Məhkəmə qərarları › İş №2(103)-4312/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4312/2023

16.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4312/2023 16.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeha qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə İş №2(103)-4312/2023 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X14 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(005)-37/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı qızı X13 19 aprel 2021-ci il tarixdə ağır yol nəqliyyat hadisəsindən sonra “Qarının küt travması. Döş qəfəsinin küt travması. Dalağın cırılması” diaqnozu ilə 3 saylı şəhər Xəstəxanasına daxil olmuş, birbaşa əməliyyat blokuna verilmişdir. Eyni tarixdə intubasion narkoz altında “Laporotomiya. Splenektomiya. Qarın boşluğunun təftişi, sanasiya və drenajı. Sağ plevra boşluğunun Bilau üsulu isə drenajı” cərrahiyyə əməliyyatı icra edilmişdir. X13 20 aprel 2021-ci il tarixdə qohumları tərəfindən Cavabdeha aparılmışdır. Xəstəxanaya “Qapalı kəllə-beyin tavması” diaqnozu ilə daxil olub. Xəstəyə müvafiq müayinələr və müalicələr aparılmışdır. Həmçinin 28 aprel 2021-ci il tarixdə “Traxeostomiya”əməliyyatı icra edilib. 05 iyun 2021-ci il tarixdə evə ambulator müalicəyə yazılıb. 14 iyun 2021-ci il tarixdə “EGE Hospital”da X16 “Fibroqastroduodenoskopiya” müayinəsində olmuşdur. Ona “Ezofaqotraxeal fistul. Ezofagit Grade A. Qələvi reflu qastrit” diaqnozları qoyulub. 16 iyun 2021-ci il tarixdə “Posttraxeostik traxeya-ezofageal fistul. Traxeya stenozu Grade İİ. Qapalı kəllə-beyin travmasından, çanaq sümüklərinin sınığından sonrakı vəziyyət” ilə daxil olmuşdur. 18 iyun 2021-ci il tarixdə xəstəyə planlı şəkildə “traxeoezofrageal fistulun təmiri. Traxeyanın sirkulyar rezeksiyası. Uc-uca anastomoz” cərrahiyyə əməliyyatı icra olunmuşdur. 29 iyun 2021-ci il tarixdə stabil vəziyyətdə evə yazılmışdır. 2.X2 atası, İddiaçı Cavabdehın həkimləri tərəfindən 28 aprel 2021-ci il tarixdə həyata keçirilən əməliyyatın düzgün icra edilmədiyini iddia edərək, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeha qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı vurulmuş maddi ziyanın əvəzi olaraq 2000 manat, övladı Cəfərzadə Fidanın sağlamlığa zərər vurulması nəticəsində bağlı mənəvi zərərin əvəzi olaraq 50000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulması, cərahiyyə əməliyyatını düzgün icra etməmiş cavabdehin cərrahına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdehda xx.xx.2021-ci il tarixdə aparılmış planlı traxeostomiya əməliyyatı zamanı qızı Cəfərzadə Fidanın qida borusu zədələnmişdir. Qida borusunda olan zədənin aradan qaldırılması üçün “Bakı Sağlamlıq Mərkəzi”ndə qida borusunun bərpası əməliyyatı aparılmışdır. xx.xx.2021-ci il tarixdə aparılan əməliyyat üçün 12000 manat pul xərclənmişdir. Yəni cavabdehin səhvi nəticəsində iddiaçıya 12000 manat maddi ziyan dəymişdir. Cavabdehda xx.xx.2021-ci il tarixdə aparılan bronxoskopiya+biopsiya və ezofaqoqastroduodenoskopiyanın nəticələri gizlədilmişdir. Cavabdeh tərəfindən qida borusunun zədələnməsi gizlədildiyindən xx.xx.2021-ci il tarixdə “EGE Hospital”da qida borusunun endoskopiyası edilib və qida borusunun zədələndiyi təsdiqlənib. Qida borusunun zədələnməsi nəticəsində övladı Cəfərzadə Fidan Cavabdehda əlavə olaraq 20 gün qalıb və nəticədə İddiaçı xeyli məbləğdə maddi ziyan dəyib. Cavabdeh tərəfindən iddiaçının etdiyi müraciətlərə rəsmi cavab verilməyib. 5.Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı vurulmuş maddi ziyanın əvəzi olaraq 2000 manat, övladı Cəfərzadə Fidanın sağlamlığa zərər vurulması nəticəsində bağlı mənəvi zərərin əvəzi olaraq 50000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulması, cərahiyyə əməliyyatını düzgün icra etməmiş cavabdehin cərrahına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması, X1 dəymiş ziyanın əvəzinin müəyyən olunaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, izahatında qeyd etmişdir ki, 19 aprel 2021-ci il tarixdə aeroport yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində qızı və nəvəsi həyatını itirib. Hadisə zamanı ağır xəsarət alan digər qızı X13 isə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduunu nəzərə alaraq, xüsusi təcili tibbi yardım maşını vasitəsilə qızını Cavabdehda yerləşdiriblər. Xəstəxanada olduğu müddətdə 21000 (iyirmi bir min) manat civarında pul ödəmişdir. Dərman vasitələrinin alınmasına isə 12000 (on iki min) manat məbləğində pul ödəyib.Vidanlı həkimlərin səyi nəticəsində övladı kritik vəziyyəti adlaya bilib. Övladı ağır kəlləbeyin travması aldığından nəfəs almanı rahatlaşdırmaq məqsədi ilə planlı traxeostomiya əməliyyatının aparılması qərara alındı. 28 aprel 2021-ci il tarixdə əməliyyat aparıldıqdan sonra nəfəs vermə təmin edildi. Yalnız 19 may 2021-ci il tarixdə əməliyyat zamanı səhvən qida borusunu zədələdiklərini etiraf etdilər. Həmin tarixdə bronxoskopiya+biopsiya və ezofaqoqatroduodenoskop edildi. Qızının həyatı təhlükəsini nəzərə alaraq 05 iyun 2021-ci il trixdə həmin hospitaldan çıxarmaq qərarına gəlib və nəhayət 18 iyun 2021-ci il tarixdə Bakı sağlamlıq ərkəzində qızına əməliyyat etdirib və 12 min manat pul ödəyib. Bundan başqa həkimlərin səhvi nəticəsində qızı xeyli müddət Cavabdeh reanimasiyasında qalmalı olub və buna görə də xeyli maddi ziyan çəkib. Daha sonra dəfələrlə xəstəxanın müdiriyyəti ilə əlaqə saxlamağa çalışaraq ona dəymiş ziyanın ödənilməsini, qızının ikinci dəfə onların hesabına əməliyyat edilməsini xahiş etsə də, cavabdeh onunla razılaşmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. 7.Məhkəmə iclasında şahid qismində çağırılmış X17 ifadəsində bildirmişdir ki, “Bakı Sağlamlıq Mərkəzi”ndə çalışır. X8 2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almasından sonra tanımışdır. X13 uzun müddət Cavabdeh klinikasında müalicə almış, sonradan isə onda stenoz və traxeo-ezafaegal fistula simptompları aşkar olunmuşdur və xəstəyə əməliyyata ehtiyac olduğu izah edilmişdir. Bundan sonra xəstə “Bakı Sağlamlıq Mərkəzi”nə köçürülmüş və orda X17 tərəfindən xx.xx.2021-ci il tarixdə əməliyyat aparılmışdır. Xəstə 4 ay onun nəzarətində olmuş, bu müddət ərzində hər hansı problemi olmamışdır. X7 aşkar edilmiş fistula onun üzərində aparılmış müalicə tədbirləri nəticəsində adətən yaranan ağırlaşmalardan olmuşdur ki, bu hala praktikada tez-tez rast gəlinir. Yəni fistula X6 əvvəlki müalicələrinin düzgün aparılmaması nəticəsində yaranmamışdır. 8.Məhkəmə iclasında şahid qismində çağırılmış X10 ifadəsində bildirmişdir ki, cavabdeh “Baku Hospital” Klinikasının baş həkimidir. X6 avtomobil qəzası nəticəsində qidalanmasında problem yaranması nəticəsində xəstəyə qida maye halında “nazoqastral” boru vasitəsi ilə verilmişdir. Xəstənin həyati təhlükəsini aradan qaldırmaq üçün onun üzərində “traxeostomiya” əməliyyatı icra edilmişdir. Əməliyyat uğurla aparılmış, bundan sonra edilmiş müayinə ilə xəstənin qida borusu ilə nəfəs borusu arasında fistula yarandığı aşkar edilmidşir. Traxeostomik boru uzun müddət həmin nahiyədə qaldığına görə yataq yarasına səbəb olmuş və buna görə də fistula yaranmışdır. Xəstənin üzərində aparılmış əməliyyat zamanı heç bir həkim səhlənkarlığına yol verilməmiş, əməliyyatdan sonra xəstəyə bütün tibbi xidmətlər göstərilmişdir. 9.Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 09 fevral 2023-cü il tarixli, 2(005)-37/2023 saylı qətnaməsi ilə (hakim-Mehriban Əfəndizadə) iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. İş materiallarında olan: 10.Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli epikrizdə qeyd olunur ki, xəstə X13 Cavabdeh klinikasına yaxınlarının istəyi ilə xx.xx.2021-ci il tarixdə 3 saylı Sabunçu xəstəxanasından ambulans vasitəsi ilə reanimasiya və intensiv terapiya şöbəsinə təxliyyə edilmişdir. Daxil olarkən vəziyyəti ağır, huşu komatoz, hemodinomik göstəricilər A/T 60/40 mm est, PS-130, SPO- 90 60% O 2 ilə.Xəstə dərhal süni tənəffüs aparatına qoşulmuşdur. Dərhal KT və Laborator analizlər istənilmişdir. Xəstə daxil olarkən hər iki tərəfli döş qəfəsinin drenajı və postsplenoektomiya vəziyyətində olmuşdur. Dərhal müalicə taktikası seçilmişdir. Reanimatoloq, Nevropatoloq, neyrocərrah tərəfindən konsilium olunmuşdur. Protokola əsasən 1 həftə sonra xəstəyə “traxeostomiya” əməliyyatı icra olundu. Aparılan müalicə kursundan sonra müsbət dinamika qeyd edildi. Xəstə süni tənəffüs aparatından ayrıldı və huşu aydın şəkildə stasionar müalicəyə qərar verildi. Buna baxmayaraq xəstəyə “traxeoezofagial fistul” diaqnozu qoyuldu, torakal cərrahın nəzarəti altında əməliyyata qərar veruildi. Müalicə üçün xəstənin yaxınlarının istəyi ilə xx.xx.2021-ci il tarixdə evə ambulator müalicəyə yazıldı. 11.Cavabdeh tərəfindən verilmiş xidmət çek siyahısından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixi üçün yekun məbləğ olaraq 759.56 manat, xx.xx.2021-ci il tarixi üçün yekun məbləğ olaraq 280.68 manat, xx.xx.2021-ci il tarixi üçün yükun məbləğ olaraq 197.93 manat, xx.xx.2021-ci il tarixi üçün yekun məbləğ olaraq 414 manat xidmət haqqı qeyd olunmuşdur. 12.“EGE Hospital” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli endoskopik diaqnozda qeyd olunur ki, ezofaqus proksimal hissədə ön kəsici dişlərdən 16-cı sm-də, üst sfikterdə 1 sm distalda təqribi ölşüsü 1 sm olan ezafago-traxeal fistül izlənmişdir. Z xətti 38 sm, diafraqmal kiskac 39 sm-də izləndi. Ezofaqos distalında 0.5 sm-dən kiçik erroziv sahələr görüldü. Son olaraq “ Ezofaqotraxeal fistül, Ezofagit Grade A, qələvi rüflu qastrit” diaqnozu verilmiş və müalicə yazılmışdır. 13.“Bakı Sağlamlıq Mərkəzi” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli epikrizdə qeyd olunur ki, son klinik diaqnoz olaraq “posttraxeosytik traxeya-ezofageal füstul, Traxeya Stenozu grade İİ. Qapalı kəllə-beyin travmasından, çanaq sümüklərinin sınığından sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Xəstə 50 gün öncə avtoqəza keçirib, Bədənin müştərək travması ilə xəstəxanaya çatdırılmış, reanimasiya şöbəsində müalicə almışdır. İntubasiya olunmuş, İVL-ə qoşulub, traxestoma qoyulmuşdur. Traxestoma çıxarıldıqdan sonra davamlı bəlğəmli öskürək stridor tənəffüs, təngnəfəslik, boğulma şikayətləri olduğundan yaxınlları tərəfindən torakal cərraha gətirilmişdir. Xəstə ilk öncə bronxoskopiya müayinəolunmuş, bronx yuyuntusu sitoloji təhlil üçün laboratoriyaya göndərilmişdir. Daha sonra əməliyyat qərarı verilmişdir. 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X24 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 865/KEŞ nömrəli ekspert rəyində qeyd olunur ki, 1994cü il təvəllüdlü X6 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsasən X13 xx.xx.2021-ci il tarixdə çox ağır vəziyyətdə Cavabdeh klinikasının reanimasiya şöbəsinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona tərəfli “pnevmotoraks, ağciyər əzilməsi, hemotoraks” diaqnozu düzgün təyin edilmişdir. Xəstəyə müvafiq təyinat verilmiş və vəziyyətinin ağırlığı ilə əlaqədar intensiv müalicə tədbirlərinə başlanılmışdır. xx.xx.2021-ci il tarixdə tibbi göstərişəsasında “Traxeostomiya” cərrahiyyə əməliyyatı icra olunmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. X6 üzərində xx.xx.2021-ci il tarixdə icra edilmiş “Traxeostomiya” cərrahiyyə əməliyyatından sonra onda nəfəs borusu ilə qida borusu arasında fistula əmələ gəlmişdir. Bu patologiya xəstənin almış olduğu travmanın və vəziyyətinin ağırlığı fonunda uzun müddət komatoz vəziyyətdə qalması nəticəsində yaranmışdır. Xəstənin vəziyyəti stabilləşdikdən sonra qeyd olunan fistula “Bakı Sağlamlıq Mərkəzi”ndə təkrar rekonstruktiv cərrahiyyə əməliyyatı yolu ilə aradan qaldırılmışdır. X9 Cavabdeh klinikasında göstərilmiş tibbi xidmət təyin edilmiş diaqnozla və səhiyyə sistemində mövcud təlimat tələbərinə uyğun olmuşdur. 15.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X28 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 247/KEŞ nömrəli ekspert rəyində qeyd olunur ki, 1994cü il təvəllüdlü X6 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsasən X13 xx.xx.2021-ci il tarixdə çox ağır vəziyyətdə Cavabdeh klinikasının reanimasiya şöbəsinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona tərəfli “pnevmotoraks, aöciyər əzilməsi, hemotoraks” diaqnozu düzgün təyin edilmişdir. Xəstəyə müvafiq təyinat verilmiş və vəziyyətinin ağırlığı ilə əlaqədar intensiv müalicə tədbirlərinə başlanılmışdır. xx.xx.2021-ci il tarixdə tibbi göstəriş əsasında “Traxeostomiya” cərrahiyyə əməliyyatı icra olunmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. X6 üzərində xx.xx.2021-ci il tarixdə icra edilmiş “Traxeostomiya” cərrahiyyə əməliyyatından sonra onda nəfəs borusu ilə qida borusu arasında fistula əmələ gəlmişdir. Bu patologiya xəstənin almış olduğu travmanın və vəziyyətinin ağırlığı fonunda uzun müddət komatoz vəziyyətdə qalması nəticəsində yaranmışdır. Xəstənin vəziyyəti stabilləşdikdən sonra qeyd olunan fistula “Bakı Sağlamlıq Mərkəzi”ndə təkrar rekonstruktiv cərrahiyyə əməliyyatı yolu ilə aradan qaldırılmışdır. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən 3 saylı xəstəxanın rəyində X6 qəza zamanı qida borusunun zədələnmədiyi qeyd olunub. Cavabdehda xx.xx.2021-ci il tarixdə aparılmış planlı traxeostomiya əməliyyatı icra olunmuşdur. İcra edilmiş cərrahiyyə əməliyyatı ilə qida borusunun zədələndiyini təsdiq edən xx.xx.2021-ci il tarixli bronxoskopiya+biopsiya və ezofaqoqastro duodenoskopiya rəyi arasındakı müddət uzun müddət sayıla bilər. Bu müddət orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq komatoz vəziyyətdə intubasion anesteziya fonunda mülaicə alan xəstələrdə fistulun yaranması üçün kifayət qədərdir. Uzun müddət deyilərkən tibbi baxımdan geniş anlayış olub xəstənin vəziyyətinin ağırlığından, icra edilmiş tibbi manipuliyasiyanın lokalizasiyasından, aseptikasanın təmin olunmasının mümkünlüyündən asılı olaraq dəyişir. İntubasyon anesteziya zamanı xəstənin fərdi xüsusiyyətlərindən asılı olaraq 7-10 gün və daha artıqzamanı uzun müddət kimi saymaq olar. Xəstə Cavabdehda müalicə aldığı müddətdə aparılmış müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq əmr və təlimatlara uyğun olmuşdur. Cavabdehda müalicə zamanı xəstənin qida borusunun zədələnməsi istisna olunur. xx.xx.2021-ci il tarixli planlı traxeostomiya əməliyyatı ilə “Bakı Sağlamlıq Mərkəzi”ndə aparılan əməliyyat arasındakı əlaqə icra edilmiş tibbi manipuliyasiya zamanı yol verilmiş hər hansı texniki səhv deyil, xəstənin vəziyyətinin ağırlığı nəzərə alınaraq müalicəsinin uzun müddət davam etməsi olmuşdur. Bu isə planlı traxeostomiya əməliyyatı ilə ilə “Bakı Sağlamlıq Mərkəzi”ndə aparılan əməliyyat arasında birbaşa səbəbli əlaqənin olmasının istisna edir. Traxeya və udlaq arasındakı fəsadların formalaşmış fistulun bərpası əməliyyatı aparılmasaydı, xəstədə ilk hansı fəsadın yaranacağı haqqında tam dəqiq fikir söyləmək mümkün olmasa da, bu tip fistullarda hər iki boşluqlu orqanların möhtəviyyatlarının qarşılıqlı yerdəyişməsi hesabına bir çox patologiyalar yarana bilir. Bunlardan xəstənin qəbul etdiyi qida və maye nəfəs borusuna düşərək xəstənin selikli qışasının qıcıqlanması hesabına çox miqdarda bəlğəm ifrazı, öskürək kimi bir çox əlamətlərə səbəb ola bilir. Nəfəs borusu ilə qida borusu arasında yaranmış fistula xəstənin tənəffüs yollarında havanın ptaoloji axını hesabına boğulmasına səbəb ola bilməz. 16.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X24 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 571/KEŞ nömrəli komisyon ekspert rəyində qeyd olunur ki, X6 üzərində xx.xx.2021-ci il tarixdə tibbi göstəriş əsasıda “Traxeostomiya” cərrahiyyə əməliyyatı icra olunmuşdur. Əməliyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İcra edilmiş “Traxeostomiya” cərrahiyyə əməliyatından sonra xəstədə nəfəs borusu ilə qida borusu arasında fistula əmələ gəlmişdir. Bu potologia xəstənin almış olduğu travmanın və vəziyyətinin ağırlığı fonunda uzun müddət komatoz vəziyətdə qalması nəticəsində yaranmışdır. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən 3 saylı xəstəxanın rəyində X6 qəza zamanı qida borusunun zədələnmədiyi qeyd olunub. Cavabdehda xx.xx.2021-ci il tarixdə aparılmış planlı “Traxeostomiya” cərrahiyyə əməliyyatı icra olunmuşdur. İcra edilmiş cərrahiyyə əməliyyatı ilə qida borusunun zədələndiyini təsdiq edən xx.xx.2021-ci il tarixli bronxoskopiya+biopsiya və Ezofaqoqastroduodenoskopiya rəyi arasındakı müddət uzun müddət sayıla bilər. Uzun müddət deyilərkən tibbi baxımdan geniş anlayış olub xəstənin vəziyyətinin ağırlığından, icra edilmiş tibbi manipuliyasıyanın lokalizasiyasından, aseptikasanın təmin olunmasının mümkünlüyündən asılı olaraq dəyişir. İntubasyon anesteziya zamanı xəstənin fərdi xüsusiyyətlərindən asılı olaraq 7-10 gün və daha artıq zamanı uzun müddət kimi saymaq olar. xx.xx.2021-ci il tarixli planlı traxeostomiya əməliyyatı ilə “Bakı Sağlamlıq Mərkəzi”ndə aparılan əməliyyat arasındakı əlaqə icra edilmiş tibbi manipuliyasiya zamanı yol verilmiş hər hansı texniki səhv deyil, xəstənin vəziyyətinin ağırlığı nəzərə alınaraq müalicəsinin uzun müddət davam etməsi olmuşdur. Bu isə planlı traxeostomiya əməliyyatı ilə ilə “Bakı Sağlamlıq Mərkəzi”ndə aparılan əməliyyat arasında birbaşa səbəbli əlaqənin olmasının istisna edir. Traxeya və udlaq arasındakı fəsadların formalaşmış fistulun bərpası əməliyyatı aparılmasaydı, xəstədə ilk hansı fəsadın yaranacağı haqqında tam dəqiq fikir söyləmək mümkün olmasa da, bu tip fistullarda hər iki boşluqlu orqanların möhtəviyyatlarının qarşılıqlı yerdəyişməsi hesabına bir çox patologiyalar yarana bilir. Bunlardan xəstənin qəbul etdiyi qida və maye bəfəs borusuna düşərək xəstənin selikli qışasının qıcıqlanmasl hesabına çox miqdarda bəlğəm ifrazı, öskürək kimi bir çox əlamətlərə səbəb ola bilir. Nəfəs borusu ilə qida borusu arasında yaranmış fistula xəstənin tənəffüs yollarında havanın ptaoloji axını hesabına boğulmasına səbəb ola bilməz. Fistula 2 və ya daha artıq borulu orqanın bir-biri ilə və ya dəri vasitəsi ilə xarici mühitlə əlaqələndirən patoloji yoldur. Fistulun ölçüləri istenilən ölçülərdə ola bilər. 10 gün ərzində əməliyyat kəsiyi nayihəsi tam formamalaşmamış əməliyyat çapığışəklində görünə bilər. xx.xx.2021-ci il tarixdə zond, növbəti gün şar (traxeostomiya) çıxarıldıqdan sonra ağızla qidalanma zamanı qida nəfəs borusuna maye tökülmüşdür. Buna səbəb qida borusu ilə nəfəs borusu arasında fistula əmələ gəlməsidir. Bu qida borusu və ya nəfəs borusunda aprılmış istənilən cərahiyyə əməliyaatlarının tipik, ən çox rast gəlinən ağırlaşmalarıdır. Nəfəs borusunun ikinci tərəfində, yəni əks tərəfində fistulun yaranması həmin tərəfin qan təchizatının pozulması və yataq yarası ilə əlaqədar baş verə bilər. Buna kliniki praktikda rast gəlinir. 17.Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, aparılmış araşdırma zamanı X6 əməliyatı zamanı və əməliyyatdan sonra Cavabdeh klinikasının həkimləri tərəfindən səhlənkarlığa yol verilməsi, həkim səvi müəyyən olunmadığından İddiaçı X6 Cavabdeh klinikasında həkim cərrah X21 tərəfindən düzgün müayinə müalicə olunmamasına dair ərizəsi əsasında toplanmış 390-C-21 saylı cinayət işi başlanması rədd edilmişdir. 18.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(005)-95/2022 saylı qərarından müəyyən olunur ki, İddiaçı Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmişdir. 19.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(005)-95/2022 saylı qərarından verdiyi apellyasiya şikayəti təmin edilməmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(005)-95/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 20.Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, İddiaçı qızı X13 19 aprel 2021-ci il tarixdə ağır yol nəqliyyat hadisəsindən sonra “Qarının küt travması. Döş qəfəsinin küt travması. Dalağın cırılması” diaqnozu ilə 3 saylı şəhər Xəstəxanasına daxil olmuş, birbaşa əməliyyat blokuna verilmişdir. Eyni tarixdə intubasion narkoz altında “Laporotomiya. Splenektomiya. Qarın boşluğunun təftişi, sanasiya və drenajı. Sağ plevra boşluğunun Bilau üsulu isə drenajı” cərrahiyyə əməliyyatı icra edilmişdir. X13 20 aprel 2021-ci il tarixdə qohumları tərəfindən Cavabdeha aparılmışdır. Xəstəxanaya “Qapalı kəllə-beyin tavması” diaqnozu ilə daxil olub. Xəstəyə müvafiq müayinələr və müalicələr aparılmışdır. Həmçinin 28 aprel 2021-ci il tarixdə “Traxeostomiya”əməliyyatı icra edilib. 05 iyun 2021-ci il tarixdə evə mbulator müalicəyə yazılıb. 14 iyun 2021-ci il tarixdə “EGE Hospital”da X16 “Fibroqastroduodenoskopiya” müayinəsində olmuşdur. Ona “Ezofaqotraxeal fistul. Ezofagit Grade A. Qələvi reflu qastrit” diaqnozları qoyulub. 16 iyun 2021-ci il tarixdə “Posttraxeostik traxeya-ezofageal fistul. Traxeya stenozu Grade İİ. Qapalı kəlləbeyin travmasından, çanaq sümüklərinin sınığından sonrakı vəziyyət” ilə daxil olmuşdur. 18 iyun 2021-ci il tarixdə xəstəyə planlı şəkildə “traxeoezofrageal fistulun təmiri. Traxeyanın sirkulyar rezeksiyası. Uc-uca anastomoz” cərrahiyyə əməliyyatı icra olunmuçdur. 29 iyun 2021-ci il tarixdə stabil vəziyyətdə evə yazılmışdır. X2 atası, İddiaçı Cavabdehın həkimləri tərəfindən 28 aprel 2021-ci il tarixdə həyata keçirilən əməliyyatın düzgün icra edilmədiyini iddia edərək, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş edir. 21.Məhkəmə, tərəfindən iddiaçıdan Cavabdehın əsl cavabdeh “Ortoped MMC” ilə əvəz edilməsi barədə təklif edilsə də, iddiaçı cavabdehin əvəz edilməsinə etiraz etmişdir. 22.Məhkəmə ilk öncə iddianın əsaslılığını müzakirə edərək, həmin tibb mərkəzində fəaliyyət göstərən həkimlərin hərəkət və ya hərəkətsizliyinin qanunsuz olub-olmaması ilə əlaqədar iş materiallarında olan sübutların araşdırılmasının zəruri olduğunu qeyd edərək, əlavə etmişdir ki, mülki işin materiallarından görünür ki, iş üzrə həm ibtidai istintaq orqanının qərarı ilə, həm də hazırki mülki mühakimə icraatı çərçivəsində ümumilikdə 5 dəfə məhkəmə-tibbi ekspertizası təyin edilərək həyata keçirilmişdir. Ekspertiza rəylərində X6 nəfəs borusu və qida borusu arasında yaranmış olan fistulanın almış olduğu travma və vəziyyətinin ağırlığı fonunda uzun müddət komatoz vəziyyətdə qalması nəticəsində yaranması qeyd edilmişdir. Ekspert rəylərində həmçinin “traxeostomiya” əməliyyatı ilə “Bakı Sağlamlıq Mərkəzin”də aparılan əməliyyat arasında birbaşa səbəbli əlaqənin olması istisna edilmişdir. 23.“Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Nərimanov Rayon Prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas Aytəkin Əhmədovanın qərarı ilə X6 “X31” klinikasında həkimcərrah X23 tərəfindən düzgün müayinə və müalicə olunmaması barədə İddiaçı ərizəsi üzrə cinayət işi başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində göstərilmişdir ki, 28 aprel 2021ci il tarixdə icra edilmiş “Traxeostomiya” cərrahiyyə əməliyyatı xəstənin vəziyyətinin ağırlığı fonunda həyati funksiyalarının təmin olunması üçün yerinə yetirilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Əməliyyat zamanı və əməliyyatdan sonra Cavabdeh klinikasının həkimləri tərəfindən səhlənkarlığa yol vermələri, həkim səhvi müəyyən olunmadığından, toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin balanması rədd edilməlidir. 24.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 6(005)-95/2022 saylı Qərarı ilə iddiaçının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 aprel 2022-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(005)-95/2022 saylı qərarından vrdiyi apellyasiya şikayəti təmin edilməmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(005)- 95/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 25.Məhkəmə qeyd etmişdir ki, mülki iş materiallarında olan ekspert rəyləri, o cümlədən 11 noyabr 2022-ci il tarixli komisyon ekspertizanın rəyi ilə X1 dəymiş zərər ilə cavabdeh klinikanın həkimləri tərəfindən həyata keçirilmiş əməliyyat arasında hər hansı bir əlaqənin olması istisna edilmişdir. Əməliyyatı icra etmiş həkim barədə cinayət işinin başlanması da rədd edilmiş və bu qərar birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. 26.Məhkəmə istinad etdiyi hüquq normalarının tələblərinə uyğun olaraq qeyd etmişdir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, iddiaçıya maddi və mənəvi zərərin vurulması, bu zərərin cavabdeh tərəfindən vurulması, həmin zərərlə cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olması öz təsdiqini tapmamışdır. Əksinə işdə olan sübutlarla cavabdeh təşkilatın həkimləri tərəfindən X9 təyin olunmuş diaqnozun düzgün qoyulduğu, müayinə və müalicənin isə düzgün aparıldığı müəyyən edilmişdir. Belə olan halda isə onun üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz. 27.Məhkəmə ekspertizanın qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, digər sübutlar, o cümlədən şahid ifadələri təsdiq edildiyini nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirmişdir. 28.Beləliklə, iddiaçının tələbinin qanuni əsaslarının dispozitiv şərtlərinin mövcudluğu, yəni əməliyyatı həyata keçirən cavabdeh təşkilatın həkimlərinin tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi, diaqnozun və təyin edilmiş müalicənin düzgün aparılmaması və bunun nəticəsində maddi zərərə məruz qaldığı öz təsdiqini tapmamışdır. Məhkəmə eyni zamanda hesab etmişdir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərin ödənilməsi, eləcə də tibb mərkəzinin həkimləri barəsində xüsusi qərardad çıxarılması, X1 dəyən zərərin ödənilməsi hissələrində də təmin oluna bilməz. 29.Məhkəmə qeyd etdiyi maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, İddiaçı hazırkı iddiası əsassızdır. 30.Məhkəmə eyni zamanda hesab etmişdir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərin ödənilməsi, eləcə də tibb mərkəzinin həkimləri barəsində xüsusi qərardad çıxarılması, X1 dəyən zərərin ödənilməsi hissələrində də təmin oluna bilməz. 31.Məhkəmə qeyd etmişdir ki, işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Lakin mülki işin araşdırılması zamanı xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilməmişdir. 32.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcələsinin 21, 1096, 1097.1, 1099, 1112-ci: “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunnun 59-cu: “Özəl tibbi fəaliyyət” haqqında Qanunun 9, 16-cı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarına: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4, 14.2, 217.3, 217.4, 119.1, 216-220, 227, 233 və 360-cımaddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 33.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 34.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, xx.xx.2023 tarixli qətnamə bir qanunsuzluqlar ilə doludur. Məhkəmə qərara alıb ki, iddiaçı tərəfindən maddi sübütlar məhkəməyə təqdim edilə bilməmişdir. Sütublar kimi aşağıdakıları qeyd etmişdir: Nəfəs borusunun zədələnməsinə səbəb olmuş xx.xx.2021 tarixində aparılan traxeostomiya əməliyyatızamanı valideynlərin icazəsi alınmamışdır. (Cərrahi Xəstəliklər. N.Bayramov. Dərslik. 2ci nəşr. Tamkitab.) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi elmi Tibbi Şurasının 6 dekabr 2018 ci il tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019 cu il tarixli F-66 saylı qərarı ilə “070101 Müalicə işi” ixtisası üzrə dərslik təsdiq edilmişdir. Traxostomiya əməliyyatı nə zaman aparılmır: a. Xəstə təfəfindən rədd edilməsi b. Əməliyyat sahəsində dəridə infeksiya c. Boyunda əvvəllər aparılmış lokal cərahiyyə. O zaman aparılır ki, a. Ağır dərəcəli çənə üst travmaları b. Yuxarı tənəffüs yollarında yad cisimlərin olması. Səs tellərinin iki tərəfli iflici d. Yuxarı tənəffüs və həzm sisteminin böyük ölçülü şişləri e. Yuxarı tənəffüs yollarında anadangəlmə qüsurlar f. Oral və mazai intibasiyanı mümkünsüz edən udlaq və traxeyanın boğaz, udlaq vətraxeya ödəmi 2. Azərbaycan Tibb Universitetinin X5 trokal cərrahı Arif Ağayev bu əməliyyatı uzun müddət - 14 günvə daha artıq müddətə süni tənəffüs aparatında qalan xəstələrdə icra olunduğunu bildirib. 3. Traxeo-ezofaqial fistula diaqnozu City Hospital tərəfindən qoyulub. Heç bir ekspertizada City Hospitalın təyin etdiyi diaqnozun adı çəkimir. Hansı diaqnoza əsaslanaraq ekspertlər diaqnoz yazıb? 4. X15 X25 xeyrinə dəyişiklik etdiyi epikiriz, təqdim edilib. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 35.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c)Məhkəmə icraatı iştirakçılarının izahatları 36.Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdilər, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. 37.Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi, eyni zamanda klinikanın baş həkimi X11 apellyasiya şikayətini qəbul etmədi, izahatında əlavə olaraq qeyd etdi ki, xəstənin çox ağır yol nəqliyyatı hadisəsindən sonra klinikanı özləri seçiblər. Tanışlıq vasitəsi ilə xəstənin qəbuluna nail olublar. Xəstəxənaya qəbul zamanı həyat əlamətləri demək olar aşağı səviyyədə olub. Xəstənin komaya getməsi 2 səbəbdən olur: 1-cisi süni koma yaradılır, 2-cisi isə xəstənin özünün ağırlığından baş verən koma, yəni qəza olub, başı dəyib, yaxud orqan çatışmazlığı, ödem, nəfəs ala bilmir intubasiya olunur, bu süni deyil ümumi komaya salınır, yəni komada olduğu müddətdə beyin özünü idarə edə bilmədiyi üçün intubasion trupka vasitəsilə idarə olunur. İntubasion trupka orada deyildiyi kimi 14 gün yox, bütün dünya ədəbiyyatlarında qəbul edilmiş qaydada, əgər trupka traxeyada 7 gün müddətində qalırsa və o müddətdən sonra xəstədə irəliləyiş olub trupkanı çıxarmaq ehtimalı yoxdursa, o trupkanı orada saxlamaq deyil, təcili traxetamiya olunmalıdı. Yəni buradan (əli ilə göstərir) traxeya kəsilir, ora xüsusi trupka qoyulur, nəfəs yuxarı tənəfüs yollarından dayandırılır, nəfəs alma aşağıdan təmin edilir. Çünki trupka ola-ola 7 gündən sonra qoyulan trupkanı gələcəkdə hətta sağalsa belə, çıxarıldıqdan sonra, xəstə yenə də boğulmağa başlayır. Çünki, 7 gündən artıq qalanda səs telləri altı nahiyədə traxeyada prolij, yəni trupka orada o qədər qalır ki, sürdükcə orada qrandilasion toxuma əmələ gəlir və bu toxuma, 7 gündən sonra çıxarılandan sonra ona nəfəs almasını, boğulmasını təmin eləyir və xəstə yenidən əməliyyata getməli olur. Həmən toxumanın götürülməsi bəzi hallarda deyildiyi kimi protez qoyulur ki, traxeya daralmasın. Bu hansı hallarda əmələ gələ bilər: 1-cisi əməliyyat zamanı əməliyyat aparan həkimin səriştəsizliyindən. Hazırkı halda bu ola bilməz. Çünki o soruşdu özlərindən: trupka ola-ola traxetamiya əməliyyatı aparılır, kəsiyi aparılanda sənin (cərrah üçün) üçün oriyentirdir, həmin trupkanı tutursan, ancaq traxeyanı kəsirsən. Trupkanın arxasında isə qida borusu yerləşir. Sən gərək, traxeyanı kəsəndən sonra traxeyanın bu divarını (əli ilə göstərir), sonra ortasından keçib arxa divarını kəsəsən sonra qida borusunu deşəsən, bu halda sviş fistul əmələ gələ bilir. Trupka olmasa səriştəsizlikdən bəzən skalperin ucu bir damcı dəyib, qida borusunu zədələyə bilər. Amma hazırkı halda bunların arasında trupka olduğu üçün o trupka imkan verməz ki, qida borusu zədələnsin. 2-ci halda trupka orda qaldıca (trupka böyük olur) xəstə həmişə udqunur eləyir, komadan ayılmağa doğru getdikcə oradan nəfəs alır, trupka hərəkət elədickə arxa divarı-qida borusudur bu yavaş-yavar sürtünür və orada fistul əmələ gələ bilər. Bir də trupkanı tarxeyanı keçəndən sonra ora daxil edəndə traxeyadan əlavə qida borusunu zədələmək olar. Bu hallarda qanaxma ola bilər. Bəzi hallarda biləndə ki, su verirlir dərhal rengen və ya KT eləyərkən görünür ki, qəbul olunan qida və ya maye və s. orta divar arlığına axıb, yəni siviş əmələ gəlib və artıq qida borusundan mədəyə deyil, ağcıyər boşluğuna, divar aralığından yayılır. Belə olanda dərhal xəstəyə qida verilməsi dayandırılır və burundan qida borusuna trupka keçirilir. Artıq qida burun vasitəsilə qəbul edilir. Qida borusunun deşik nahiyəsinin içində trupka olur, qida bu trupkanın içi ilə gedir. Bu deşik zaman-zaman bir müddət saxlandıqda onun həcminin böyük və ya kiçik olmasından asılı olaraq özü-özünə bağlana bilir. Əgər, trupkanı çıxarıb yenidən qidalanma zamanı ağciyər boşluğuna, tənəfüs yollarına yenə qida daxil olursa, onda məcbur olaraq xəstəyə protez əməliyyatı icra olunur. Bunu ancaq döş cərrahları eləyir. Qida borusuna zond qoyaraq qida borusu tikilir, onun arxasında traxeyada o qədər manipulyasiyalar olub ki, artıq daralıb xəstə nəfəs ala bilmir, ona görə də oraya qığırdaq-süni protez qoyulur. Onu da əlavə etmək istəyir ki, bütün bu proseslərdə xəstənin həyatı üçün təhlükə yoxdur, burada iki şey var; 1. Xəstə maddi ziyana düşür, 2. Xəstə əziyyət çəkir. Bunlardan ölüm olmur. Biz həkimik, biz çalışırıq ki, xəstəyə kömək edək, həkimin bilərəkdən cinayəti ola bilməz, həkimin səhlənkarlığı ola bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 38.Maddə 6.2.Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 39.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 40.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 41.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 42.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 43.Maddə 1097.2.Mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir. 44.Maddə 1112.Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Özəl tibbi fəaliyyət” haqqında Qanun: 45.Maddə 9. Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərinverdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar. 46.Maddə 16. Tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıqvəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 47.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 48.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 49.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 50.Maddə 218.3.Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 51.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 53.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 54.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(005)-37/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 55.İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı qızı X13 19 aprel 2021-ci il tarixdə ağır yol nəqliyyat hadisəsindən sonra “Qarının küt travması. Döş qəfəsinin küt travması. Dalağın cırılması” diaqnozu ilə 3 saylı şəhər Xəstəxanasına daxil olmuş, birbaşa əməliyyat blokuna verilmişdir. Eyni tarixdə intubasion narkoz altında “Laporotomiya. Splenektomiya. Qarın boşluğunun təftişi, sanasiya və drenajı. Sağ plevra boşluğunun Bilau üsulu isə drenajı” cərrahiyyə əməliyyatı icra edilmişdir. X13 20 aprel 2021-ci il tarixdə qohumları tərəfindən Cavabdeha aparılmışdır. Xəstəxanaya “Qapalı kəllə-beyin tavması” diaqnozu ilə daxil olub. Xəstəyə müvafiq müayinələr və müalicələr aparılmışdır. Həmçinin 28 aprel 2021-ci il tarixdə “Traxeostomiya” əməliyyatı icra edilib. 05 iyun 2021-ci il tarixdə evə ambulator müalicəyə yazılıb. 14 iyun 2021-ci il tarixdə “EGE Hospital”da X16 “Fibroqastroduodenoskopiya” müayinəsində olmuşdur. Ona “Ezofaqotraxeal fistul. Ezofagit Grade A. Qələvi reflu qastrit” diaqnozları qoyulub. 16 iyun 2021-ci il tarixdə “Posttraxeostik traxeya-ezofageal fistul. Traxeya stenozu Grade İİ. Qapalı kəlləbeyin travmasından, çanaq sümüklərinin sınığından sonrakı vəziyyət” ilə daxil olmuşdur. 18 iyun 2021-ci il tarixdə xəstəyə planlı şəkildə “traxeoezofrageal fistulun təmiri. Traxeyanın sirkulyar rezeksiyası. Uc-uca anastomoz” cərrahiyyə əməliyyatı icra olunmuçdur. 29 iyun 2021-ci il tarixdə stabil vəziyyətdə evə yazılmışdır. 56.Mülki işin materiallarından görünür ki, iş üzrə həm ibtidai istintaq orqanının qərarı ilə, həm də hazırki mülki mühakimə icraatı çərçivəsində ümumilikdə 5 dəfə məhkəmə-tibbi ekspertizası təyin edilərək rəylər alınmışdır. Ekspertiza rəylərində X6 üzərində xx.xx.2021-ci il tarixdə tibbi göstəriş əsasıda “Traxeostomiya” cərrahiyyə əməliyyatı icra olunduğu, əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirildiyi, X6 nəfəs borusu və qida borusu arasında yaranmış olan fistulanın almış olduğu travma və vəziyyətinin ağırlığı fonunda uzun müddət komatoz vəziyyətdə qalması nəticəsində yaranması qeyd edilmişdir. Ekspert rəylərində həmçinin “traxeostomiya” əməliyyatı ilə “Bakı Sağlamlıq Mərkəzin”də aparılan əməliyyat arasında birbaşa səbəbli əlaqənin olması istisna edilmişdir.

57. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizalarının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, ekspertiza qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmış, həmin rəylər işdə olan digər sübutlar, o cümlədən şahid ifadələri ilə təsdiq olunduğundan, mötəbər sübut növü kimi qiymətləndirilməlidir. 58.Mülki Qanunvericiliyin yuxarıdakı bəndlərdə qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır. 59.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 60.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 61.Beləliklə, mülki iş materiallarında olan ekspert rəyləri, o cümlədən 11 noyabr 2022-ci il tarixli komisyon ekspertizanın rəyi ilə X1 dəymiş zərər ilə cavabdeh klinikanın həkimləri tərəfindən həyata keçirilmiş əməliyyat arasında hər hansı səbəbli əlaqənin olması istisna edilmişdir. Əməliyyatı icra etmiş həkim barədə cinayət işinin başlanması da rədd edilmiş və bu qərar birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. 62.Göründüyü kimi, iddiaçının tələbinin qanuni əsaslarının dispozitiv şərtlərinin mövcudluğu, yəni əməliyyatı həyata keçirən cavabdeh təşkilatın həkimlərinin tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi, diaqnozun və təyin edilmiş müalicənin düzgün aparılmaması və bunun nəticəsində maddi zərərə məruz qaldığı, zərərlə aparılmış əməliyyat arasında səbəbli əlaqənin olması öz təsdiqini tapmamışdır. 63.Kollegiya həmçinin hesab edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərin ödənilməsi, eləcə də tibb mərkəzinin həkimləri barəsində xüsusi qərardad çıxarılması, X1 dəyən zərərin ödənilməsi hissələrində də düzgün olaraq təmin edilməmişdir. 64.Kollegiya apellyatorun xx.xx.2021 tarixində aparılan traxeostomiya əməliyyatı zamanı valideynlərin icazəsinin alınmaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, işdə olan tibbi sənədlər və ekspert rəyinə əsasən əməliyyat tibbi göstərişə əsasən həyata keçirilmişdir. 65.Kollegiya apellyatorun ekspert rəyində tibbi ədəbiyyata istinad edilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, hazırki mülki iş üzrə komisyon ekspertiza da daxil olmaqla, üç dəfə ekspertiza keçirilmiş, qeyd olunan sahə üzrə ixtisaslı ekspertlər tərəfindən tibbi sənədlərə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə rəylər verilmişdir. 66.Qeyd olunan xüsusatları ümumiləşdirərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(005)-37/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 67.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 68.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 69.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 70.Kollegiya hesab edir ki, məhkəmə xərcləri Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilmişdir. 71.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 72.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(005)-37/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar