Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4276/2022 06.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.04.2022-ci il tarixli, 2(008)- 103/1999 saylı qərardadından ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs itirilmiş məhkəmə icraatının bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Rafiq Həsənovun cavabdeh Şəlalə Rzayevaya qarşı “uşağın doğum aktı qeydində ataya dair qeydin ləğv edilməsi” tələbinə dair mülki işlə bağlı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.01.1999-cu il tarixli, 2-103/1999 nömrəli qətnaməsi üzrə itirilmiş icraatın bərpa olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.04.2022-ci il tarixli, 2(008)- 103/1999 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Ərizəçi həmin qərardaddan şikayət verərək ləğv edilməsini, şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.04.2022-ci il tarixli, 2(008)- 103/1999 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, ərizəçinin hal-hazırda Fərhad Qəribova qarşı Səbail Rayon Məhkəməsində “atalıq faktının tanıdılması” ilə bağlı iddiasına baxılır. Həmin iş üzrə hazırki itirilmiş işə dair məhkəmə qətnaməsi və digər materialların təqdim edilməsi labüddür. Rafiq Həsənovun ərizəçinin anası Şəlalə Rzayevaya qarşı işi barədə heç bir sənəd arxivləşdirilməmiş, onun atasına dair məlumatlar saxtalaşdırılmışdır, aşkar surətdə görünür ki, Nərimanov Rayon Məhkəməsi qeyd edilən işi bilə-bilə məhv etmişdir. Çünki həmin tarixdə eyni nömrə verilmiş başqa iş onun ərizəsi əsasında arxivdən təqdim edilsə də, hazırki şikayətinin predmeti olan işin guya naməlum səbəbdən məhv olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, X1 ərizəsi yenidən araşdırılması üçün iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsinə dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 1 saylı Əlavədə aşağıdakılar qeyd edilmişdir:
1. Başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam verilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir.
2. İtirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır.
3. Məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir.
6. İtirilmiş icraatın bərpası ərizəçinin hüquq və qanunla qorunan mənafeyi ilə əlaqədar olmadıqda, məhkəmə ya itirilmiş icraatın bərpası üzrə iş başlanmağı rədd edir, yaxud belə iş başlamışsa, əsaslandırılmış qərardadla onu baxılmamış saxlayır.
8. İşə baxarkən məhkəmə icraatın saxlanan hissəsindən, icraat itənə qədər işdən vətəndaşlara və təşkilatlara verilmiş sənədlərdən, həmin sənədlərin surətlərindən, işə aidiyyəti olan arayış və kağızlardan istifadə edir. Məhkəmə prosessual hərəkətlərin edilməsində iştirak etmiş şəxsləri, zəruri hallarda, itirilmiş işin baxılmasında məhkəmə heyətinin tərkibinə daxil olmuş şəxsləri, habelə məhkəmə qətnaməsini icra edən şəxsi şahid kimi dindirə bilər.
10. İtirilmiş məhkəmə icraatının bərpa edilməsi haqqında qətnamədə və ya iş üzrə icraata xitam verilməsinə dair qərardadda məhkəməyə təqdim olunmuş hansı konkret məlumatlara, itirilmiş icraat üzrə proses iştirakçılarının iştirakı ilə məhkəmə iclasında tədqiq olunmuş məlumatlara əsasən bərpa olunmuş aktın məzmununun müəyyən olunmuş hesab edilməsi göstərilməlidir. İtirilmiş icraatın bərpası haqqında iş üzrə qətnamənin əsaslandırıcı hissəsində həmçinin məhkəmədə tədqiq olunmuş hansı halların və itirilmiş icraatla əlaqədar edilmiş hansı prosessual hərəkətlərin sübuta yetirilməsi barədə məhkəmənin gəldiyi nəticələr göstərilməlidir.
11. İtirilmiş icraat üzrə məhkəmə aktını tam bərpa etmək üçün toplanmış materiallar kifayət etmədikdə, məhkəmə bu icraata xitam verir və işdə iştirak edən şəxslərə ümumi qaydada iddia qaldırmaq hüququnu izah edir. Məhkəmə kollegiyası qeyd edir, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə itirilmiş məhkəmə icraatının bərpasına dair ərizəyə baxarkən itirilmiş icraatının bərpası üzə iş başlanmasını rədd edə, yaxud belə iş başlanmışsa, əsaslandırılmış qərardadla onu baxılmamış saxlaya, itirilmiş məhkəmə icraatının bərpa edilməsi haqqında qətnamə çıxara və ya ərizə üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edə bilər. Həmin məhkəmə aktlarının çıxarılması üçün isə müvafiq əsaslar mövcud olmalıdır. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi barədə qərardad qəbul etmişdir, halbuki itirilmiş məhkəmə icraatının bərpasına dair işlərə baxarkən ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə tərəfindən hər hansı araşdırma aparılmadan, prosessual hərəkətlər edilmədən məhkəmə aktı qəbul edilmiş, mübahisələndirilən qərardadın son abzasının son cümləsi tamamlanmadan yeni cümləyə keçid edilmişdir ki, bu da məhkəmənin mövqeyinin anlaşılmamasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalı, Maraqlı şəxs ərizəsi yenidən araşdırılması üçün iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Şikayət təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.04.2022-ci il tarixli, 2(005)-103/1999 nömrəli qərardadı ləğv edilsin və ərizəçi Maraqlı şəxs ərizəsinə baxılması üçün iş materialları həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.