə kirayə haqqı ödəməyə məcbur olan şirkətin hüquqları aşkar şəkildə pozulur. Nümayəndə, həmçinin, məhkəməyə yazılı təklif verərək cavabdehə məxsus 88,1 kv.m qeyri-yaşayış sahəsinin 50 faizi miqdarında əlavə sahə verə biləcəklərini bildirdi, bu səbəbdən şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki işdə olan 10.12.2004-cü il tarixli 007689 nömrəli Əmlakın İnventarlaşdırılması Bürosu Müəssisə və X4 təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 39,7 kv.m qeyri-yaşayış sahəsinin icarəçisi olmuşdur. Mülki işdə olan 20.12.2004-cü il tarixli 1058 nömrəli alqı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən 39,7 kv.m qeyri-yaşayş sahəsini qeyd edilən tarixdə olan məbləğdə, yəni ******* (üç milyon üç yüz yetmiş beş min) manata satın almışdır. Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən 10.01.2005-ci il tarixli 003024 nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın və həmin binanın zirzəmisində yerləşən 39,7 kv.m qeyri–yaşayış sahəsini qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Mülki işdə olan 10.01.2005-ci il tarixli 003024 nömrəli Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi tərəfindən verilən dövlət əmlakının fiziki və hüquqi şəxslərə satımasına dair Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 48,4 kv.m qeyri-yaşayş sahəsini qanunvericilkilə müəyyən edilmiş qaydada satın almışdır. Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 31.08.2006-cı il tarixli 000324 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən 48,4 kv.m qeyri-yaşayış sahəsini qanunvericilkilə müəyyən edilmiş qaydada satın almışdır. Mülki işdə olan 24.07.2006-cı il tarixi 001335 saylı texniki pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 48,4 kv.m qeyri-yaşayış sahəsinin icarəçisi Cavabdehdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ********** saylı VÖEN-ə əsasən vergi ödəyicisi kimi qeydiyyatdadır. Mülki işdə olan 12 iyul 2017-ci il tarixli rəydən görünür ki, Fövqəladə Hallar Nazirliyi X3 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə X1 texniki şöbəsinin mühəndisi N.Yusubovun, inşaat şöbəsinin aparıcı mütəxəssisi S.Əliyev, Nərimanov RİH İctimai Siyasi və Humanitar məsələlər üzrə şöbəsinin müdir müavini T.Əliyev və qeyrilərinim iştirakı ilə ünvan 1 ünvanına vizual texniki baxış keçirilmiş, həmin bina 1952-ci ildə inşa edilmiş, dördmərtəbəli, zirzəmilidir və mişarlanmış əhəngdaşından istifadə olunub, həyətdə sakinlər tərəfindən binaya bitişik, 4 mərtəbə hündürlüyündə olan dəmir-beton karkasdan əlavə yaşayış sahələri inşa edilmiş, bu da dördmərtəbəli yaşayış binasının xarici divarlarının əlavə yüklənməsinə və həyətin ümumi istifadə olunan sahəsinin azalmasına səbəb olmuş, həmçinin yanğın və bu kimi digər hadisələrdə tədbir görülməsi üçün müdaxiləni məhdudlaşdırmışdır. Binanın texniki vəziyyəti məhdud işləkdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tiintidə X3 X2 Ekspertiza Baş İdarəsinin 25.05.2018-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri. Nərimanov rayonu, Ə.Əlizadə və T.Şıxəliyev küçələrinin kəsişməsində yaşayış binası ( blok A, B, C) üzrə tikinti layihəsi bütün işlərin icrasının AR qanunvericiliyində müəyyənləşdiirlmiş qaydada həyata keçirlməsi şərti ilə razılaşdırılır. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 22 dekabr 2016-cı il tarixli 25/16, 0025 saylı ayrıc aktından görünür ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 01.05.2017/23.06.2017-ci il tarixli 181/266 saylı sərəncamı ilə Nərimanov Rayonu Ə.Əlizadə, Qarabağ və Tələt Şıxəliyev küçəsi cızgidə göstərilən sərhədlər daxilində 1.019 hektar yaşayış sahəsinin tikintisinin layihələndirilməsi üçün “xxxx” MMC-yə verilib. “xxxx” MMC-nin 03.04.2017-ci il tarixli nizamnaməsindən görünür ki, ********** nömrə ilə qeydiyyatdan keçmişdir. Qiymətləndirmə barədə 25.06.2020-ci il tarixli QR-319/M saylı rəydən görünür ki, Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən 39.7 kv.m qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) bazar dəyəri 39700.0 (otuz doqquz min yeddi yüz) manat və aylıq icarə hüqqı-200.0 (iki yüz) manat; sahəsi 48.4 kv.m olan qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) bazar dəyəri - 48400.0 (qırx səkkiz min dörd yüz) manat və aylıq icarə haqqı- 220.0 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. ünvan 5 ünvanında yerləşən binanın sakinləri tərəfindən məhkəməyə təqdim olunmuş 23.01.2020 tarixli ərizədən görünür ki, “xxxx” MMC tərəfindən binanın sakilərinə ədalətli təkliflər edilmiş, hər ay vaxtında kirayə haqqları ödənilir, lakin Cavabdeh razılaşmayaraq binanı tərk etmir, layihənin başa çatmasını gecikdirir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən qarşılıqlı iddia tələbi hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında mübahisə yeni tikiləcək binada cavabdehə veriləcək qeyri-yaşayış sahəsinin ölçüsü, həmçinin həmin bina istifadəyə verilənə kimi cavabdehə verilməli aylıq kirayə haqqı ilə bağlıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə qeyd etdiyi ona məxsus ümumilikdə 88,1 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binaların 1-ci mərtəbəsində sahibkarlıq fəaliyyətini davam etdirmək məqsədilə 700 kv.m qeyri-yaşayış sahəsinin verilməsi barədə dəlilinə əsasən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №-li mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi nəzərdə tutulmuşdur. Kollegiya qeyd edir ki, həmin qərarın ləğv edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli Qərarında da mahiyyət etibarı ilə eyni məsələlər nəzərdə tutulmuşdur. Rayon məhkəməsi cavabdehə məxsus 39,7 və 48,4 kv.m olmaqla iki ümumilikdə- 88.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ saxlanılmaqla, hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməklə və gələcəkdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən yüksək mərtəbəli yaşayış binasında yarımzirzəmi formasında (39,7+48,4=88,1x20%=105,72) 105,72 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi ilə təmin edilməsi qənaətinə gəlmişdir. İşə apellyasiya qaydasında baxılarkən, iddiaçı məhkəməyə 17.05.2021-ci il tarixli təklif ərizəsi təqdim edərək, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin ölçüsündən 50% artıq sahə verə biləcəyini bildirmişdir. Kollegiya həmin təklif barədə ərizəni nəzərdən keçirib qeyd edir ki, iddiaçı hesablamada mexaniki səhvə yol vermiş, cavabdehə məxsus ümumilikdə-88.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin 50% miqadarında əlavə sahə verəcəyini qeyd etsə də, hesablamada mexaniki səhə yol verərək 120 kv.m qeyd etmişdir, halbuki, 88,1 kv.m-in faizi (39,7+48,4=88,1x50%=132,15) 132,15 kv.m təşkil edir. Cavabdehin 88,1 kv.m ölçüyə malik qeyri-yaşayış sahəsinin müqabilində 700 kv.m sahə verilməsi ilə bağlı tələbnə münasibətdə kellegiya qeyd edir ki, bu tələb əsaslı olmayıb, ağılabatan mühakimədən uzaqdır, eləcə də qeyd olunan sahə ilə bağlı oturuşmuş məhkəmə praktikası baxımından da qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bu baxımdan, Kollegiya hesab edir ki, qətnamə cavabdehə verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin ölçüsü hissəsində dəyişdirilməli, (39,7+48,4=88,1x50%=132,15) cavabdehə verilən qeyri-yaşayış sahəsi 132 kv.m müəyyən edilməlidir. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi həmin qeyri-yaşayış sahəsi onun istifadəsinə verilən vaxtadək aylıq 4500 manat kirayə haqqı ödənilməsi barədə dəlilinə əsasən aşağıdakıları qeyd edir. Qiymətləndirmə barədə 25.06.2020-ci il tarixli QR-319/M saylı rəydən görünür ki, Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən 39.7 kv.m qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) bazar dəyəri 39700.0 (otuz doqquz min yeddi yüz) manat və aylıq icarə hüqqı-200.0 (iki yüz) manat; sahəsi 48.4 kv.m olan qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) bazar dəyəri - 48400.0 (qırx səkkiz min dörd yüz) manat və aylıq icarə haqqı- 220.0 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. Rayon məhkəməsi qeyri-yaşayış sahəsi cavabdehə təhvil verilənədək hər ay 450 manat məbləğində kirayə haqqı müəyyən etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş Nərimanov Rayon Məhkəməsinin 2(005)- 270/2020 saylı, 28.01.2020-ci il tarixli qətnaməsində analoji məsələdə mənzil ilə təmin olunanadək bina sakinlərinə müvafiq olaraq aylıq 500 və 600 manat kirayə haqqı verilməsi qərara alınıb. Məhkəmə kollegiyası hesab edir ki, aylıq 450 manat kirayə haqqı qeyri-yaşayış sahəsi üçün az olduğundan dəyişdirilməli, cavabdehə məxsus hər bir qeyri-yaşayış sahəsi üçün aylıq 350 manat olmaqla, cəmi 700 manat kirayə haqqı müəyyən edilməlidir. Cavabdehin qarşılıqlı iddia tələbinin 162.000 manat maddi ziyan hissəsinə dair Məhkəmə Kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, cavabdeh tərəfindən həmin iddia tələbi ilə bağlı əsaslı və şübhədənkənar sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə əsassızdır və təmin edilə bilməz. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qarşılıqlı iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi üzrə məhkəmə aşağıdakıları qeyd edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Cavadehin hazırkı halda müəyyə mənəvi sarsıntı keçirməsi ağılabatandır. Bununla belə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Bu baxımndan, qarşılıqlı iddia tələbi üzrə mənəvi zərər barədə kollegiya bildirir ki, hazırkı halda cavabdehə əvvəlki texniki vəziyyəti məhdud işlək olan binadakı 88,1 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək müasir binada 50 faiz artıq, yəni 132 kv.m. qeyri-yaşayış sahəsinin, eləcə də həmin sahə ona təhvil verilənədək hər ay üçün 700 manat kirayə haqqının verilməsi mənəvi ziyanın kompensasiyası hesab edilə bilər. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə qismən cavabdehə verilməsi nəzərdə tutulan qeyriyaşayış sahəsinin ölçüsü hissəsində dəyişdirilməli, (39,7+48,4=88,1x50%=132,15) cavabdehə verilən qeyri-yaşayış sahəsinin ölçüsü 132 kv.m müəyyən edilməli, cavabdehə məxsus hər bir qeyri-yaşayış sahəsi üçün aylıq 350 manat olmaqla, cəmi 700 manat kirayə haqqı müəyyən edilməli, qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-268/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən dəyişdirilsin. Cavabdeh verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin ölçüsü və ona ödəniləcək kirayə haqqı dəyişdirilsin, cavabdehə verilməli olan qeyri-yaşayış sahəsinin ölçüsü 132 kv.m. və hər bir qeyri-yaşayış sahəsi üçün ona ödənilməli aylıq kirayə haqqı 350 manat olmaqla, cəmi 700 manat müəyyən edilsin. Qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4248/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4248/2021
23.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver