Məhkəmə qərarları › İş №2(103)-4273/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4273/2020

04.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4273/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-780/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə görülən işlərin dəyərinə görə 11000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 2012-ci ildən tanıdığı Cavabdeh ona 2014-cü ildə Sumqayıt şəhərində dənizkənarı parkda boş sahə olmasını, orada obyekt tikilməli olmasını demiş, bundan sonra o öz hesabına tikintini aparmağa başlamış, 20 gün iş getdikdən sonra cavabdeh ona tikinti işlərini müvəqqəti dayandırmağı demişdir. O, 20 gün müddətində ümumilikdə həmin obyektə 11000 manat pul xərcləmiş, tikintidə 3 briqada, hər briqadada 1 usta və 2 fəhlə işləmişdir. İşi saxladıqdan sonra cavabdeh ona narahat olmamasını, tikintinin davam etdirilməsi mümkün olmadığı halda pulu qaytaracağını bildirmişdir. Tikinti işlərinin aparıldığı sahə “Qala” restoranına aid olsa da, işlərin aparılmasını ona Cavabdeh tapşırmış, görülmüş işlər barədə smeta tərtib olunmamış, tikintidə işləyən işçilərlə müqavilə bağlanmamış, tikintiyə sərf olunan tikinti materiallarının alınmasını təsdiq edən sənədlər saxlanmamışdır. O dəfələrlə cavabdehdən pulunu tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə cavabdeh onun pulunu qaytarmaqdan imtina etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, iddia qanunsuz və əsassızdır. Belə ki, Sumqayıt şəhərində dənizkənarı bulvar ərazisində tikinti işləri aparmağa və ya tikinti işlərinin aparılmasına sərəncam verməyə cavabdehin heç bir səlahiyyəti olmamışdır. İddiaçı tərəfindən həmin ərazidə hansı tikinti işlərinin aparılması, tikintiyə həqiqətən 11000 manat pul sərf olunması, tikinti işlərinin aparılması üçün hər hansı icazə alınması, müqavilə bağlanması bəlli deyil. Bundan əlavə, iddiaçının 2014-cü ildə görülən işlərə görə 6 ildən sonra iddia qaldırması müəmmalıdır. Cavabdeh hesab edir ki, iddia əsassız olmaqla yanaşı, həm də iddia müddəti keçmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 780/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamış və həqiqətin müəyyən olunmasında maraqlı olmamışdır. İşə baxılarkən şahidlər dindirilməmiş, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirərək əvvəlcə iddia ərizəsinə yazılı etirazına uyğun məzmunda izahat vermiş, daha sonra izahatına düzəliş edərək bildirmişdir ki, Sumqayıt şəhərində dənizkənarı bulvar ərazisində müəyyən bir sahə şəhər icra hakimiyyəti ilə şifahi şəkildə razılaşdırılmaqla tikinti işləri aparılması üçün ona verilsə də, müvafiq sənədləşmə işləri aparılmadığına görə orada heç bir tikinti işləri aparmamışdır. Şifahi qaydada ona ayrılmış ərazidə müəyyən tikinti işləri aparmağı iddiaçıya tapşırsa da, iddiaçı orada işə başlamamış və heç bir iş görməmişdir. Sonradan isə iddiaçı ona bildirmişdir ki, guya orada öz vəsaiti hesabına 11000 manatlıq tikinti işləri görmüşdür. İddiaçıdan görülən işlərə dair smeta sənədlərini təqdim etməyi xahiş etsə də, iddiaçı bu barədə ona heç bir sənəd və sübut verməmişdir. İddiaçının iddia ərizəsində sadaladığı halların ona heç bir aidiyyəti yoxdur. İddia ərizəsində qeyd edilən hallar iddiaçının qeyd etdiyinə görə ötən 5-6 il müddəti əhatə edir. Bu müddət ərzində iddiaçı tərəfindən ona heç bir pretenziya və irad bildirilməmişdir. Buna görə də o, apelyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-780/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, İddiaçı dəvəti əsasında Sumqayıt şəhərində yerləşən “Qala” restoranına aid olan sahədə qaynaqçı kimi işləmişdir. İddiaçı tikinti aparılan sahəyə tikinti materialları alaraq gətirmiş, ustaları və fəhlələri cəlb etmişdir. İddiaçı tikinti materiallarına nə qədər vəsait sərf etməsini o bilmir, tikinti işlərinin hansı ildə aparılmasını xatırlamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1.-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2.-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı öz iddiasını borc münasibətləri ilə əsaslandırsa da, iddia ərizəsinin məzmunundan və iddiaçının izahatından belə məlum olur ki, o, cavabdehin sifarişi əsasında iş görmüşdür. Lakin iddiaçı tərəf cavabdehin sifarişi ilə nə vaxt, yəni hansı ildə və hansı tikinti işləri görməsi, tikintiyə həqiqətən 11000 manat pul sərf etməsi, həmin tikintinin sonrakı taleyi barədə heç bir sübut təqdim etməmişdir. İddiaçının məhkəməyə sübut növü olaraq təqdim etdiyi şahid ifadəsi, görülmüş işlərə dair yalnız iddiaçı tərəfindən tərtib olunmaqla imzalanan siyahı ilə bağlı məhkəmə qeyd edir ki, görülən işlərin vaxtını, işlərin görülməsinə sərf olunan məbləği bilməyən şahid ifadəsi, yalnız iddiaçı tərəfindən tərtib olunan siyahı işlərin cavabdehin tapşırığı ilə görülməsini, tələb olunan vəsaitin həqiqətən sərf olunmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Bundan əlavə, tikinti işləri aparılmasına rəsmi icazə verilməsi barədə sənəd, habelə tikintinin planı və sxemi məhkəməyə təqdim edilməmişdir. İddiaçı 6 ildən sonra məhkəməyə müraciət etməsinin səbəbini əsaslandıra bilməmiş, ötən müddət ərzində cavabdehə hər hansı pretenziya və iddia irəli sürməsi barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 780/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar