Məhkəmə qərarları › İş №2(103)-4284/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4284/2024

22.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4284/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şahmurad Ağabala oğluna və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədov Murad Akif oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi,İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-860/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh2 mənzili təmir etmək adı ilə aldığı 900 manat pulun, dəyəri 600 yüz manat olan 2 cüt - 4 ədəd kreslo qoltuqlarının, biri 46 manat olmaqla, cəmi 92 manat dəyərində 2 ədəd süngər (qubka), ekspert rəyinə görə köçürdüyü 200 manat pulun 100 manatını, köçürdüyü dövlət rüsumunun 56 manatının 28 manatını (hər iki cavabdehə görə bərabər bölünməklə) cəmi 1028 manat pulun və Cavabdeh1 mənzilin təmiri üçün aldığı 1400 manat pulun, ekspert rəyinə görə köçürdüyü 200 manat pulun 100 manatını, köçürdüyü dövlət rüsumunun 56 manatının 28 manatını (hər iki cavabdehə görə bərabər bölünməklə) cəmi 1528 manat tutularaq ona ödənilməsi barədə iddiası (iddia tələbinin artırılması) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-860/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh2 dəyəri 600 manat olan 2 cüt 4 ədəd kreslo qoltuqları, biri 46 manat olmaqla cəmi 92 manat dəyərində 2 ədəd süngər (qubka) alınaraq İddiaçı qaytarılması, AR MPM-nin 222.1-ci maddəsinə əsasən qətnamə icra olunan vaxt qeyd edilən əmlaklar mövcud olmazsa Cavabdeh2 İddiaçı xeyrinə mövcud olmayan əmlakların dəyərinin tutulması, Cavabdeh2 İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması, iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. 2.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385, 752.1, 752.2, 759.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci bəndinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarına; Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarına; Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarına; “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cü maddəsi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ona məxsus olan Bakı şəhəri Yasamal rayonu, Zərdabi, 43 ünvanda yerləşən mənzili təmir etmək məqsədi ilə ustalara müraciət etmiş, onun sifarişi əsasında həmin mənzildə müvafiq təmir işləri həyata keçirilmişdir.İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdeh qismində göstərdiyi Cavabdeh1 təmirlə bağlı işlərin görülməsi üçün usta haqqı kimi 3000 manat pul ödənilməsi barədə qarşılıqlı razılığı əsasında ilkin olaraq ona 1700 manat pul ödəsə də, cavabdeh ona ödənilən pul müqabilində görəcəyi işləri tam yerinə yetirməmiş, yerinə yetirməmiş işin həcmi 1400 manat təşkil etmişdir. İddiaçı eyni zamanda mebel ustası kimi tanıdığı və cavabdeh qismində göstərdiyi Cavabdeh2 mənzilinin təmir xərcləri ilə əlaqədar ödədiyi 2500 manat puldan görülən işləri çıxmaqla görülməyən işlər üçün verilən 900 manat məbləğində pulun həmin cavabdehdən tutulması barədə də tələb irəli sürmüş və tələbin əsası kimi həmin məbləğdə təmir işlərinin görülməməsini göstərilmişdir. İddiaçı eyni zamanda Cavabdeh2 təmir məqsədi ilə ev avadanlıqlarını verdiyini və ümumi dəyəri 692 manat olan həmin avadanlıqların bu günədək ona qaytarılmadığını qeyd edərək həmin əmlakların ona qaytarılması barədə tələb irəli sürmüşdür. Tərəflər arasında bağlanılmış şifahi müqavilə sifariş əsasında təmir işlərinin görülməsi ilə bağlı olduğu üçün, həmin müqavilə növünə görə podrat müqaviləsi hesab edilir. Bu səbəbdən hazırki mübahisəyə mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəalarını tətbiq etməyi zəruri hesab edir. Mülki Məcəllədə podrat müqaviləsinin yazılı şəkildə bağlanmalı olması ilə bağlı hər hansı imperativ göstəriş yoxdur. Yəni mülki qanunvericilik podrat müqaviləsinin şifahi qaydada bağlanmasını qadağan etmədiyindən, tərəflər podrat müqaviləsini şifahi qaydada bağlamaqla qanunun tələblərini pozmamışlar və bu səbəbdən həmin müqavilə etibarlı əqd hesab edilməlidir. Məhkəmə iclasında Cavabdeh2 həqiqətən təmir ilə əlaqədar iddiaçı tərəfindən ona ilkin beh kimi 300 manat məbləğində, sonra isə 2 dəfə 200 manat məbləğində, cəmi 700 manat pulun verilməsini etiraf etmişdir. Cavabdeh həmin puldan santexnik və rəngsaza hər birinə 100 manat verdiyini, ondan əvvəl təmir işləri ilə əlaqədar yığılmış zibilin daşınması və təmizlik işləri görülməsi üçün 100 manat xərclədiyini, 100 manatın isə iddiaçı ilə qarşılıqlı razılığı əsasında ustaların nahar və mənzilə gətirib-aparılması məqsədi ilə aldığını, 300 manatı isə gördüyü işin müqabilində özündə saxladığını etiraf etmişdir.Məhkəmə iddiaçının Cavabdeh2 2500 manat məbləğində pul verildiyini, lakin cəmi 250 manat ekspert rəyi ilə görülən işə görə usta xərcin olmasını, Cavabdeh2 qarşı isə 900 manat məbləğində tələb irəli sürülməsini, məhkəmə iclasında şahid qismində dindirilən cavabdehin qardaşı tərəfindən isə Cavabdeh2 gördüyü işin həcminin 300 manat olması etiraf olunduğunu, Cavabdeh2 tərəfindən ona verilən cəmi 700 manat pulun 400 manatı məhz görülən işlərə və nəqliyyat daşımaları üçün ona çatmalı olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi Cavabdeh2 mənzili təmir etmək adı ilə aldığı 900 manat pulun tutulması hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir.Məhkəmə iddia tələbinin təmiri məqsədi ilə verdiyi dəyəri 600 manat olan 2 cüt 4 ədəd kreslo qoltuqlarının, biri 46 manat olmaqla, cəmi 92 manat dəyərində 2 ədəd süngərin (qubkanın) Cavabdeh2 tərəfindən qaytarılması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir.Belə ki, məhkəmə iclasında Cavabdeh2 tərəfindən etiraf olunmuşdur ki, iddiaçı tərəfindən həqiqətən tələb etdiyi əmlaklar ona verilmiş, həmin əmlaklar hazırda da ondadır, lakin əvvəllər iddiaçı təmir etdiyi avadanlıqların pulunu ona ödəmədiyi üçün o, həmin əmlakları iddiaçıya qaytarmamışdır. İddiaçıya məxsus əmlakların Cavabdeh2 olması müəyyən edildiyindən və həmin hal cavabdehin özü tərəfindən etiraf olunduğundan, iddia tələbi həmin əmlakların qaytarılması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehdən alınaraq iddiaçıya verilməli olan əmlaklar mövcud olmadığı halda onların dəyəri cavabdehdən tutulmalıdır. İddiaçı mənzilin təmiri üçün Cavabdeh1 cəmi 1700 manat məbləğində pulun verilməsi, onun tərəfindən aldığı pul müqabilində 1400 manat həddində işin görülməməsi iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.Məhkəmə iddiaçı tərəfindən məhkəməyə dəvət edilən şahid ifadəsinə tənqidi yanaşaraq həmin ifadəsi sübut növü kimi qəbul etmir. Belə ki, E.Babayev iddiaçının qardaşı olmaqla işin faktiki halları barədə iddiaçının iddia ərizəsində qeyd etdiyi hallardan fərqli ifadə verdiyindən, onun tərəfindən göstərən məlumatları məhkəmə inandırıcı hesab etmir. Məhkəmə eyni zamanda iddiaçı tərəfindən məhkəməyə mütəxəssis rəyi kimi təqdim edilən rəyi də mötəbər sübut kimi qəbul edilməsini mümkünsüz hesab edir. Belə ki, həmin rəy mübahisəli mənzildə 2-ci dəfə təmir işləri həyata keçirildikdən sonra tərtib edilmişdir, məhkəmə iclasında iddiaçının özü tərəfindən görülən işlərlə bağlı ayrı-ayrı ustalara kifayət qədər çox məbləğdə pul verilməsi etiraf olunsa da, mütəxəssis rəyində məbləğ çox aşağı həddə göstərilmişdir.

3. Birinci instansiya məhkəməsində müəyyən edilən hallar: - Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, iddiaçının qardaşıdır. “Rafiq” kimi tanıdığı şəxsin sonradan adının “Şahmurad” olduğunu bilmiş, həmin şəxs bacısının evinin təmir edilmə öhdəliyini öz üzərinə götürmüşdür. 3000 manata bütün evi tam təmir edib təhvil verməli idi, 300 manat ilkin beh verilib, sonra onun vasitəsi ilə hər dəfə 400-500 manat olmaqla hissə-hissə şəxsən Şahmurada 2000 manatdan yuxarı pul vermişdir, Şahmurad da orada işləmişdir, Şahmuradın maksimum gördüyü işin dəyəri 300 manat olardı; - İş üzrə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PBnin baş təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, İddiaçı müraciəti əsasında aparılmış araşdırmanın nəticəsi olaraq baş vermiş hadisədə heç bir cinayət hadisəsi və tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir; - İş üzrə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PBnin təhqiqatçısı Kamil Rahmanov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən, X5 şikayət ərizəsi ilə müraciət edərək göstərmişdir ki, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən mənzilinin təmiri üçün tanışı Cavabdeh1 ilə işin müqabilində 3000 manat ödəcəyi barədə razılaşmış, lakin təmirin 5 faiz işi görülmədən Vüsal ondan 1700 manat pul almış və təmiri yarımçıq qoymuşdur. Təhqiqat zamanı Cavabdeh1 şifahi olaraq özünün Babayev Elxana deyil, əksinə Elxanın ona borclu olduğunu bildirmişdir. Tərəflər arasında mənzilin təmiri ilə əlaqədar mülki mübahisə mövcuddur ki, həmin münasibətlər mülki qanunvericilik əsasında tənzim olunmalıdır. Göstərilən faktda cinayət hadisəsi müəyyən edilmədiyindən fakt üzrə cinayət işinin başlanmasının rədd edilmişdir; - İş üzrə İddiaçı sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş 02-148/22 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, 1-ci sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 3 ünvanında yerləşən 25 saylı mənzilə 05.2022-xx.xx.2022-ci il tarixlərində təmir-tikinti işlərinə çəkilmiş xərclər əsasən hazırlıq (söküntü) işlərindən ibarət olmuşdur. Söküntü işləri əsasən holl, koridor və eyvan hissəsinin döşəmə sahəsini əhatə etmişdir. Həmçinin dəhlizdə yerləşən atac konstruksiyalı saxlanc yeri sökülərək çıxarılmışdır. Bəzi hissələrdə suvaq və şpatlyovka işləri üçün mayak atıldığı qeydə alınmışdır. Lakin təmir üçün görülməsi nəzərdə tutulan hazırlıq işləri keyfiyyətsiz olduğundan və sonradan növbəti usta tərəfindən restavrasiya edildiyindən natamam kimi qeydə alınmışdır. Aparılan araşdırmalar və təhlillərə əsasən həmin tarixlərdə təmir işlərinə çəkilmiş usta (əmək haqqı) xərcinin məbləği – 300 manat təşkil etmişdir; -2-ci sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanında yerləşən 25 saylı mənzilə xx.xx.2022xx.xx.2022-ci il tarixlərində çəkilmiş təmir-tikinti işlərinə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi məqsədilə ünvanda ölçmə və təhqiqat işləri aparılmışdır. Müəyyən edilmişdir ki, həmin tarixlərdə növbəti usta tərəfindən görülmüş təmir işləri yararsız atılmış mayakların üzərindən astar şpatlyovka qatının çəkilməsi olmuşdur. Tikinti norma və qaydalarına uyğun gəlməyən bu işlərin də məbləği hesablanaraq təhlil edilmişdir. Aparılan araşdırmalar və təhlillərə əsasən həmin tarixlərdə təmir işlərinə çəkilmiş usta (əmək haqqı) xərcinin məbləği 128,0 kv.m. x 2,0 manat/1 kv.m. = 256 manat təşkil etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhər Səbail rayon Məhkəməsinin 2(009)-860/2024, saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 127; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2007 və 2008-ci il tarixli qərarları; Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.6, 16, 385 ,425.1; 560 6.1.9-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə bu şifahi razılaşmanı qətnamədə növünə görə podrat müqaviləsi hesab edir. O isə bildirir ki, bina tikmir, ev tikmir , məhkəmə bu şifahi müqaviləni podrat müqaviləsi kimi hesab etsin. O hər iki cavabdehlə razılığa gəlmişdir ki, mənzilini təmir etsinlər. Onlar da hər işi neçəyə və nə vaxta görəcəklərini demişlər. O 1-ci ustadan və 2-ci ustadan başqa heç kimi tanımamışdır. Heç kimlə razılığa gəlməmişdir. İddia tələbini əsaslandırdığı hallara heç şahid də lazım deyil, çünki hər şey yazılı sübutlarda görünür. Həmçinin Cavabdeh2 da verdiyi ifadəsində, həmçinin yazılı etirazında birbaşa təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, hər iki cavabdehdən pulunu tələb etməsi əsassızdır. Yalnız ikinci usta olan Cavabdeh2 əmlakının geri qaytarılmasını təmin edib. Məhkəmə məsələyə səthi yanaşmış, cavabdehin evi alaraq qanuni sahibliyini vurğulayaraq iddia tələbini təmin etməmişdir. Demək olar ki, subyektiv hüququ yalnız tələbetmə hüquq ilə əsaslandırmışdır. Halbuki Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə subyektiv hüquq özlüyündə təkcə şəxsin müvafiq tələb etmə hüququnun olmasını deyil, həmçinin cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmamasının müəyyən edilməsini ehtiva edir. Cavabdeh2 dediyi pulu ustalara bölüşdürməsi fikrinə hakim podrat kimi qiymətləndirməsi düzgün hesab oluna bilməz. Onun kimə nə verməyi öz işidir. O tapşırığı, xidmət sifarişini ona verib. O isə universal usta adıyla onu aldadıb. Ayrı-ayrı vaxtlarda onun mebelin təmiri üçün borcunun gah 108, gah 130 və nəhayət gah da 300 manat olduğunu qeyd edən bir adamın dilinə doğru söz gələrmi ki, hakim tələb etdiyi pulunun geri qaytarılmasını təmin etmir. İşin halları gün kimi aydın idi, təkcə qətnamədə hüquqi qiymət doğru deyildir. Məhkəmə iclasında müəyyən olundu və təsdiqini tapdı ki, o ikinci razılaşdığı usta Cavabdeh2 Ağəli oğlunu mebel ustası kimi tanımış və birinci usta tərəfindən işlər cüzi görüldüyündən və iş yarımçıq qaldığından onunla mənzilin təmiri üçün razılığa gəlmişdir. İş materiallarına təqdim etdiyi ekspert rəyini sübut sayılmasa da, şəkillərdən görünür ki, birinci iş yarımçıq qalıb və Cavabdeh1 tərəfindən başa çatdırılmayıb. Həmçinin cavabdehin- Cavabdeh2 də verdiyi ifadədən göründüyü kimi o iddiaçı ilə razılığa gələrkən və mənzilə baxarkən onun təmir edəcəyi mənzildə müəyyən cüzi işlər görülmüşdür. Məhkəmə bu fakta əhəmiyyət verməyərək mübahisəyə birtərəfli yanaşmışdır. Məhkəmə nəzərə almamışdır ki, az qala 70 yaşlı, yaşının saçını ağartmış adını universal usta qoyan Cavabdeh2 onunla whatsapp yazışmasında mebelin təmiri üçün ona 108 manat borcu olduğunu, cinayət işinin rədd qərarında 130 manat borcu olduğunu, məhkəməyə verdiyi yazılı etirazda 300 manat borcu olduğunu iddia edən bir adam necə dürüst və vicdanlı ola bilər. İstər ifadəsində , istərsə də etirazında göstərir ki, bəli onunla 2500 manata mənzilin əsaslı təmiri ilə razılaşıb. (yəni şəxsən özü) iddiaçı tərəfindən mənzilə baxıldıqdan sonra hər işi ayrı-ayrılıqda qiymətləndirərək ona yazıb. Razılaşmaları belə olub ki, o yalnız onu tanıyır və pulu ona ödəyəcək. Həqiqətən də o, Cavabdeh2 başqa heç bir ustanı tanımamışdır. Heç bir usta ilə razılığa gəlməmiş və heç bir ustaya cavabdehdən başqa pul verməmişdir. Cavabdeh yayınmaq üçün etirazında qeyd edir ki, ustalarla o razılığa gəlmiş bu yalnız şərdən başqa bir şey deyil. Özünü müdafiəsinin əsası kimi heç bir dəlil və sübut göstərməmişdir. Çünki sübutu yoxdur. Əgər varsa göstərərdi. Halbuki, Yasamal RPİ-nin 28-ci Polis Bölməsində təhqiqatçı X2 icraatında olmuş HK-1-2462 saylı materialda (həmin iş üzrə xx.xx.2022ci il tarixli Cinayət işinin rədd edilməsi barədə qərarı iş materiallarına əlavə etmiş.) 4-cü abzasda qeyd edilib ki: “həmin pulları evdə işləyən ustalara təmir etdikləri üçün zəhmət haqqı olaraq vermişdir” Onun isə verdiyi ifadələr bəhanədən başqa bir şey deyil. Əslində müdafiəsinin əsasını özü ilə gətirdiyi ustaları şahid kimi də gətirə bilərdi. Gətirmir, çünki onları tanımır və heç bir razılaşması olmayıb. Özünü universal usta adlandıran cavabdehin görə biləcəyi işi məhkəmə podrat üsulu hesab edir. Halbuki bu sadə bir razılaşmadır və onun öhdəliyi verdiyi materialla mənzilinin təmir olunmasını ehtiva edir. Gördüyü işin həcmində pulunu almalı idi. O ki, qaldı pul tələbinə hələ ən azını istəyir. Bazardan xəbəri olmadan istədiyi məbləğlə razılaşmışdır. Bəhanələr gətirməklə deyil ki, universal tanıtdıran usta məhkəməyə verən kimi oldu malyar köməkçisi və sürücü, çayçı. Məhkəmə isə işin faktiki hallarını nəzərə almadı. Digər Cavabdeh1 ilk əvvəl mənzilin təmiri üçün onunla razılığa gəlmiş qardaşı vasitəsilə bir aya yaxın müddətdə mənzildə midillənərək cüzi iş görüb, o da kafelin sökülməsi və mayak atılması. Hər iki usta barədə polis orqanına ərizə ilə müraciət etmişdir. Yasamal RPİ-nin 28-ci Polis Bölməsində təhqiqatçı Kamil Rüstəmovun icraatında olmuş HK-1-2463 saylı materialda (həmin iş üzrə xx.xx.2022-ci il tarixli Cinayət işinin rədd edilməsi barədə qərarı iş materiallarına əlavə etmiş.) 3-cü abzasda qeyd edilib ki: “Təhqiqat müddəti ərzində tərəfindən dəfələrlə Cavabdeh1 məxsus 070 *** ** ** mobil telefon nömrəsinə zəng edərək faktla əlaqədar izahatının alınmasının zəruriliyi izah edildikdə sonuncu şifahi olaraq özünün Babayev Elxana deyil, əksinə Elxanın ona borclu olduğunu bildirmiş, hər dəfə vacib işləri olduğunu bildirərək müxtəlif vaxtlarda gələcəyini vəd etmiş, lakin qeyri-səmimilik göstərərək gəlməmişdir. Bununla əlaqədar olaraq tərəflərindən arayış tərtib edilərək materiala əlavə edilmişdir”. Belə olan halda məhkəmə hansı əsasla həmin cavabdehdən iddia etdiyi tələbi təmin etmir, o Vüsala 1700 manat pulu müxtəlif vaxtlarda vermişdir. Təqdim etdiyi təmir olunan mənzildə də şəkli var, şəxsiyyət vəsiqəsinin surəti də, polisdən izahat verməkdən yayınması faktı da. Məhkəməyə daha nə təqdim etməli idi ki, öhdəsinə götürdüyü təmiri başa çatdırmadan artıqlaması ilə pulu aldı və yoxa çıxdı. Digər cavabdeh- Cavabdeh2ı da bu səbəbdən mənzilə təmir üçün razılaşmışdır. O isə Vüsaldan da betər oldu. Birinci instansiya məhkəməsində kifayət qədər əsaslandırılmış sübutlar var. İddiaçılardan yalnız Ş. Muradov iştirak edərək birbaşa etiraf etmişdir. Aldığı pulu, razılaşmanı və s. mebel təmiri məsələsini, bütün bunlar yalnız xidmət müqaviləsidir. Birinci usta Cavabdeh1 heç polis idarəsinə izahat verməyə gəlməyərək dəfələrlə yayınmışdır. Bütün bunlar təqdim olunmuş sənədlərdə əksini tapmışdır. Yalnız Vüsala kömək edən fəhlə Abbaszadə Fikrətin şəxsiyyət vəsiqəsi olmadığı üçün (itirib və maddi imkansızlıqdan yenisini götürə bilmir) şahid qismində ifadə verə bilmədi. Məhkəmə zalına gəlmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X7 apellyasiya şikayətinə uyğun izahat verərək, hər iki cavabdehin üzərinə götürdüyü öhdəliklərini yerinə yetirə bilmədiyini, onun danışıqlarının Cavabdeh2 ilə olduğunu, belə ki, qardaşı ilə birlikdə Cavabdeh2 təmir ediləcək evə gedib baxdığını və ümumilikdə 2500 manata evi əsaslı təmir etməyi öhdəsinə götürdüyünü, fərqli vaxtlarda əvvəlcə 300, sonra isə 200 manat məbləğində ona beh verildiyini, hər gördüyü işə görə nə qədər pul alacağı ilə bağlı ona yazılı siyahı da təqdim etdiyini, iş materiallarında da bu siyahının mövcud olduğunu, Cavabdeh2 qeyd etdiyi ustaların heç birini tanımadığını, razılaşmasının birbaşa Cavabdeh2 ilə olduğunu, həmin ustaların bəzilərini özü ilə gətirdiyini, bəzilərini internetdən tapdığını,cavabdehin müxtəlif bəhanələrlə həmin pulu gah çay və s qidaya xərclədiyini, gah da təmir zamanı çıxan zibilləri təmizləmək üçün xərclədiyini bildiridiyini, cavabdehin özünün birinci instansiya məhkəməsində göstərdiyi etirazında hər şeyi etiraf etdiyini, həmçinin onun cavabdehə mebel düzəltməsi ilə bağlı 300 manat borcunun olmasına münasibətdə isə, cavabdehin ona 85 manat borcunun olduğunu , polis idarəsinin cinayətin rədd qərarında verdiyi izahatda 105 manat borcunun olduğunu, birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazında isə 300 manat qeyd olunduğunu bildirdiyini, cavabdehin mebelləri təmir etməsi ilə bağlı məsələyə münasibətdə isə yaxın tanışının mebellərini təmir etdiyini görüb, özünün 6 ədəd stulu ustaya təhvil verdiyini, sonra təmir edilib gətirildikdən sonra stulların pulunun ödənildiyini, daha sonra 11 stolu təmir üçün apardığını,dekabr ayında onun tələbi əsasında həmin stulları götürdüyünü, artıq həmin ərəfədə ustanın evdəki əsas işini yarımçıq qoymağa başladığını, tez-tez müxtəlif bəhanələrlə işdən yayındığını, hər gün fərqli ustalar gətirərək öz görə bilmədiyini işləri onlara gördürərək onu aldatmaq niyyətində olduğunu və həmin ustaların da çox baha qiymətlər dediyini, sonradan cavabdehin həmin ustaları ineternetdən tapdığının məlum olduğunu, digər cavabdeh Əliyev Vüsalın isə istintaqa telefonla ifadə verdiyini, onu da öz öhdəliyinə götürdüyü işi yarımçıq qoyduğunu qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini əsassız hesab etdiyini, həmin evin təmiri ilə bağlı cəmi 400 manat pul götürdüyünü, onun da 100 manatının ustalara, yol puluna xərclədiyini, mebellərlə bağlı görülmüş işlərə münasibətdə isə mebelləri tam təmirli vəziyyətdə iddiaçıya təhvil verdiyini, lakin iddiaçının onun 300 manat pulunu kəsdiyini, nəticə etibarı ilə iddiaçıya heç bir borcunun olmadığını, 800 manatın santexnikin zəhmət haqqısı, 1600 manatın isə malyarın zəhmət haqqısı kimi danışdıqlarını və 100 manat da zibil pulu üçün ayrıldığını, sonradan ortaya elektrik işinin də çıxdığını, bunun da 250 manata danışıldığını, həmin pulun da 100 manatının onun tərəfindən, 100 manatının xanım tərəfindən verildiyini, iddiaçının 50 manat elektrikə borclu qaldığını, yerdə qalan 600 manatdan 400 manatını onun götürdüyünü, 200 manatın malyarın zəhmət haqqısı olduğunu, 400 manat ona çatan puldan isə 100 manatının benzinə və usataları işə aparıb-gətirməyə sərf etdiyini, lakin iddiaçının əsassız olaraq digər ustalara verdiyi pulları da ondan tələb etdiyini, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

7. Məlumatlandırılması üçün qanunverciliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh1 məhkəmə iclasında iştirakı olmadan isə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 8.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385-390, 425.1, 427.3, 560, 752-759, 777- 786; Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır.753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 11.Apellyasiya şikayətinin dəlilləri qeyd edilən qanunvericilik normalara və faktoloji istinadlara münasibətdə əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərinə (əsaslarına) dəlalət edən sübutlar, habelə hər hansı əlavə araşdırma aparılması üçün əsaslar müəyyən edilmir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Pul və əmlak vəsaitlərinin dövriyyəsi (hesablanması) buna dair yazılı (təkzibedilməz) sübutların mövcudluğunu tələb edir. Tərəflər arasında münasibətlər çərçivəsində qarşılıqılı ödənişlərin aparılması səciyyəsi, təyinatı, məqsədi, alınan və qaytarılan (qaytarılmalı olan) məbləğin miqdarı, görülməli olan işin həcmi və digər ziddiyyətli dəlillər, iddia edilən pul vəsaitinin cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin şübhələrdən kənar olaraq mövcudluğuna və mövcud olduğu təqdirdə onun görülmüş (görülməli olan) işin həcminə müvafiq miqdarına birmənalı qiymət veilməsini, habelə (işin həcmi ilə bağlı dayanıqlı sübutların olmaması və məlumatların qeyridəqiqliyi tərəflər arasında olan öhdəliklərin və görülməli olan işlərin müəyyən edilməsi üçün) ekspertizanın aparılmasını (təyin edilməsini) mümkünsüz edir. 12.Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 13.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 860/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar