Məhkəmə qərarları › İş №2(103)-4292/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4292/2020

04.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4292/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və vəkili X1, Cavabdeh və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair 2(009)-3250/2019 nömrəli mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təqsiri üzündən ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilə son illər ərzində vurulan 6000 manat məbləğində maddi ziyanın cavabdeh tərəfindən aradan qaldırılması və mənzilinin təmirinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2009-cu ildə Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsində 80 kv.metrlik torpaq sahəsi alaraq ev tikmiş və 2012-ci ildən etibarən istifadəsində olan ünvan 2 2 a ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 2014-cü il tarixində Cavabdeh icazə olmadan avtomobili üçün qaraj qazdırmaq məqsədilə onun həyətyanı boş sahəsinə traktorla müdaxilə edərək, qazdırmış və evini qəzalı vəziyyətə salmışdır. Dəfələrlə cavabdehə xəbərdarlıq etsə də, buna məhəl qoymamışdır. Cavabdehin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün aidiyyəti orqanlara müraciət etsə də, mübahisənin mülki məsələ olduğu üçün mülki qaydada məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Ekolgiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığı müraciətə baxılmış, əraziyə baxış zamanı müraciətində göstərilən faktlar-sürüşməyə meylli sahədə qonşu tərəfindən həyətyanı sahənin genişləndirilməsi məqsədilə dik yamacın kəsilməsi faktı təsdiqlənmişdir. Həmçinin, iş materiallarına əlavə olunmuş arayışla təsdiq olunur ki, cavabdeh tərəfindən onun icazəsi olmadan avtomobili üçün qaraj qazdırmaq məqsədilə onun həyətyanı boş sahəsi qazdırılmış, lakin Səbail rayon MKTB 46 saylı MKİS-nin işçilərinin müdaxiləsindən sonra qazıntı işləri dayandırılmışdır.Birinci instansiya məhkəməsi bu faktları, halları, sübutları düzgün qiymətləndirməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apelyasiya baxışı zamanı iddiaçı və təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdeh və təmsilçisi apelyaisya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini iddianın təmin olunmaması barədə qətnamənin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin xx xxxxx 2018-ci il tarixli arayışına əsasən Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən xx.xx.2018-ci il tarixində Səbail rayonu, Bayıl qəsəbəsi, Əli Nəzimi küçəsi, ev 2A ünvanınında vizual müəhəndisi-geoloji baxış keçirilmiş və aşağıdakılar qeydə alınmışdır: Bakı şəhərinin cənub-qərb hissəsində yerləşən, geomorfoloji cəhətdən Badamdar yaylasının şərq yamacı zolağına daxil olan bu ərazinin geoloji quruluşunda üst qatda tərkibində qum və gilcə qarışığından ibarət Holosen yaşlı tökmə torpaq, alt qatda isə Orta Abşeron mərtəbəsinin detrituslu əhəngdaşları, müxtəlif dənəli qumlar və qumlu gillərin qeyri-bərabər növbələşməsindən ibarət süxurlar inkişaf tapmışdır. Sözügedən ərazi mailliyi 25-30° olan sərt yamacda, 40°21'12”, 49049'39" koordinatlarında yerləşir. Əraziyə baxış zamanı müraciətdə göstərilən faktlar-sürüşməyə meylli sahədə qonşu tərəfindən həyətyanı sahənin genişləndirilməsi məqsədilə dik yamacın kəsilməsi faktı təsdiqlənmişdir. Atmosfer çöküntüləri və texnogen amillərin təsirindən ərazidə ekzogen geoloji proseslərin baş verməsi proqnozlaşdırılır. Səbail rayonu, Bayıl qəsəbəsi, Əli Nəzimi küçəsində yaşayan qonşular tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən, 2005-ci il tarixində Cavabdeh istifadəsində olan torpaq sahəsinin arxasında avtomobil saxlamaq məqsədi ilə qaraj tikmək üçün həmin sahəni qazdırmış, lakin həmin dövrdə MKİS işçiləri qazıntı işlərini dayandırmışlar və o vaxtan həmin ərazidə qazıntı işləri aparılmamışdır. Səbail Rayon MKTB 46 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktuba əsasən, Cənub Dərə ö/t (Ə.Nəzmi) ev sakini Cavabdeh tərəfindən 2005-ci il tarixdən xx.xx.2019-cu il tarixədək heç bir qazıntı işləri aparılmamışdır. Səbail Rayon MKTB 46 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən, İddiaçı ünvan 1 ö/t ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qənaətə gəlsə də, iddiaçının müvafiq tələblə məhkəməyə müraciət edə bilməsinə subyektiv hüququnun olmaması barədə mövqeyi ilə razı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2010-cu il tarixli qərarında göstərilir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apelyasiya instansiyası məhkəməsi hesab edir, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini, həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarında şərh edilən məcburi göstərişləri nəzərə almadan, işə əlavə edilmiş sübutları tədqiq edib, işə əlavə edilmiş digər sübutlarla yanaşı yoxlamadan, onlara Azərbaycan Respublikası MPM-nin 88, 101.3, 103.2 və 106.1-ci maddəsinin tələbləri baxımından hüquq qiymət vermədən, iddiaçının hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olmamasına dair səhv nəticəyə gəlmişdir. Bununla yanaşı, Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 34.6-cı maddəsinə əsasən torpaqların vəziyyətinə zərərli təsir göstərə bilən təzə tikililər, qurğular və yenidən qurulan obyektlər yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən və istismara verilərkən, habelə yeni texnologiyalar tətbiq edilərkən torpaqların mühafizəsi sahəsində zəruri tədbirlər nəzərdə tutulmalı və həyata keçirilməlidir. Həmin Məcəllənin 48.5-ci maddəsinə görə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla kollegiya hesab edir ki, İddiaçı hazırki apelyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməlidir. Çünki iddiaçı zərər vurulduğunu iddia etdiyi özbaşına tikili olan evdə qeydiyyatsız yaşayır, həmin ev onun faktiki sahibliyindədir. Bununla yanaşı, iş üzrə İddiaçı iddia ərizəsində və apelyasiya şikayətində ona məxsus tikiliyə Cavabdeh apardığı qazıntı işləri ilə bağlı ziyan dəydiyini bildirsə də, göstərdiyi halların baş verməsi və həqiqət olmasına dair heç bir mötəbər və tutarlı sübut növü təqdim edə bilməmişdir. Əksinə Səbail Rayon MKTB-nin 46 saylı MKİS-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Cənub Dərə ö/t (Ə.Nəzmi) ev sakini Cavabdeh tərəfindən 2005ci il tarixdən xx.xx.2019-cu il tarixədək heç bir qazıntı işləri aparılmamışdır. İddiaçı isə bildirir ki, həmin ünvanda yerləşən fərdi yaşayış evini 2009-cu ildə inşa etmiş və 2012-ci ildən həmin evdə yaşayır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona məxsus tikiliyə cavabdehin apardığı qazıntı işləri ilə bağlı ziyan dəydiyini bildirsə də, bu barədə məhkəməyə heç bir mötəbər və tutarlı sübut növü təqdim edə bilmədiyindən, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə görə isə, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri iddiaçının özünə aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3250/2019 saylı mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilə son illər ərzində vurulan 6000 manat məbləğində maddi ziyanın cavabdeh tərəfindən aradan qaldırılması və mənzilinin təmirinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin olunmasın. İddia ərizəsinin, həmçinin apelyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar