Məhkəmə qərarları › İş №2(103)-4279/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4279/2022

29.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4279/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən N saylı hərbi hissəsinin təqsiri üzündən sağlamlığına vurulmuş xəsarət nəticəsində çəkdiyi əlavə xərclərə görə 50.000 manat pulun, vurduqları maddi və mənəvi ziyana görə 10.000 manat olmaqla, ümumilikdə 60.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Qafarova, iş № 2(009)-95/22) iddia rədd edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2017-ci ildə işdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsindən keçən hissədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus “Kamaz” markalı K-397QQ dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X4 onun “MersedesBenz” markalı 50 DN-439 dövlət qeydiyyatlı mikroavtobusu idarə etdiyi yola keçərək yol nəqliyyat hadisəsi törətmiş, nəticədə o, ağır xəsarət alaraq Sumqayıt şəhər X9 Xəstəxanasına yerləşdirilmişdir. O, iki gün reanimasiya şöbəsində müalicə aldıqdan sonra ayağında baş vermiş, çoxsaylı sınıq xəsarətləri ilə bağlı sol bud nahiyyəsində əməliyyat aparılaraq mil qoyulmuşdur. Hazırda işləyə bilmir, xəstəxanada 1 ilə yaxın müalicə olunduqdan sonra evə buraxılmış, müalicəsi tam başa çatmamışdır. Baş vermiş bədbəxt hadisədən sonra 2017-ci ildən işləmir. Bu hadisə ilə bağlı cavabdehlərin təqsiri ekspertizanın verdiyi rəyə əsasən tam sübut olunmuşdur. Lakin cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və N saylı hərbi hissənin məsul işçiləri xəstəxanada müalicə olunan zaman dəfələrlə ona baş çəkərək müalicə xərclərini ödəyəcəklərinə, baş vermiş hadisə ilə əlaqədar vurulan ziyanı ödəməyə vədlər verərək şikayət etməməyini xahiş etsələr də, verdikləri vədlərinə əməl etməmişlər. İmkansızlıq ucbatından müalicə oluna bilmir, bədəninə qoyulan mil çıxarılmasa həyatını itirmək təhlükəsi ilə üz-üzə qalacaqdır. Xəstəxanada bir neçə dəfə cərrahiyə əməliyyatı üçün 28 mart 2018-ci ildə Sumqayıt şəhəri, 5-ci mkr, ev 132A/17, 14 saylı 2 otaqlı mənzilini 40.000 manata sataraq 30.000 manata 1 otaqlı mənzil almış, 20.000 manatını müalicəyə xərcləmişdir. Beləliklə, bədbəxt hadisə nəticəsində onun müalicəsinə, əlavə qidalanmaya, dərmanların alınmasına çəkdiyi xərclərə görə 20.000 manat xərci, 10.000 manat isə əlavə xərci çıxmışdır. Protezin qoyulması üçün ondan 20.000 manat tələb olunur ki, həmin məbləği də cavabdehlər ödəməlidirlər, ümumilikdə isə cavabdehlər ona 50.000 manat ödəməlidirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmun təşkil etmişdir. Şikayət əlavə olaraq onunla əsaslandırılmışdır ki, Sakit Quliyev hadisə baş verdiyi vaxt Müdafiə Nazirliyinin hərbi qulluqçusu olduğundan və zərəri Nazirliyin tapşırığını yerinə yetirərkən vurduğuna görə birbaşa məsuliyyəti Müdafiə Nazirliyi daşıyır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi əsası ilə ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının hazırkı iş üzrə tələbi cavabdehdən müddətli həqiqi hərbi xidmətdə olmuş hərbi qulluqçunun vurduğu ziyana görə pulun tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, zərərin əvəzinin nəqliyyat vasitəsinin mülkiyyətçisindən tutulması üçün əsaslar mövcud olmadığından iddia rədd olunmalıdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, 1108.1-ci maddələri ilə əsaslandırmışdır. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə, saat 18:20 radələrində Sahil-H.Z.Tağıyev yolunun Qaradağ rayonu ərazisindən keçən 7-ci kilometrində N hərbi hissənin hərbi qulluqçusu, sürücü X4 yol vərəqəsi əsasında idarə etdiyi, N hərbi hissəyə məxsus «Kamaz-43114» markalı K397QQ dövlət qeydiyyat nişanlı avtomobillə Sahil qəsəbəsi istiqmətinə 60-70 km/saat sürətlə hərəkətdə olarkən, qarşıda eyni istiqamətə hərəkət edən yük avtomobilini ötmə əməliyyatı aparmaq üçün əks hərəkət zolağına çıxmış, ötməni başa çatdıra bilməyib qarşıdan əks istiqamətə hərəkət edən İddiaçı idarə etdiyi «Mercedes Benz 208D» markalı **-DH-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla, sonuncunun hərəkət zolağında toqquşmuş, nəticədə mikroavtobusun sürücüsü İddiaçı, sərnişinləri X5 və X2 xəsarət almışlar. Araşdırma zamanı İddiaçı və digərləri məhkəmətibb ekspertizası müayinəsindən keçirilmiş, ekspertin xx.xx.2018-ci il tarixli 50 və xx.xx.2018- ci il tarixli 07/1417 №-li rəyləri ilə İddiaçı aldığı xəsarətlər sağlamlığa az ağır zərər vurmaya aid olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs İddiaçı ərizə verərək sürücü S.Quliyevlə barışdıqlarını, onun barəsində şikayətlərinin olmadığını göstərmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru E.Əmirov tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərarına əsasən İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi, X3 zərərçəkmiş şəxslərlə barışdığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi, barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. Daha sonra, Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2019-cu il tarixli məlumatına əsasən İddiaçı bədənin bir neçə nahiyələrini əhatə edən digər müştərək sınıqlar, sol sirkə kasası dibinin, arxa kənarının 2 şurup ilə fiksa olunmuş sınığı, sol bud sümüyünün böyük burmasının bitişməmiş sınığı, sol bud çanaq oynağının Postravmatik koksartrozu, ankilozu daimi ağrı ilə, sol a/ətrafın veriş və dayaq funksiyasının pozulması, sol a/ətrafın funksiyasının kəskin itməsi, qapalı kəllə beyin travması, baş beyin sirkələnməsi, sağ diz qapağının bitişmiş sınığı, sol aşağı ətrafın 7,0 sm qısalması diaqnozu qoyulmuş, İİİ dərəcə əlillik müəyyən edilmişdir. Həmçinin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 047 nömrəli arayışa əsasən İddiaçı sol bud sümüyü başının avaskulyar nekrozu diaqnozu qoyulmuş, xəstədə “bud çanaq oynağının total endoprotezləşdirilməsi” əməliyyatı icra olunmalı olduğu, əməliyyatın məbləğinin 7500 - 8000 manat arasında dəyişə biləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N hərbi hissənin hərbi qulluqçusu, sürücü X4 xx.xx.2017-ci il tarixdə, saat 18:20 radələrində Sahil-H.Z.Tağıyev yolunun Qaradağ rayonu ərazisindən keçən 7-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verən zaman «Kamaz-43114» markalı K397QQ dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman «Kamaz-43114» markalı K397QQ dövlət qeydiyyat nişanlı avtomobil müvafiq yol vərəqəsi əsasında idarə edən Hərbi Hissənin hərbi qulluqçusu, sürücü X3 qanuni sahibliyində olmuşdur. Ona görə də, məhz X4 Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələblərinə görə yüksək təhlükə mənbəyinin (həmin an üçün) sahibi hesab olunur. Mülki Məcəllənin 1108.1-ci maddəsinin məzmunundan da görünür ki, həmin norma zərərçəkənə, yəni hazırki halda iddiaçıya zərərin əvəzinin mülkiyyətçi və ya digər qanuni sahibdən tutulmasını tələb etmək baxımından seçim hüququ vermir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, mübahisəyə Mülki Məcəllənin 1117, 1118.1-ci maddələri tətbiq olunmalı və mübahisə həmin normaların tələblərinə uyğun həll edilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuº qaydalar üzrə ödənilir (maddə 1117). Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin (maddə 1118.1). Kollegiya qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı iddia tələbi üzrə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin əvəzi zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı halda ödənilə bilər. Apellyasiya baxışı zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ilə müraciət olunmuş, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 23 iyun 2022-ci il tarixli PHŞ/1-2-2022-16355 saylı cavab məktubu ilə bildirilmişdir ki, iddiaçıya icra edilməli “budçanaq oynağının endoprotezi” əməliyyatı Xidmətlər Zərfinə aiddir. İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Tibb Universiteti X1 Travmatologiya şöbəsinə müraciət etmiş, müayinədən sonra “sol bud sümüyünün bitişməyən sınığı” diaqnozu təsdiqlənmiş və “budçanaq oynağının endoprotezi” əməliyyatı məsləhət görülmüşdür. Azərbaycan Tibb Universiteti X1 vətəndaşa “bud-çanaq oynağının endoprotezi” əməliyyatının icrası üçün sorğusuna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi razılıq vermiş və xx.xx.2022-ci il tarixində iddiaçıya qeyd edilmiş əməliyyat sığorta hesabına icra edilmişdir. Göründüyü kimi iddiaçıya qeyd edilən əməliyyat sığorta hesabına (pulsuz) icra edildiyindən və gələcəkdə görülə biləcək hər hansı əməliyyatın da sığorta hesabına (pulsuz) həyata keçirilməsi nəzərdə tutulduğundan iddiaçının hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mənəvi zərərin tutulması ilə bağlı hissədə Kollegiya hesab edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru E.Əmirov tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərarından görünür ki, iddiaçının əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilmiş, X4 zərərçəkmiş şəxslərlə barışdığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bu baxımdan Kollegiya mənəvi zərərin tutulması hissəsində də iddianı əsassız sayır və hesab edir ki, iddia tələbi həmin hissədə də rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar