Məhkəmə qərarları › İş №2(103)-4309/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4309/2021

25.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4309/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(004)-1310/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncunun qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 3399 manat maddi ziyanın və 10000 manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi 2 ildir tanıyır, onunla yaxşı münasibəti olmuşdur. Son zamanlar onunla münasibətlərinə son qoymaq qərarına gəlmişdir. 18.03.2020-ci il tarixində görüşmüşlər və söhbət əsnasında cavabdeh heç bir səbəb olmadan onun mülkiyyəti olan “iPhone 11 Pro Max” markalı, midnight green rəngli, 256 GB yaddaşa malik olan telefonu əlindən alıb yerə vuraraq sındırmışdır. Bununla bağlı Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət etmiş və 27.04.2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Qərarda cavabdeh onun telefonunu əlindən alıb yerə vuraraq sındırmasını izahatında göstərmişdir. “xxxx” MMC-nin 02.09.2020-ci il tarixli 703 nömrəli arayışına əsasən “iPhone 11 Pro Max” markalı, midnight green rəngli, 256 GB yaddaşa malik telefonun hazırki satış qiyməti 3399 manat təşkil edir. Bundan əlavə, 18.12.2019-cu il tarixli qəbzə əsasən **********26051 İMEİ nömrəli “iPhone 11 Pro Max” markalı, midnight green rəngli mobil cihazın qeydiyyata alınması ilə bağlı tərəfindən 150 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1 tərəfindən təqdim edilmiş sorğuya cavabda **********26051 İMEİ nömrəli mobil cihazın qeydiyyatı üçün onun adına verilmiş AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatları daxil edilməklə həmin mobil cihazın sistemdə qeydiyyata alındığı göstərilmişdir. Əsas fəaliyyəti reklam sahəsi olduğundan həmin mobil cihazın yaddaşında olan 1500-dən artıq fotoşəkil cavabdehin hərəkəti nəticəsində məhv olmuşdur. Ona və ailəsinə aid şəxsi məlumatlar, şəkillərin heç birini bərpa etmək iqtidarında deyil. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(004)- 1310/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh dəymiş ziyana görə 3399 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş edərək, göstərmişdir ki, tərəfindən «xxxx» MMC-ə ünvanlanmış sorğuya cavab olaraq şirkət tərəfindən bildirilmişdir ki, yeni İphone 11 X Pro Max 256 GB mobil telefonunun satış qiyməti 3080 AZN, 6 ay istifadə olunan İphone 11 X Pro Max 256 GB mobil telefonunun satış qiyməti 2300 AZN təşkil edir. Məhkəməyə ünvanladığı etiraz və vəsatətində sındırılmış telefonun məhz İphone 11 X Pro Max 256 GB markalı telefon olması sübuta yetirilsə belə, həmin telefonun yeni olmamasının, hansı vəziyyətdə olmasının və digər texniki göstəricilərinin onun qiymətinə birbaşa təsir etdiyinin nəzərə alınmalı olduğunu vurğulamış, lakin vəsatəti nəzərə alınmamışdır. Maddi ziyanın dəqiq məbləğinin müəyyən edilməsi məqsədilə sındırılmış telefonun bazar dəyərinin müəyyən olunması üçün ekspertizanın təyin olunması barədə vəsatəti də nəzərə alınmamışdır. Sındırılmış telefonun markasının məhz İphone 11 X Pro Max 256 GB olduğuna dair iddiasını sübut etmə yükü iddiaçının üzərindədir. İddiaçı isə sübut etmək üçün məhkəməyə heç bir əsaslı sübut təqdim etməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər, məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Cavabdeh e-kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, məhkəmə baxışının iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini qeyd edərək, apelyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin ərizədə göstərmişdir ki, sındırıldığı iddia olunan telefonun markası müəyyən edilməyib, sındırdığı iddia olunan telefonun bazar qiyməti düzgün müəyyən edilməyib və iddiaçının ona məxsus telefonu sındırması faktı nəzərə alınmamışdır. Kollegiya əvvəla qeyd edir ki, iddia qismən təmin edilmiş olsa da, iddiaçı qətnaməni mübahisələndirməmişdir, odur ki, qətnamə cavabdehin apelyasiya şikayəti həddində yoxlanılır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materiallarında olan Səbail RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı E.Həsənovun 27.04.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, 19.03.2020-ci il tarixdə İddiaçı ərizə ilə müraciət edərək Cavabdeh ilə aralarında baş vermiş mübahisə zamanı cavabdehin yumruqla onun baş nahiyəsinə xəsarət yetirməsini göstərmiş və barəsində tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı İddiaçı izahatında Cavabdeh ilə görüş zamanı telefonunu istədiyini, vermədiyinə görə cavabdehin telefonu özünün aldığını bildirərək əlindən aldığını və yerə vurub sındırdığını, hal-hazırda Üzeyirin ondan üzr istədiyini, onu bağışladığını, ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. İddiaçı təkrar ərizə verərək ilkin ərizəsinin araşdırılmasının dayandırılmasını xahiş etmişdir. Məhkəmə-tibbi ekspertiza rəyi ilə İddiaçı bədənində hər hansı xəsarət aşkar edilməmişdir. Göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X1 tərəfindən verilmiş 18.09.2020-ci il tarixli arayışın surətindən görünür ki, **********26051 İMEİ nömrəli mobil cihaz İddiaçı adına qeydiyyatdan keçmişdir. İşdə olan 18.12.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, **********26051 İMEİ nömrəli mobil cihazın qeydiyyatı üçün İddiaçı tərəfindən ödəniş aparılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh hüquqa zidd davranış etdiyindən delikt törətmişdir və buna görə də məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 02.09.2020-ci il tarixli, 703 saylı arayışından görünür ki, "Vəkil və partnyorları" Vəkil Bürosunun 31.08.2020-ci il tarixli, 32- /2020 nömrəli sorğusuna cavab olaraq, “iPhone 11 Pro Max 256 GB” markalı mobil cihazın həmin tarixə olan satış qiymətinin 3399 manat təşkil etdiyi bildirilmişdir. Birinci instansiya məhkəməsi də qeyd edilən arayışa istinad edərək, telefonun sındırılması nəticəsində dəymiş ziyana görə 3399 manat məbləğində pulun cavabdehdən tutulması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmə cavabdehdən tutulmalı olan məbləğ hissəsində düzgün olmayan nəticəyə gəlmişdir, belə ki, məhkəmə tərəfindən sındırılan telefonun istismar edilməsi halı nəzərə alınmadan, "xxxx" MMC-nin 02.09.2020-ci il tarixli arayışı ilə həmin tarixə olan satış qiyməti götürülmüşdür. 18.12.2019-cu il tarixdə qeydiyyatdan keçmiş “iPhone 11 Pro Max” markalı, midnight green rəngli, 256 GB yaddaşa malik olan mobil telefonun 18.03.2020-ci il tarixə real bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə Kollegiyanın 03.05.2021-ci il tarixli qərardadı ilə qiymətləndirmə təyin edilmiş, “xxxx” MMC-nin 20.05.2021-ci il tarixli 14/0651 saylı qiymətləndirmə hesabatı ilə “iPhone 11 Pro Max” markalı, midnight green rəngli, 256 GB yaddaşa malik olan mobil telefonun (istismarda olmuş) 18.03.2020-ci il tarixə bazar dəyəri 1750 manat, istismarda olmayan-yenisinin isə bazar dəyəri 2300 manat müəyyən edilmişdir. Göründüyü kimi, mübahisəli mobil telefonun (istismarda olmuş) sındırıldığı 18.03.2020-ci il tarixə bazar dəyərinin 1750 manat təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alan Kollegiya hesab edir ki, cavabdehdən “iPhone 11 Pro Max” markalı, midnight green rəngli, 256 GB yaddaşa malik olan telefonun sındırılması nəticəsində dəymiş ziyana görə iddiaçının xeyrinə tutulmalı olan məbləğ 1750 manat müəyyən edilməlidir. Mobil telefonun modelinə gəldikdə isə Kollegiya hesab edir ki, bu hissədə apelyasiya şikayətinin dəlili əsassızdır, belə ki, cavabdehin sındırdığı və iddiaçının adına qeydiyyatdan keçmiş telefonun eyni olması iş materialları ilə təsdiq olunmuşdur. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, qətnamə dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1310/2021 saylı iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə tutulmalı məbləğ 1750 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış tədqiqatın dəyərini təşkil edən 150 manat məbləğində pul vəsaitinin 75 manatı İddiaçı, 75 manatı isə Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN:**********; Hesab №AZ33İBAZ********************; Bank: “xxxx” ASC Yasamal filialı, kod 805562; VÖEN:**********; Müxbir hesab:AZ03NABZ********************; SWİFT BİK:İBAZAZ2X) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar