Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4258/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı, onun vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər “X6” MMC-yə və Cavabdeh2 İdris oğluna qarşı “maddi və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, vurulmuş maddi zərərin əvəzi olaraq cavabdehlərin hər birindən 5000 manat olmaqla, cəmi 10.000 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlərin hər birindən 10.000 manat olmaqla, cəmi 20.000 manat, ümumilikdə 30.000 manatın tutularaq, ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh2 İddiaçı xeyrinə 920 manat vəsaitin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş qiymətləndirmə üzrə 300 manat xərcin Cavabdeh2 “xxxxxxxxxxx” MMCnin xeyrinə tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Cavabdeh2, apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddianın təmin edilən hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Cavabdeh2, “X6” MMC-də icarə əsasında fəaliyyət göstərərək, mebel satmaqla məşğuldur. xx.xx.2018-ci il tarixdə iddiaçı ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən cavabdehin işlətdiyi mebel mağazasında mebel bəyənmiş və tərəflər mebelin qiymətini 2200 manata razılaşdırmışlar. İddiaçı dərhal 100 manat beh vermiş, qalan 2100 manat hissəsini isə xx.xx.2018-ci ildə mebel göstərilən ünvana aparıldıqda ödəmişdir. Mebel quraşdırıldıqdan 2 ay sonra iddiaçı mebelin əslində bəyəndikləri mebel olmadığını, daha ucuz və keyfiyyətsiz mebel olduğunu iddia etmişdir. Halbuki, mebelin pulunun qalan hissəsi mebel gətirilən gün ödənilmişdir. Əgər gətirlən mebel iddiaçının bəyəndiyi mebel deyildisə, nə üçün qalan pulu ödəmişdir. Hadisənin qeyd olunan təfərrüatından da göründüyü kimi, iddiaçı mebel salonuna gəlmiş, mebel bəyənmiş, bəyəndiyi mebel evinə gətirilərək quraşdırılmış, 2 ay istifadə etmişdir. Sonradan isə fikrini dəyişmişdir ki, bunun da məsuliyyəti cavabdehin üzərində olmamalıdır. Mebelin qiyməti ilə bağlı isə, azad bazar iqtisadiyyatıdır və satılan əşyaya qiymət qoymaq satanın hüququdur. İddiaçı da, apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində xeyli maddi zərərə düşmüş, mənəvi iztirab və sarsıntılara məruz qalmışdır. Bəzi iş adamları tərəfindən ona qarşı bu cür haqsızlıqların olması onu ağır mənəvi sarsıntılara düçar etmişdir. O, ağır xəstədir və keçirdiyi bu mənəvi iztirablar onun xəstəliyini daha da ağırlaşdırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili, özlərinin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını, cavabdehin şikayətinin isə rədd olunmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 şikayəti rədd olunmalı, iddiaçının şikayəti isə qismən təmin olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə mebel dəsti ilə bağlı şifahi alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı tərəfindən 100 manat beh verilmişdir. xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfindən mebel dəsti götərilən ünvana aparılaraq, quraşdırılmış və iddiaçı tərəfindən mebelin dəyərinin qalan hissəsi olaraq 2100 manat ödəniş edimişdir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə, alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinin 1-ci və 3-cü hissələrinə əsasən, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin Qanunun 7.1-ci və 7.2-ci maddələrinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Göründüyü kimi, satıcı, alıcıya müqavilədə nəzərdə tutulan əşyanı verməyə borcludur. Satıcı, əşyanın alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gələn bütün qüsurları üçün bu hallar sübuta yetirildiyi təqdirdə və ya qüsurların əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməzsə, cavabdehlik daşıyır. Bu halda isə, alıcının ixtiyarı var ki, öz seçimi ilə lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Hazırda iddiaçı, Cavabdeh2 tərəfindən ünvana gətirilən mebelin əslində onun aldığı deyil, daha aşağı keyfiyyətli və ucuz mebel olduğunu, onun dəyişdirilməsi ilə bağlı dəfələrlə müraciət etsə də, müraciətinin təmin olunmadığını, buna görə də hazırda, iddia qaldırmaqla ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Cavabdeh2 isə, təhvil verilmiş mebelin alqı-satqı müqaviləsi üzrə iddiaçının bəyənərək aldığı mebel olduğunu bildirməklə, iddiaya etiraz edir. Kollegiya, qanunvericilyin qeyd olunan tələblərini nəzərə alaraq hesab edir ki, hazırkı işin halları baxımından cavabdeh A.Hüseynovun iddiaçıya aşağı keyfiyyətli mebel dəsti satması müəyyən olunur. Belə ki, iddiaçının cavabdehdən mebel dəsti alması və bunun müqabilində 2200 manat ödəməsi işin mübahisəsiz halıdır. İşə birinci instansiya məhkəməsində baxılarkən isə qiymətləndirmə ekspertizası təyin edilmiş, Legal Prime” MMC tərəfindən əmlakın qiymətləndirilməsi aparılmış və xx.xx.2019-cu il tarixli LP-119/19 saylı rəylə müəyyən edilmişdir ki, iddiaçının əldə etdiyi mebelin (1 ədəd çarpayı-350 manat, 1 ədəd dolab-400 manat, 2 ədəd tumba-160 manat, 1 ədəd miz-40 manat, 1 ədəd kamod-330 manat) 2018ci ilin may ayına olan bazar qiyməti 1280 manat təşkil edir. Bu hal ona dəlalət edir ki, cavabdeh, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən iddiaçıya onun ödədiyi məbləğin müqabilində daha aşağı keyfiyyətli və ucuz mebel dəsti sataraq, ona maddi ziyan vurmuşdur. Belə olan halda, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin ekspert rəyini nəzərə almaqla Cavabdeh2 vurduğu maddi ziyana görə iddiaçının xeyrinə 920 manat tutulması qənaətinə gəlməsi əsaslıdır. Kollegiya vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksəkdir. Bununla belə, Kollegiya, mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” xx xxxxxx 2008-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Kollegiya qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə kollegiyası, hazırkı iş üzrə mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə də bu baxımdan yanaşaraq hesab edir ki, Cavabdeh2 qeyd olunan qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi özü-özlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Kollegiya, mənəvi zərərin məbləği ilə isə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bu baxımdan Kollegiya, iddiaçıya maddi zərərin dəyməsini, keçirdiyi mənəvi iztirab və sarsıntıları, zərərin əvəzinin könüllü deyil, məhkəməyə müraciət edilməklə ödənilməsini, bunun üçün sərf olunan müddəti nəzərə alaraq, hesab edir edir ki, Cavabdeh2 iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 300 manat məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərin ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv olunmalı, həmin hissədə iddia qismən təmin edilərək, Cavabdeh2 İddiaçı xeyrinə vurulmuş mənəvi zərərin əvəzi kimi 300 manat pul tutulmalı, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bu qənaətə gələrkən Kollegiya onu da vurğulayır ki, digər cavabdeh “X6” MMC, iddiaçının istinad etdiyi alqı-satqı müqaviləsinin tərəfi olmadığı halda, iddiaçının vurulmuş zərərin əvəzinin ödənilməsini hansı əsasla ondan da tələb etməsi qeyri-müəyyəndir. Belə olan halda, birinci instansiya məhkəməsi iddianı X6” MMC-yə münasibətdə təmin etməməklə düzgün nəzticəyə gəlmişdir. MPM-nin 384.0.2-ci və 384.0.3-cü maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər, habelə qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 İdris oğlunun apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-782/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mənəvi zərərin ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv olunsun və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh2 İdris oğlundan İddiaçı xeyrinə vurulmuş mənəvi zərərin əvəzi kimi 300 (üç yüz) manat məbləğində pul tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-4258/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4258/2020
10.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver