Məhkəmə qərarları › İş №2(103)-4315/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4315/2022

02.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4315/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2049/2021 saylı qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi ilə məhkəməyə etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, yekun qətnamə qəbul edilənədək cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci mədən ərazisi 1 saylı sahədə yerləşən 0,05 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2049/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci mədən ərazisi 1 saylı sahədə yerləşən 0,05 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Cavabdeh2 nümayəndəsi və vəkili X1 qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(009)-2049/2021 saylı qərardadı ilə Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci mədən ərazisi 1 saylı sahədə yerləşən 0,05 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulması cavabdehin mülkiyyətçi kimi hüquqlarını pozmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-70/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və müvəqqəti təminat tədbiri barədə ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək... Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında qərardadın müvəqqəti xarakter daşıması onunla izah olunur ki, həmin qərardadın sonrakı hüquqi taleyi mübahisənin mahiyyəti üzrə yekun həllinin nəticəsindən asılıdır. Belə ki, müvəqqəti təminat tədbirlərinin görülməsi zamanı əsas tutulan iddianın əsaslılığı prezumpsiyası mübahisənin mahiyyətcə yekun həllinin nəticəsi ilə aradan qaldırıldıqda, yəni iddia rədd edildikdə, iddianı təmin etmə tədbirləri yalnız qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Müvəqqəti təminat tədbirlərinin görülməsi iddianın əsaslılığı prezumpsiyasına (ehtimalına) əsaslanır və qanunvericilik barəsində iddianı təmin etmə tədbiri görülmüş mübahisəyə dair iddianın gələcəkdə rədd edilməsi imkanını da nəzərdə tutur. Ona görə də müvəqqəti təminat tədbirlərinin görülməsi barədə qərardad aid olduğu işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Beləliklə, müvəqqəti təminat tədbirinin görülməsinin yeganə məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təqdim etmiş olduğu xx.xx.2019cu il tarixli, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestrində 257 nömrəli reyestr kitabının 23943 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, özgəninkiləşdirilməsi qadağan edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1ci mədən ərazisi 1 saylı sahədə yerləşən 0,05 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir və buna dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan əmlakın özgəninkiləşdirilməsinə dair məhkəmə tərəfindən qərardad qəbul edilməsi faktiki olaraq əmlakın mükiyyətçisi kimi Cavabdeh2 həmin əmlaka münasibətdə sərbəst qaydada sərəncam vermək hüququnu məhdudlaşdırmaqdadır. Nəzərə alınması zəruridir ki, iddia tələbinin predmetini 90.000 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq verilməsi təşkil edir, birinci instansiya məhkəməsi tərəfindən sözügedən əmlakın özgəninkiləşdiriləcəyi təqdirdə mövcud vəziyyətin hansı şəkildə dəyişəcəyi və ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını alma zərurəti əsaslandırılmamışdır. Kollegiya hesab edir ki, Cavabdeh2 mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququnun hazırkı iddia tələbi ilə bağlı hər hansı şəkildə məhdudlaşdırılması MPM-nin 157-158-ci maddələrinin tələbləri baxımından düzgün deyildir və onun Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin edilmiş mülkiyyət hüquqlarına əsassız müdaxilədir. Birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizəni təmin edərkən yuxarıda sadalanan halları nəzərə almalı, ərizəni iddianın əsaslılığı prezumpsiyası baxımından, yəni ilkin sübutları araşdıraraq iddianın uğurluluğu məsələsinə qiymət verdikdən sonra, görüləcək təminat tədbirinin mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasına mütənasib olub-olmaması baxımından zəruriliyi məsələsini araşdırmalı olsa da, göstərilənlərlə bağlı düzgün qiymətləndirmə aparmamışdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olubolmadığını araşdırmalıdır. Buna görə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin, Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəlisürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməkləəsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, müvəqqəti təminat tədbirinin görülməsi barədə rayon məhkəməsinin qərardadı əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2049/2021 saylı qərardadı ləğv edilməli, müvəqqəti təminat tədbiri barədə ərizə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2049/2021 saylı qərardadı ləğv edilsin. Müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə rədd edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar