Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4265/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı Abdullayeva (Əhədova) Vüsalə Elizbar qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “sağlamlığa dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndələri (əri) X9 və (vəkili) X1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin qanunsuz əməlləri nəticəsində ona vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 9.740 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 1.305 manat, mənəvi ziyanın əvəzi olaraq 5.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək iddianın tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçıya dəymiş maddi və mənəvi ziyanın məbləği Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğdən daha yüksəkdir. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçının nümayəndələri (əri) M.Əhədov və (vəkili) A.Hüseynov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. İş üzrə cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddianın bir hissəsi Rayon Məhkəməsi tərəfindən təmin olunsa da, cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişlər. Qətnamədən apellyasiya şikayətini yuxarıda qeyd edildiyi kimi yalnız iddiaçı vermişdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hazırki iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslılığını iddiaçıya aid olan hissədə, yəni iddiaçıya münasibətdə yoxlamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “xxxxxxxxx” Şirkətinin nəzdində olan X7 Tibbi direktoru tərəfindən 14 saylı Vəkil Bürosunun vəkili X2 ünvanlanmış məktubdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X4 həqiqətən xx.xx.2018-ci il tarixdə Hospitala daxil olmuş və ona “Qasıqüstü nahiyənin yumşaq toxumalarının yad cismin (iynənin) aşkarlanması” diaqnozu qoyulmuşdur. Pasiyentin üzərində “Laparatomiya, qarın boşluğu və çanaq orqanlarının təftişi; yad cismin (iynə) xaric edilməsi; kiçik çanağın sanasiyası və drenə edilməsi” növündə cərrahi əməliyyatı aparılmışdır. Pasiyent xx.xx.2018-ci il tarixində evə yazılan zaman onun ümumi vəziyyəti qənaətbəxş olmuşdur. Həmin Klinikası tərəfindən verilmiş “56/18-05 №-li xəstəlik tarixindən çıxarış”dan görünür ki, İddiaçı qasıqüstü nahiyənin yumşaq toxumalarının yad cismi diaqnozu qoyulmuşdur. Həmin Klinika tərəfindən verilmiş “Mədaxil qəbzlərindən” görünür ki, İddiaçı tərəfindən Klinikaya xx.xx.2018-ci il tarixdə 800 manat, xx.xx.2018-ci il tarixdə 350 manat məbləğində pul ödənilmişdir. “xxxxxxxxxxxxxxx” MMC-nin “xxxxxxxxxxxxxxxxx” görünür ki, İddiaçı tərəfindən həmin MMC-yə 120 manat ödənilmişdir. X6 Klinikası tərəfindən verilmiş “xxxxxxxxxxxxxxxxx” görünür ki, İddiaçı tərəfindən Klinikaya 35 manat ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 405/KEŞ sayli məhkəmə-tibbi ekspert rəyindən görünür ki, 1994cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və məhkəmə-tibbi ekspertiza rəylərinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçımn üzərində xx.xx.2017-cı il tarixdə X8 Mərkəzdə “Qeysəriyyə kəsiyi”, xx.xx.2018-ci il tarixdə isə X3 “Laparotomiya, qarın boşluğu və çanaq orqanlarının təftişi, yad cismin (cərrahi iynə) xaric edilməsi, kiçik çanağın sanasiyası və drenə edilməsi” cərrahiyyə əməliyyatları icra edilmişdir. İddiaçı xx.xx.2017-cı il tarixdə X8 Mərkəzdə aparılmış “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatı təyin edilmiş diaqnoza uyğun olmuş və keçirilmiş əməliyyatla bağlı ağırlaşma o cümlədən yad cismin (cərrahi iynə) təsirindən qarın boşluğu orqanlarına hər hansı bir patoloji dəyişiklik müəyyən edilməmişdir. Lakin yad cismin (cərrahi iynə) çıxarılmasına tibbi göstəriş olduğundan təkrar operativ müdaxilənin aparılmasına zəmin yaranmışdır. Sabirabad Rayon Prokurorluğu tərəfindən xx.xx.2018-ci il tarixdə qəbul edilmiş “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, V. Abdullayevanın üzərində xx.xx.2016-cı ildə X8 Mərkəzdə icra olunmuş qeysəriyyə əməliyyatı zamanı onun kiçik çanaq, simfizin proyeksiyasında, düz bağırsağın aralıq hissəsinin önündə -4 sm uzunluğunda 1 mm qalınlığında yad cisim (cərrahi iynə) qalması faktına görə Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü (cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə) maddəsinə əsasən xitam verilmişdir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı V.X5 Perinatal Mərkəzdə qeysəriyyə əməliyyatı olunmuş və evə buraxılmışdır. Əməliyyatdan sonra bir müddət sonra səhhətinin pisləşməsi və bədən hərarətinin daimi olaraq qalxması səbəbindən xəstəxanaya müraciət etmiş və nəticədə müəyyən olunmuşdur ki, qeysəriyyə əməliyyatı həyata keçirilərkən həkim səhvi ucbatından düz bağırsağın aralıq hissəsinin önündə 4 sm uzunluğunda və 1 mm qalınlığında ayparaya bənzər metal materialdan hazırlanmış yad cisim qalmışdır. Bu səbəbdən iddiaçı təkrar əməliyyata alınmış və cərrahi əməliyyatla qarın boşluğundan qalıq iynə çıxarılmışdır. İddiaçı ona dəymiş maddi ziyanı tələb edir və ona dəymiş ziyanı özündə əks etdirən yalnız yuxarıda göstərilmiş qəbzləri təqdim edə bilmişdir. Mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1099-cu maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (maddə 1099.1.). Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (maddə 1099.2.). MPM-nin tələblərinə görə, mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə bildirir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq nəzərə almalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş qəbzlərə əsasən müəyyən edilir ki, iddiaçı səhhətində yaranmış problemlər ilə bağlı cəmi (800+350+120+35=) 1.305 manat məbləğində ödəniş etmişdir. İddiaçı ona vurulmuş maddi ziyanın 9.740 manat məbləğində olmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, “maddi zərərin əvəzinin ödənilməsi barədə” tələblə bağlı apellyasiya şikayətinin dəlili əsassızdır. Apellyasiya şikayətinin digər dəlili “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” tələb ilə bağlıdır. İddiaçı hesab edir ki, cavabdehlərin ona qarşı etdikləri qanunsuz əməllər nəticəsində ona mənəvi ziyan dəymişdir və bu ziyanın kompensasiya edilməsi üçün cavabdehlərdən onun xeyrinə 10.000 manat məbləğində pul tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi bu tələbi qismən təmin edərək mənəvi ziyanın əvəzi olaraq 5.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, Rayon Məhkəməsinin bu nəticəsi də, səhvdir. Onun tələbi tam təmin edilməli idi. Məhkəmə bildirir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008ci il tarixli, 7 saylı qərarının 10-cu bəndinə görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, 7 cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, baş vermiş hadisə, yəni iddiaçının həkim səhvinə görə keçirdiyi əməliyyatlar nəticəsində ona mənəvi ziyan dəyməsi birmənalıdır. Məhkəmə, hesab edir ki, Rayon Məhkəməsinin müəyyən etdiyi 5.000 manat məbləğində pul həmin ziyanın ödənilməsi üçün adekvatdır. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4265/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4265/2020
12.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver