Məhkəmə qərarları › İş №2(103)-4313/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4313/2024

29.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4313/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı (Sabunçu Rayon İcra Hakimiyyəti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(008)-1130/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində yerləşən 22 nömrəli yaşayış evinin 4 nömrəli mənzili xx.xx.1997-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Mənzilin texniki pasportuna əsasən ümumi sahəsi 47,30 kv.m-dir.

2. Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüfatı Birliyinin 147 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq olunmuş plan sxem ölçülərinə əsasən sözügedən mənzilin ümumi sahəsi 52,50 kv.m-dir.

3. Həmin Birliyin digər məktubuna əsasən cavabdehin mənzilinin artırılmış hissələri (əlavə tikililər) qanunsuzdur. Həmin tikilələrə dair heç bir hüquqi sənəd mövcud deyil.

4. Azərbaycan Respublikasının FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X3 Layihə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş “Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə” 15187 nömrəli xx.xx.2021-ci il tarixli Rəyə əsasən mübahisəli ünvanda yerləşən yaşayış binasının istismarı müddətində yükdaşıyan inşaat konstruksiyalarının yenilənməsi, əsaslı təmir işlərinin aparılması müşahidə olunmadı. Binanın istismar keyfiyyəti aşağı səviyyədədir. Yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binanın dayanıqlığına mənfi təsir göstərmişdir. Tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Qeyd olunan ərazidə qeyri-yaşayış tikililərinin (ticarət, qaraj və s.) tikintisi primitiv şəkildə aparılmışdır. Tikililər əsaslandırılmamış şəkildə inşa edilmişdir. Divar və örtük elementləri müxtəlfcinsli materiallardan yerinə yetirilmiş, elementlərin, nəticədə bütöv tikilinin dayanıqlığı təmin edilməmişdir. İstər yaşayış binasına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törədir. Yaşayış binası və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdədir.

5. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 161 nömrəli sərəncamına əsasən Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 10858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən həll edilməsi şərti ilə çoxmənzilli yaşayış kompeksinin tikintisi üçün icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 2-ə dair mülkiyyət hüquqularına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A1 saylı binada Cavabdeh mülkiyyətinə 47.30 kv.m və onun 20% hissəsi olan 9.46 kv.m əlavə edilməklə 56.76 kv.m olan 2 saylı mənzillə təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 400 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci ildə dövlət qeydiyyatına alınmışdır. Nizamnaməsinə əsasən cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən, xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL- 744/2022 saylı xx.xx.2022-ci il tarixli Lisenziyaya əsasən “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini” aparmaq icazəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müddətsiz verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 161 saylı Sərəncama əsasən Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülkiyyət münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sonradan bu Sərəncam əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsinin yerquruluşu planı tərtib edilmiş və təsdiq edilmişdir. Həmçinin, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşiq Alı va Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə xx.xx.2021-ci il tarixli rəyinə əsasən vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, bioloji zədələnmələr müşahidə olunması təsdiq edilmişdir. Ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yaranmış, pilləkən va balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcudluğu halı, dəmirbeton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Dam örtüklərinin yararsız vəziyyətdə olması göstərilmişdir. Şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yaranmışdır. Atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunmuşdur. Bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin odadavamlılığı yetərli deyildir. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilməzdir. Xüsusən əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmamışdır. Binaların istismar keyfiyyəti aşağı səviyyədədir, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərmişdir. Tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. İstər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törədir. Yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdədir. Yuxarıda göstərilən sərəncama əsasən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan binanın sökülməsi işləmləri başladığından, artıq mülkiyyətçilərlə razılaşdırılıb müqavilə imzalamaqla onların oradan köçürülməsi prosesinə start verilmişdir. Lakin hazırkı iddianın mahiyyəti olan məsələ, həmin sakinlərdən biri olan və iş üzrə Cavabdeh şirkətin irəli sürdüyü təkliflə razı olmadığı üçün məhkəmə müstəvisində qaldırılmışdır. Belə ki, iş üzrə cavabdeh ünvan 2 ünvanının mülkiyyətçisidir. Onun mülkiyyətində olan əmlak Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsinə əsasən xx.xx.1997-ci il tarixdə qeydiyyata alınmışdır. Mənzilin texniki pasportuna əsasən mənzilin ümumi sahəsi 47.30 kv.m təşkil edir. Ümumi formalaşmış praktika nəzərə alınaraq, cavabdehin mülkiyyətində olan əmlakın kv.m-nə uyğun olaraq onun 20% əlavəsi verilməklə təklif olunmuş, cavabdeh ofisin fəaliyyət göstərdiyi yerə rəsmi olaraq 13 sentyabr 2023-cü il tarixdə MS/XS/0094 saylı məktubla dəvət edilmiş və o, məktubu rəsmi olaraq qəbul etmişdir. Lakin hazırda cavabdeh həmin mülkiyyətdən çıxmaq istəmir. Tərəflər arasında razılaşma olmadığından, hesab edirlər ki, bu məsələ məhkəmə müstəvisində həll olunmalı və qanunvericiliyin tələbləri hansı istiqamətdə tövsif edilirsə, o qaydada məhkəmə qərarı çıxarılmalıdır. İddiaçı sakinləri onlara məxsus olduğu əmlaka uyğun olaraq əmlakla yeni tikiləcək binada təmin etməli və bina tikilənədək onlara müvafiq kirayə haqları ödəməlidir və iddiaçı da bütün digər sakinlərlə artıq razılıq əldə