Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4262/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 2(003)-377/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 509,28 manat sığorta ödənişinin, 30 manat dövlət rüsumunun və 1 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 məxsus ünvan 1 ünvanı «xxxx» ASC tərəfindən 17 dekabr 2016-cı il tarixdə əmlak sığortası növü üzrə 72,65 faiz hissədə sığortalanmışdır. 20 avqust 2017-ci il tarixdə cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, 39 saylı evin, 50 saylı mənzilindən sığortalı mənzilə su axıdılmış, nəticədə mənzilə ziyan dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar «xxxx» X2 Müəssisəsi tərəfindən 25 avqust 2017-ci il tarixdə akt tərtib olunmuşdur. «X5» MMC tərəfindən verilmiş qiymətləndirmə aktına əsasən X3 məxsus mənzilin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 701 manat müəyyən edilmişdir. Sığorta aktına əsasən mənzil 72,65 faiz hissədə sığortalandığından sığorta ödənişi 509,28 manat həddində həyata keçirilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş dilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 2(003)-377/2019 saylı qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddia təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmaması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, ünvan 2 ünvanının ona məxsus olmaması, həmin binanın 49 saylı mənzilində qeydiyyatda olmaqla yaşaması, 49 saylı mənzilin mülkiyyətçisi olması, onun hər hansı təqsirinin olmaması, həmçinin yaşadığı mənzilin binanın 5-ci mərtəbəsində, su axıdılması iddia olunan mənzilin isə 3-cü mərtəbədə yerləşməsi, suyun 5-ci mərtəbədən 3-cü mərtəbəyə axması üçün 4-cü mərtəbədə yerləşən mənzilin güclü suaxmaya məruz qalması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi naməlum səbbələrdən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin olunmamalıdır. Belə ki, işdə olan əmlak sığortası şəhadətnaməsindən görünür ki, X3 məxsus ünvan 1 ünvanı «xxxx» ASC tərəfindən 17 dekabr 2016-cı il tarixdən 16 dekabr 2019-cu il tarixədək əmlak sığortası növü üzrə 72,65 faiz hissədə (31965,34 manat məbləğində) sığortalanmışdır. İşdə olan «xxxx» X2 Müəssisəsi tərəfindən 25 avqust 2017-ci il tarixdə tərtib olunmuş aktın surətindən görünür ki, həmin müəssisənin balansında olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, ev 39 üvanında yerləşən 46 saylı mənzilə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, həmin binanın 5-ci mərtəbəsində yerləşən 50 saylı mənzildə təmir işləri aparılarkən sanitar boruya daş-qum düşməsi nəticəsində 3-cü və 4-cü mərtəbə arasındakı boru tutulmuş və 46 saylı mənzilə çirkab sular axmış, nəticədə mənzilə ciddi ziyan dəymişdir. İşdə olan «X5» MMC tərəfindən verilmiş 30 avqust 2017-ci il tarixli qiymətləndirmə aktının surətindən görünür ki, X3 məxsus ünvan 1 ünvanının təmiri üçün dəymiş ziyanın ümumi məbləği 701 manat təşkil edir. İşdə olan 28 sentyabr 2017-ci il tarixli sığorta aktından və 05 oktyabr 2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən X3 509,28 manat sığorta ödənişi həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, X3 məxsus, sığorta olunan mənzilə dəymiş ziyana görə iddiaçı tərəfindən 509,28 manat sığorta haqqının ödənilməsini əsas tutmuş, lakin mülki hüquq pozuntusunun (delitkin) məhz cavabdeh tərəfindən törədilməsini ümumiyyətlə araşdırmamış, buna hüquqi qiymət verməmiş, qətnaməni həmin hissədə əsaslandırmamışdır. Halbuki, işdə olan, iddiaçının özü tərəfindən iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 24 sentyabr 2018-ci il tarixli arayışından görünür ki, cavabdeh yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadır. Eyni zamanda, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanı cavabdehin adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İddiaçı isə sözügedən yaşayış binasının 50-ci mənzilindən suyun axıdılmasına görə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmüş, cavabdehin yaşayış ünvanını 50 saylı mənzil kimi qeyd etmişdir. Birinci instansiya məhkəməsi isə işdə hər hansı sübut olmadığı halda cavabdehin 50 saylı mənzildən suyun axıdılmasına görə mülki məsuliyyət daşıması qənaətinə gəlmiş, lakin cavabdehin həmin mənzilə aidiyyətini, cavabdehin təqsirini və s. bu kimi halları müəyyən etməmişdir. Halbuki, işdə qeyd edilən halları təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir (iddiaçı məhkəməyə sübut təqdim etməmişdir). İşdə olan yeganə sübut «xxxx» X2 Müəssisəsi tərəfindən tərtib edilmiş 25 avqust 2017-ci il tarixli aktda da 50 saylı mənzilin cavabdehə məxsus olması ilə bağlı hər hansı qeyd mövcud deyildir (həmçinin qeyd edilməlidir ki, həmin akt kserosurət formasında təqdim edildiyindən subut əhəmiyyətinə də malik deyildir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-nin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə baxışı zamanı isə, iddiaçı baş vermiş hadisədə məhz cavabdehin təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə və əsaslandıra bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır. Birinci instansiya məhkəməsinin hansı sübuta əsasən baş vermiş hadisəyə görə cavabdehin mülki-hüquqi məsuliyyət daşımalı olması nəticəsinə gəlməsi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Belə olan halda qətnamə qanuni və əsaslı sayıla bilməz. Apellyasiya şikaətinə əsasən ləğv olunmalı, iddia təmin olunmamalıdır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası iddianın əsassız olması nəticəsinə gəldiyindən, hesab edir ki, məhkəmə xərci (ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat bank xidməti xərci) iddiaçının özünə aid edilməlidir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının tələbi 2000 manatdan aşağı olduğundan, MPM-nin 404-1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 2(003)-377/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 2(003)- 377/2019 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Məhkəmə xərci (ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat bank xidməti xərci) iddiaçının özünə aid edilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4262/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4262/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver