Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4308/2024 06.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət edərək, 20.000 manat məbləğində maddi ziyanının, 30.000 manat məbləğində mənəvi ziyanın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdeh təşkilatda 1994-cü ildən 2018-ci ilədək ixtisası üzrə müxtəlif vəzifələrdə, qeyri-qanuni olaraq işdən azad edildiyi zaman isə mühəndis vəzifəsində işləmiş, aldığı əmək haqqı əmək müqaviləsinə uyğun, ştat vahidi nəzərə alınmaqla vəzifə maaşı qaydasında ödənilmişdir. Cavabdeh ilə aralarında işdən azad edilməyə dair yaranmış mübahisələr məhkəmə müstəvisində həll edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin 2(006)-5536/2018 nömrəli, 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə onun cavabdehə qarşı “30 iyul 2018-ci il tarixli, k/18-04043 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi”nə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13020/2018 nömrəli, 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, "xxxx" ASC-nin 30 iyul 2018-ci il tarixli, k/18-04043 nömrəli əmri ləğv olunmaqla, iddiaçı X2 məcburi iş buraxmaya görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə, onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3361/2019 nömrəli, 08 may 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdehin kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə qərarı qüvvəyə minmiş və müvafiq qaydada icraya yönəldilmişdir. Lakin cavabdeh məhkəmə qərarına məhəl qoymayaraq, icra etməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı real olaraq 30 iyul 2018-ci il tarixdən hal-hazıradək olan müddət nəzərə alınmaqla hər ay aldığı vəzifə maaşı qədər maddi ziyan çəkmişdir. Bu müddət ərzində dolanacaq mənbəyi zəifləmiş, nəticədə yaranmış borcların müəyyən hissəsini ödəmək üçün banklardan (kredit təşkilatı) müəyyən faizlər ödənilməklə pul vəsaitləri götürmüşdür. Ailədə yeganə işləyən şəxs kimi cavabdehin hərəkətlərinin nəticəsi olaraq güclü sarsıntılar, stress keçirmiş, əsəb və şəkər xəstəliyinə düçar olmuş, müəyyən dərman preparatlarından istifadə etməklə fiziki durumunu tənzimləmək baxımından mənəvi zərər çəkmişdir. Səhhətində yaranmış problemlərin həlli ilə əlaqədar ərazi üzrə Şirvan ŞMX-nə müayinə və müalicə olunmaq üçün müraciətlər etmiş, daimi xarakter daşıyan İİ tip şəkərli diabet xəstəliyi tapmışdır. Cavabdeh tərəfin haqsız hərəkətləri bugün də işsiz qalmağına səbəb olmuşdur. İddiaçı məcbur olub ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Onun 1 il 4 ay müddətində aylıq əmək haqqından məhrum olmağı, dolanacaq üçün bank təşkilatlarından kredit pul vəsaiti almağı 20.000 manat məbləğində maddi zərərlə, bu müddət ərzində keçirdiyi əsəb, güclü stress, həyəcan, səhhətində yaranmış sağalmaz xəstəliklər yaranması isə 30.000 manat mənəvi zərərin vurulması ilə nəticələnmişdir. Cavabdeh təşkilatdan vurulmuş zərərin məhkəmə qaydasında tutularaq ona ödənilməsini əsaslı hesab edir.
3. Birinci instansiya məhkəməsinin 17 aprel 2024-cü il tarixli (2(006)-1611/24 nömrəli iş üzrə, hakim R.Xəlilov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə dəymiş mənəvi zərərin əvəzi kimi 2.000 (iki min) manat məbləğində pul və ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumu tutulmuş, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a. Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunmuş hissədə ləğv edilməsini və iddianın bütövlükdə rədd olunmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi aydınlaşdırılmamış, sadəcə müvafiq normaların sadalanması ilə kifayətlənilmişdir. Halbuki, iddiaçı öz seçimi əsasında hazırkı vəzifəyə keçirilmişdir. Ona məcburi işburaxma ilə bağlı pul ödənilmişdir. İddiaçı işindən narazı olması ilə bağlı indiyədək heç bir fikir bildirməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi yalnız iddiaçının izahatlarına istinad edərək cavabdeh tərəfindən ona mənəvi zərər vurulması ilə bağlı yanlış nəticəyə gəlmiş, işi hərtərəfli və tam araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. İddiaçı apellyasiya şikayətinə dair etiraz verərək, bildirmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır. Belə ki, məhkəmə tərəfindən proses iştirakçılarına mübahisə predmetinə dair bütün sübutları (yazılı sənədlər, şifahi izahatlar və s.) məhkəməyə təqdim edilməsi üçün bərabər, obyektiv şərait (imkan) yaradılmış, mülki işin bütün faktiki və həqiqi halları araşdırmaqla qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını hazırkı mübahisə predmeti üzrə düzgün tətbiq etmiş, məhkəmə prosesləri tərəflərin çəkişmə prinsipi əsasında keçirilmişdir. Məhkəmə obyektiv, qərəzsiz və tədqiq olunmuş sübutlar əsasında qətnamə qəbul etmişdir. Belə olan halda, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X7 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
10. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı:
14. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli Qərarı:
15. Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı:
16. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır.
“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı:
17. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mənəvi sarsıntı keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı:
18. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırkı mülki iş üzrə iddia tələbi qismən təmin edildiyindən və apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın qismən təmin edilmiş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
27. Belə ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxılarkən Azərbaycan Respublikasının Konstitusiyası, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktları, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri rəhbər tutmalıdır (“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarı).
28. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər.
29. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
30. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
31. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
32. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
33. Hazırkı mülki mübahisə üzrə cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsinə dair məhkəmə qətnaməsinin qəbul edilməsindən uzun müddət keçdikdən sonra əvvəlki vəzifəsinə yox, başqa vəzifəyə təyin edilmiş, bu müddət nəticəsində iddiaçı mənəvi iztirab keçirmişdir.
34. Göründüyü kimi, iddiaçıya cavabdeh tərəfindən mənəvi ziyanın vurulduğu, habelə cavabdehin uzun müddət hərəkətsizliyi nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur.
35. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə uyğun olaraq vurulmuş mənəvi zərərin əvəzini cavabdehdən iddiaçının xeyrinə tutmaqda haqlı olmuşdur.
36. Tutulmuş mənəvi zərərin əvəzinin miqdarına münasibətdə isə qeyd olunmalıdır ki, 2.000 (iki min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir.
37. Beləliklə, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh isə apellyasiya şikayətinin dəlillərində yalnız formal mülahizələrə istinad etmişdir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Bununla yanaşı qeyd olunmalıdır ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan halda, MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
41. Göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(006)-1611/24 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.