edib, müqavilə imzalayıb və onların hər birinin mənzillərinə müvafiq olaraq aylıq kirayə haqqı ödəməyə başlayıb. İddiaçı tərəfindən sərəncamda müəyyən olunmuş öhdəliklər tam şəkildə icra edilsə də, cavabdehin sərəncamına uyğun müqavilə bağlamaqdan imtina etməsi hazırda bir sıra çətinliklər yaradır. Söküləcək bina qəzalı vəziyyətdədir və oradan köçürüləcək bütün sakinlər vaxtında köçürülməlidir ki, vaxtında da binanın inşasına başlanılsın və müəyyən edilmiş vaxt ərzində şirkət sakinləri yeni tikiləcək bina ilə təmin etsin. Lakin cavabdehin bu cür qanunsuz hərəkətləri və əsassız varlanmaq istəyi, digər sakinlərin hüquqularına xələl gətirir, sərəncamın icrasını gecikdirir və binanın sakinlərinin yaşayışla təmin olunmaq aqibətini sual altına qoyur. İddiaçı üçün də qəbuledilməzdir ki, bir vətəndaşın inadkarlığı, barışmaz mövqeyi və sayğısız, pozucu yanaşması Azərbaycan Respublikası rəhbərliyinə və yerli icra hakimiyyəti strukturlarına qarşı olan təxribatçı, qanunazidd əməlləri ümumi ictimai mənafeyinə xələl gətirir. Odur ki, iddiaçı hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və məhkəmədən istəyi odur ki, cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi, onun və onunla birgə yaşayan şəxslərin həmin mənzildən çıxarılması və onun əvəzində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A1 saylı binada Cavabdeh mülkiyyətinə 47.30 kv.m və onun 20% hissəsi olan 9.46 kv.m əlavə edilməklə 56.76 kv.m olan 2 saylı mənzillə təmin olunması və həmçinin, iddiaçı tərəfindən ona aylıq olaraq 400 (dörd yüz) manat miqdarda kirayə haqqının ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilsin.

8. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 22 mənzil 4-ə dair mülkiyyət hüquqlarına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A2 saylı binada Cavabdeh mülkiyyətinə 52.5 kv.m və 20% əlavə edilməklə 63 kv.m olan 2 saylı mənzillə təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 400 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. Cavabdeh iddiaya qarşı etiraz verərək qeyd etmişdir ki, iddia tələbində iddiaçı binaların istismar keyfiyyətinin aşağı səviyyədə, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi, binaların dayanıqlığına mənfi təsir göstərdiyini, tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermədiyini, istər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törətdiyini, yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdə olmasını bildirmişdir. Mülkiyyət hüquqları üzrə mülkiyyətçi öz mülkiyyətindən istifadə və sahibliyi istənilən formada həyata keçirə bilər və bu günə kimi hər hansı şəxsə istifadədə ziyanın və ya iddiada qeyd edilən təhlükənin baş verdiyi hal ortada yoxdur. Əgər ev təmirsizdirsə mülkiyyətçi onu təmir edə və ya yaranmış problemi istənilən formada aradan qaldıra bilər. Bundan başqa, elektron məhkəmə informasiya sisteminə əlavə edilən “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” məlumatdan da göründüyü kimi iddiaçı "xxxx" MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. İddiaçının lahiyəsində nəzərdə tutulan ərazidə tikinti, maddi-texniki işlərə, kompensasiya və s. hallara görə təxminən milyonlarla manat dəyərində xərc tələb edildiyi halda, onun nizamnamə kapitalının cəmi 10 manat olması onun iddiasının gələcək icrası mexanizmini sual altında qoyur. Məhkəmə iddia tələbini təmin edərsə, məhkəmənin çıxardığı qətnamə əsasında söküntü işləri və s. hallar baş verərsə nizamnamə kapitalında demək olar pul olmayan iddiaçı müflis halında, hər hansı digər hallarda cavabdehə dəymiş ziyanı aradan qaldıra bilməyəcəkdir. İddiaçının iddia tələbindən də göründüyü kimi o, söküləcək mənzilin yerində inşa olunacaq mənzillə 20 faiz əlavə ilə əvəz etmək istəyir. Hesab edir ki, bu hal gələcəkdə nəzərdə baş verməsi ehtimalı olan haldır. Həmçinin, cavabdeh mübahisənin hazırkı tələbini riskli hesab edir və düşünür ki, hazırda faktiki mövcud olan 88.50 kv.m sahədə yaşamaq ona daha uyğun və əlverişlidir. İddiaçı cavabdehi nağd şəkildə razılaşdırmaq yolu ilə də mübahisəyə son verə bilərdi, yəni qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilməlidir.

10. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Sabunçu Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.

11. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1130/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Ş.Qədirova) iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 22, mənzil 4-ə dair mülkiyyət hüquqlarına xitam verilməsi, Cavabdeh və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılmaları, ünvan 2-ün əvəzi olaraq Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A2 saylı binada Cavabdeh 52.5 kv.m və 20% əlavə edilməklə 63 kv.m olan 2 saylı mənzillə təmin olunması və Cavabdeh mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 400 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin 52.5 kv.m təşkil edən 4 saylı mənzilinin sökülərək əvəzində onu Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A2 saylı binada sahəsi 63 kv.m olan 2 saylı mənzillə təmin etməklə və yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdehə hər ay 400 manat kirayə haqqı ödəməklə, onun mülkiyyət hüququndan məhrum etmir.

13. Belə ki, cavabdehə məxsus mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdədir və binanın hazırkı vəziyyətdə istismarının davam etdirilməsi orada yaşayan sakinlərin həyatı, sağlamlığı və ətraf mühit üçün təhlükəlidir. Artıq iddiaçı tərəfindən mübahisəli mənzilin yerləşdiyi binada yaşayan sakinlərin köçürülməsinə başlanılmışdır. Lakin cavabdehlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin (sakinlərin) hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

14. Digər tərəfdən, cavabdehə məxsus mənzilin sökülməsi onun mülkiyyət hüququndan məhrum edilməsi ilə nəticələnməyəcəkdir. Belə ki, cavabdehin Bakı şəhəri Sabunçu rayonu Aşıq Alı küçəsi 22 saylı yaşayış binasındakı mənzilə olan mülkiyyət hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi Bakı şəhəri Sabunçu rayonu Aşıq Alı küçəsi 22 saylı yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehin mülkiyyətində olan evin sahəsi 52.5 kv.m-dir, işin hallarından görünür ki, cavabdeh mülkiyyətində olan mənzilə artırmalar etmişdir, lakin sözügedən artırmalara dair qanunla nəzərdə tutulan qaydada icazə almamış, gələcəkdə bu əlavələrin sənədləşməsinə əsas ola biləcək halları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin mülkiyyətində olan ümumi sahəsi 52.5 kv.m + 20 faiz (yəni 10,50 kv.m) mənzilə münasibətdə iddiaçının əvəzləşdirilməsi üçün təklif edilmiş 63 kv.m mənzil ədalətli hesab edilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2, 17-ci maddələrinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 180.1, 180.2, 180.4, 203.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 28.1, 28.4, 28.7, 85ci maddələrinə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016- cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı Qərarının 4-cü bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddiaya qarşı etiraza uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək belə əsaslandırmışdır ki, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşiq Alı va Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə xx.xx.2021-ci il tarixli rəyinə əsasən, vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, bioloji zədələnmələr müşahidə olunması təsdiq edilmişdir. Bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin odadavamlılığı yetərli deyildir. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilməzdir. Xüsusən əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmamışdır. Hazırda köhnə binaların sökülməsi, yeni binanaın tikilməsində əsas məqsəd gələcəkdə baş verə biləcək təhlükənin, tələfatın qarşını almaqdır. 1961-ci ildə inşa edilmiş bina qəzalı vəziyyətdə olduğundan 1 nəfər sakinin öz evini təmir etdirməsi ilə baş verə biləcək təhlükənin qarşısı ala bilməz. Binanın vəziyyəti ilə bağlı yuxarıda sadalananlar həmin ərazidə yaşayan şəxslərin sağlamlığının, hüquqlarının müdəfiəsi üçün qəzalı vəziyyətdə olan binanın sökülməsi, onun yerində müasir standartlara uyğun, yeni çoxmərtəbəli binanın inşa edilməsinin əsaslı olduğunun göstəricisidir. Azərbaycan Respublikası qanunvericiliyində nizamnamə kapitalının minimum miqdarı ilə bağlı hər hansı tələb nəzərdə tutulmayıb. Bunun əsas səbələrindən biri də ölkədə sahibkarlığın inkişafına dəstək göstərilməsidir. Sahibkarlıq fəaliyyəti həyata keçirmək istəyən şəxslər üçün sərt qaydaların, yüksək miqdarda nizamnamə kapitalının tələb edilməsi sahibkarlığın inkişafına mane ola bilər. Hazırda hüquqi şəxslərin dövlət reyerstrində nizamanmə kapitalının məbləği hər kəs üçün açıq məlumatdır. MMC-lərin nizamanmə kapitalı nəzərdən keçirdikdə məbləğlərin o qədər də yüksək olmadığını görə bilərik. Əlbəttə ki, İddiaçı binanın sökülməsi və yeni binanın tikilməsi üçün sadəcə nizamnamə kapitalındakı vəsaiti xərcləmir. Bu zamana qədər İddiaçı tərəfindən üzərinə qoyulmuş bütün öhdəlikıər lazımi qaydada, vaxtında, tam həyata keçirilmişdir. Bu da onun fəaliyyətində şübhəyə səbəb olacaq heç bir halın olmadığının, İddiaçının işgüzar nüfuzunun yüksək olmasının bariz nümunəsidir. Bundan başqa, cavabdehin mənzillə bağlı əlavə olaraq kompensasiya edilməsini tələb etdiyi sahə özbaşına tikilidir. Belə ki, həmin tikintinin aparılması üçün lazımi icazələr aiddiyyəti üzrə alınmamış, həmçinin həmin tikililər təhlükəsizlik qaydalarına riayət edilmədən qanunsuz olaraq tikilmişdir. Əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmamışdır. Əlavə tikililərin təhlükəsizlik qaydalarına riayət edilmədən tikilməsi orada yaşayan şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 118 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Alı küçəsi ev 22 ünvanında inşa edilmiş tikililər qanunsuzdur. Həmin tikililərə dair heç bir hüquqi sənəd mövcud deyildir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, cavabdehin rəsmi sənədlərinə əsasən sahəsi 47.3 kv.m-dir. Belə olan halda, 20% əlavə olmaqla ona 52 kv.m sahəsi olan mənzil verilməlidir. Həmin binaların 1961-cı ilə aid layihəsinə əsasən 52.5 kv.m olduğu üçün, humanist yanaşaraq məhz həmin sahəni götürərək, əlavə 20% olmaqla cavabdehə 63 kv.m sahəli mənzil təklif edilir. Lakin cavabdeh təkliflə razılaşmır və faktiki yaşadığı sahənin 88.5 kv.m olduğunu bildirərək hamısını tələb edir. Orada 5 bina yerləşir, həmin binaların hazırda 2-si sökülmək üzrədir. Bir-iki sakinlə bağlı məhkəmə mübahisəsi mövcuddur. Təklif olunan mənzil təmirli mənzildir. Həmin şəxslərlə bağlanılan müqavilələrdə qeyd olunur.

21. İddiaçının nümayəndəsi və vəkili həmçinin məhkəməyə ərizə təqdim edərək cavabdehə A2 saylı binada, 2-ci mərtəbədə 63 kv.m. sahəsi olan təmirli 2 otaqlı 5 saylı mənzilin təqdim ediləcəyini bildirdi.

22. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Maddə 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri: 4.2.1. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; 4.2.2. Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması; 4.2.3. mənzil fondunun inkişaf strategiyasının müəyyən edilməsi; 4.2.4. tikinti kompleksinin inkişaf strategiyasının müəyyən edilməsi, təbii tikinti ehtiyatlarından səmərəli istifadənin təmin olunması; 4.2.5. şəhərsalma və tikinti fəaliyyətinin hüquqi və iqtisadi tənzimlənməsi; 4.2.6. şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminin yaradılması (tikintinin texniki reqlamentlərinin təsdiq edilməsi də daxil olmaqla) və təkmilləşdirilməsi; 4.2.7. ətraf mühitin mühafizəsinin və ekoloji təhlükəsizliyin təmin edilməsindən ibarətdir. Maddə 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Maddə 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Maddə 17.5. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

25. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

26. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli Qərarı: Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır.

27. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli Qərarı: Qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. O da qeyd edilməlidir ki, şəxsin lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla mülkiyyətində olan tikililərə artırılmaların aparılması da özbaşına tikili hesab edilir».

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətinə əsasən qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası idiaçının nümayəndəsi və vəkili dinləyib, apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə təhvil verilməli olan mənzillə bağlı hissədə dəyişdirilməli, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində iddiaçı tərəfindən inşası nəzərdə tutulan A2 saylı binada 2-ci mərtəbədə yerləşən 63 kv.metr sahəsi olan 2 otaqlı, təmirli, 5 nömrəli mənzillə təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Kollegiya qeyd edir ki, cavabdehə məxsus mənzilin yerləşdiyi binanın qəzalı vəziyyətdə olması FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X3 Layihə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş “Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə” 15187 nömrəli xx.xx.2021-ci il tarixli Rəyə əsasən öz təsdiqini tapdığından binanın hazırkı vəziyyətdə istismarının davam etdirilməsi orada yaşayan sakinlərin həyatı, sağlamlığı və ətraf mühit üçün təhlükəlidir.

33. O da qeyd edilməlidir ki, cavabdehin 52.5 kv.m təşkil edən 4 saylı mənzilinin sökülərək əvəzində həmin ünvanda inşası nəzərdə tutulan binadan sahəsi 63 kv.m olan (20% artıq) təmirli mənzilin verilməsi və yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdehə hər ay 400 manat kirayə haqqının ödənilməsi nəzərdə tutulduğundan cavabdehin mülkiyyət hüquqları pozulmur.

34. İşdə olan sənədlərlə müəyyən edilir ki, binada yaşayan digər sakinlərə də eyni məbləğdə kirayə haqqı ödənilir.

35. Cavabdeh hazırda faktiki mövcud olan 88.50 kv.m sahədə yaşadığını bildirsə də, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüfatı Birliyinin xx.xx.2024-cü il tarixli 118 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Alı küçəsi ev 22 ünvanında yerləşən 4 saylı mənzilin artırılmış hissəsində inşa edilmiş tikililər qanunsuzdur. Həmin tikililərə dair heç bir hüquqi sənəd mövcud deyil.

36. Kollegiya onu da qeyd edir ki, qanunsuz inşa edilmiş tikililər alqı-satqının predmeti ola bilməz və belə olan halda, rəsmi sənədlərə əsasən 52.5 kv.m sahəsi olan və köhnə, texniki vəziyyəti hazırda qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab verməyən binada yelərşən mənzilin dəyəri həmin ünvanda aidiyyəti dövlət qurumlarının icazəsi ilə inşa ediləcək yeni binada 63 kv.m sahəsi olan təmirli mənzilin qiymətindən yüksək ola bilməz. Həmin mənzil təhvil verildikdən sonra cavabdeh öz arzusu ilə onu özgəninkiləşdirərək dəyərini ala bilər.

37. Avropa İnsan Hüquqları Məhkəməsi Lyudmila Yuryevna Siqunova və X1rşı iş üzrə 12 fevral 2019-cu il tarixində qərarında da oxşar iş üzrə eyni nəticəyə gəlmiş və qeyd etmişdir ki, ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar, bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir və bu baxımdan tədbir mütənasib və uyğundur. Avropa Məhkəməsi həmin qərarında məhz bu mütənasibliyi nəzərə alaraq şikayətin açıq-aşkar əsaslandırılmadığı qənaətinə gəlmiş və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq ərizəçilərin şikayətini rədd etmişdir.

38. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlsə də, məhkəmə tərəfindən cavabdehin təmin ediləcəyi mənzilin hansı mərtəbədə yerləşməsi, onun nömrəsi, təmirli və ya təmirsiz olacağı dəqiq müəyyən edilməmişdir.

39. Apellyasiya araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili ərizə təqdim edərək cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində iddiaçı tərəfindən inşası nəzərdə tutulan A2 saylı binada 2-ci mərtəbədə yerləşən 63 kv.metr sahəsi olan 2 otaqlı, təmirli, 5 nömrəli mənzillə təmin ediləcəyi bildirilmişdir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1130/2024 nömrəli qətnaməsi mənzilə aid hissədə dəyişdirilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində iddiaçı tərəfindən inşası nəzərdə tutulan A2 saylı binada 2-ci mərtəbədə yerləşən 63 kv.metr sahəsi olan 2 otaqlı, təmirli, 5 nömrəli mənzillə təmin edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar