Məhkəmə qərarları › İş №2(103)-4254/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4254/2022

03.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4254/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1119/2021 saylı, 15.04.2022-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə bağladığı 01 dekabr 2019-cu il tarixli, BL375154 saylı müqavilənin ləğv olunması, ödənilmiş 1200 manat pulun, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(001)- 1119/2021 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 01 dekabr 2019-cu il tarixli, BL375154 saylı “nisyə alğı-satqı müqaviləsi”nin ləğv olunması, həmin müqavilə üzrə İddiaçı tərəfindən ödənilmiş 1199 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı qaytarılması qərara alınmışdır. Qətnamədən Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilmiş, şikayət onunla əsaslandırılmışdır ki, paltaryuyanda hansı qüsurun olması məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Paltaryuyan 11 ay iddiaçının istifadəsində olmuşdur. Həmin qüsurun paltaryuyan maşının istifadəsi nəticəsində yaranması da mümkündür. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2(103)- 5409/2021 saylı qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi, qətnamənin nəticə hissəsində qeyd edilmiş 1199 manat məbləğin 900 manat ilə əvəz edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1119/2021 saylı, 15.04.2022-ci il tarixli qərardadı ilə, ərizənin təmin edilməməsi qərara alınmışdır (hakim: Etibar Mustafayev). Cavabdeh MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1119/2021 saylı, 15.04.2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1119/2021 saylı, 25.04.2022-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. İşin faktiki halları ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində hazırki ərizədə göstərilən məbləğ mübahisələndirilməmişdir. Habelə, yuxarıda göstərilən, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində də göstərilmişdir ki, “müqavilə üzrə öhdəliklərin iddiaçı tərəfindən icra edilməməsi cavabdeh MMC tərəfindən mübahisələndirilməmişdir.” Kollegiya qeyd edir ki, cavabdeh qətnamədəki yanlışlığın aradan qaldırılması ilə bağlı ərizə verməklə, əslində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini mahiyyəti üzrə mübahisələndirmiş olur. Qeyd olunan qanunvericilin tələblərinə və işin hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1119/2021 saylı, 15.04.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar