Məhkəmə qərarları › İş №2(103)-4280/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4280/2020

05.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4280/2020 05.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, 2(009)-870/2020 №-li iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmiş “iddianın təmini tədbirinin görülməsindən imtina edilməsi barədə” qərardaddan iş üzrə İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdehlər “X3 Mərkəzi” MMC və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şosesi, 23 ünvanında yerləşən əmlak kompleksinin satılması ilə bağlı hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı Rayon Məhkəməsinə “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə təqdim edərək, mübahisə predmeti olan əmlak kompleksi üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə ərizəni təmin etməmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsi və “iddianın təmini tədbiri barədə” ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “iddianın təmini tədbiri barədə” ərizəni təmin etməmiş Rayon Məhkəməsi, mövqeyini onunla əsaslandırmışdır ki, əmlak kompleksi cavabdeh Bankın mülkiyyətində olan əmlakdır. Halbuki, bu halı təsdiq edən hər hansı sübut iş materiallarında yoxdur. Rayon Məhkəməsi, qərardaddan verilmiş şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157.1-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. MPM-nin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 158.1-ci maddəsinə görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər (maddə 158.1.1.); müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər (maddə 158.1.2.); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər (maddə 158.1.3.). Göründüyü kimi, mülki prosessual qanunvericiliyin mənasına görə, iddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların yaranmasının qarşısının alınmasına yönəlmiş prosessual tədbirdir. Bu kimi tədbirin görülməsinə yalnız məhkəmə tərəfindən iş üzrə çıxarılacaq qətnamənin gələcəkdə real icra edilə biliməsinə əsaslı şübhə yarandıqda zərurət yaranır. Başqa sözlə, iddianı təmin etmək üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırki işin başlanmasına əsas olmuş iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehlərə qarşı irəli sürdüyü tələb ilə mübahisəli əmlak kompleksi barədə keçirilmiş hərracın nəticələrinin etibarlılığını mübahisələndirir. Həmin iddianın gələcəkdə rədd edilməsi ehtimalı olduğu kimi, tam və ya qismən təmin edilməsi ehtimalı da mövcuddur. İddia tam və ya qismən təmin olunduğu və mübahisəli əmlak özgəninkiləşdirildiyi halda qətnamənin icrası qeyri-mümkün olacaqdır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər mübahisə predmeti olan əmlakın qorunması üçün əmlak barədə iddianın təmini tədbiri görülməlidir. Əks halda təmin edilməsi istisna edilməyən iddia üzrə qəbul edilə biləcək məhkəmə aktının icrasında müəyyən çətinliklər yarana bilər. Məhkəmə qeyd edir ki, əmlak üzərinə həbs qoyulması onun özgəninkiləşdirilməsinin və qəsdən məhv edilməsinin qarşısını almaq üçün görülən tədbirdir ki həmin tədbir əmlakın siyahıya alınmasından, əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından və sair hərəkətlərdən ibarətdir. Başqa sözlə, görülməsi tələb edilən həbs növündə iddianın təmini tədbiri əmlakın mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər. Lakin, göstərilənlər ilə yanaşı Məhkəmə hesab edir ki, yuxarıda qeyd edildiyi kimi hazırki mülki işə baxılıb iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qəbul edilənə qədər mübahisəli əmlak barədə iddianın təmini tədbiri görülməlidir və həmin tədbir əmlak kompleksinin özgəninkiləşdirilməsinin qarşısını almalıdır. Göstərilən tədbir isə iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edildiyi halda qətnamənin gələcəkdə icrasını təmin edə bilər. Qeyd edilənlərə əsasən və MPM-nin 398.0.3-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və hazırki mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər mübahisəli əmlak kompleksinin özgəninkiləşdirilməsinə qadağa qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 365, 261, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şosesi, 23 ünvanında yerləşən əmlak kompleksinin özgəninkiləşdirilməsi cavabdehlərə və başqa şəxslərə qadağan edilsin. İcra edilməsi üçün, qərardad, Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar