Məhkəmə qərarları › İş №2(103)-432/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-432/2020

10.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-432/2020 10.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı ASC-nin nümayəndələri X4 və X3 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-31/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı ASC - Cavabdeh MMC-yə qarşı (maraqlı şəxs: Maraqlı şəxs cəlb edilməklə) “qiymətləndirmənin nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən xx xxxxxx 2014-cü il tarixli, 14-126 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-31/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İsmayıllı şəhəri H. Əliyev prospektində istifadədə olan 0.0824 ha torpaq sahəsində yerləşən 6 girişli, 704.9 kv/metr ümumi, 419.1 kv/metr əsas, 285.8 kv/metr köməkçi sahədən ibarət 1 mərtəbəli 6 nömrəli qeyri yaşayış binasının ilkin satış qiymətinin müəyyənləşdirilməsinə dair Cavabdeh MMC-nin xx.xx.2014-cü il tarixli, 14-126 nömrəli Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat ləğv olunmuş, həmin qeyri yaşayış binasının ilkin satış qiyməti hazırkı orta bazar qiymətinə uyğun olaraq 391000 (üç yüz doxsan bir min) manat müəyyən olunmuş və (üç yüz doxsan bir min)manat məbləğində ilkin satış qiyməti əsas götürülməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-56/2012 saylı icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Apelyasiya şikayəti və onun dəlilləri: Həmin qətnamədən narazı qalan Maraqlı şəxs apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yenidən əmtəəşünaslıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndələri H.Həsənli və Z.Alıeva apelyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslı olduğunu və dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 14-126 nömrəli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat”dan görünür ki, İsmayıllı rayon İcra Qrupunun 493/2013 saylı, xx.xx.2013-cü il tarixli sifarişinə əsasən Cavabdeh MMC tərəfindən Maraqlı şəxs məxsus İsmayıllı şəhəri, Heydər Əliyev prospektində yerləşən 6 nömrəli qeyri-yaşayış binasının bazar qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilmiş və sözü gedən fərdi yaşayış evinin bazar qiyməti 564.000 (beş yüz altmış dörd min) manat qiymətləndirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddiası qismən təmin edilərək, cavabdeh “xxxx” MMC-dən ümumilikdə 166126 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması və tutmanın Maraqlı şəxs məxsus İsmayıllı şəhəri H. Əliyev prospektində istifadədə olan 0.0824 ha torpaq sahəsində yerləşən 6 girişli, 704.9 kv/metr ümumi, 419.1 kv/metr əsas, 285.8 kv/metr köməkçi sahədən ibarət 1 mərtəbəli 6 nömrəli qeyri yaşayış binasına və X1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində istifadədə olan 0.08775 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 5 mərtəbəli binada yerləşən 46.2 kv/metr yaşayış sahəsindən ibarət 3 otaqlı 65 nömrəli mənzilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qüvvəyə minərək icraya yönəldilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış ümumilikdə 166126 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulmuş və tutma Maraqlı şəxs məxsus İsmayıllı şəhəri H. Əliyev prospektində istifadədə olan 0.0824 ha torpaq sahəsində yerləşən 6 girişli, 704.9 kv/metr ümumi, 419.1 kv/metr əsas, 285.8 kv/metr köməkçi sahədən ibarət 1 mərtəbəli 6 nömrəli qeyri yaşayış binasına və X1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində istifadədə olan 0.08775 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 5 mərtəbəli binada yerləşən 46.2 kv/metr yaşayış sahəsindən ibarət 3 otaqlı 65 nömrəli mənzilə yönəldilmiş, İsmayıllı rayon İcra Qrupunun 493/2013 saylı, xx.xx.2013-cü il tarixli sifarişinə əsasən Cavabdeh MMC tərəfindən qeyd olunan fərdi yaşayış evinin bazar qiyməti 564.000 (beş yüz altmış dörd min) manat olaraq qiymətləndirilməklə qiymətləndirmənin nəticələri haqqında Hesabat tərtib edilmişdir. İddiaçı ASC qeyd olunan qiymətləndirmənin nəticələri haqqında Hesabat ilə razılaşmayaraq həmin Hesabatın ləğv olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. “X5” MMC-dən daxil olmuş xx.xx.2019-cu il tarixli, 034/19 nömrəli rəydə İsmayıllı şəhəri H. Əliyev prospektində yerləşən 6 saylı qeyri yaşayış sahəsinin xx.xx.2014-ci il tarixə 371000 (üç yüz yetmiş bir min) və hazırki dövrə isə orta bazar qiyməti 391.000 (üç yüz doxsan bir min) manat olaraq müəyyən edilmişdir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, № MB 12/988 saylı rəyinə əsasən İsmayıllı şəhəri H. Əliyev prospektində yerləşən 6 saylı qeyri yaşayış sahəsinin xx.xx.2014-ci il tarixə olan bazar dəyəri 560.000, xx xxxxxx 2019-cu il tarixə olan dəyəri isə 427.000 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli qəradadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi qərara alınmışdır. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, № MB 12/988 saylı rəyinə əsasən İsmayıllı şəhəri H. Əliyev prospektində yerləşən 6 saylı qeyri yaşayış sahəsinin xx.xx.2014-ci il tarixə olan bazar dəyəri 560.000, xx xxxxxx 2019-cu il tarixə olan dəyəri isə 427.000 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin qeyri-yaşayış sahəsinin qiyməti 391.000 manat müəyyən edilib, “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli rəyində isə 427.000 manat müəyyən edilib ki, həmin əmlaka münasibətdə rayon məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətin “xxxx” MMC-nin müəyyən etdiyi hazırkı qiymətə münasibətdə faiz nisbətində fərq əhəmiyyətli omadığından və qiymətlər bir-birinə yaxın olduğundan kollegiya hesab edir ki, qətnamə əsaslıdır və dəyişdirilmədən saxlanılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apelyasiya şikayəti əsassız oduğundan təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırda apelyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəfin özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri maraqlı şəxs Maraqlı şəxs tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-31/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilsin. Maraqlı şəxs keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üçün 200 (iki yüz) manat isə bank hesabı “xxxx” MMC, H/h: № AZ34AZEG********************, VÖEN: **********, Benefisiar alan bank: “xxxx” ASC, Kodu: 505817, VÖEN:**********, Müxbir hesab: AZ75NABZ********************, S.W.İ.F.T BİK: AZEGAZ22 hesabına tutularaq ödənilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar