Məhkəmə qərarları › İş №2(103)-4297/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4297/2024

24.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4297/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1806/2024 nömrəli, 23 aprel 2024cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Sumqayıt şəhər Pİ-nin İŞ-nin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır.

2. Həmin qərarda həmçinin göstərilmişdir ki, İddiaçı barəsində seçilmiş xx.xx.2017-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyanın - 3950 manat itirilmiş mənfəətin (800 manat - maşının qeyri-qanuni duracaqda qalmasına görə və 3150 manat - icarəyə götürdüyü yeri işlədə bilməyərək itirdiyi mənfəətə görə), 2822,3 manat çəkilən xərcin (790 manat - hüquqi yardım, rabitə və s. üçün ödənilən xərc, 400 manat - maşını duracaqda olduğuna görə polietilen tullantı mallarının daşınması üçün əlavə nəqliyyat xərci, 30,3 manat - duracağa ödənilən haqq, 1602 manat - 26 dəfə onu Sumqayıta aparıb-gətirdiyi üçün Həziyev Rafiqə çəkilən xərc), cəmi 6772,3 manat maddi ziyanın, 14000 manat mənəvi ziyanın və 10000 manat fizikipsixoloji sarsıntıya görə ziyanın, ümumi olaraq, 30772,3 manat məbləğin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus, etibarnamə ilə idarə etdiyi “QAZ-330213” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə gündəlik dolanışığı və sair xərclər üçün pul qazanaraq ailəsini dolandırmışdır. Eyni zamanda Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarının yanındakı Naxçıvanski küçəsindəki beş mərtəbəli binanın 1-ci mərtəbəsində 18 kv.metrlik qeyri-yaşayış sahəsini icarəyə götürüb əhalidən müxtəlif polietilen tullantı mallarını qəbul edərək onları həmin avtomobili ilə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Adil Baxışova məxsus istehsal sexinə və başqa sexlərə təhvil vermişdir. 10 avqust 2017-ci il tarixdə Adil və Firdovsi Baxışovlar tərəfindən onun avtomobili qanunsuz olaraq əlindən alınıb həmin sexin həyətinə qoyulmuşdur. Bu barədə DİN-in “102” xidmətinə və digər hüquq-mühafizə orqanlarına şikayət etdikdən sonra 15 sentyabr 2017-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı Mehman Vəliyev və adını bilmədiyi sahə müvəkkili işləyən polis mayoru onun və həmişə onu şəxsi avtomobili ilə Sumqayıta aparıb-gətirən Həziyev Rafiqin iştirakı ilə avtomobilini Adil Baxışova məxsus sexin həyətindən götürmüşdülər. Lakin, Mehman Vəliyev avtomobilini ona təhvil verməyərək öz rəisi ilə telefonla danışıb “rəis, maşını Adilin sexinin həyətindən götürdüm, orda qalsa Nazim hirslənirdi. Nazimə də qaytarsam Adil hirslənəcək, yaxşısı budur ki, qoyum duracağa deyərək qanunsuz özəl qərarla duracağa qoymuşdur. Ona avtomobilinin heç bir yol- nəqliyyat hadisəsi (YNH) törətmədiyini, avtomobilə heç bir baxış keçirilməyəcəyini, onun heç bir ekspertizaya təqdim olunmayacağını, üzərində hər hansı bir əməliyyat tədbiri keçirilməyəcəyini və avtomobilimin ailəsinin yeganə qazanc mənbəyi olmasını deyərək özünə təhvil verilməli olduğunu bildirmişdir və maddi sübut kimi yalnız ehtiyyat təkərin götürülərək saxlanmalı olduğunu demişdir. Lakin, heç bir nəticə olmamışdır. O, Mehman Vəliyevin bu qanunsuz hərəkətindən DİN-in rəhbərliyinə şikayət etdikdən sonra 04 oktyabr 2017-ci il tarixdə Sumqayıt ŞPİ-nin rəisi onu qəbul etmiş və dinlədikdən sonra avtomobilinin dərhal ona təhvil verilməsinə göstəriş vermişdir. Həmin axşam avtomobili özünə qaytarıldı. DYP rəisinə yazılmış məktubdan da görünür ki, maşın 20 gün qanunsuz olaraq duracaqda qalıb. Günahsız olsa da təhqiqatçı Mehman Vəliyev “sən Adilə vurduğun ziyanı ödəməlisən, əks-təqdirdə sənə cinayət işi açılacaq və həbs olunacaqsan" deyərək ona qarşı aidiyyəti olmayan şəxslərdən qanunsuz və əsassız izahatlar alaraq qondarma cinayət işinin açılması üçün tutduğu vəzifəyə yaraşmayan Konstitusiya və Qanunların ziddinə gedərək öz şəxsi mülahizəsinə əsasən təhqiqat aparmışdır. Adil və Firdovsi Baxışovların, onun avtomobilini əlindən alıb sexin həyətinə qoyandan sonra, onların üstünə xahiş-minnətçi göndərməsinə baxmayaraq Adilin ondan 5000 manat verməsini və ya saxladıqları avtomobilini onun adamlarından birinin adına keçirməli olduğunu tələb edərək, ondan rədd cavabı aldıqdan sonra ona qarşı çirkin oyun qurub guya o polietilen tullantı mallarını təhvil verən (satan) zaman onlara qarşı dələduzluq əməli törətdiyinə görə xx.xx.2017-ci il tarixli şikayəti nəticəsində xx.xx.2017-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə qondarma cinayət işi açılmış və istintaqın aparılması müstəntiq Mehdi Məmmədova həvalə edilmişdir. O, dəfələrlə müstəntiq Mehdi Məmmədova bu cinayət işinin perspektivi olmayacağını, işin məhkəmədən geri qayıdacağını və ya məhkəmədə iş üzrə xitam qərarı veriləcəyini desə də xeyri olmamışdır. Baxmayaraq ki, müstəntiq Mehdi Məmmədov özü də etiraf edərək “mən də bilirəm ki, bu iş məhkəmədə sınan işdir, mən də istəyirəm ki, bu iş məhkəmədə sınıb geri qayıtsın, bu işə görə mənə cəza versinlər, mən də həmin cəzanı əlimdə bayraq edib aparıb soxacam gözlərinə” deyərək onunla razılaşsa da, onun hüquqlarını məhdudlaşdırmış, başqa yerə getməmək haqda barəsində iltizam qətimkan tədbiri seçilmiş, ona qarşı 12414 manatlıq “dələduzluq etməsi”lə bağlı ittiham elan edilərək iş təsdiqlənib məhkəməyə göndərilməsi üçün Sumqayıt şəhər Prokuroruna göndərilmişdir. Belə çıxır ki, ortada sifariş olub, necə olur-olsun, qanunsuz da olsa onun həbsinə qərar verilib və müstəntiq Mehdi Məmmədov da dövlət orqanında işləməsinə baxmayaraq öz vəzifə səlahiyyətindən sui-istifadə edərək qanunsuzluq edib və onun günahı olmaya-olmaya həbs olunması üçün bu sifarişi yerinə yetirmişdir. Lakin atası Səfərov Rafiq Cəfər oğlu Sumqayıt şəhər prokuroruna və baş prokurorluğun rəhbərliyinə ünvanladığı müraciətlərlə əlaqədar xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhər prokuroru tərəfindən qəbul edilmiş, dinlənilmiş və cinayət işi əlavə istintaq aparılması üçün ŞPİ-nin İŞ-nə göndərilmişdir. xx.xx.2018-ci il tarixdə isə barəsində başlanmış cinayət işinə AR CPM-nin 39.1.1-ci maddəsi ilə xitam verilmişdir. Qeyd etmişdir ki, təhqiqat və istintaq dövründə dövlət orqanları əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində ona xeyli miqdar maddi və mənəvi ziyan dəymişdir. Belə ki, təhqiqatçı Mehman Vəliyevin qanunsuz hərəkətləri nəticəsində “QAZ” 330213" markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilinin 20 gün duracaqda qalması nəticəsində ona bu müddət ərzində bir gündə 40 manat olmaqla 800 (20*40=800) manat əldə edəcəyi mənfəət və əhalidən qəbul etdiyi polietilen tullantı mallarını bir gündən bir (cəmi 10 gün) qəbul sexlərinə təhvil vermək üçün digər avtomobillərə çəkdiyi 400 manat (10*40=400) daşıma xərci qədər, cəmi 1200 manat maddi ziyan dəymişdir. Bundan başqa 20 gün ərzində avtomobilinin duracaqda qalmasına görə 30 manat 30 qəpik miqdarında duracağa haqq ödəmişdir. Təhqiqat və istintaq dövründə o, tez-tez Bakıdan Sumqayıta çağrıldığına görə cinayət işi başlanandan təxminən bir həftə sonra o, 8-ci km bazarının yanında icarəyə götürdüyü yeri işlədib qazanc əldə edə bilmədiyinə və icarə haqqını da ödəyə bilmədiyinə görə təhvil vermişdir. Bildirmişdir ki, əgər o, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalmasaydı, normal halda həmin icarəyə götürdüyü yerdə yuxarıda göstərdiyi işlə məşğul olsaydı hər bir gün üçün orta hesabla 15 manat mənfəət (icarə haqqından başqa) əldə edə bilərdi. Hər ay 450 manat olmaqla həmin yeri təhvil verən tarixdən (xx.xx.2017) cinayət işinə xitam verilən tarixədək (xx.xx.2018) olan 7 ay ərzində 3150 manat mənfəət itirmişdir. Bundan başqa, hüquqlarının müdafiəsi üçün rabitə (poçt, teleqram, telefon) və s. xərcləri və hüquqi yardım kimi cəm olaraq 790 manat miqdarında xərc çəkmişdir. Avtomaşının Adilin sexinin həyətindən götürüldüyü gündən (xx.xx.2017) barəsində başlanmış cinayət işinə xitam verilməsi haqqında qərarın Sumqayıt ŞPİ-nin İŞ-dən götürdüyü günədək, iş-gücünü ataraq 26 dəfə Bakıdan Sumqayıta getmiş və hər dəfə eyni şəxsə, Həziyev Rafiqə məxsus “Mercedes E-280” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə etmişdir. Nəqliyyat xərci kimi cəmi olaraq 1602 manat (26 x (27 manat yanacaq + 15 manat yemək və s. xərci) + 510 manat təmir və ehtiyyat hissə xərci) xərcləyərək maddi ziyan çəkmişdir. Qanunsuz olaraq istintaqa cəlb edildiyindən güclü psixoloji sarsıntı (stress) keçirmiş və müayinəmüaicə olunması üçün xeyli xərc çəkmişdir. Ürəyində problemlər yaranmışdır. Səhhəti ilə bağlı indi də müalicəsi üçün xeyli vəsait tələb olunur. Qohumlar, tanışlar və onu tanıyanlar arasında haqqında mənfi fikrin formalaşması nəticəsində mənəvi cəhətdən sarsılmış, nüfuzu aşağı düşmüşdür, hamı ondan qaçır. Beləliklə, Sumqayıt ŞPİ İS-nin və 3-cü PB-nin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində ona aşağıda göstərilən qədər maddi, mənəvi və fiziki-psixoloji ziyan dəymişdir: maddi ziyan (itirilmiş mənfəət) 800+3150=3950 manat; maddi ziyan (hüquqi yardım xərci və əlavə çəkilən xərclər) 790+400+30,3+1602=2822,3 manat; mənəvi ziyan (7 ay ərzində hər aya 2000 manat olmaqla), 14000 manat; fiziki-psixoloji sarsıntı ilə bağlı ziyan 10000 manat.

3. Cavabdeh tərəf məhkəməyə iddiaya etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı hüquq mühafizə orqanları tərəfindən AR Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə barəsində cinayət işinin başlanmasını və həmin maddə ilə cinayət təqibi aparılmasını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə 3.950 manat itirilmiş mənfəətin, 2822,3 manat çəkilən xərcin, cəmi 6.772,3 manat maddi ziyanın, 14.000 manat mənəvi ziyanın və 10.000 manat fiziki-psixoloji sarsıntıya görə ziyanın, ümumlikdə 30.772.3 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab etmişdir ki, həmin iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda “müvafiq icra hakimiyyəti”, yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Həmçinin, iddiaçının əhalidən polietilen tullantı qəbul etməsi məşğul olmasını, həmin fəaliyyəti icra edən zaman hansı həcmdə gəlir əldə etdiyini, cinayət məsuliyyətinə cəlb olunduğuna görə gəlirinin hansı həcmindən məhrum olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iddia ərizəsində qeyd edilən bu faktları təsdiq edən sənədlər olmadığından iddia olunan “əldən çıxmış mənfəətin” də hesablanması və buna dair rəy verilməsi mümkün deyil.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(006)- 1806/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, dövlət büdcəsi vəsaiti hesabına İddiaçı vurulmuş mənəvi zərərə görə 4500 manatın ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarına, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini iddia tələbinin tam təmin edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarının içərisində olan sübutedici sənədləri nəzərə almamaqla, onun hüququnun pozularaq barəsində qanunsuz cinayət işinin başlanması və bu işin icraatına xitam verildiyi günədək iş-gücünü atıb istintaq orqanının çağırışına əsasən ümumilikdə 26 dəfə Bakıdan Sumqayıta getməklə heç nədən ziyana düşməyini və bu ziyanın mahiyyətinin və məbləğinin sübut edilməsi üçün şahid ifadəsinin alınması məqsədilə verdiyim vəsatətə heç bir münasibət bildirməməklə maddi və prosessual hüquq normalarını pozmuş və ya düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarının içərisində olan maşınının buraxılması üçün İŞ rəisinin DYPİ rəisinə yazdığı məktubun surəti, ödəniş qəbzlərinin və vəkil orderinin surətləri məhkəmə tərəfindən nəzərə alınmamış, eyni zamanda heç bir münasibət göstərilməyərək hüquqi qiymət verilməmişdir. İş materiallarının işərisində avtomobilinin 20 gün duracaqda qalmasına görə ödədiyi 30,3 manat haqq, vəkil orderi üçün ödədiyi 350 manat rüsum, poçt, teleqram, telefon, həmçinin, poçta və digər ünvanlara gedib-gəlmək üçün çəkdiyi 440 manat xərcin sənədləri olduğuna baxmayaraq məhkəmə bunların heç birini nəzərə almayıb və heç bir münasibət bildirməyərək hüquqi qiymət verməyib. Məhkəmə iclasının keçirilməsi zamanı hakim Nail Abbasov ondan vəkil bürosuna ödədiyi 350 manat rüsumun qəbzini tələb etdi, lakin üstündən 6 ildən çox vaxt keçdiyinə görə qəbzi tapa bilmədiyini, əgər həmin məbləği ödəməsəydi vəkilin heç vaxt order götürə bilməzliyini desə də, məhkəmə bunları nəzərə almayıb, ədalətsiz qərar qəbul edərək qətnamənin çıxarılması zamanı heç bir münasibət bildirmədi.

8. Qətnamədən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 4.500 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda hesab edirik ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həminmaddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir.. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Fikrimizcə CinayətProsessual Məcəllənin yuxarıdasadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 4.500 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Bundan başqa məhkəmə qətnamənin əsaslandırıcı hissəsində Ali Məhkəmənin 03 noyabr 2023-cü il tarixli, 2(102)- 3095/2023 saylı qərarına istinad edərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə bağlı təcrübəni “başqa yerə getməmək haqqında” qətimkan tədbirinə tətbiq edərək kobud pozuntuya yol vermişdir. Belə ki, polisin nəzarətində olan şübhəli və ya təqsirləndirilən şəxs cinayət təqibi orqanının icazəsi olmadan başqa yerə gedə, habelə müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilmə və polisin müəyyən etdiyi cədvəl üzrə polis orqanına gəlməli və gəlişini qeyd etdirməlidir. Lakin “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri icraat zamanı şəxsin vəzifələrini yerinə yetirməsi ilə bağlı sadəcə yazılı öhdəlikdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və üçüncü şəxslər isə məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

13. 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

14. Maddə 1096 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

15. Maddə 1100 dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

16. Maddə 1101.1 qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

17. Maddə 1101.2 görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi

18. Maddə 56.0.2 bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.

19. Maddə 57.1 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.

20. Maddə 58.1 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.

21. Maddə 58.2 fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu

22. Maddə 4 cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır.

23. Maddə 5 Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

24. Maddə 6.1 bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

25. Maddə 7 təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

26. Maddə 12 fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.

27. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

28. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. İddiaçı və cavabdeh hər biri apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1806/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Kollegiya ilk növbədə işin halları ilə bağlı qeyd edir ki, İddiaçı Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” tədbiri seçilmiş, sonradan İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində həmin maddə ilə açılmış cinayət işinə xitam verilməklə, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

40. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».

41. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır.

42. Zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.

43. Kollegiya qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

44. Kollegiya cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı məhkəməyə müraciət etməkdə və birinci instansiya məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində qəbul etməklə iddianı qismən təmin etməkdə haqlı olmuşdur.

45. Məhkəmə kollegiyası bir daha cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009- cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Belə ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir.

46. Məhkəmə kollegiyası iddiaçının maddi zərərin tutulması hissəsində tələbinin rədd olunması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı qanunsuz həbs olunduğu vaxt ərzində ona 6772,3 manat məbləğində maddi ziyanın dəydiyini bildirsə də, bu dəlilini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilməlidir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutların iddiaçı tərəfindən təqdim edilməməsi məhkəmələrin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın maddi ziyanla bağlı hissəsini rədd edərkən haqlı olaraq qeyd etmişdir ki, iddiaçı 15 ay müddətində istintaqa cəlb edilməklə barəsində 178.2.4-cü maddəsi ilə cinayət işi açılsa da, həmin müddət ərzində o, azadlıqdan məhrum edilməmiş barəsində yalnız “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət Prosessual Məcəlləsinin 165.1-ci maddəsinə əsasən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməyəcəyi, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına gələcəyi və yaşayış yerini dəyişməsi haqqında onlara məlumat verəcəyi barədə yazılı öhdəliyindən ibarətdir. Göründüyü kimi, cinayət prosessual qanunvericiliyinə əsasən, barəsində başqa yerə getməmək haqqında iltizam seçilmiş şəxsə iş fəaliyyəti ilə məşğul olmasına hər hansı maneə göstərilməsi nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz.

47. Qeyd edilənlərə əsasən kollegiya iddiaçı və cavabdehin apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

3. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbinin təmin edilən hissəsi 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdeh qətnamədən kassasiya şikayəti verilə bilməz.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı oğlu və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1806/2024 nömrəli, 23 aprel 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən iddiaçı rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar