Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4313/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-6144/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019cu il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ona məxsus “LG” markalı televizoru və ya ödənilmiş 833 manat pul məbləğinin alınıb ona qaytarılması, mənəvi zərərə görə 5000 manat, ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildə Cavabdeh MMC-dən 833 manat nağd şəkildə ödəniş etməklə “LG” markalı televizor almışdır. Televizoru aldıqdan sonra qısa müddət ərzində zəmanət kartında göstərilən defektlər olduğu üçün təhvil-təslim aktına əsasən həmin televizoru Cavabdeh MMC-yə akt əsasında qaytarmışdır. Lakin müəyyən vaxt keçdikdən sonra onlar ondan akt əsasında qəbul etdikləri televizorun və ya onun dəyərinin qaytarılmasından imtina etmişlər. O, bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nə şikayət etməli olmuşdur. Aparılan araşdırmadan sonra xx xxxx 2019-cu il tarixdə məktubla ona bildirilmişdir ki, müraciəti mülki xarakterli olduğu üçün aidiyyəti məhkəmə orqanlarına müraciət etməlidir. Cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir, o, mənəvi sarsıntı və istirablar keçirmişdir. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-6144/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus “LG” markalı televizorun Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi, dövlət rüsumuna görə ödənilmiş 30 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı “LG” markalı televizorun qaytarılmasını xahiş etsə də, xx.xx.2019-cu il tarixli protokolda Grundig-TV-32-VLE 5401 BG markalı televizorun servisə verilməsi əksini tapıb. İddiaçı cavabdehə “LG” markalı televizor təhvil verdiyi halda baxış protokulunda da, eyni markalı televizorun verilməsi müəyyən edilərdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlmədiklərindən, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin polis sahə rəisi X3, Cavabdeh texniki servisin operatoru X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Cavabdeh texniki servisin qəbul şöbəsində quraşdırılmış kompyuterə baxış keçirilmişdir, baxış zamanı kompyuterin arxivində vətəndaş X2 649088 saylı qaimə əsasında Grundig-TV-32-VLE 5401 BG markalı televizoru təmir olunması üçün xx.xx.2015-ci il tarixdə servisə təhvil verilməsi barədə sənəd (müştəri: 319327) aşkar olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır və bu səbəblə də həmin tələbi təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Belə ki, iddiaçı ona “LG” markalı televeziru zəmanət kartında göstərilən defektlər olduğu üçün təhvil-təslim aktına əsasən həmin televizoru Cavabdeh MMC-yə akt əsasında qaytardığını irəli sürsə də, iş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin polis sahə rəisi X3, Cavabdeh texniki servisin operatoru X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, X2 649088 saylı qaimə əsasında Grundig-TV-32-VLE 5401 BG markalı televizoru təmir olunması üçün xx.xx.2015-ci il tarixdə servisə təhvil verilməsi barədə sənəd (müştəri: 319327) aşkar olunmuşdur. Kollegiya qeyd edir ki, məhz iddiaçının cavabdehə “LG” markalı televizoru təhvil verməsi barədə heç bir mötəbər sübut yoxdur. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının məhkəməyə bildirdiyi faktiki halların onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir və əgər iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya, iddia tələbinin digər hissələri üzrə əlavə əsaslandırma aparılmasını zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-6144/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4313/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4313/2020
10.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver