Məhkəmə qərarları › İş №2(103)-4266/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4266/2020

17.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4266/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdehnə qarşı "hərəkətin qanunsuz hesab edilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1666/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılartərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onlardan ünvan 1 ünvanda yerləşən çoxmənzilli binadakı mənzillərinin qızdırılmasına görə istifadə etdikləri təbii qazın hər 1 kubmetri üçün 20 qəpik tələb etməsi şərtinin etibarsız hesab olunması və cavabdehin üzərinə binadakı mənzillərinin qızdırılmasına görə istifadə olunan təbii qazın hər 1 kubmetri üçün 10 qəpik hesablaması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar ünvan 1 ünvanda yerləşən çoxmənzilli binanın sakinləridir. Onlar binanın idarə olunması üçün “xxxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradıblar. Həmin binada yerləşən mənzillər binanın təbii qazla çalışan qazanxanası vasitəsilə qızdırılır. Cavabdeh binanın qazanxanasında istifadə olunan təbii qazın hər 1 kubmetri üçün satış qiymətini 20 qəpikdən hesablayaraq iddiaçılardan alır. Halbuki iddiaçılar və binanın digər sakinləri istehlakçı qrupu yaradan məişət abonentləridir. İddiaçılar binanın qazanxanasında istifadə olunan təbii qazın satış qiymətinin 10 qəpik/kubmetr müəyyənləşdirilməsi üçün dəfələrlə cavabdehə müraciət ediblər. Lakin cavabdeh iddiaçılara göndərdiyi xx xxxx 2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Tarif Şurasının xx xxxxxx 2016-cı ilə tarixli 18 saylı qərarırının 2.4-cü bəndinə istinad edərək təklifdən imtina edib. Cavabdeh Tarif Şurasının qərarının 2.4-cü bəndini düzgün təfsir etməyib və nəzərə almayıb ki, çoxmənzilli binalarda ayrı-ayrı fərdi istilik sistemləri vasitəsilə qazdan istifadə edən məişət abonentləri ilə mərkəzləşdirilmiş istilik sistemləri vasitəsilə qazdan istifadə edən məişət abonentlərinin hüquq statusu arasında heç bir fərq yoxdur. Hər iki halda istilik sistemləri qazdan istifadə etməklə məişət abonentlərinin mənzillərinin qızdırılmasını təmin edir və hər iki halda istifadə olunan qaza görə haqq məişət abonentlərindən alınır. Yeganə fərq ondan ibarətdir ki, birinci halda hər mənzil üçün bir istilik sistemindən, ikinci halda isə bütünlüklə yaşayış binası üçün mərkəzləşdirilmiş istilik sistemindən istifadə olunur. Cavabdeh nəzərə almır ki, binanın qazanxanasında sərf olunan qaza görə tarifləri (qiymətləri) binanı idarə edən deyil, məhz əhali istehlakçı qrupu olan məişət abonentləri ödəyirlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1666/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozub. Məhkəmə binada qazla təchiz edilmədiyini nəzərə almayıb. Yəni məişət abonentləri öz mənzillərini kombi vasitəsilə isidilməsini həyata keçirmək imkanından məhrumdurlar. Buna görə də onlar mərkəzləşdirilmiş istilik sistemindən istifadə etməyə məcburdurlar. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdəqanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçılar şikayət verməklə iddianın təmin olunmasını xahiş etmişlər. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən vətəndaş İddiaçı4 ünvanlanan xx xxxx 2019-cu il tarixli İN-X/O-7210/2019 saylıməktubun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq, Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə əhali üzrə illik təbii qaz sərfiyyatı 2200 kubmetrədək olan istehlakçılar üçün tarif əvvəlki səviyyədə olmaqla 10 qəpik/kubmetr, illik təbii qaz sərfiyyatının 2200 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik/kubmetr müəyyənləşdirilmişdir. Əhali istehlakçı qrupuna təbii qazı şəxsi tələbatını ödəmək məqsədi ilə istifadə edən məişət abonentləri aid edilir və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarında təbii qaz üzrə illik 2200 kubmetr istehlak həcmi (bu həcm yalnız fərdi qaydada isti su və istilik təchizatı üçün deyil, həmçinin digər zəruri şəxsi tələbatın ödənilməsi üçün də nəzərdə tutulmuşdur) əhali abonentləri üzrə fərdi şəkildə verilmiş və qruplaşdırılaraq üçüncü istehlakçılara ötürülməsi və ya birgə istifadəsi nəzərdə tutulmamışdır. Eyni zamanda qeyri-əhali istehlakçı qrupuna, o cümlədən ölkədə mərkəzləşdirilmiş qaydada istilik və isti su təchizatını həyata keçirən “xxxxxxxxxxxxxxxxxxx” ASC-yə təbii qazın satış tarifi 20 qəpik/kubmetr müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə agentliyi tərəfindən vətəndaş İddiaçı4 ünvanlanan xx xxxx 2019-cu il tarixli AERA-18- 1130/19 saylı məktubun surətindən görünür ki, Cavabdeh İB (qazpaylayıcı) tərəfindən “xxxxxxxxx” MMMC (istehlakçı) ilə hüquqi şəxs qismində xx.xx.2017-ci il tarixli, AKX-2/70 №-li qazın alqı-satqı müqaviləsi bağlanmış və bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) kub metr üçün 0.2 manat məbləğində müəyyən edilmişdir. "Cavabdeh" İB tərəfindən ünvan 2 ünvanda yerləşən yaşayış kompleksinin sakinlərinəünvanlanan xx xxx 2019-cu il tarixli məktubun surətindən görünür ki, yaşayış kompleksinin qazanxanası Cavabdeh İB-in abonent bazasında qeyri-əhali istehlakçısı kimi qeydiyyatdadır (abonent kodu: **********00000) və “xxxxxxxxx” MMMC (VÖEN **********) ilə Cavabdeh İB arasında xx.xx.2017-ci il tarixli AKX-2/70 №li “Təbii qazın alqı-satqısı barədə" bağlanmış müqaviləyə əsasən təbii qazla təchiz edilməkdədir. Yaşayış kompleksinin qazanxanası əhali abonenti kimi qeydiyyata alına bilməz, yalnız fərdi yaşayış evləri və mənzillər (əgər bunlardan qeyri yaşayış sahəsi kimi istifadə olunmursa) əhali abonenti kimi qeydiyyata alına bilər. Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə qeyri-əhali istehlakçı qrupu üzrə təbii qazın dəyəri hər min kubmetr üçün 200 manat səviyyəsində təsdiq edilərək xx xxxxxx 2016-cı il tarixindən tətbiq olunmağa başlanmışdır və qeyd olunanları nəzərə alaraq adı çəkilən yaşayış kompleksinin qazanxanasında xx.xx.2016-cı il tarixindən etibarən istehlak olunacaq təbii sazın hər 1 kubmetrinin həcmi 0,20 manat dəyərində ödənilməlidir. İş materiallarında olan "Cavabdeh" İB tərəfindən ünvan 2 ünvanda yerləşən yaşayış kompleksinin sakinlərinə ünvanlanan xx xxxx 2019-cu il tarixli məktubun surətindən görünür ki, Tarif (qiymət) Şurasının xx xxxxxx 2016-cı il tarixli 18 nömrəli qərarının 2.4-cü bəndinə əsasən həmin qərarın məqsədləri üçün əhali istehlakçı qrupu dedikdə təbii qazı şəxsi tələbatını ödəmək məqsədi ilə istifadə edən məişət abonentləri başa düşülür. Tarif (qiymət) Şurasının qərarının göstərilən bəndi çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının bütün mənzillərinin qızdırılması üçün inşa edilmiş və şəxsi deyil, ümumi tələbatı ödəmək üçün nəzərdə tutulmuş qazanxananın mülkiyyətçisi (istirmarçısı) olan qeyri-məişət abonentlərinə şamil edilmir. Həmin bənd çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının mənzillərində şəxsi tələbatını ödəmək məqsədi ilə qaz plitəsindən və (və ya) fərdi istilik sistemindən (“Kombi”) istifadə edən məişət abonentlərinə (mənzil sahiblərinə) şamil edilir. Qazanxananın qaz təminatı barədə alqı-satqı müqaviləsi qeyriməişət abonenti olan çoxmərtəbəli çoxmənzilli yaşayış binasının mülkiyyətçisi (sahibi, idarə edəni) ilə, mənzillərin qaz təminatı barədə alqı-satqı müqaviləsi məişət abonenti olan mənzil sahibləri ilə bağlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının katibliyi tərəfindən ünvan 2 ünvanda yerləşən yaşayış kompleksinin sakinlərinə ünvanlanan xx xxxx 2019-cu il tarixli məktubun surətindən görünür ki, təbii qaz istehlak edən əksər subyektlərin istehsal etdikləri məhsul və ya xidmətlərin son istehlakçısının bu və ya digər formada əhali olduğunu nəzərə alsaq, təklif həmin subyektlərin hamısına şamil olunmalıdır ki, bu da istehlakçı qrupları üzrə tarif tənzimlənməsinin mahiyyətini dəyişməklə yanaşı, təbii qaz təchizatını yerinə yetirən obyektin maliyyə nəticələrinə mənfi təsir edəcəkdir. Həmçinin, əhali abonentlərinin yaşadığı bu tipli binaların əksəriyyətinin alt (bəzən, hətta crta və üst) mərtəbələrində qeyri-əhali abonentlərinə məxsus obyektlər və ya ofislər də yerləşir. Bu baxımdan, təklifin qəbulu əhali üçün nəzərdə tutulmuş imtiyazların son nəticədə həmin qeyri-əhali abonentləri tərəfindən də istifadəsi hallarına gətirib çıxara bilər ki, bu da ümumilikdə qeyri-əhali abonentləri arasında diskriminasiyaya səbəb olacaqdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 №-li Qərarının 5.1-ci bəndini, Azərbaycan Respublikası Tarif Şurasının xx xxxxxx 2016-cı il tarixli 18 saylı qərarının 2.4-cü, Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii qazın ölkədaxili tarifləri”ni tətbiq edərək belə qənaətə gəlmişdir ki, Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii qazın ölkədaxili tarifləri”nə əsasən qeyri-əhali istehlakçı qrupu üzrə təbii qazın dəyəri hər min kubmetr üçün 200 manat səviyyəsində təsdiq edildiyindən və ünvan 3 ünvanda yerləşən yaşayış kompleksinin qazanxanası Cavabdeh İB-in abonent bazasında qeyri-əhali istehlakçısı kimi qeydiyyatda olduğundan cavabdeh təbii qazın hər 1 kubmetri üçün 20 qəpik hesablanmasında haqlı olmuş, hər hansı qanun pozuntusuna yol verməmişdir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, təbii qaz üzrə istehlak həcmi əhali abonentləri üzrə fərdi şəkildə verilmiş və qruplaşdırılaraq üçüncü istehlakçılara ötürülməsi və ya birgə istifadəsi nəzərdə tutulmamışdır. Təbii qaz istehlak edən əksər subyektlərin istehsal etdikləri məhsul və ya xidmətlərin son istehlakçısının bu və ya digər formada əhali olduğunu nəzərə alsaq, iddiaçıların irəli sürdüyü təklif həmin subyektlərin hamısına şamil olunmalıdır ki, bu da istehlakçı qrupları üzrə tarif tənzimlənməsinin mahiyyətinin dəyişməsinə səbəb olar. Digər tərəfdən, əhali üzrə tətbiq olunan limitlərin bir qismi abonentlər üçün fərdi mahiyyətdən kənarlaşdırılaraq onları başqa bir xidmətlə (istilik və/və ya isti su təchizatı) təmin edən hüquqi şəxsə qrup şəklində ötürülməsi onlarla digər kateqoriyalı abonentlər (məsələn, qaz təchizatı nəzərdə tutulmamış binalar) arasında ayrıseçkiliyin yaranmasına gətirib çıxarar. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları və tələbləri baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, apelyatorların şikayətində irəli sürdükləri ilə bağlı kollegiya qeyd edir ki, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına yuxarıda qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1666/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar