Məhkəmə qərarları › İş №2(103)-4314/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4314/2022

02.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4314/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın boşaldılaraq qaytarılması, dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(007)-3916/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “əmlakın boşaldılaraq qaytarılması, dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən 321 kv.m torpaq sahəsi və onun üzərində yerləşən 3 yaşayış otağı və 1 qaraj tipli tikili cavabdehin qanunsuz sahibliyinə və istifadəsinə xitam verilməsi və əmlakın boşaldılaraq iddiaçıya qaytarılması, cavabdeh tərəfindən qeyd edilən əmlaka 5 ay qanunsuz sahiblik və istifadə nəticəsində dəymiş ziyanın və məhkəməyə müraciət edilməsi üçün göstərilmiş hüquqi xidmətlərin, həmçinin bu müddətdə əmlakına mülkiyyət hüququnun həyata keçirə bilməməsi nəticəsində iddiaçının keçirtdiyi ağır psixoloji vəziyyətin əvəzi olaraq 10000 manat və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 20 sentyabr 2005-ci il tarixli, 224 №-li Qərarı əsasında onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən 321 kv.m torpaq sahəsi və onun üzərində yerləşən 3 yaşayış otağı və 1 qaraj tipli tikili cavabdehlə aralarında olan şifahi razılaşma əsasında 10 il bundan əvvəl ət kəsimi və satışı ilə məşğul olması üçün onun tərəfindən cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. 2021-ci ilin yanvar ayından etibarən o, cavabdehin istifadəsində olan əmlakı boşaltmasını bildirmişdir. Əvvəlcə cavabdeh əmlakı boşaltmaq üçün fevral ayının sonunadək vaxt istəmiş, sonradan bu müddəti mart ayınadək uzatmışdır. Daha sonra isə öz fəaliyyətini həyata keçirmək üçün hazırki əmlak kimi istifadəyə uyğun əmlak tapmadığından qeyri-adekvat davranışlarla əmlakı boşaltmaqdan imtina etmişdir. Qeyd edilən halla bağlı iddiaçı tərəfindən ərizə ilə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edilmiş, Polis Şöbəsi tərəfindən materialın mülki xarakterli olması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bütün bunlara baxmayaraq artıq 5 aydır ki, cavabdeh faktiki olaraq ona məxsus qeyd edilən əmlak üzərində qanunsuz olaraq sahiblik və istifadəni həyata keçirir. Bunun nəticəsində iddiaçı əmlakına mülkiyyət hüququnu həyata keçirməkdən məhrum olduğu üçün əhəmiyyətli ziyana məruz qalmışdır. Belə ki, yuxarıda qeyd edilən texniki göstəricilərə malik əmlakı iddiaçı hazırkı bazar şərtlərində minimum 1000 manat məbləğində icarəyə verə biləcəyi təqdirdə cavabdehin qanunsuz sahibliyi və istifadəsi nəticəsində bu imkandan məhrum olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(007)- 3916/2021 il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia qismən təmin olunaraq, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən 321 kv.m torpaq sahəsi və onun üzərində yerləşən 3 (üç) yaşayış otağı və 1 (bir) qaraj tipli tikilidən çıxarılması və həmin əmlakın boşaldılaraq İddiaçı faktiki sahibliyinə və istifadəsinə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə iclaslarında iştirakının təmin olunmaması, mübahisəli sahənin 10 il əvvəl ona icarəyə götürməsi, oranı təmir etməsi, keçən müddət ərzində iddiaçıya icarə haqqını ödəməsi, əmlakın ət kəsimini və satışını həyata keçirdiyi qaraj sahəsindən, qarajın arxasında yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən ibarət olması, 2010-2011-ci illərdə qarajın arxasında olan torpaq sahəsini və evi təmir etməsi, ora 15000 manat pul xərcləməsi, daşınmaz əmlaklara dair iddiaçının hüquq müəyyənedici sənədlərinin olmaması, həmçinin hazırki iddianı qaldırmağa subyektiv hüquqlarının da olmaması, iddiaçının həmin sahələri boşaltmasını onlan tələb etməsi, səbəbini soruşduqda bunu həimn sahəni yaxın qohumuna verəcəyini bildirməsi, bununla razılaşmaması, xərclərini tələb etməsi, lakin iddiaçının onun çəkdiyi xərcləri ödəməkdən imtina etməsi, iddianın əsassız olması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh təqribən 10 il əvvəl şifahi razılaşma əsasında mübahisəli daşınmaz əmlakı ət kəsimi və satışı məqsədilə icarəyə götürmüş, aylıq icarə haqqı 300 manat müəyyən edilmişdir. Keçən müddət ərzində cavabdeh daima icarə haqqını ödəmiş, öhdəliyini pozmamışdır. Eyni zamanda həmin sahəni təmir etdirmiş və ora təqribən 15000 manat xərc çəkmişdir. 2021-ci ilin fevral-mart ayları olardı iddiaçı cavabdehdən həmin sahəni boşaltmasını tələb etmiş, bu səbəbdən də aralarında narazılıq yaranmışdır. Cavabdeh uzun müddət orada ət kəsimi və satışı ilə məşğul olduğundan müştəriləri də həmin ərazi yaxınlığında yaşayır və onu tanıyırlar. Onun hazırki vəziyyətdə oradan çıxarılması fəaliyyətinə mənfi təsir göstərəcəkdir. Həmin ərazi qaraj sahədən, onun arxasında yerləşən torpaq sahədən və fərdi yaşayış evindən ibarətdir. Torpaq sahəsinə və evə giriş yolu məhz qaraj tərəfdəndir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçıya Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 20 sentyabr 2005-ci il tarixli, 224 №-li qərarı əsasında verilmiş, cavabdeh də şifahi razılıq əsasında oranı icarə götürməsini təsdiq etmişdir. Belə olan halda apellyasiya şikayətinin iddiaçının hazırki iddianı qaldırmağa sübyektiv hüquqlarının olmaması, hüquq müəyyənedici sənədlərinin olmaması barədə dəlilləri əsasızdır. Tərəflər arasında şifahi razılıq əsasında icarə münasibətləri yaransa da, cavabdeh son vaxtlar icarə haqqını ödəməmiş, tərəflər arasında narazılıq yaranmış, eyni zamanda torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə iddiaçının özünün ehtiyacı yarandığından 2021-ci ilin yanvar ayında cavabdehdən həmin sahəni boşaltmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina etmiş, hazırki vaxtadək iddiaçıya məxsus əmlakdan qanunsuz istifadə etməkdə davam etmiş, bununla da iddiaçının əmlak hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 20 sentyabr 2005-ci il tarixli, 224 nömrəli qərarının, torpaqların alqı-satqısına dair aktın və ərazinin planının notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən 321 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir. `İşdə olan məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 146, mənzil 4-də yaşayan X3 25 mart 2021-ci il tarixdə Binəqədi RPİ-in 4-cü PŞ-nə daxil olmuş ərizəsi araşdırılmış və ona müraciətdə göstərdiyi xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan fotoşəkillərdən müəyyən edilir ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən və üzərində olan tikilidən ət dükanı (qəssabxana) kimi istifadə edir. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında olan şifahi razılaşmaya görə təqridən 10 il əvvəl mübahisəli sahənin ət kəsimi və satışı məqsədilə cavabdehin icarəsinə verilməsi, həmin vaxtdan etibarən cavabdehin həmin sahədən istifadə etməsi işin mübahisə olunmayan hallarıdır. Yəni, cavabdeh də bu halları təsdiq etdiyi halda, apellyasiya şikayətində iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüquqlarının olmamasını, əmlaka da hüquq müəyyənedici sənədlərinin olmamasını qeyd etmişdir. Halbuki, işin qeyd edilən halları ilə yanaşı, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 20 sentyabr 2005-ci il tarixli, 224 nömrəli qərarının, torpaqların alqı-satqısına dair aktın və ərazinin planının notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən 321 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir. Qeyd edilməlidir ki, Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Məcəllənin 59-cu maddəsinə görə yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr digər məqsədlərlə yanaşı, həmçinin fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə verilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir (Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndi). Mülki Məcəllənin 152.1-ci maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı). Konstitusiya Məhkəməsinin Plenumu bəzi qərarlarında ifadə etdiyi hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarı və s.). Qeyd edilməlidir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X1rşı” iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). “Qerasimova Rusiyaya qarşı” iş üzrə 16 sentyabr 2004-cü il tarixli yekun qərardadında isə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya orqanlarının formalaşmış presedent hüququna əsasən yerli özünüidarə orqanları şübhəsiz dövlət orqanlarıdır, bu mənada ki, onlar ümumi (publik) hüquq ilə idarə olunur, Konstitusiya və qanunlarla onlara həvalə olunmuş dövlət funksiyalarını həyata keçirir. Avropa Məhkəməsi qeyd etmişdir ki, beynəlxalq hüquqa əsasən «dövlət orqanı» anlayışı yalnız mərkəzi icra hakimiyyəti orqanları ilə məhdudlaşmır. Dövlət hakimiyyətinin bəzi vəzifələrinin yerli orqanlara verildiyi (desentralizasiya) hallarda bu anlayış dövlət funksiyaları həyata keçirən istənilən milli hakimiyyət orqanına şamil olunur. Beləliklə, işin faktiki hallarından, qanunvericiilyin qeyd edilən normalarından Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin president təcrübəsindən açıq-aşkar görünür ki, iddiaçı hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqlara malikdir. Belə olan halda isə cavabdeh hazırki vaxtda iddaçıya məxsus daşınmaz əmlakdan istifadə etməsinin qanuni əsasını sübut etmək yükünü daşıyır. Lakin, cavabdeh bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh etirazının əsası kimi keçən müddət ərzində mübahisəli əmlaka 15000 manat pul xərcləməsini qeyd etsə də, bu hal özü-özlüyündə iddianın əsassız olması ilə nəticələnə bilməz. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin dəlili üzrə hazırki icraat çərçivəsində araşdırma aparıla və ona hüquqi qiymət verilə bilməz. Çünki, iddiaçı bununla bağlı müstəqil tələb (qarşılıqlı iddia) verməmişdir. Lakin, cavabdeh çəkilmiş xərclərlə (yaxşılaşdırma və s.) bağlı tələb hüququnu özündə saxlayır. MPM-in 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Eyni zamanda işin hallarından və tərəflərin izahatlarından görünür ki, iddiaçı cavabdehə vaxt verməklə sahənin boşaldılmasını tələb etmiş, lakin cavabdeh buna əməl etmədiyindən ilkin olaraq polisə, sonra isə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Beləliklə, cavabdeh etirazının (apellyasiya şikayətinin dəlillərinin) əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Cavavdehin izahatı isə özü-özlüyündə mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, cavabdehin hazırki vəziyyətdə iddiaçıya məxsus əmlakdan faktiki istifadə etməsihər hansı qanuni-hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində əmlak hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın boşaldılaraq qaytarılması, dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(007)-3916/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(007)- 3916/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar