Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4284/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: «borc tələbi, miras passivi, öhdəliyin icrası») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-794/2023 saylı, 10 aperl 2023-cü il tarixli qətnaməsindən İddiaçı MMC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. 23 “STEPS” məhdud məsuliyyətli cəmiyyəti (bundan sonra MMC) ilə X7 arasında sadə yazılı formada bağlanmış 07 avqust 2017-ci il tarixli “Faizsiz borc müqaviləsi”nə əsasən borcverən borcalana 69971 manat pulu hissə-hissə ödəməyi, borcalan isə 31 yanvar 2020-ci il tarixdə borcu tam olaraq qaytarmağı öhdəsinə götürüb.
2. Müəssisə tərəfindən X6 01 saylı, 11 avqust 2017-ci il tarixli məxaric xəzinə orderi ilə 11.400.00 manat, 02 saylı 18 avqust 2017-ci il tarixli məxaric xəzinə orderi ilə 3560.00 manat, 03 saylı 13 sentyabr 2017-ci il tarixli məxaric xəzinə orderi ilə 6500.00 manat, 04 saylı 27 sentyabr 2017-ci il tarixli məxaric xəzinə orderi ilə 8500.00 manat, 05 saylı, 23 oktyabr 2017-ci il tarixli məxaric xəzinə orderi ilə 9975.00 manat, 07 saylı 2017-ci il tarixli məxaric xəzinə orderi ilə 15000,00 manat, 08 saylı,12 yanvar 2018-ci il tarixli məxaric xəzinə orderi ilə 8500.00 manat, 09 saylı 30 yanvar 2018-ci il tarixli məxaric xəzinə orderi ilə 6500.00 manat pul verilməsi qeyd olunur.
3. Bakı şəhəri 50 saylı Notariat Ofisinin 31 mart 2023-cü il tarixli, 701 nömrəli məktubunda qeyd olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 qalmış əmlaklara dair həmin notariat ofisində vərəsəlik işi açılmışdır. Ondan miras qalmış əmlaklara dair vərəsələri,arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 vərəsəlik haqqında şəhadətnamələr verilib.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 avqust 2017-ci il tarixli borc müqaviləsi üzrə 69975 manat borcun və ödənilmiş 300.45 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Tələbdə göstərilib ki, müqavilənin 2-ci bəndinə əsasən 31 yanvar 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, bu günədək borc öhdəliyi icra olunmayıb. 29 dekabr 2022-ci il tarixdə cavabdehlərə pretenziyalar göndərilib.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-794/2023 saylı, 10 aperl 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, MMC-nin Nizamnaməsindən görünür ki, müəssisə 16 yanvar 2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin təsisçiləri 60% paya sahib olan X9 və 40 % paya sahib olan X4r. Nizamnamənin 3-cü bəndində qeyd olunur ki, “Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni(lisenziyanı)aldıqdan sonra məşğul ola bilər. Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri barədə 2 saylı Əlavənin 16.1 və 16.2-ci bəndlərindən görünür ki, bank fəaliyyəti, eləcə də bank olmayan kredit təşkilatı fəaliyyəti üçün lisenziya tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırkı borc müqaviləsi sadə yazılı formada bağlansa da,həmin müqavilənin həqiqiliyini şübhə altına alan bir-neçə amillər mövcuddur. Belə ki, işin hallarından göründüyü kimi, X5 iddiaçı müəssisə ilə hər hansı bağlılığı yoxdur. Həmin müəssisədə işləməyib,onun təsisçisi deyil. Borc verən təşkilat onunla heç bir əmək münasibətləri olmayan şəxsə uzun müddətə, kifayət qədər yüksək məbləğdə pulu faizsiz olaraq hansı səbəblərə görə verdiyini əsaslandırmamışdır. İşə əlavə olunan məxaric xəzinə orderlərinin sıra nömrələrinə diqqət yetirdikdə görünür ki, 11 avqust 2017-ci il tarixdən 30 yanvar 2018-ci il tarixinədək borcalana 1-dən 9-dək orderlərlə (6 istisna olunmaqla) müxtəlif məbləğdə pullar verilmişdir. Burda diqqət çəkən məqam ondan ibarətdir ki, həmin müddət ərzində müəssisə yalnız X6 borc verərkən məxaric xəzinə orderlərindən istifadə etmişdir. Belə çıxır ki, təqribən 2 il ərzində müəssisə yalnız X6 borc verməklə öz vəsaitini xərcləmiş, başqa bir məxaric əməliyyatları aparmamışdır. X3 qalmış miras əmlakların siyahısına diqqət yetirdikdə məlum olur ki, o, kifayət qədər imkanlı bir şəxs olmuşdur. Belə olan halda, onun bank fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan və heç bir əmək münasibətinə girmədiyi bir müəssisədən borc alması inandırıcı görünmür. X7 hal-hazırda həyatda olmadığından müqavilənin onun tərəfindən imzalanıbimzalanmamasını müəyyən etmək mümkün olmadı. Lakin cavabdehlərin məhkəməyə təqdim etdikləri etiraz ərizəsindən, onun nümayəndəsinin verdiyi izahatdan da görünür ki, onlar mərhum ilə kifayət qədər möhkəm ailə münasibətlərində olmuşlar və ailə başçısı tərəfindən bu məbləğdə borc götürülsəydi, mütləq onların xəbəri olardı. Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki, həmin sübutlar əsaslı şübhədən kənar sübutlar deyil. Cavabdehlər isə iddianı qəbul etmirlər. İddiaçının təqdim etdiyi sübutlar iddianın tam və ya qismən təmin olunması üçün kifayət etmir. Ona görə də iddia təmin olunmamalı və iddia təmin olunmadığı üçün dövlət rüsumu da iddiaçıya aid olunmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı MMC apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş və mövqeyini bununla əsaslandırmışdır ki, məhkəmə qanunu düzgün əsaslandırmadan subyektiv mülahizə əsasında qərar qəbul etmişdir. Qətnamədə heç bir əsaslandırma aparılmayıb. Yalnız işdə olan sənədlərin nədən ibarət olması göstərilib, maddi hüquq normalarına istinad edilməyib. Məhkəmə ilkin olaraq nəzərə almayıb ki, X5 iddiaçı müəssisə ilə hər hansı bağlılığının olmaması, həmin müəssisədə işləyib-işləməməsi, onun təsisçi olub-olmaması, borc verən təşkilatla onun arasında hər hansı əmək münasibətlərinin olub-olmaması tərəfləri müqavilə azadlığı prinsipindən yayındıra bilməz. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Yəni, X7 iddiaçı ilə müqavilə bağlamaqda azad olub. Onun iddiaçı ilə müqavilə bağlaması üçün hər hansısa şərt (məhkəmənin əsaslandırmağa çalışdığı 3-cü bənddə göstərilənlər) lazım deyil. Məhkəmənin məxaric xəzinə orderlərinin sıra nömrələri ilə bağlı şübhəsi də əsassız, yersiz və qanunsuzdur. İddiaçının kiməsə borc verməsi, öz vəsaitini hansı müddət ərzində, necə xərcləməsi öz daxili işidir və diqqət çəkən məqam olsa belə, bu, iddianın təmin edilməməsi qənaətinə gəlinməsi üçün əsas deyil. Bundan başqa, məhkəmə nəzərə almayıb ki, X5 imkanlı və yaxud kasıb biri olması arqumenti də onu müqavilə bağlamaq hüququndan azad etmir. Həm imkanlı, həm də imkansız adam borc götürə bilər. Qanunda bu halın əksini özündə göstərən bir müddəa yoxdur. Məhkəmə Mülki Məcəllənin 1306.1-ci maddəsinə istinad edib iddianı tam həcmdə təmin etməli olduğu halda, ümumiyyətlə, qətnamədə maddi hüquq normasına istinad etməyib. Məhkəmə nəzərə almayıb ki, birgə borclu əlaməti və eyni zamanda, birgə məsuliyyət əlaməti məhkəmədə tam şəkildə öz təsdiqini tapıb. Məhkəmənin uydurma fərziyyələrlə çıxardığı qətnamədə yalnız tərəflərin maddi vəziyyəti araşdırılmışdır. Bu hal isə qəbuledilməzdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, yəni cavabddehlərdən 07 avqust 2017-ci il tarixli borc müqaviləsi üzrə 69975 manat borcun və ödənilmiş 300.45 manat dövlət rüsumu əvəzinin alınaraq ona ödənilməsinin təmin olunmasını xahiş etdi.
10. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 739.1(xx.xx.2023-dək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2(xx.xx.2023-dək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə brgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrə uyğun tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianı rədd etməklə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
19. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, habelə cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.
20. Belə ki, apellyasiya baxışında məhkəmə tərkibi hesab etdi ki, iş üzrə şikayətin dəlillərinin yoxlanılmaqla həqiqətin müəyyən edilməsi üçün xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə xətşünaslıq ekspertiza təyin edilməlidir. Çünki, iddiaçının tələbi faizsiz borc müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı olmuşdur. Belə olan halda, faizsiz borc müqaviləsindəki, eyni zamanda məxaric xəzinə orderlərindəki imzaların mərhum X6 məxsus olub-olmaması mübahisələndirildiyindən yoxlanılması vacib idi.
21. Məhkəmə-xətşünaslıq ekspertizasının 3-16-16/2-4/1264 saylı, xx.xx.2023-cü il tarixli rəyində qeyd edilir ki, ekspertizaya təqdim edilmiş, İddiaçı MMC və X5 adlarından olan 07 avqust 2017-ci il tarixli Faizsiz borc müqaviləsində "Borcalan" qarşısındakı imza, həmin müqaviləyə dair 11 avqust 2017-ci il tarixli 1 saylı, 18 avqust 2017-ci il tarixli 2 saylı, 13 sentyabr 2017-ci il tarixli 3 saylı, 27 sentyabr 2017-ci il tarixli 4 saylı, 23 oktyabr 2017-ci il tarixli 5 saylı, 14 dekabr 2017-ci il tarixli 7 saylı, 12 yanvar 2018-ci il tarixli 8 saylı, 30 yanvar 2018-ci il tarixli 9 saylı məxaric xəzinə orderlərində "Aldım" qrafasındakı imzalar - X7 tərəfindən icra olunmuşdur.
22. Göründüyü kimi, iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə də iddianın faktiki əsasını təşkil edən faizsiz borc müqaviləsi və məxaric xəzinə orderlərindəki imzaların mirasqoyan X7 tərəfindən icra olunduğu öz təsdiqini tapdığından iddianın əsaslılığı təsdiq edilmiş olur. Çünki, iddiaçı məhz həmin sübutlara istinad edərək hazırki iddianı irəli sürmüşdü. Apellyasiya instansiyası məhkəməsində isə yeni sübutlar tədqiq edilərkən, yəni ekspertiza rəyi ilə işin nəticəsinə təsir edən digər, yəni, yeni faktiki hallar müəyyən edildi. Bununlada məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığı təsdiq edildi. Bu da öz növbəsində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas yaradır.
23. Birinci instansiya məhkəməsi qənaətində göstərilənlər, yəni X5 MMC-nin təsisçisi yaxud hansısa bağlılığının, o cümlədən əmək münasibətlərində olub-olmaması iddianın əsassız olduğuna dəlalət etmir. Çünki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göründüyü kimi, müqavilə bağlamaqda tərəflər azad olub. Yüksək məbləğdə pulu faizsiz olaraq hansı səbəblərə görə verməsinin də əsaslandırılmasına ehtiyac yoxdur. Çünki, tələb edilən məbləğ həqiqətən cavabdehlərin vərəsəsi olduğu mirasqoyana faizsiz olaraq borc məqsədilə verilmişdirsə, demək ki, iddiaçı mülkiyyəti kimi verdiyi borc məbləğini tələb etməkdə haqlı olmuşdur. Burada, iddiaçının bank fəaliyyəti yaxud bank olmayan kredit təşkilatı fəaliyyəti ilə məşğul olması üçün lisenziyasının olmaması da iddianı rədd edilməsi üçün əsas ola bilməzdi.
24. Məhkəmənin məxaric xəzinə orderlərinin sıra nömrələri ilə bağlı şübhəsi də əsaslı olmamışdır. Çünki, iddiaçı cəmiyyət hüquqi şəxs kimi öz vəsaitini yalnız nağd formada xərcləmir, demək olar ki, bu cür əməliyyatlar, yəni vəsaitin xərclənməsi yalnız nağdsız qaydada həyata keçirilir. Ona görə də iki il ərzində miras qoyana yalnız məxaric xəzinə orderləri vasitəsilə nağd borc verməsi yaxud bank hesabı vasitəsilə verməməsi mümkünsüz sayıla bilməz. X3 qalmış miras əmlakların çoxluğu yaxud onun kifayət qədər imkanlı bir şəxs olması da iddianın əsaslı olmasını inkar etmir. Əksinə, miras qoyanın əmlakının çox olmasına yaxud kifayət qədər imkanlı bir şəxs olmasına aldığı faizsiz borc məbləğindən bazar iqtisadiyyatı şəraitində istifadədə səbəb olur yaxud başqa formada müsbət təsiri ola bilir. Cavabdehlərin vərəsələri olduğu miras qoyanla kifayət qədər möhkəm ailə münasibətlərində olması və tələb edilən məbləğdə borc götürsəydi, mütləq onların xəbəri ola bilərdi qənaəti də iddianı qətiyyən əsassız edə bilən arqumentlər sayılmır.
25. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarı).
26. Hazırki mübahisəyə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, istər Mülki Məcəllənin tələbi baxımından, istərsə də Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe baxımından cavabdehlər mirasqoyanın vərəsəsi kimi onun əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrilib və iddiaçı qarşısında yaranmış öhdəliyinin icrasına görə məsuliyyət daşıyırlar.
27. Bununla belə, mülki qanunvericiiyin tələbinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir(MM.m.1151.1). Birinci instansiya məhkəməsi iddianı ümumiyyətlə rədd etdiyindən cavabdehlərin vərəsə kimi kreditor qarşısında öhdəliyini yerinə yetirməməsi və yaranmış öhdəliyin həcmi barədə ümumiyyətlə hüquqi dəyərləndirmə aparmamışdır. Çünki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar(MM.m.1306.1). Ancaq hazırki iş üzrə cavabdehlər olan vərəsələrin aldığı miras aktivi, yəni 18 adda daşınar və daşınmaz əmlakdan hər birinin ½ hissədə pay aldıqları təsdiq olunduğundan, tələb edilən 69975 manat həcmində birgə öhdəlikləri yaranıb və həmin məbləği ödəməyə borclu idilər. Çünki, cavabdehlər ümumiyyətlə aldıqları miras aktivindən miras passivinin az olduğunu bəyan etmirlər, iddiaya etirazları yalnız mirasqoyanın hansısa şəxsdən borc almaması ilə bağlıdır. 28.Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə brgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar(MM.m.1306.2). Lakin cavabdehlərin birgə borclu olmasını heç iddiaçı da iddia etmir. Demək ki, cavabdehlər birgə borclu olmadığı üçün birgə məsuliyyət də daşıya bilməzdi. Başqa sözlə, cavabdehlər qanun üzrə vərəsəlik qaydasında miras əmlaka pay aldıqları üçün mirasqoyanın vərəsələri kimi iddiaçı qarşısında məsuliyyət daşıyırlar. Ən azından iddiaçı cavabdehlərin tələb edilən məbləğdən də artıq həcmdə miras əmlaka pay almalarına dair məhkəməyə mötəbər sübutlar təqdim etmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, iş üzrə təkrar məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə də zərurət və əsas yoxdur. Çünki, ilkin ekspertiza məhz mirasqoyanla aparılmış notariat hərəkətləri üzrə tərtib olunan sənədlərin və miras qoyana aid digər sənədlərin əslində olan(cəmi 5 sənəddə olan) sərbəst imza nümunələrindən istifadə edilməklə keçirilərək rəy verilmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi tərəfindən tələb edilən borca aid sənədlərin qanuniliyinin yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də təqdim edilmiş sübutlardan istifadə etməklə rəy vermişdir. Lakin cavabdeh tərəf yazılı vəsatətində ekspert rəyinin özünü mübahisələndirir. Ekspert bilə-bilə yalan verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməz. Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyinin həqiqiliyi hər hansı bir şübhə doğurmadı. Ona görə də, xətşünaslıq ekspertizasının rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsi, eləcə də əlavə yaxud təkrar ekspertiza keçirilməsi üçün də əsas yoxdur.
30. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-794/2023 saylı, 10 aperl 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin edilməli; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 07 avqust 2017-ci il tarixli borc müqaviləsi üzrə 69975 manat və ödənilmiş 300.45 manat dövlət rüsumu əvəzi müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-794/2023 saylı, 10 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 07 avqust 2017-ci il tarixli borc müqaviləsi üzrə 69975(altmış doqquz min, doqquz yüz yetmiş beş) manat borc və ödənilmiş 300.45(üç yüz manat, qırx beş qəpik) manat dövlət rüsumu əvəzi müştərək qaydada alınaraq İddiaçınə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri - 140 (yüz qırx) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.