Məhkəmə qərarları › İş №2(103)-4309/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4309/2025

16.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4309/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 2479/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra, cavabdeh) qarşı «vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyan olaraq 39287 manat, mənəvi ziyan olaraq 50000 manat, cəmi 89287 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 30 dekabr 2020-ci il tarixdi saat 12.40 radələrində "xxxx"nın (ABB) Nizami filialında V033 nömrəsi ilə valyuta dəyişməyə növbə tutub, 2 saat gözləsə də, növbəyə əməl edilmədən xanım kassir öz tanışlarına növbədənkənar xidmət etmişdir. Buna etiraz etdiyindən onu 2 saat gözlədib, xidmətdən imtina etmişdir ki, «limiti» keçmişdir. Halbuki onun pensiya, əmək haqqı, təqaüd məbləğləri limitdən artıq valyuta dəyişməyə əsas verir. Eyni zamanda xx.xx.2020-ci ildə onun avro hesabına 9750 avro vəsait daxil olmuşdur. Bu vəsaiti nə avro ilə, nə də manatla götürüb, dollara çevirməsinə, əmlakına sərəncam verməsinə imkan verməmişlər. O, Qarabağ əlili olduğunu, pensiyasından, təqaüdündən hər ay 500 dollarlıq valyuta dəyişməsini desə də, xidmətdən imtina edilmiş və bankın mühafizəçisini, müştəriləri 1-ci dərəcəli Qarabağ əlilinə qarşı qanunsuzluğa təhrik etmişlər. Keçirdiyi stressdən xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək DİN-in hospitalında müalicədə olmuşdur. Bu hadisədən sonra ona ABB-dən zəng edib, tədbir görüləcəyini, qanunsuz tutulan vəsaitin bərpa ediləcəyini demişlər. Belə ki, bank hesabına daxil olan vəsaitdən aldatma yolu ilə faiz tutur. Cavabdeh ABB Nizami filialı öncədən karta görə 10 manat ödəniş haqqı alıb, daxil olan vəsaitdən pul tutulmayacağını bildirmişdir. Amma avro ilə, sonra isə manatla hesabına daxil olan vəsaitdən 0,5 faiz komissiya haqqı, təxminən 100 manat pul tutmuşdur. Bundan başqa 9750 avrodan daxil olan kimi 48,75 avro tutmuş, həm də hər çıxaranda faiz tutmuşlar. xx.xx.2022-ci il tarixdə 5700 avro pulunu götürməyə imkan verməmişlər ki, faiz tutulacaq, faiz tutulmaması üçün 4335 avro götürə bilər. Məcbur olub 4300 götürmüş, amma 2,73 avronun faiz kimi tutulması bəlli olmuşdur. Bu, özbaşınalıq, bank dələduzluğudur. Hansı qanunda yazılıb ki, istehlakçının pulundan hər götürəndə faiz tutulsun? Aldadıb 10 manat kart haqqı alıb, faiz tutulmayacağını demişlər, sonra daxil olan kimi 0,5 faiz və hər pul götürəndə də 0,5 faiz tuturlar. Karta avro ilə vəsait köçürülməyəcəkdisə, niyə bu kart 10 manat qarşılığında ona verilirdi? Nəyinə lazımdır bu kart ki, hesabında pul olmayacaq? Bu aldatma deyil? Onun kartına vaxtında avro ilə vəsait daxil edilmədiyindən, pulunu götürə bilməmiş, əmlakından məhrum edilmişdir. Vaxtında pulunu karta köçürsəydilər, bankdan versəydilər, 22 min manat vəsait edirdi. Yəni ona, ən azı 5000 manat ziyan dəymişdir. Ümumiyyətlə, əmlakından istifadə etmək hüququndan bank inhisarçılığı ilə məhrum edilmişdir. Bankın idarə heyətinin sədr müavini Aqşin Əmirovun Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Ziya Əliyev vasitəsilə verdiyi xx.xx.2021-ci il tarixli cavabda bildirilmişdir ki, əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komisyon haqq tutulmayan kartların hesabına daxil olmuş vəsaitə görə 0,5 faiz komissiya haqqı təyin olunmuşdur. Komisyon haqq tutulmayan kartların hesabına daxil olan vəsaitdən bankın qanunsuz olaraq komissiya haqqı tutması açıq mətnlə etiraf edilir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2479/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normasının pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, iddianın təmin olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddiaya qarşı etirazda və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq cavabdeh bankın iddiaçıya münasibətdə hər hansı hüquqa zidd hərəkətlərinin olmamasını, komisyon tutulmaların bank qaydalarına uyğun olmasını, həmçinin iddiaçının apellyasiya şikayətində qeyd etdiyi digər dəlillərin (banka yaxınlaşması, gözlədilməsi və s.) də heç bir hüquqi əsasının olmamasını, bununla bağlı sübutların təqdim olunmamasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan "xxxx" ASC-nin İdarə Heyəti iclasının xx.xx.2020-ci il tarixli 68 saylı protokolundan çıxarışın surətindən görünür ki, bankın fiziki şəxs müştərilərinin istənilən filial və şöbələrdə mövcud cari hesabları üzrə məxaric əməliyyatlarının tətbiqi və bununla əlaqədar olaraq, fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə «Tarif Cədvəli»nin optimallaşdırılması məqsədi ilə, "xxxx" ASC-nin İdarə Heyəti müvafiq qərarlar qəbul etmişdir. Qərarın 5.2.1.2-ci bəndində göstərilmişdir ki, bankın digər filial və şöbələrində nağd şəkildə, o cümlədən bankın ödəniş terminalları vasitəsi ilə mədaxil olunan vəsaitin həmin hesabdan verilməsinə görə milli valyutada aparılmış əməliyyatın 0,5%-i, xarici valyutada aparılmış əməliyyatın 0,6%-i qədər komissiya haqqı tutulur. İşdə olan "xxxx" ASC-də fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə tarif cədvəlindən görünür ki, həmin cədvəlin 5.2.1.2-ci bəndinə əsasən, bankın digər filial və şöbələrində nağd şəkildə, o cümlədən bankın ödəniş terminalları vasitəsi ilə mədaxil olunan vəsaitin həmin hesabdan verilməsinə görə milli valyutada aparılmış əməliyyatın 0,5%-i, xarici valyutada aparılmış əməliyyatın 0,6%-i qədər komissiya haqqı tutulur. İşdə olan "xxxx" ASC-də ödəniş kartları üzrə tarif cədvəlindən görünür ki, həmin cədvəlin 6.2-ci bəndinə əsasən, əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komisyon haqqı tutulmayan kartlardan aparılmış köçürmə və digər köçürmə vasitəsi ilə kart hesabına daxil olunmuş vəsaitə görə (“Granat” təcili pul köçürməsi vasitəsi ilə daxil olmuş vəsaitlərə şamil olunmur) vəsait alan şəxsin kartından xarici valyuta üzrə daxil olan vəsaitin 0,5%-i qədər komisyon haqqı tutulur. İşdə olan "xxxx" ASC tərəfindən təqdim olunmuş İddiaçı hesabından çıxarışdan görünür ki, 9750 avro köçürməyə görə 48,75 avro komissiya tutulmuşdur. İşdə olan "xxxx" ASC-nin İdarə Heyətinin sədr müavini Aqşin Əmirovun xx.xx.2021ci il tarixli 04-9478/2021 saylı məktubundan görünür ki, (Azərbaycan Respublikası Mərkəzi Bankının 13 iyul 2021-ci il tarixli 26-08829-2021 saylı məktubuna cavab olaraq) "xxxx" ASC tərəfindən İddiaçı müraciətinə baxılmışdır. Bildirilmişdir ki, "xxxx" ASC-də ödəniş kartları üzrə tariflərə əsasən ödəniş kartlarından aparılmış köçürmə və digər köçürmə vasitəsi ilə əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komisyon haqqı tutulmayan kartların hesabına daxil olunmuş vəsaitə görə 0,5 % komissiya haqqı təyin olunmuşdur. Vətəndaşın ətraflı məlumatı müvafiq internet keçidinə daxil olaraq əldə edə biləcəyi qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixli 23- 9575/2021 saylı və xx.xx.2022-ci il tarixli 04-5474/2022 saylı məktublardan görünür ki, İddiaçı və Azərbaycan Respublikası Mərkəzi Bankının İstehlakçılarla iş departamentinin direktoru Xəyal Babayevin məktublarına eyni məzmunlu cavablar verilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh bank öz daxili qaydalarına (o qaydalar ki, bankın rəsmi internet resurslarında müştərilərin məlumatlandırılması qaydasında yerləşdirilmişdir) uyğun olaraq göstərmiş olduğu xidmət müqabilində komissiya hesablayaraq iddiaçının həyata keçirdiyi əməliyyata görə xidmət haqqı tutmuşdur. İddiaçının xx.xx.2020-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş iki bank əməliyyatı ilə əlaqədar komissiya xərcinin tutulmasının əsassız olmasına dair dəlilləri həmin əməliyyatların aparıldığı kartların sanki belə komissiyalar tutulmasını istisna edən kart hesabları olmasından ibarət olmuşdur ki, bu dəlillər heç bir mötəbər sübutlara əsaslanmamış və üstəlik də cavabdeh tərəfindən müvafiq kart hesabları üzərindən aparılan əməliyyatlara görə tutulmalı komissiyaları tənzimləyən qaydalarla tamamilə təkzib olunmuşdur. İddiaçının maddi zərərin ödənilməsi tələbi ilə birlikdə irəli sürdüyü mənəvi zərər tələbi isə ümumiyyətlə əsaslandırılmamış, iddiaçının bu və ya digər əsasla bağlı mənəvi zərərə məruz qalması halı müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçı bank xidmətində yararlanmaq məqsədilə müstəqil şəkildə bankı və həyata keçirçək istədiyi əməliyyatı seçmiş, bankın xidməti isə özlüyündə müəyyən xidmət haqqı tutulmasına əsas verən haldır. Beləliklə də, cavabdeh tərəfindən iddiaçıya münasibətdə sonuncunun bankın xidmətlərindən istifadə edən müştəri olaraq hüquqları pozulmamış, cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və mənəvi ziyan vurulmamışdır. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd olunmalıdır ki, tələb xx.xx.2020-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş iki bank əməliyyatı ilə əlaqədar komissiya xərclərin tutulmasının əsassız olmasından və bununla əlaqədar ona dəymiş ziyanın ödənilməsindən ibarətdir. İddiaçı bu zaman pulun ona vaxtında ödənilməməsi və bunun əsasında ona ziyan dəyməsini də göstərmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 961.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsində nəzərdə tutulduğu halda, müştəri hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəyir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Həmin Qanunun 32.1.2-ci və 32.1.6-1-ci maddələrinə əsasən Banklar, Mərkəzi Bankdan aldığı bank lisenziyasında qadağan edilməmişdirsə, kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, reqres hüququ ilə və ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə, öz hesabına və ya müştərilərin hesabına valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi kimi fəaliyyət növləri ilə məşğul ola bilərlər. Həmin Qanunun 36.2-ci maddəsinə əsasən müştərilər bank fəaliyyətinin bütün növlərinin həyata keçirilməsi üçün bankları müstəqil seçirlər və bu məqsədlə bir və ya bir neçə bankın xidmətlərindən istifadə edə bilərlər. Hesabların açılması, aparılması və bağlanması qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və həmin Məcəlləyə müvafiq olaraq Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlara, habelə bu Qanuna və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir. Xüsusi seçki hesablarının açılması, əməliyyatların aparılması və dayandırılması qaydası Mərkəzi Bank ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 36.4-cü maddəsinə əsasən banklar göstərdiyi bank xidmətləri və onların şərtləri barədə məlumatların müqavilə bağlanmazdan əvvəl müştərilər üçün əlçatanlığını və həmin məlumatların başadüşülən formada əldə edilməsini təmin etməlidir. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarmı və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarım müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsinə görə banklar tərəfindən komisyon haqqı və digər ödənişlər tutulmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditin verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericilinin tələblərindən göründüyü kimi, banklar müştərilərə göstərdiyi bank xidmətlərini, eləcə də bu xidmətlərin şərtləri barədə lazımi qaydada – müştərilərin rahat şəkildə başa düşüb, anlayacağı formada onlara çatımlılığı təmin etməlidirlər. Həmçinin, bank tərəfindən xidmət haqlarının müəyyən olunmasında mülahizə sərbəstliyi imkanı tanınmışdır. Hazırkı halda isə, cavabdeh bank tərəfindən göstərmiş olduğu xidmət haqqını özündə əks etdirən daxili qaydalar müəyyən olunmuş, həmin qaydalara uyğun olaraq bank tərəfindən göstərmiş olduğu xidmət müqabilində müvafiq komissiya hesablayaraq iddiaçının hesabından tutulmuşdur. Bundan başqa birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, iddiaçının iki bank əməliyyatı ilə əlaqədar komissiya xərcinin tutulmasının əsassız olmasına dair digər dəlilləri həmin əməliyyatların aparıldığı kartların sanki belə komissiyalar tutulmasını istisna edən kart hesabları olmasından ibarət olmuşdur. Lakin, bu dəlillər heç bir mötəbər sübutlara əsaslanmamış və üstəlik də cavabdeh tərəfindən müvafiq kart hesabları üzərindən aparılan əməliyyatlara görə tutulmalı komissiyaları tənzimləyən qaydalarla tamamilə təkzib olunmuşdur (bu hal cavabdeh bank tərəfindən iddiaçıya ünvanlanmış cavab məktublarında da öz əksini tapmışdır). Beləliklə, məhkəmə araşdırması zamanı qeyd olunan tarixlərdə (xx.xx.2020-ci il və xx.xx.2022-ci il) həyata keçirilmiş iki bank əməliyyatı zamanı iddiaçıdan hər hansı əsassız tutumanın aparılması müəyyən olunmamışdır. Qeyd edildiyi kimi işdə olan sənədlərdən (hesabdan çıxarış və s.) də görünür ki, iddiaçıya məxsus hesabdan çıxılmış pullar ona göstərilmiş bank xidmətləri əvəzi olaraq tutulmuşdur. Hansı ki, həmin tutumaların əsası (Azərbaycan Beynəlxalq Bankı» ASC-də fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə tarif cədvəli, Azərbaycan Beynəlxalq Bankı» ASC-də ödəniş kartları üzrə tarif cədvəli) cavabdeh bank tərəfindən özünün internet informasiya sistemində hər kəs üçün açıq və əlçatan formada yerləşdirilmişdir. Bundan başqa, apellyasiya şikayətinin digər dəlilləri (bank əməliyyatlarının aparılmasını gecikdirməsi, gözləmək məcburiyyətində qalması və s.) əsassız olmaqla, həmin dəlilləri təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı ümumiyyətlə ona 39287 manat maddi ziyanın vurulmasını, bunda cavabdehin (onun əməkdaşlarının) təqsirli hərəkətləri və səbəbli əlaqənin mövcudluğu istiqamətində tələbini əsaslandıra və sübut edə bilməmiş, formal mülahizələrdən çıxış etmişdir. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçı cavabdehin qeyd olunan hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulduğunu qeyd etsə də, cavabdehin hər hansı qanunsuz hərəkətlərinin mövcudluğu sübut olunmadığından, birinci instansiya məhkəməsi iddianı qeyd edilən hissədə də təmin etməməkdə haqlı olmuşdur. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının bildirdikləri (izahatı) isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ji maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə mürajiət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinji instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunmaması barədə birinci instansiya məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 2479/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2479/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar