Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4258/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin bölünməsi barədə ərizəsinə dair iş üzrə Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2(001)-2395/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən ümumi sahəsi 37.80 kv.metr olan 42 saylı fərdi yaşayış evinin yerləşdiyi 0,059350 ha torpaq sahəsinin bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən ümumi sahəsi 37,80 kv. metr olan 42 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,059350 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə onun (½ pay) və Cavabdeh1 (½ pay) mülkiyyətlərindədir. Fərdi yaşayış evi və torpaq sahəsi vərəsəlik hüquqi əsasında onların mülkiyyətinə keçmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş № 2(001)-746/2022 nömrəli 13 sentyabr 2022-ci il qətnaməsinə əsasən o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən, ümumi sahəsi 37.80 kv. metr olan 42 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi 0.059350 ha torpaq sahəsinə köçürülmüşdür. Hal-hazırda pay hüquqi ilə mülkiyyətçi olsa da, öz mülkiyyətindən istifadə edə bilmir. Bacısı torpağın bölünməsinə razı olsa da, həyat yoldaşı Cavabdeh2 ona təzyiq göstərərək torpağın bölünməsinə icazə vermir və münaqişələrin yaranmasına əsas səbəbkar olur. Yaşadığı müddət ərzində ona dəfələrlə təmas edilib, 12 iyun 2023-cü il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Polis idarəsi 6-cı Polisi tərəfindən münaqişəli tərəflər kimi qeydiyyata götürülmüşlər. Onu çox narahat edən məsələlərdən biri də bacısı qızının psixi (diaqnoz şizofreniya) xəstə olmasıdır, bu da ailəsi üçün böyük təhlükə yaradır. Ona görə də o, mülkiyyət hüquqlarını məhkəmədə müdafiə etmək məcburiyyətində qalmışdır.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2395/2025 nömrəli 02 may 2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
4. Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sübutlarla təsdiq edilmişdir ki, İddiaçı Cavabdeh1 qarşı “evə köçürülmə, evin və torpaq sahəsinin naturada bölünməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiası qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsi 42 saylı evə köçürülməsi qət edilmişdir. Həmin qətnamə Cavabdeh1 tərəfindən mübahisələndirimiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1500/2023 saylı 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/3148 saylı rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 0,059350 ha torpaq sahəsinin tərəflərin (mülkiyyətçilərin) paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Məhz bu səbəbdən, iddiaçı Cavabdeh1 iddiası qismən, yəni iddia tələbi sözügedən fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0.059350 ha torpaq sahəsinin mülkiyyətçilərinin paylarına uyğun naturada bölünməsi hissəsində təmin edilməmişdir. Qeyd olunan qanunvericilik normalarına və Avropa Məhkəməsinin presedent təcrübəsinə, həmçinin hüquqi müəyyənlik prinsipinə əsaslanaraq, məhkəmə tərəfindən ilkin olaraq irəli sürülən tələbin əsası qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müqayisəli şəkildə təhlil edilmiş, yeni əsasların mövcud olmaması müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçı iş üzrə Cavabdeh2 cavabdeh qismində cəlb etsə də, həmin şəxsə qarşı hər hansı tələb irəli sürməmiş, iddia tələbi faktiki olaraq yalnız digər cavabdehə qarşı yönəlmiş, həmin cavabdehin adı formal olaraq qeyd edilmişdir.
5. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadının ləğv edilməsi məhkəmədən xahiş edilmişdir.
6. Şikayətin dəlillərinə görə, ümumi mülkiyyətə olan 0.059350 hektar torpaq sahəsinin 0.02 hektarı razılığı olmadan və qanunsuz şəkildə üçüncü şəxslərə satmışdır. Hazırda həmin ərazidə X6 və onun ailə üzvləri qanunsuz şəkildə yaşayırlar. Bu hərəkətlər onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdeh2 tərəfindən torpaq sahəsində qanunsuz olaraq iki otaqlımənzil inşa edilmişdir. Ailənin üzvü X7 tərəfindən mənə qarşı iki dəfə fiziki təzyiq göstərilmiş, həmçinin “bu həyətə bir də gəlsən, başına qaynar su tökəcəyəm” ifadəsi ilə hədələnmişəm. Baş vermiş hadisə ilə bağlı dərhal 102 Operativ Xidmətinə məlumat verilmişdir. Təhlükəli şəxs və ruhi pozuntu ailənin üzvü, X3 şizofreniya diaqnozu qoyulduğuna görə, ailəmin təhlükəsizliyinin təmin edilməsi ciddi şəkildə çətinləşmişdir. Sözügedən şəxs qeyri-sabit davranışlar nümayiş etdirir və real təhlükə mənbəyinə çevrilmişdir. Bu vəziyyətdə ailənin təhlükəsizliyini qorumaq və mümkün xoşagəlməz hadisələrin qarşısını almaq məqsədilə, eyni zamanda ailəmizin rəsmi olaraq “münaqişəli ailə” kimi qeydiyyata alınması faktını və hüquqi O, İddiaçı, Biləcəri qəsəbəsində yerləşən 42 saylı fərdi yaşayış evinin və 0.059350 hek. torpaq sahəsinin 1/2 pay mülkiyyətçisidir. Bu mülkiyyət ona və bacısı Cavabdeh1 vərəsəlik hüququ ilə keçmişdir. Həmin əmlakdan 0,02 hektar torpaq sahəsi bacısı tərəfindən razılığı olmadan və qanunsuz şəkildə üçüncü şəxslərə satılmış, hazırda həmin ərazidə Nağıyev Vaqif və ailəsi qanunsuz şəkildə yaşayır. Bu, açıq şəkildə mülkiyyət hüququnun pozulmasıdır. Mülkiyyətin bölünməsi və tikilinin sökülməsi tələbi ilə Bakı şəhər, Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir, lakin mülkiyyət hüquqlarım təmin edilməmişdir. Məhkəmə mülkiyyətin faktiki bölünməsini inkar etmiş, qeyd olunan faktiki bölgü mövcud olduğu halda belə, bölgü məhkəmə sənədlərində təsbit olunmur. Əksinə, qərarda bildirilir ki, torpaq sahəsinin naturadan bölünməsi "texniki cəhətdən mümkün deyil." Bu yanaşma hüquqi ziddiyyət yaradır: bir tərəfdən bölgü faktiki olaraq həyata keçirilib və mövcuddur, digər tərəfdən isə texniki əsaslarla rəsmən inkar edilir. Satılmış torpaq sahəsinin və onun üzərindəki tikilinin ümumi ərazidən hasarlanaraq ayrılması, müstəqil giriş-çıxışının təmin edilməsi, eləcə də sayğacların alıcının adına rəsmiləşdirilməsi həmin ərazinin faktiki olaraq onların mülkiyyətindən ayrıldığını, hazırda digər şəxsin istifadəsində olduğunu və bu istifadənin kirayə deyil, satış nəticəsində şəxsi mülkiyyətə çevrildiyini açıq şəkildə sübut edir. Lakin bu mühüm hallar ekspert rəyində öz əksini tapmamışdır. Ekspert rəyində (satılmış torpaq sahəsində yerləşən tikililər istisna olmaqla) mülkiyyətində olan iki ayrıca evin müstəqil giriş-çıxışa malik olması, eləcə də ümumilikdə üç sanitar qovşağı və iki mətbəxin mövcudluğu barədə məlumatlar əks etdirilməmişdir. Bu hallar isə əhəmiyyətli faktiki göstəricilər kimi qiymətləndirilməli idi. Qeyd olunur ki, məhkəmə, tədqiqat obyektinə texniki baxış keçirilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisin iştirakını təmin etməmişdir. Mülkdə mənə iki dəfə fiziki təmas göstərilmiş və bu hallar barədə dərhal 102 operativ xidmətinə məlumat verilmişdir. Ailə üzvü X2 psixi pozuntudan (şizofreniya diaqnozu) və ailəmizin münaqişəli ailə kimi rəsmi qeydiyyata alınması nəzərə alınaraq, ailəmin təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni hallar üzə çıxdığı üçün, torpaq sahəsinin bölünməsi ilə bağlı iş üzrə yenidən məhkəməyə müraciət etməyə məcbur olmuşam. Cavabdeh2 əmlaka qəsd etməyinə baxmayaraq məhkəmə iclaslarına cəlb edilməmişdir. Bununla əlaqədar olaraq, əvvəlki məhkəmə proseslərində təqdim etdiyim faktların, sübutların və yeni halların birinci instansiya məhkəməsi tərəfindən obyektiv və tam araşdırılmadığını, həmçinin hüquqlarımın lazımi şəkildə müdafiə olunmadığını nəzərə alaraq, bu işə ədalətli və obyektiv qaydada baxılmasına yardım göstərməyinizi və hüquqlarımın müdafiəsinə köməklik etməyinizi artıq dərəcədə xahiş edirəm. mübahisənin ciddi və davamlı xarakter daşıdığını nəzərə alaraq, yaranmış yeni hüquqi əsaslara istinadən artıq faktiki olaraq bölünmüş torpaq sahəsinin hüquqi sənədlərdə də öz əksini tapması üçün, o torpaq sahəsinin bölünməsi ilə bağlı iş üzrə yenidən məhkəməyə müraciət etməyə məcbur olmuşam. Əvvəllər bu predmet üzrə əmlakın və torpaq sahəsinin bölünməsi ilə bağlı məhkəmə tərəfindən qətnamə qəbul olunmuş və yeni hüquqi əsasların mövcud olmaması səbəbilə işə xitam verilmişdi. Lakin hazırkı mərhələdə ortaya çıxmış yeni hallar nəzərə alınmadığı üçün, nəticə etibarilə maddi hüquq normaları pozulmuşdur. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Lakin məhkəmə mülkiyyətin faktiki olaraq artıq fiziki şəkildə bölündüyünü qəbul etmir. Cavabdeh1 özbaşına şəkildə, ümumi mülkiyyətimizdə olan 0,059350 hektar torpaq sahəsindəki ½ payının konkret olaraq ərazinin hansı hissəsinə aid olduğunu özü müəyyən etmiş və bu əsasla mənim razılığım olmadan həmin sahənin 0,02 hektar hissəsini qanunsuz şəkildə üçüncü şəxslərə satmışdır. Bu səbəbdən, mən həmin ərazidən istifadə etmək və ona dair sərəncam vermək hüququmdan məhrum edilmişdir. Bundan əlavə ailə üzvləri tərəfindən mənə qarşı fiziki və psixoloji təzyiqlər göstərilmiş, nəticədə mülkiyyətdən birgə istifadənin praktik olaraq mümkünsüz hala gəlməsinə səbəb olmuşdur. O, həmçinin əvvəlcədən qanunsuz şəkildə satdığı 0,02 hektar torpaq sahəsini gizlətmək məqsədilə, artıq satılmış həmin ərazini ikinci dəfə satışa çıxarmaq niyyəti ilə faktiki olaraq mövcud olmayan 0,059350 hektar torpaq sahəsini ümumi mülkiyyət adı altında açıq hərraca çıxarmaq üçün məhkəməyə müraciət etmişdir. Bu hərəkət nəticəsində maddi hüquq normaları kobud şəkildə pozulmuşdur. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasınıməhkəmə vasitəsilə tələb edə bilər. Qanunsuz şəkildə inşa edilmiş iki otaqlımənzil ümumi əmlakdan fiziki olaraq ayrılmış, ona müstəqil şəkildə elektrik, qaz və su sayğacları quraşdırılmışdır. Hazırda həmin mənzilin satılması və ya kirayəyə verilməsi planlaşdırılır. Lakin mülkiyyətdə olan payların rəsmi sənədlərdə hüquqi cəhətdən ayrılmaması bu qanunsuz hərəkətlərin qarşısının alınmasında ciddi hüquqi çətinliklər yaratmışdır. Nəticədə maddi hüquq normaları pozulmuşdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Cavabdeh1, hüquqi sənədlərlə pay bölgüsü aparılmadan, özbaşına ½ paya sahib olduğunu iddia etmiş, bu əsasla ümumi mülkiyyətdə olan əmlakın bir hissəsini qanunsuz olaraq üçüncü şəxslərə satmış, digər hissəsində isə icazəsiz iki otaqlımənzil inşa etmiş və onu satmaq və ya kirayəyə vermək niyyətindədir. Bu hərəkətlər ümumi mülkiyyət hüququnun ciddi şəkildə pozulmasıdır. Çünki belə sərəncam yalnız digər mülkiyyətçinin razılığı və ya məhkəmə qərarı ilə mümkündür. Buna baxmayaraq, məhkəmə faktiki bölünməni nəzərə almamış və tərəflərin paylarının hüquqi müəyyənləşdirilməsinə qiymət verməmişdir. Nəticədə mülkiyyət hüququma qəsd olunmuş, əmlakdan sərbəst istifadə və müdafiə imkanlarım məhdudlaşdırılmışdır. Qanunsuz tikilinin və digər maneələrin aradan qaldırılması, eləcə də payımın hüquqi sənədlərdə dəqiq əks etdirilməsi üçün müvafiq hüquqi tədbirlərin görülməsi zəruridir. Qarşı tərəfin onun razılığı olmadan torpaq sahəsini satması və qanunsuz tikili inşa etməsi mənim paylı mülkiyyət hüququma birbaşa müdaxilədir. Tərəfindən məhkəmə portalına daxil edilmiş əlavə sənədlərin hansı hüquqi əsaslarla nəzərə alınmadığı barədə məhkəmə iclası zamanı ona heç bir hüquqi izahat verilmədən, həmin sənədlərin nəzərə alınmaması ilə bağlı ərizə yazdırılmışdır. Lakin sonradan bu ərizə də məhkəmə işinə əlavə edilməmiş və portala yerləşdirilməmişdir. Daxil etdiyi sənədlər məhkəmə prosesinin şəffaflığını və obyektivliyini təmin etmək məqsədi daşıyırdı. Belə olan halda, ona ərizə yazdırılması, sənədlərin hüquqi baxımdan qəbul edilməməsi məsuliyyətinin üzərimə qoyulması və sübutların işdən kənarda saxlanılması riski yaranmışdır. Bu səbəbdən ərizənin geri götürülməsi və sübutların qəbul edilməməsinin hüquqi əsaslandırılmaması ilə bağlı ayrıca müraciət etmişəm və həmin müraciət portala daxil edilmişdir. Nəticədə, məhkəmə baxışının şəffaflıq prinsipi pozulmuş, sübutetmə hüququnun həyata keçirilməsinə maneə yaranmışdır. İddianın genişləndirilməsi, yeni halların üzə çıxması və məhkəmənin bu faktlardan əvvəlcədən xəbərsiz olması ilə bağlı məhkəməyə müraciət edilmiş, əlavə sübut kimi ailənin böyük qızının psixoloji pozuntusu (şizofreniya diaqnozu) ilə bağlımüvafiq tibb müəssisəsindən arayış alınması üçün sorğu verilməsi xahiş olunmuşdur. Lakin bu müraciət məhkəmə tərəfindən diqqətdən kənarda saxlanılmış, yalnız sonra baxarıq ifadəsi ilə cavablandırılmış və heç bir konkret tədbir görülməmişdir. Ailə təhlükəsizliyinə birbaşa təsir edən faktı sübut etmək imkanı əldə edilməmişdir Qətnamədə məhkəmə belə nəticəyə gəlmişdir ki, qeyd olunan qanunvericilik normalarına və Avropa Məhkəməsinin presedent təcrübəsinə, hüquqi müəyyənlik prinsiplərinə əsasən, ilkin irəli sürülən tələbin əsası daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təhlil edildiyindən yeni əsaslar mövcud deyildir". Lakin bu nəticə işin real faktiki hallarına və təqdim etdiyim sübutlara uyğun gəlmir. Belə ki, əvvəlki məhkəmə aktı yalnız torpaq sahəsinin naturadan bölünməsi və tikilinin sökülməsi ilə bağlı idi, lakin həmin qərar verilən dövrdə qanunsuz iki otaqlı tikili hələ tam inşa olunmamışdı, onun elektrik, su, qaz sayğacları ayrılmamışdı; Tikilinin kirayəyə verilməsi və ya satılması kimi kommersiya məqsədi bəlli deyildi. Qarşı tərəfin ailə üzvləri tərəfindən təhdid və zorakılıq halları baş verməmişdir. X2 psixiatrik pozuntuya dair sübutlar mövcud deyildi. Onun və ailəsinin mülkiyyət hüquqlarına birbaşa müdaxilə edən yeni hallar otağın zəbt olunması və mənəvi təhqir faktları baş verməmişdi. Bu faktlar əvvəlki qərarda əhatə olunmayan, yeni hüquqi və faktiki əsaslardır. Beləliklə, birinci instansiya məhkəməsinin yeni əsaslar mövcud deyildir qənaəti yanlış olmuş, işə mövcud faktlara zidd qiymət verilməsi ilə nəticələnmişdir. Bu yanaşma hüquqi müəyyənlik prinsipinə deyil, əksinə, məhkəmə müdafiəsinə çıxarılan faktların qiymətləndirilmədən kənarda saxlanmasına əsaslanmışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2(001)- 2395/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Maddə 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Maddə 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək;
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 6 dekabr 2024-cü il tarixli qərardadı: 17-ci bənd. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. 22-ci bənd. Məhkəmə təcrübəsindən görünür ki, paylı mülkiyyətçilər arasındakı müxtəlif məzmunlu mübahisələr üzrə iddia tələbləri bir qayda olaraq, ümumi mülkiyyətdən payın ayrılması və ya ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi formasında ifadə edilir. Halbuki tələbin bu şəkildə qeyd olunması bir çox hallarda tərəflərin həqiqi arzusunu əks etdirmir. Məsələn, iddiaçının əldə etmək istədiyi hüquqi nəticə payının dəyərinə uyğun vəsait əldə etməklə ümumi paylı mülkiyyətdən çıxmaq və əldə edəcəyi vəsaiti ehtiyacları üzrə başqa istiqamətlərə yönəltməkdən ibarət olsa da, payına sərəncam vermək imkanı barədə məlumatlı olmadığından payının ayrılması ilə bağlı iddia qaldırmaqla, bu tələb üzrə qanunvericilikdə imperativ şəkildə müəyyən edilmiş mərhələli həll qaydasına məcbur olur. 23-cü bənd. Bu baxımdan məhkəmələr bu kateqoriyadan olan işlərə baxarkən bütün payçıların qanunla qorunan hüquq və mənafelərinin bərabər müdafiəsi məqsədilə ilk növbədə tərəflər arasındakı mübahisəli vəziyyətin nədən irəli gəldiyini, iddiaçının hazırkı iddia ilə əldə etmək istədiyi hüquqi nəticənin nədən ibarət olduğunu, çatmaq istədiyi hüquqi mənafeyə uyğun düzgün hüquqi mexanizm seçib-seçmədiyini aydınlaşdırmalı, uyğunsuzluq halında qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi müdafiə vasitələrindən istifadənin mümkünlüyünü tərəflərlə müzakirə etməlidirlər. Bu yolla paylı mülkiyyətçilər mülkiyyət hüquqlarının daha real və effektiv şəkildə realizəsinə nail olmaqla, aralarındakı mübahisənin buna zərurət olmadığı halda paya və ya bütünlükdə ümumi mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnəcək şəkildə həllindən qorunmuş olurlar. 24-cü bənd. Bu məqsədlə hakim işi məhkəmədə baxılmağa hazırlayarkən qeyd edilən halları MPM-in 14.1 və 167.1-ci maddələrinə uyğun qaydada tərəflərlə müzakirə etməli, dəqiqləşdirmənin nəticələrini məhkəmənin iclas protokolunda aydın şəkildə əks etdirməlidir. 25-ci bənd. Məhkəmə iddiaçının çatmaq istədiyi hüquqi nəticənin ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması və ya əşyanın bölünməsindən ibarət olduğunu müəyyən edərsə, həmin tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin müvafiq olaraq 220.3-220.6-cı və 221-ci maddələrini tətbiq etməklə mübahisəni həll etməlidir. 26-cı bənd. Bu kateqoriya işlər üzrə məhkəmə təcrübəsinin vahidliyi baxımından həll edilməli ilk məsələ qeyd edilən maddələrdə göstərilən prosedurlara müvafiq olaraq, hər bir mərhələ üzrə ayrıca tələbin irəli sürülməsinin zəruri olub-olmaması ilə bağlıdır. 31-ci bənd. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, iddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmə hər bir halda həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdır. Bu, məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsi olmaqla, tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. 32-ci bənd. Beləliklə, iddia tələbləri natamam olduqda və ya aydın olmadıqda məhkəmə MPMin 14.1 və 167.1-ci maddələrinə əsasən tərəflərlə bu iddiaların predmeti, həmin predmet çərçivəsində araşdırmanın qanunla müəyyən edilmiş məcburi mərhələləri barədə müzakirə aparmalı, bunların hüquqi nəticələrini tərəflərə izah etməli və tələb üzrə yekun arzu olunan nəticənin nədən ibarət olmasını dəqiqləşdirməlidir. 33-cü bənd. Müzakirənin nəticəsində iddiaçı tələb üzrə araşdırmanın Mülki Məcəllənin 220 və 221-ci maddələrində göstərilən müvafiq ardıcıllıqla aparılmasına etiraz etməzsə, məhkəmə iddia tələbinin “payın ayrılması”, “paylı mülkiyyətdə olan əşyanın bölünməsi”, “payın dəyərinin ödənilməsi”, “əşyanın hərracdan satılması” və s. kimi ifadə olunduğu bütün hallarda qanunla müəyyən edilmiş ardıcıllıq üzrə yoxlama aparmalıdır. 42-ci bənd. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir. 43-cü bənd. Digər hallarda isə məhkəmə payın naturada ayrılmasının formaları barədə hər bir tərəfin təklifini dinləməli, mübahisəli məqamların alternativ həlli yolları ilə bağlı qarşılıqlı müzakirələr aparmalıdır. Bundan sonra yekun təkliflər əsasında, bunun mümkün olmadığı halda isə tərəflərin mənafelərinə bərabər şəkildə xidmət edəcək ən əlverişli formada naturada ayrılmanın mümkünlüyünü prosessual qanunvericiliyin yol verdiyi imkanlardan istifadə etməklə araşdırmalıdır. 44-cü bənd. Göründüyü kimi, payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. İddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 cavabdehə qarşı irəli sürülmüşdür.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsaslarından biri kimi ona istinad etmişdir ki, iş üzrə iddiaçı iş üzrə Cavabdeh2 cavabdeh qismində cəlb etsə də, həmin şəxsə qarşı hər hansı tələb irəli sürməmiş, iddia tələbi faktiki olaraq yalnız digər cavabdehə qarşı yönəlmiş, həmin cavabdehin adı formal olaraq qeyd edilmişdir.
12. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən əsas iş üzrə icraata xitam verilmənin əsası kimi MPM-nin 261.0 –cı maddəsində nəzərdə tutulmamışdır.
13. Birinci instansiya məhkəməsinin qeyd etdiyi əsas – cavabdeh kimi göstərilmiş şəxsə qarşı tələb irəli sürülməməsi iddia ərizəsinin icraata götürüldüyü zaman yoxlanılmalı olan məsələdir.
14. Belə ki, MPM-nin 149.2 və 149.2.3-cü maddəsinin tələbinə ərizədə hər bir cavabdehə qarşı yönəlmiş tələb qeyd olunmalıdır, qeyd olunmadıqda isə iddia ərizəsi 149cu maddənin tələblərinə cavab verilmədiyindən 152.1 və 152.1.2-ci maddələrinə əsasən geri qaytarılmalıdır.
15. Qanunvericilik işə baxan məhkəməyə iddia ərizəsi icraata götürüldükdən sonra da bu məsələnin həlli imkanını vermişdir. MPM-nin 259.0 və 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizəni baxılmamış saxlayır.
16. Beləliklə, məhkəmə 2-ci cavabdehə - Cavabdeh2 münasibətdə yuxarıda göstərilən normaların tələbləri baxımından prosessual hərəkətlər aparmalı olduğu halda əsassız olaraq iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.
17. Bundan başqa birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 6 dekabr 2024-cü il tarixli qərardadının yuxarıda qeyd edilən bəndləri baxımından da araşdırma aparmamışdır.
18. Halbuki, qərardaddan şikayətdə iddiaçı “Hazırda həmin mənzilin satılması və ya kirayəyə verilməsi planlaşdırılır. Lakin mülkiyyətdə olan payların rəsmi sənədlərdə hüquqi cəhətdən ayrılmaması bu qanunsuz hərəkətlərin qarşısının alınmasında ciddi hüquqi çətinliklər yaratmışdır” “Cavabdeh1, hüquqi sənədlərlə pay bölgüsü aparılmadan, özbaşına ½ paya sahib olduğunu iddia etmiş, bu əsasla ümumi mülkiyyətdə olan əmlakın bir hissəsini qanunsuz olaraq üçüncü şəxslərə satmış, digər hissəsində isə icazəsiz iki otaqlı mənzil inşa etmiş və onu satmaq və ya kirayəyə vermək niyyətindədir. Bu hərəkətlər ümumi mülkiyyət hüququnun ciddi şəkildə pozulmasıdır. Çünki belə sərəncam yalnız digər mülkiyyətçinin razılığı və ya məhkəmə qərarı ilə mümkündür”, “Qarşı tərəfin onun razılığı olmadan torpaq sahəsini satması və qanunsuz tikili inşa etməsi mənim paylı mülkiyyət hüququma birbaşa müdaxilədir” kimi dəlillər irəli sürmüşdür və bu dəlillərin məhz Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 6 dekabr 2024-cü il tarixli qərardadının yuxarıda qeyd edilən bəndləri baxımından araşdırılması zəruridir.
19. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir.
20. Məhkəmə kollegiyası yekun olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qərardadının ləğvi imperativ olaraq iddia tələblərinə baxılmalı olması barədə göstəriş deyildir, məhkəmə kollegiyası qərardadın təsviri hissəsində göstərilən prosessual hərəkətlər yerinə yetirilmədən və araşdırma aparılmadan bu nəticəyə gəlinməsi ilə razılaşmır. Qeyd olunan prosessual hərəkətlər yerinə yetirildikdən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 6 dekabr 2024-cü il tarixli qərardadının yuxarıda qeyd edilən bəndləri baxımından araşdırılma aparıldıqdan sonra birinci instansiya məhkəməsi tərəfindən işin halları baxımından hərtərəfli araşdırma aparılaraq yekun qərar çıxarılmalıdır.
21. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2(001)- 2395/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2(001)- 2395/2025 nömrəli qərardadı ləğv edilsin və qərardadın təsviri hissəsində qeyd olunan hallar nəzərə alınmaqla prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.