Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4265/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazilriyinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (" maddi və mənəvi zərərin əvəzinin ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı X4 iştirakı ilə,İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili işlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1355/2025 saylı işi üzrə 15 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı ( MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 20000 manat, maddi zərərin əvəzi olaraq 10000 manat pulun İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun barəsində ibtidai istintaq orqanı tərəfindən 03 iyun 2023-cü il tarixində cinayət işi başlanılmış və həmin cinayət işində qeyd edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda siqaretin qızılı kağızına bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,399 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 03 iyun 2023-cü il tarixdə saat 01:00-da ünvan 1 ünvanının yaxınlığında Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək inzibati binada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd Winston markalı siqaret qutusunun içərisindəki siqaretin qızılı kağız bükümündə təmiz çəkisi 0,399 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinin materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışının nəticəsində ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il № 1(011)- 51/2024 iş üzrə hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. İşin faktiki hallarında görünür ki, o, qanunsuz olaraq həbsə alınmış, uzun müddət həbsdə saxlanılmış, cinayət təqibinə məruz qalmış, eyni zamanda azadlıqdan məhrum edilmişdir. Hazırda onun psixoloji vəziyyəti pisdir, əsəb pozğunluğundan əziyyət çəkir. Mənəvi sərsıntı keçirmiş və həbsə alınması nəticəsində əsəbləri pozulmuşdur. Onun qohumları, tanışları və ətrafında olan insanlar onu “cinayətkar” hesab edərək ona nifrətlə baxmış və nüfuzuna xələl gəlmişdir. Bunun nəticəsində də o, mənəvi iztirab və əzab keçirmişdir. Psixoloji durumu isə çox pisdir, baş verənləri heç cür unuda bilmir, yuxusuzluqdan əziyyət çəkir. Onun qanunsuz şəkildə həbs olunması azadlıqdan məhrum edilməsi və qanunsuz əməllərə məruz qalması təkcə onun özünə deyil, həm də ailə üzvlərinə də mənəvi iztirab yaşatmış, yaşlı anasının mənəvi əzab və istirab çəkməsinə səbəb olmuş, səhhətində ciddi problemlər yaratmış, əvvəlki xəstəliyinin yenidən inkişafına səbəb olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli ilə məhkəmənin icraatında olan cinayət işi üzrə onun barəsində axtarış elan edilmiş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və tutularaq dərhal həbs edilməsi, həbs etmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 26 oktyabr 2023-cü il tarixli məktubu ilə o, xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Beləliklə o, qəti olaraq 21 oktyabr 2023-cü il tarixindən 28 iyun 2024-cü ilə qədər qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. Onun azadlıqdan məhrum edildiyi müddət 8 ay 7 gün təşkil edir. Bu müddət ərzində o, hər hansı bir iş görə bilməmiş, əmək funksiyalarını həyata keçirə bilməmiş, yaşlı anasına qayğı və diqqət göstərə bilməmiş, cəmiyyətdən təcrid olunmuş, mənəvi və psixi istirab və sarsıntılar keçirmişdir. Yuxarıda qeyd edilən səbəblərə görə ona mənəvi ziyanla əlaqədar məbləğ tutulmalı, bundan əlavə təhqiqat, istintaq orqanlarının qanunsuz hərətəkətlərinə görə kompensasiya məbləği müəyyən olunmalı, eləcə də bu müddət ərzində əldə etməli olduğu gəlirlərdən məhrum edildiyindən maddi ziyana görə pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir.
2. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəməyə iddia ərizəsinə etiraz göndərmişdir. Həmin etirazda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı hüquqmühafizə orqanları tərəfindən AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin başlanmasını və həbsdə saxlanılmasını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş maddi ziyanın əvəzi olaraq 10000 manat, mənəvi ziyanın əvəzi olaraq isə 70.000 manat pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Hesab edirlər ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən qeyd edirlər ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda "müvafiq icra hakimiyyəti", yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68 və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin, AR Konstitusiyasının 127 və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» AR Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin, sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda, Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Bundan başqa, iddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Məhkəmələr tərəfindən dəymiş olan zərərin müəyyən edilməsi zamanı iddia məbləği ilə bağlı işdə olan və ya təqdim olunan sübutlara da istinad edilməlidir. Qeyd etmək istərdik ki, iddia ərizəsində sadalanan əsaslara münasibətdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi haqqında” iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1355/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi zərərə görə 8500 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1101.1, 1101.2; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2; «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4, 5, 6, 7, 12; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına; Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 8500 manat məbləğində mənəvi ziyan tutulmalıdır. Məhkəmə göstərilən nəticəyə gələrkən oxşar işlərlə bağlı mənəvi zərərin kompensasiya məbləğinin müəyyən edilməsinə dair vahid məhkəmə təcrübəsinə əsaslanmışdır və hesab edir ki, təyin edilən mənəvi zərərin məbləği Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlər üzrə təcrübəsinə (iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-1308/2022 nömrəli, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)- 4616/2021 nömrəli, iddiaçı X2 cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə, Bakı şəhəri Qaradağ rayon Prokurorluğuna qarşı iş üzrə xx.xx.2021-ci il tarixli 2(102)-4106/2021 nömrəli, iddiaçı X3 cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və qeyrilərinə qarşı iş üzrə xx.xx.2021-ci il tarixli 2(102)-6602/2021 nömrəli qərarları) uyğundur. Qeyd olunan qərarlarda həbsdə saxlanan aylar üzrə 1000 manat məbləğdə ödəniş edilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (yəni 8 ay 7 gün) əsassız olaraq həbsdə saxlanıldığı müəyyən edilir, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 8500 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə vermiş olduğu iddia ərizəsində ona mənəvi ziyanla yanaşı maddi zərərin də vurulmasını bildirmiş və maddi zərərə görə 10000 manat pul vəsaitinin ödənilməsini xahiş etmişdir. Bu hissədə iddia tələbini gəlirindən məhrum olması ilə əsaslandırmışdır. Lakin məhkəmə əsaslı sübutun təqdim edilməməsi səbəbilə maddi zərərin ödənilməsinə dair hissədə iddia tələbinin təmin edilməsini mümkün hesab etmir.
4. Birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilən sübutlarla müəyyən edilmişdir ki: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)- 543/2023 saylı qərarı ilə İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və tutularaq dərhal həbs edilməsi qərara alınmışdır ; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)- 51/2024 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, dərhal məhkəmə iclası zalından azad edilmişdir Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1355/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına; “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 358-İİQ nömrəli qanununun 15-ci və 17- ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.8-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Qanunsuz həyata keçirilmiş təhqiqat, habelə istintaq fəaliyyəti ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq hüquq-mühafizə orqanıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrıayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçünQanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları(hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatıNazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olmasıməsələsi isə mübahisə doğurmaqdadır. Hazırda yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat, (“Tərtər işləri” üzrə isə bəzi hallarda 1.500 manat) müəyyən edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2018-ci il 10 iyul tarixli “Bogdanov və Vasilevski Rusiyaya qarşı” Qərarında ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5.000 avro (1 gün üçün təxminən 10 avro) məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur. Avropa məhkəməsinin qərarında vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Bu baxımından tərəfimizdən mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləği şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiya yuxarı instansiya məhkəmələrinin, habelə Avropa məhkəməsinin mövqeyinə əsasən formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamaqla yanaşı, məntiqi baxımdan da əsaslı deyildir. Belə ki, iddiaçı barəsində azadlıqdan məhrum etmə cəzası və ya hər hansı həbs qətimkan tədbiri tətbiq olunmadığı halda onun üçün müəyyən edilən kompensasiya qeyd edilən cinayət-hüquqi xarakterli tədbirlərə məruz qalmış və beləliklə iddiaçıdan daha ağır mənəvi zərər çəkmiş şəxslərin kompensasiyasından daha artıqdır. Burada nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunan hüquq-mühafizə orqanlarının qanunsuz fəaliyyəti nəticəsində azadlıqdan məhrum olunmuş şəxslərə dəymiş zərərlə bağlı kompensasiya məbləğləri zərərçəkmiş şəxslərin məruz qaldığı fiziki və mənəvi məhrumiyyətlər, habelə zərərin xarakteri və ağırlıq dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilmişdir və hazırda müvafiq iddia tələblərinə dair işlərdə məhkəmələr tərəfindən tətbiq olunmaqdadır. Həmçinin diqqətdən qaçırılmamalıdır ki, həmin məbləğlər müəyyən edilərkən zərərin vurulma müddəti (1 aya görə) nəzərə alınmışdır. Belə olan halda şəxsə daha qısa müddətdə zərər vurulduğu indiki iş üzrə zərərin kompensasiyasının bu baxımdan adekvat olmasına diqqət edilməlidir. Bununla yanaşı qeyd edirik ki, hazırkı qətnamə ilə müəyyənləşdirilmiş kompensasiya məbləği oxşar tipli işlər üzrə artıq kompensasiya ödənilmiş şəxslər tərəfindən yeni iddiaların irəli sürülməsinə, beləliklə dövlət büdcəsi üzərində yeni əsassız öhdəliklərin yaranmasına gətirib çıxaracaqdır. Göstərilən halları və pozuntuları nəzərə alaraq, təmin edilmiş kompensasiya məbləği ilə bağlı etirazımızı bildirir və qeyd olunan əsaslar nəzərə alınmaqla qətnamənin ləğv edilməsini zəruri hesab edirik. Eyni zamanda məhkəmə zərərçəkmiş şəxsə dəymiş ziyanın əvəzini müəyyən edərkən hər kəsin qane olma səviyyəsinin eyni olmadığını qeyd etsə də, zərərçəkmiş şəxsə hansımeyarlar əsasında şişirdilmiş məbləğin təyin edildiyini əsaslandıra bilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini qeyd etmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
7. Məlumatlandırlması üçün qanunvericlikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin və mübahisə premdeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 28-71; 1966-cı ildə BMT tərəfındən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsinə; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 5-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-63; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; Mülki Məcəllənin 21; 1097, 1100, 1101; Mülki Prosessual Məcəllənin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən məhkəmə kolegiyası hesab edir ki, apellyasiya şikayətinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakter daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə ağlabatan məbləğdə tutulan kompensasiyanın sübutu qanunvericiliklə müəyyən edilən və hamıya bəlli olan hallardır (qanunsuz cinayət təqibinin əsassız həyata keçirilməsi, şəxsin azadlığının məhdudlaşdırılması və sair), qətnamənin qəbul edilməsində qanunvericiliyin tətbiqi zamanı pozuntu müəyyən edilmir. Cavabdeh tələbin ona yönəlmiş cavabdehliyi mübahisələndirərək kompensasiyanın düzgün hesablanmadığını qeyd edir. Cavabdehin apellyasiya şikayəti üzrə tələbinin dəlilləri isə özü-özlüyündə də ziddiyyət təşkil edir. Belə ki, bir tərəfədən onların cavabdehliyinin istisna edildiyini, digər tərəfdən isə zərərin məbləğinin düzgün müəyyən edilmədiyinə yönəlik işin mahiyyətinə dair dəlilləri mübahisələndirmişdir. Qeyd edilənlərə görə, habelə Büdcə sistemi haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanunu və digər sahəvi qanunvericiliklə cavabdehin fəaliyyətinə (səlahiyyətinə) aid məsələlərin müəyyən edilməsi məhkəmələrin vəzifələrinə aid deyildir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1 və 82.4-cü maddələrinin tələblərinə əsasən: Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məcəllənin 9.3-cü maddəsinə əsasən, Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun mübahisə edilən hissəsi üzrə yoxlayır.
11. Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məcəllənin 1101.2ci maddəsinin tələblərinə görə, Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
12. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.
13. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə (maddələrinə) əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.5.Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə:1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər;2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı;3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə;4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər;5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir.Bu Qanunun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş əmlak natura formasında, bu mümkün olmadıqda isə, onun dəyəri dövlət və ya onu əvəzsiz olaraq əldə etmiş müəssisə, idarə və təşkilatların hesabına ödənilir.Evlərin və digər tikililərin dəyəri, yalnız bu əmlakın natura şəklində qalmadığı, şəxsin dəyərcə bərabər olan yaşayış sahəsinin və ya digər tikililərin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsindən imtina etdiyi hallarda və ya həmin şəxsin yaşayış evlərinin və digər tikililərin dəyərinin ödənilməsinə razılığı olduqda ödənilir. Yaşayış sahəsinin və digər tikililərin dəyəri mövcud bazar qiymətlərinə əsasən müəyyən edilir.Əmlakın dəyəri onun ödənilməsi haqqında qərarın qəbul edildiyi vaxtda mövcud olan qiymət əsasında ödənilir. Əmlakın zədələnməsi və ya köhnəlməsi hallarında vurulmuş ziyan tam həcmdə ödənilməlidir.Ödənilməli olan əmlakı əvəzsiz olaraq əldə etmiş müəssisənin, idarənin və təşkilatın ləğv edildiyi və ya vurulmuş ziyanın ödənilməsi üçün onların vəsaiti çatışmadığı hallarda, əmlakın dəyəri (əmlakın dəyərinin çatışmayan hissəsi) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.Qanunsuz məhkum edilməsi nəticəsində yaşayış sahəsindən istifadə etmə hüququndan məhrum edilmiş şəxsə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin yaşayış sahəsi bir ay müddətində, bu yaşayış sahəsi natura şəklində qalmadığı hallarda isə, bununla əlaqədar edilmiş müraciətdən sonra altı ay müddətində həmin yaşayış məntəqəsində ailə tərkibi və yaşayış sahəsinə dair qüvvədə olan normalar nəzərə alınmaqla növbədənkənar eyni dəyərli abadlaşdırılmış yaşayış sahəsi verilməlidir.Ödənilməli olan əmlakı əldə edilmiş şəxs, bu əmlakın vurulmuş ziyanın ödənilməsi qaydası əvvəlki sahibinə qaytarılması ilə əlaqədar əvəzində dövlətdən abadlaşdırılmış, dəyərcə və bütün digər əlamətlərlə bərabər olan əmlakı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Belə tələb irəli sürüldükdən sonra bir ay müddətindən gec olmayaraq dövlət tərəfindən təmin edilir.Bununla əlaqədar bütün mübahisələr məhkəmə qaydasında həll olunur.
14. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
15. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Azərbaycan Respulikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1355/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi ( elektron məhkəmə informasiya sistemi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.