Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-430/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkil X2 iştirakı ilə İddiaçı cavabdeh x MMM-ə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh x MMM tərəfindən şərəf və ləyaqəti, mənəvi iztirablar keçirməsi, əsəb və stresin qarşılığı olaraq 30.000 manat mənəvi ziyan, dəfn xərclərinə çəkilmiş 6.000 manat və klinikaya ödədiyi 3.100 manat məbləğdə pulun, o cümlədən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı arvadı X5 Respublika Klinik Xəstaxanasında müalicə almış, daha sonra xəstənin vəziyyəti pisləşmiş, bu zaman bir şəxs ona x klinikasının əlaqə nömrəsini vermişdir. İddiaçı həmin klinika ilə əlaqə saxlayarkən ona xəstəni sağaldacaqları barədə məlumat verilmişdir. Xəstəni həmin klinikaya yerləşdirən zaman özəl klinika olması səbəbi ilə kassaya 5.000 manat məbləğində pul vəsaiti köçürülməli olduğunu bildirmişlər. İddiaçı bu məbləği toplayaraq kassaya ödəniş etmiş və qəbz almışdır. İddiaçı xəstənin vəziyyəti ilə maraqlandıqda xəstənin vəziyyətinin yaxşılaşdığı bildirilmiş, lakin 3 gün sonra xəstə dünyasını dəyişmişdir. İddiaçı bundan sonra etdiyi ödənişi geri tələb etmişdir. Lakin ödənilmiş 5.000 manat məbləğində pul geri qaytarılmamışdır. Bununla əlaqədar iddiaçı Səhiyyə Nazirliyi və prokurorluq orqanlarına müraciət etdikdən sonra həmin puldan 1.900 manat qaytarılmış, qalan 3.100 manat pulu isə müxtəlif bəhanələrlə qaytarılmasından imtina edilmişdir. İddiaçı bu hadisələrdən sarsıntı keçirmiş, buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(009)-1324/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh x MMM-ə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilmiş dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tətbiq olunmalı maddi normanı tətbiq etməmiş, işi ətraflı araşdırmamışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsiapellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli, AZ-İ 924714 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X3 xx.xx.2018-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 07 nömrəsi ilə qeyd edilmişdir. Ölümün səbəbi kimi şəkərli diabet, İİ tip göstərilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli qəbzin surətindən müəyyən edilir ki, x MMM-ə əvvəlcədən ödəniş kimi 5.000 manat məbləğində vəsaitin ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı Respublikası Baş Prokurorluğuna daxil olmuş müraciəti baxılması üçün Səhiyyə Nazirliyinin Aparatına göndərilmiş və nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi xahiş edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli, 6-59/B-15671 nömrəli məktubun surətində İddiaçı müraciətinə baxıldığı, müraciətlə bağlı mütəxəssis tərəfindən verilmiş rəyə əsasən tibbi yardımın göstərilməsi zamanı pozuntu hallarına yol verilməsinin müəyyən olunmadığı qeyd edilir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli sənədin surətindən görünür ki, x MMMin tibbi direktoru S.Ş.Cəfərovaya pərakəndə satışdan alınması üçün 1987,32 manat vəsait ayrılması üçün sərəncam verilməsi barədə müraciət olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli məxaric xəzinə orderinin surətində 1987,32 manat məbləğində əvvəlcədən ödənişin qaytarıldığı göstərilmişdir. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli hesaba əlavələrdə xəstənin klinikada saxlanılması, dərman vasitələrinin alınması və digər xərclərin siyahısı göstərilmişdir. Belə ki, xərclər hesabaəlavələrdə 524,85 manat, 821,87 manat, 669,89 manat, 556,35 manat, 439,72 manat göstərilmişdir. Məhkəmə kollegiyasiilk olaraq iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanınanadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habeləəmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının göstərdiyi hallar əsasında cavabdehdən mənəvi ziyanın tələb edilməsi əsassızdır. Belə ki, iş materiallarında cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı təqsirli hərəkətlərə yol verilməsini, habelə cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərərin dəydiyini göstərən hər hansı sübut mövcud deyildir. İddiaçı öz iddia tələbində cavabdehin ondan şişirdilmiş həcmdə pul tələb etməsini, habelə mərhum X4 aparılan müalicə tədbirlərinin onun xəstəliyinə uyğun olmadığını bildirmiş, bu halların ətraflı və düzgün araşdırılması məqsədi ilə məhkəmə kollegiyasi tərəfindən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 ekspertləri tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 613/KEŞ saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, X5 xx.xx.2018ci il tarixdə Cavabdeh Klinikasına ağır və huşu soporoz vəziyyətdə daxil olmuşdur. Aparılmış kliniki və laborator müayinələrdən sonra ona “Şəkərli diabet İİ tip. Hiperosmolar koma ilə. Diabetik nefropatiya. Ağciyər arteriyasının tromboemboliyası” diaqnozu təyin edilmişdir. X4 təyin edilmiş diaqnoza uyğun olaraq ona, adekvat tibbi yardımlar göstərilmiş və konservativ müalicələr təyinat üzrə davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş dərman preparatlarının siyahısı onun müalicəsi üçün zəruri olmuş və xəstəlik tarixində göstərilənlərə əsasən istifadə edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olduğundan, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1324/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-430/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-430/2020
04.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver