Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4253/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh Nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Nümayəndə, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahıyolu qəsəbəsi 40/2 ünvanında yerləşən qeyri-yaşayış binasına ayrı ünvan (Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı-yolu, 3-cü km, 3) göstərilməklə cavabdeh Nümayəndə adına DƏDRX tərəfindən verilmiş 30.12.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin etibarsız hesab edilməsi və onun adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qərardadı ilə, iddia ərzəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı, həmin qərardaddan şikayət verərək, onun ləğv olunmasını xahiş etmiş və MPM-in 39.1-ci maddəsinə istinad etməklə, şikayətini ona məxsus daşınmaz əmlakın Xəzər rayonu ərazisində yerləşməsi ilə əsaslandırmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi, 15 mart 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh Nümayəndə nümayədəsi isə, şikayətə etiraz edərək, təmin olunmamasını, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, tərəfləri dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Bununla belə, nəzərə alınmalıdır ki, qanunverici, ədalət mühakiməsinin səmərəliyinin təmin edilməsi məqsədilə mülki işlər üzrə ümumi aidiyyət qaydaları ilə yanaşı, iddiaçının seçməsinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə, müqavilə, müstəsna və s. aidiyyət qaydalarını müəyyən etmişdir. MPM-in 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Birinci instansiya məhkəməsi, iddia ərizəsini geri qaytararkən, mövqeyini belə əsaslandırmışdır ki, hazırkı iddia tələbi prosessual qanunvericiliyin müstəsna aidiyyəti müəyyən edən normasının təsirinə düşmür. Belə ki, iddianın predmeti dolayısı ilə daşınmaz əmlakla bağlı olsa da, iddiaçının mövcud iddia tələbi müstəsna aidiyyətə görə iddia tələbində qeyd edilən daşınmaz əmlakın Bakı şəhəri Xəzər rayonu ərazində yerləşməsi əsasına görə Xəzər Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi olmayıb, cavabdehin rəsmi qeydiyyatda olduğu (ünvanının olduğu) yerin məhkəməsinə görə ərazi aidiyyəti üzrə baxılmalı olan iddia tələbidir. İddia ərizəsindən də müəyyən edildiyi kimi, iddia tələbi vərəsəlik hüququ haqqında verilmiş şəhadətnamənin, yəni bu hüququnun əldə edilməsinin qanuniliyinin, o cümlədən alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, yəni əqdin mübahisələndirilməsinə aid olmaqla müqavilə hüquqlarından irəli gələn münasibətlərə aid tələblərdən ibarətdir. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, qanunverici, müstəsna aidiyyət qaydasını daşınmaz əşya ilə bağlı edib, ona mülkiyyət hüququnun tanınması, onun başqasının qeyri-qanuni sahibliyindən alınması, habelə bu hüquqa məhdudiyyətin və ya hüquqların başqa cür pozulmasının aradan qaldırılması haqqında tələblərə dair işə məhz daşınmaz əşyanın yerləşdiyi yer üzrə baxılması qaydasını müəyyən etmişdir. Hazırkı iddianın əsası məhz mübahisəli daşınmaz əşyanın onun mülkiyyətində olmasını məhkəmə qaydasında təsdiqləməklə, cavabdehin həmin əşyaya dair qanunsuz sənədlər əldə etməsi nəticəsində bu hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını almaqdan ibarətdir ki, həmin tələbin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə sözügedən əşyanın hazırda kimin faktiki sahibliyində olması, onun qanuni və qeyri-qanuni sahiblik etməsinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. İş materiallarından isə bu fakt ayın şəkildə müəyyən olunmamaqla bərabər, birinci instansiya məhkəməsi tərəfindən də buna imkanı olduğu halda heç bir araşdırılma aparılmamışdır. Halbuki, MPM-in 151.2-ci maddəsinə əsasən, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Odur ki, Kollegiya qeyd olunanlara əsasən, hesab edir ki, Xəzər Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsi mümkünlüyü məsələsinin tərəflərin iştirakı təmin olunmaqla yenidən müzakirə olunması üçün iş həmin məhkəməyə göndərilməlidir. MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1574/2021 nömrəli, 05 mart 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4253/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4253/2021
05.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver