Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4297/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş5000 (beş min) manat mənəvi, 5000 (beş min) manat maddi zərərin Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 15.03.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq olunaraq 1 il sınaq müddəti müəyyən edilməklə cəzası şərti hesab edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 11.06.2019-cu il tarixli hökmü ilə İsmayıllı Rayon Məhkəməsinin 15.03.2019-cu il tarixli hökmü ləğv edilmiş, təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmişdir. Beləliklə, əsassız olaraq barəsində cinayət işi başlanmış, 10 dəfə Bakı şəhərindən İsmayıllı RPİ-nin İstintaq şöbəsinə, 12 dəfə İsmayıllı Rayon Məhkəməsinə, 3 dəfə Şəki Apellyasiya Məhkəməsinə gedib-gəlmiş, yol, nahar və mehmanxana xərcləri qismində 5000 manat sərf etmişdir. Bundan başqa, iş yerindən, əmək haqqından, digər qazancından məhrum olunmaqla, hüquqlarının müdafiəsi üçün vəkilə pul ödəməklə maddi zərərə, əsassız cinayət işinin başlanılması, ibtidai istintaq, məhkəmə baxışları zamanı mənəvi sarsıntılara, əzablara və məşəqqətlərə düçar olmuş, 5000 manat mənəvi zərər çəkmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 500 (beş yüz) manatın alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını, mənəvi ziyana görə xeyrinə 4295 manat, maddi ziyana görə 30 000 manat tutulmasını xahiş edən iddiaçı, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, maddi zərər tələbinə ümumiyyətlə qiymət vermədiyini, mənəvi zərərin məbləğini isə düzgün müəyyənləşdirmədiyini irəli sürmüşdür. Qətnamədən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi də apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddiaçının heç bir sübut təqdim etmədiyini nəzərə almadan ümumi ifadələrə əsaslanaraq ona mənəvi ziyanın ödənilməli olması nəticəsinə gəlmiş, ziyanın məbləğini müəyyənləşdirərkən Cinayət Prosessual Məcəllənin 190-cı maddəsinin tələbini nəzərə almamış, iddiaçının xeyrinə ödənilməsinə qərar verdiyi məbləğin Dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirkar vəzifəli şəxsi müəyyən etməmiş, bununla bağlı izah verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, işə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmış Azərbaycan Respublikasının Maliyyə Nazirliyi isə nümayəndəsini məhkəməyə göndərməmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şikayəti təmin olunmamalı, iddiaçının şikayəti isə qismən təmin olunaraq qətnamə onun “maddi ziyanın ödənilməsi” tələbinin təmin olunmaması hissəsində ləğv edilməklə həmin hissədə iddia qismən təmin olunmalı, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Zeynalov X3 Rayon Məhkəməsinin 15.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza 1 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmiş, davranışı üzərində nəzarəti yaşadığı yer üzrə icra və probasiya şöbəsinin həyata keçirməsi, sınaq müddəti ərzində həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi və qeydiyyatdan keçmək üçün yaşadığı yer üzrə həmin orqana gəlməsi müəyyənləşdirilmiş, həmin hökmdən onun verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 11.06.2019-cu il tarixli hökmü ilə təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin hökmü ləğv olunmuş və Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyinin sübuta yetməməsi əsası ilə ona bəraət verilmişdir. İddiaçı məhz işin müəyyən olunmuş sözügedən hallarına istinad edərək müvafiq iddia tələblərini irəli sürmüş, birinci instansiya məhkəməsi də onun qanunsuz məhkum edildiyini və bununla bağlı vurulmuş ziyanın ödənilməsi barədə iddia qaldırmaqda haqlı olduğunu vurğulayaraq iddia tələblərinin qismən təmin edilməli olduğu nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır: Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. 18.02.1999-cu ildə dərc edilərək qüvvəyə minmiş “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması;2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi;4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi;5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması;6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi;8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinə görə, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda;2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Qanunun 5-ci maddəsində bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlərin; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanının; 3) ödənilmiş məhkəmə xərclərinin, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimənin; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlərin; 5) vurulmuş fiziki və mənəvi ziyanın ödənilməli olduğu; 7-ci maddəsində şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələrin mənəvi ziyan hesab edildiyi; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənildiyi; 12-ci maddəsində fiziki və mənəvi ziyanın, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilməli olduğu təsbit edilmişdir. Bu kontekstdə kollegiya, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini əsaslı hesab edir; belə ki, qanunsuz olaraq istintaq altına alınması və məhkum edilməsi nəticəsində o, fəalictimaihəyattərzindənməhrumolmuş, işgüzarnüfuzuna xələl gəlmiş, özünün və ailə üzvlərinin barəsində mənfi fikir formalaşmışdır.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Şərh olunanların məcmusuna əsaslanmaqla kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərəri 500 (beş yüz) manat həcmində müəyyənləşdirərkən birinci instansiya məhkəməsi haqlı olmuşdur və bununla bağlı apellyasiya şikayətlərinin dəlilləri əsaslı deyildir. Çünkü həmin məbləğ iddiaçının mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçının maddi ziyan tələbi üzrə gəldiyi nəticəni isə əsaslı hesab etmir: Belə ki, məhkəmə iddiaçının maddi ziyanın ödənilməsi ilə bağlı tələbini rədd edərkən, onun bununla bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübut təqdim edə bilmədiyinə əsaslansa da, hamıya bəlli olan halların və ya faktların sübuta ehtiyacı olmadığını (Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsi) nəzərdən qaçırmışdır. İddiaçının Bakı şəhərində qeydiyyatda olmaqla orada yaşadığı və İsmayıllı rayon, habelə Şəki Apellyasiya Məhkəmələrində keçirilən məhkəmə proseslərinə gedib-gəldiyi işin mübahisələndirilməyən halları olduğu üçün kollegiya hesab edir ki, onun ən azından nəqliyyata (yola) xərc çəkdiyi sübuta ehtiyacı olmayan hal kimi qəbul edilməli, çəkdiyi həmin xərcin məbləği ilə bağlı sübut təqdim etmədiyindən həmin məbləğ ağlabatan mühakimə əsasında hesablanmalıdır. Bu qənaətə gələrkən kollegiya nəzərə alır ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı). Kollegiya hesab edir ki, İsmayıllı rayon, habelə Şəki Apellyasiya Məhkəmələrində keçirilən məhkəmə proseslərinə gedib-gəlməsinə görə iddiaçının çəkdiyi nəqliyyat və yemək xərclərinin 400 manat məbləğində müəyyənləşdirilməsi və bu məbləğin ona ödənilməsi ədalət, insaf və mənəviyyat tələblərinə uyğundur. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, Maliyyə Nazirliyinin apellyasiya şikayətinin digər dəlilləri üzrə əsaslandırma aparılmasına zərurət görmür və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı dəlillər nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;385.1.4-cü maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin olunmasın. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1486/2020 saylı iş üzrə 21 yanvar 2020-ci il tarixli qətnaməsi iddiaçının “maddi ziyanın ödənilməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilsin və həmin hissədə iddia tələbi qismən təmin olunsun. Maddi ziyanın əvəzi qismində 400 (dörd yüz) mana tdövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İddiaçı ödənilsin. İddiaçı “maddi ziyanın ödənilməsi” tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4297/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4297/2020
11.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver