Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-427/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsi” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsi tələbinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1751/2022 saylı iş üzrə 26 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsi, Cavabdeh 4780 manat pul vəsaitinin, vəkilə ödədiyi 350 manat pulun və ödənilmiş 71 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə iddiasının Bakı Şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1751/2022 saylı işi üzrə 26 iyul 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməsi, Cavabdeh 4780 manat məbləğində pul vəsaitinin, vəkilə ödədiyi 350 manat pulun və ödənilmiş 71 manat məbləğində dövlət rüsumunun, cəmi 5201 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 472.1, 474.2, 474.3, 475.1, 501, 509.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehlə "xxxx" ASC arasında kredit müqavilələri bağlanılmış və eyni zamanda həmin tarixdə öhdəliyin icrasının təminatı qismində "xxxx" ASC ilə İddiaçı arasında zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin tələbinə əsasən kreditora dəymiş zərərə, kreditin məbləği, ona hesablanmış faiz və dəbbə pulunun borcalan tərəfindən yerinə yetirilməməsinə görə zaminin borcalan şəxslə eyni həcmdə birgə məsuliyyət daşıması qeyd olunmuşdur. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında yaranmış borc öhdəlikləri lazımi qaydada və vaxtında icra edilməmiş, nəticədə cavabdehin İddiaçı ilə birgə mülki hüquqi məsuliyyət daşıdığı bank qarşısında icra edilməyən borc öhdəlikləri yaranmış və müqavilə tələblərinə uyğun olaraq həmin icra edilməyən borc öhdəlikləri zamin qismində çıxış edən İddiaçı tərəfindən banka ödənilmişdir. İddiaçı tərəfindən zamin qismində cavabdehin bank qarşısında olan borc öhdəliyinə görə xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən də göründüyü kimi ümumilikdə 17274,50 manat məbləğində ödəniş edilmişdir. Lakin iddiaçı iddia ərizəsində və məhkəmə iclasında qeyd etmişdir ki, cavabdeh onun tərəfindən banka ödənilmiş 17274,50 manat məbləğində borcun bir hissəsini qaytarmış, lakin 4780 manat məbləğində borcu qalmışdır və halhazırkı mülki iş üzrə cavabdehdən həmin qalıq borcunu - 4780 manat pulu tələb edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: xx.xx.2020-ci il tarixli mədaxil qəbzlərinə əsasən "xxxx" ASC-nin Baş Ofisinə İddiaçı tərəfindən 2473,40 və 14801,50 manat məbləğində ödəniş həyata keçirilmişdir;- 29 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Gənclik filialı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, cavabdehə 12 ay müddətinə 15000 manat kredit verilmişdir və eyni zamanda həmin tarixdə "xxxx" ASC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanaraq, İddiaçı 29 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu, borcalanın öz vəzifələrini yerinə yetirməməsinə və ya lazımi qaydada yerinə yerinə yetirməməsinə görə kreditora dəymiş zərərin və borcun tələbi ilə bağlı məhkəmə xərclərinin ödənilməsi də daxil olmaqla borcalan ilə eyni həcmdə bank qarşısında cavabdehliyi öz üzərinə götürmüşdür;- 24 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Gənclik filialı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, cavabdehə 12 ay müddətinə 2960 manat ona kredit verilmiş və eyni zamanda həmin tarixdə "xxxx" ASC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanaraq, İddiaçı 24 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu, borcalanın öz vəzifələrini yerinə yetirməməsinə və ya lazımi qaydada yerinə yerinə yetirməməsinə görə kreditora dəymiş zərərin və borcun tələbi ilə bağlı məhkəmə xərclərinin ödənilməsi də daxil olmaqla borcalan ilə eyni həcmdə bank qarşısında cavabdehliyi öz üzərinə götürmüşdür. (iş.səh. 5, 6, 7, 12) Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)- 1751/2022 saylı iş üzrə 26 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə qətnaməni qəbul etdiyi zaman 29 yanvar 2020-ci il tarixli kredit müqaviləsi və 24 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-dən hesabdan çıxarışlar tələb edilməmişdir. Bundan əlavə kassa məxaric orderlərinin tələb edilməməsinə dair sübutların olmaması halına dair birinci instansiya məhkəməsinin konkret olaraq mövqeyi yoxdur. Məhkəmə tərəfindən kredit müqaviləsinin, zaminlik müqaviləsinin olması müəyyən edilsə də həmin müqavilələrdə imza nümunələrinin ona məxsus olması sübut edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı müəyyən edilən hallar:
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə, məhkəməxətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh "xxxx" ASC-yə iş materiallarında olan hesabdan çıxarış məlumatları, 29 yanvar 2020-ci il tarixdə bağlanmış 04/3854/DİK nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il iddia ərizəsinin tarixinə 7,68 manat məbləğində, 24 fevral 2020-ci il tarixdə bağlanmış 00/14771/DİK nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il iddia ərizəsinin tarixinə 0,04 manat məbləğində artıq ödənişi müəyyən edilmiş, ekspertin vəsatəti təmin edilmədiyindən məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsindən imtina edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya insyansiyası məhkəməsinin mövqeyi:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 425, 470-477, 560; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələri üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərini sübuta yetirən və ya ona dəlalət edən sübutlar habelə hər hansı əlavə ekspertizaının təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Şikayətin dəlilləri cavabdehin vəzifələrinə rəğmən öhdəliklərdən yayınmaya yönəlik hüquqdan sui-istifadəyə şərait yaradan hal və buna cəhd kimi qiymətləndirilməlidir. Bu dəlillər üzrə ekspertizaların təyin edilməsi borcun olmadığı və cavabdehin imza nümunələrini təqdim etməkdən yayınma kimi səciyyələndirildiyindən, habelə əlavə sübutedici dəlillər müzakirəyə təqdim edilmədiyindən apellyasiya şikayəti rədd edilməlidir. Qeyd edilən münasibətlərin aşağıdakı hüquqi istinadlara müvafiq tənzimlənməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə (müddəalarına) görə: 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən: Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
9. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və ekspertiza üzrə məhkəmə xərcləri buna səbəb olmuş şəxslərə aid edilməlidir.
10. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1751/2022 saylı işi üzrə 26 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.