Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4287/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı (həmçinin, digər iddiaçının nümayəndəsi) İddiaçı2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(003)-3038/2021 saylı qətnaməsindən iddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, borca görə ödənilmiş 174,98 manat və ərizənin yazılmasına görə ödənilmiş 50 manat, 2016-cı ilin yanvar ayından 2020-ci ilin avqust ayına qədər 1755,12 manat məbləğində istifadə edilmiş elektrik enerjisinin dəyərinin 50 faizi, yəni 877,56 manat məbləğində pulun cavabdehdən İddiaçı1 xeyrinə, mənəvi ziyana görə 3000 manat pulun cavabdehdən iddiaçılara müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12.12.2016-cı il tarixdə Cavabdeh ASC tərəfindən yaşadıqları ünvan olan ünvan 1 evin 8 saylı mənzilinə 927,2 manat məbləğində borc hesablanmışdır. Həmin vaxtdan qanunsuz olaraq smart karta yüklənmiş pul məbləğinin 70-80 faizi tutulduğuna görə yaşadıqları evdə təbii qazdan ailələri istifadə edə bilməmişdir. Ona görə qanunsuz və əsassız hesablanmış borcun silinməsinə dair tələblə Xəzər Rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmənin 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə abonent hesabına hesablanmış 927,2 manat məbləğində borc silinmişdir. Bundan sonra icra vərəqəsi verilərək borcun silinməsi tələb edilmiş, borc məbləği hesabdan silinsə də borca görə tutulmuş 174,98 manat geri qaytarılmamışdır. Həmçinin cavabdehin təqsirindən 2016-cı ilin yanvar ayından 2020-ci ilin avqust ayına qədər 1755,12 manat məbləğində elektrik enerjisindən istifadə etməli olmuşdur. Nəzərə alınsa ki, qanunsuz və əsassız borca görə istifadə etdiyi təbii qazın verilməsi kəsilməzdisə, elektrik enerjisinə yüksək məbləğlərdə ödəniş etməzdi. İddia ərizəsinə əlavə olunan elektrik enerjisinin bildirişlərindən görünür ki, qazın kəsilməsindən sonra tərəfindən hər ay yüksək məbləğlərdə borclar ödənilmişdir. Bundan başqa təbii qazın kəsildiyi müddət ərzində qış aylarında bir neçə dəfə xəstəlik keçirilmiş, həkim müayinəsinə və müalicəsinə, dərmanların alınmasına pullar xərcləmişdir. Evdə yaşayanlar, o cümlədən körpə uşaqlar qazın qanunsuz kəsilməsinə görə çox əziyyət çəkmişdir. Həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində hesablanmış borcun silinməsi üçün məhkəməyə müraciət edilməsi, məhkəmə iclaslarında iştirak edilməsi zamanı stres, əsəb, gərginlik keçirilmiş və cavabdehin hərəkətləri mənəvi ziyana səbəb olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(003)- 3038/2021 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia qismən təmin olunmuş, Cavabdehndən İddiaçı1 xeyrinə 224,98 (iki yüz iyirmi dörd manat doxsan səkkiz qəpik) pul vəsaiti tutulması, Cavabdehndən mənəvi ziyana görə iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 200 (iki yüz) manat pul vəsaitinin tutulması, Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət gəlirlərinə alınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İddiaçılar, həmçinin cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətini – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olmasını, iddanın tam təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş etmişlər. Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində əsassız olması, iddanın tam rədd olunmalı olması, 2016cı ildən sonra iddiaçıların yaşadıqları evin qazının kəsilməməsi, bu səbəbdən də işıqdan istifadə ilə bağlı iddianın əsassız olması, mənəvi ziyanın vurulmaması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək, həmçinin cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, 2016-2020-ci illərdə qazın verilməsi kəsilməmiş, sadəcə qazdan istifadəyə görə əsassız yazılmış borca görə silinmələr həyata keçirildiyindən işıqdan daha çox istifadə etmək məcburiyyətində qalmışlar. Bu səbəbdən də iddia tələbində işığa görə ödənilmiş pulun yarısının cavabdehdən tutulmasını xahiş etmiş, lakin məhkəmə iddianı həmin hissədə təmin etməmişdir. Bununla yanaşı, məhkəmə iddianı mənəvi ziyan hissədə də tam təmin etməmişdir. Hesab edir ki, onlara 200 manatdan artıq mənəvi ziyan vurulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan abonent saldosundan görünür ki, İddiaçı1 verilən qaz xətti üzrə abonent kodu **********00080 sayla qeydiyyata alınmışdır. İşdə olan 08.02.2017-ci il tarixli 03/2455 saylı müqavilədən görünür ki, İddiaçı1 ilə Cavabdeh İB arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İşdə olan abonent saldosundan görünür ki, İddiaçı1 verilmiş qaz xətti üzrə ödənişlərdən borca görə 174,98 manat tutulma həyata keçirilmişdir. İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli, 2(003)- 472/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı1 **********00080 saylı abonent koduna hesablanmış 927,2 manat məbləğində borcun silinməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iddianın qismən təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 6.5-ci bəndinə əsasən (bundan sonra, Qaydalar) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İşdə olan sübutlardan (saldo və s.) və qanuni qüvvədə olan məhkəmə qərarından göründüyü kimi, Cavabdeh tərəfindən İddiaçı1 **********00080 saylı abonent koduna hesablanmış 927,2 manat məbləğində borcun silinməsi qərara alınmış, lakin daha əvvəl əsassız hesablanmış həmin pul vəsaitinə görə 174,98 manat tutulma həyata keçirilmişdir. Belə olan halda isə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən 174,98 manat pulun tutulması əsassız olmuş, odur ki, həmin pul vəsaiti cavabdehdən tutularaq istehlakçı İddiaçı1 ödənilməlidir. Cavabdeh apellyasiya şikayətində qətnamənin həmin hissədə əsassızlığının nədən ibarət olmasını əsaslandırmamış, dəlillərini ümumi ifadələrlə əsaslandırmağa çalışmışdır. Bu səbəbdən də, məhkəmə kollegiyası cavbadehin aellyasiya şikayətini qeyd edilən hissədə əsassız sayaraq, onunla razılaşmır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı ərizənin yazılmasına görə ödənilmiş 50 manat pulun cavabdehdən tutulması hissədə təmin etməkdə də haqlı olmuşdur. Çünki, işdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı1 tərəfindən 8 saylı Hüquq Məsləhətxanasının hesabına 07.09.2020-ci il tarixdə 50 manat ödəniş edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsi mənəvi zərərlə bağlı hissədə də haqlı olaraq qeyd etmişdir ki, iddiaçılar tibbi müayinə və müalicəyə dair sənədlər təqdim edərək, cavabdeh tərəfindən hesablanmış əsassız borcun onları təbii qazdan məhrum etməsi, pozulmuş hüquqların bərpası üçün həyata keçirilmiş proseslərin onlara stress və gərginlik yaşadaraq mənəvi zərər vurmasını irəli sürərək, cavabdehdən onların xeyrinə 3000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulmasını xahiş etmişdir. İddiaçılar bununla bağlı mənəvi sarsıntı keçirməsi nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdırlar və həmin tələb işin faktiki halları nəzərə alınmaqla qismən təmin edilməli, 200 manat məbləğində mənəvi ziyan cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. İşin hallarından göründüyü kimi, iddiaçı tərəf cavabdehin təqsiri üzündən hüquqlarının müdafiəsi üçün bir neçə dəfə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, mənəvi sarsıntı keçirmişlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə kollegiyası pozuntunun xarakterini və ağırlıq dərəcəsini, onun iddiaçıların üzərində təsirini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, mənəvi zərərin 200 manat həddində müəyyən olunması ağlabatan, ədalətli və qanunidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçıların və cavabdeh tərəfin verdiyi apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, iddia - 2016-cı ilin yanvar ayından 2020-ci ilin avqust ayına qədər 1755,12 manat məbləğində istifadə edilmiş elektrik enerjisinin dəyərinin 50 faizi, yəni 877,56 manat məbləğində pulun cavabdehdən İddiaçı1 xeyrinə tutulması hissədə əsassız olmuş, birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd etməkdə haqlı olmuşdur. Çünki, iddiaçı həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində 2016-2020-ci illər arası evə qazın verilməsinin kəsilməsini, bu səbəbdən də elektrik enerjisindən istifadə etmək məcburiyyətində qalmasını göstərsə də, apellyasiya baxışı zamanı həmin dövrlərdə qazın verilməsinin kəsilməməsini, sadəcə əsassız borca görə tutulmaların aparılması səbəbindən elektrik enerjisindən daha artıq istifadə etməsini göstərmişdir. Göründüyü kimi, iddiaçı tələbin dəlilləri ziddiyyətli olmaqla, işdə olan sübutlarla öz təsdiqini tapmır. İddiaçı 1755,12 manat məbləğində istifadə edilmiş elektrik enerjisinin məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində olmasını və bununla bağlı səbəbli əlaqənin mövcudluğunu əsaslandıra və sübut edə bilməmişdir. Belə olan halda isə iddia qeyd edilən hissədə əsaslı sayıla bilməz. Göründüyü kimi, iddiaçı və cavbadeh tərəf apellyasiya şikayətləri üzrə tələb və etirazlarının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(003)-3038/2021 saylı qətnaməsindən iddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(003)- 3038/2021 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4287/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4287/2021
18.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver