Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-432/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: yeni sayğacın quraşdırılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “yeni sayğacın quraşdırılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2778/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 25.12.2020-ci il tarixli, **********01336 abonent kodu üzrə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış enerjitəchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən tərəflər elektrik enerjisinin alqısatqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tutmaqla elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlamışlar.
2. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda İddiaçı **********01336 və **********00064 saylı abonent kodlarının saldosundan quraşdırılma, ödəniş tarixlərinə və məsafədən oxunan sayğacın olmasına və bir texniki şərt altında olmasına diqqət yetirilməsini və araşdırmanın onun iştirakı ilə aparılmasını xahiş etmişdir.
3. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubunda **********01336 və **********00064 saylı kodlara dair İddiaçı adına hazırlanmış teniki şərtin surətinin arxivdə aşkar edilmədiyi göstərilmişdir.
4. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda Tovuz rayonu, Azaflı kəndində sayğac quraşdırma işləri aparılan zaman fərdi yaşayış evinə **********00420 zavod nömrəli elektrik sayğacının quraşdırıldığı, evin **********6 nömrəli abunə kodu ilə qeydiyyata alındığı, lakin, sayğacın parametrlərinin kompüter informasiya bazasına işlənərkən **********00420 zavod nömrəli elektrik sayğacının nömrəsinin səhvən **********00470 qeyd edildiyi, xx.xx.2021-ci il tarixdə elektrik sayğacına baxışın keçirildiyi və ******* nömrəli protokolun tərtib edildiyi, və protokola əsasən kompüter informasiya bazasında düzəlişin aparıldığı göstərilmişdir.
5. İddiaçı "xxxx" ASC-yə ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizədə göstərilmişdir ki, **********00064 saylı abonent kodunun ünvan qeydiyyatı və elektron qəbzdə Tovuz rayonu, Azaflı kəndi göstərilməsi **********01336 abonentdə isə 3x380/220, lakin reallıqda isə nol faza olması bir texniki şərt altında sayğaclaşdırılması anlamına gəlir. **********00064 saylı abonent X2 mülkiyyətinə verilmiş fərdi yaşayış evində quraşdırılmış və 2021-ci ilin sentyabr ayına qədər anası X3 adına rəsmiləşdirilmişdir. Bu faktların araşdırılmaqla problemin qanuna uyğun həll edilməsi və yerində akt tərtib edilməsi üçün sərəncam verilməsi xahiş edilmişdir.
6. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 3anda yerləşən abunə kodu **********01336 olan ona məxsus olan yaşayış evinin **********00420 zavod nömrəli elektrik sayğacının 3 fazalı deyil, 1 fazalı elektrik sayğacı olması yoxlanılmış və informasiya məlumat bazasında xx.xx.2021-ci il tarixində müvafiq düzəliş aparılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “məruz qaldığı mənəvi zərərə görə cavabdehdən iki min manat məbləğində pul kompensasiyasının ödənilməsi və Tovuz rayonu, Azaflı kəndində yerləşən fərdi yaşayış evinə aid **********01336 nömrəli abonentə qoşulma tarixinə (yəni 2007-ci ilə) qeyd olunan texniki normativlərə cavab verən 3 fazalı sayğacın quraşdırılması və məişət abonenti müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayonu ərazisində yerləşən fərdi yaşayış evinə istehlakçı fiziki şəxslər üçün nəzərdə tutulmuş standartlara cavab verən hesablama elektrik sayğacı quraşdırılmamışdır. O, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona məxsus sayğacın razılığı olmadan dəyişdirilməsi və ikifazalı sayğac quraşdırılmalı olduğu halda üçfazalı sayğacın quraşdırılması ilə bağlı məsul şəxslərin hərəkətlərinin onun istehlakçı hüquqlarını pozduğunu hesab edir. Bununla bağlı olduqca narazıdır və pozulmuş istehlakçı hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmişdir. Belə ki, 2012-ci ildə onun razılığı və məlumatı olmadan onun adına sənədləşdirilmiş sayğac cavabdeh qurumun məsul şəxsləri tərəfindən dəyişdirilmiş, bu barədə məlumat əldə etdikdən sonra dəfələrlə illərdir ki, cavabdeh quruma bu məsələ ilə bağlı müraciətlər etmişdir, lakin nəticəsi olmamışdır. Məlum olmayan səbəblərdən ona məxsus fərdi yaşayış evində quraşdırılmış sayğacın ilk dəfə neçənci ildə quraşdırılması tarixi dəyişdirilmişdir. Sayğacın quraşdırılması tarixi kimi 2017-ci il rəsmiləşdirilmişdir. Halbuki onda sübut olaraq 2007-2020-ci illər ərzində onun adına sənədləşdirilmiş sayğacın göstəriciləri və ödəniş qəbzləri mövcuddur, eyni zamanda fərdi yaşayış evinə ikifazalı sayğac quraşdırılmalı olduğu halda indiyədək üçfazalı sayğacdan istifadə etməli olur və cavabdeh qurumun məsul şəxsləri onu istehlakçı kimi təmin etməli olduqları qanunvericilik ilə müəyyən edilmiş standartlara cavab verən sayğac ilə təmin etmirlər. Bununla bağlı dəfələrlə şəxsən və yazılı formada cavabdeh quruma və onların məsul şəxslərinə müraciət etmiş, faydası olmamışdır. 2007-2009-ci illər arası müddət ərzində tikdirdiyi evində elektrik enerjisindən istifadə etmək üçün elektrik xətləri mövcud idi, 2007-ci ildə ilk dəfə onun müraciəti əsasında evinə sayğac quraşdırılıb, həmin sayğacın göstəriciləri barədə məlumat ala bilməmiş, cavabdeh qurumdan bu barədə məlumat almaq mümkün deyil, cavab vermirlər. xx.xx.2012-ci ildə sayğacı ona məlum olmayan səbəblərdən razılığı və məlumatı olmadan dəyişdirilmişdir. Sonradan əldə etdiyi məlumatlardan öyrənmişdir ki, elektron məlumat bazasında onun fərdi yaşayış evinə quraşdırılmış sayğacın nömrəsi V6803 istehsal tarixi 2012-ci ildir, lakin ona verilən cari elektron qəbzlərdən görünür ki, sayğacın nömrəsi fərqlidir, eyni deyil, V6807 kimi qeyd olunur. Bu məlumatları on il ərzində bilməmişdir. 2020-ci ildə öyrənmişdir ki, sıfır fazalı sayğac quraşdırıldığı halda, üç fazalı sayğac rəsmiləşdirilmişdir. Bununla bağlı rəsmi müraciət etsə də nəticə yoxdur. Hətta 2012-2015ci illər ərzində etdiyi ödənişlərini sistemdən görə bilmir. Halbuki 2012-ci ilədək etdiyi ödənişləri sistemdən görmək mümkündür. Nə məqsədlə ona məxsus məlumatları dəyişdirib yox ediblər bilmir. Nə səbəbdən fərqli nömrəli sayğacdan istifadə etdiyi halda adına sənədləşdirilmiş sayğacın nömrəsi və texniki göstəriciləri fərqlidir bilmir. Bununla bağlı açıqlama ala bilmir. İllər ərzində iki abonent olub, biri atasının evində, biri isə onun tikdirdiyi evdə. **********01336 nömrəli abonent onun adına qeyə alınmış evdə, **********00064 nömrəli abonent atasının adına olan evdə mövcud olub. Atası vəfat etdikdən sonra atasının adına olan abonent anasının adına qeyd olunub. Lakin, o, 2007- 2009-cu ildə Tovuz rayonu, Azaflı kəndinin təsərrüfatbaşına kitablarında qeyd edilmiş 448ci şəxsi hesabda olan 1960-cı ildə tikilmiş evi sökərək yeni ev tikdirdikdən sonra işıq və qaz çəkilməsi üçün müraciət etmişdir. **********01336 nömrəli abonenti də götürüb anasının adına qeydə alıblar. Yəni hər iki abonent 2020-ci ilədək anasının adına olub. Lakin, işıq xətti 2009-cu ildə çəkilmişdir. 2012-ci ildə sayğacı dəyişdirmişlər. Elektron bazada 3 faza reallıqda isə 0 faza ilə ona sayğac quraşdırılıb. Sual olunur 10 il onun sayğacını necə oxuyublar?! Hər iki abonent hal hazırda onun adınadır. 2020-ci ildən sonra onun adına dəyişdirilmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 2778/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “yeni sayğacın quraşdırılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim X12)
10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək iddia tələbinin “Tovuz rayonu, Azaflı kəndində yerləşən fərdi yaşayış evinə aid **********01336 nömrəli abonentə qoşulma tarixinə (yəni 2007-ci ilə) qeyd olunan texniki normativlərə cavab verən 3 fazalı sayğacın quraşdırılması və məişət abonenti müqaviləsinin bağlanması” hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında ünvan 4i ünvanına elektrik enerjisinin alqısatqısına dair müvafiq müqavilələr bağlanmışdır. İddiaçının cavabdeh quruma etdiyi müraciətlərdən görünür ki, həmin müraciətlərdə “texniki normativlərə cavab verən 3 fazalı sayğacın quraşdırılması” ilə bağlı tələblər öz əksini tapmamışdır. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında iddia tələbinin həmin hissəsinə münasibətdə vətəndaşın müvafiq tələbinin təmin edilməməsinin həmin tələblə bağlı müraciətin olmaması ilə əlaqələndirmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “vurulmuş 2000 manat mənəvi zərərin ödənilməsi” hissəsinə qiymət verərək qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərərin vurulması ilə əlaqədar sübut təqdim edə bilmədiyindən həmin hissədə də iddia tələbi əsassız olmaqla təmin edilməməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 4.1-ci, 7.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 89.1-ci, 106.1-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı qərarına, “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini iddia tələbinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qətnaməsində onun bir cox fikirləri düzgün qeyd edilməmişdir. Tovuz rayonu, Azaflı kəndində Azərbaycan SSRİ dövründən yaşayış məntəqələrinə aid atası X2 iki fərqli yerdə təsərrüfatı olmuşdur. Bu təsrrüfatlarda fərdi yaşayış evi inşa etdirmişdir. Birinci yaşayış evi hazırda **********00064 abonent kodu olan 1948-ci ildə tikilmişdir. 1976-1979– cu ildə həmin yaşayış evi yanaraq məhv olmuş, yerində 1981-ci ildə fərdi yaşayış evi inşa etdirmişdir. Hazırda da həmin ev mövcuddur. İkinci fərdi yaşayış evi 1960-cı ildə tikilmişdir, 1979-cu ildən sonra həmin evdə yaşayış sahəsi olmamışdır. Və bu ev 2011-ci ilə qədər mövcud olmuşdur. Hər iki yaşayış evinə Azərbaycan SSRİ dövründə işıq və qaz xətti çəkilmişdir. Ancaq (1948) 1981-ci ildə tikilmiş yaşayış evində sayğac daimi olmuşdur. 1960-cı ildə isə heç vaxt sayğac olmamışdır. Onun müraciətindən sonra bütün kommunal xidmətlər, o cümlədən azərişıq üzrə də sayğaclaşma aparılmışdır. O, uzun müddət Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Bu səbəbdən **********01336 nömrəli abonent nömrəsinə müxtəlif şəhər və rayonlarda nəğd, ən çox ödənişlər isə şəxsən onun kart hesabından ödənilmişdir. 2007- 2011-cu illərdə o, 1960-cı ildə tikilmiş yaşayış evini sökərək paralel olaraq həmin yaşayış evinə sayğac qoyulması üçün keçmiş DT və XK tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, JN-162A şəhadətnaməsi ilə Tovuz Rayon ETŞ –nə müraciət etmişdir. Bu müraciəti əsasında həmin yaşayış evinə sayğac qoyulmuşdur. Sonradan 2012-ci ildə Tovuz rayon ETŞ tərəfindən həmin sayğac dəyişdirilərək sayğac nömrəsi tipi digər xarakteristikaları məlumat bazasına uyğun olmayan sayğac qoyulmuşdur. Cavabdehin xx.xx.2021-ci il tarixli, 7-01A-6338844 nömrəli cavab məktubunda göstərilmişdir ki, sayğacın elektron informasiya bazasında işlənərkən **********00420 nömrəli sayğac səhvən **********00470 kimi qeyd edilmişdir. Həmçinin qeyd edirlər ki, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. Amma həmin akt dəfələrlə tələb etsə də onun iştirakı olmadan tərtib edilmişdir və ona heç bir nüsxə verilməmişdir. xx.xx.2023-cü il tarixli, 7-01/A-633 /2/9654 nömrəli cavab məktubunda qeyd olunur ki, ЦЕ 6807 tipli sayğac 3 fazalı deyil bir fazalıdır. Abonent tarixçəsindən görsənir ki, elektron bazada ЦЕ 6807 tipli sayğac deyil, ЦЕ 6803 V1 3x380/220 tipli sayğacdır . Elektron bazada möhür nömrəsi qeyd olunmur. Hal-hazırda da M0844176 möhür nömrəsi həmin sayğacdadır. Faktiki olaraq heç bir akt tərtib edilməyib. xx.xx.2021-ci ildə isə 01/02/06- 08/i/8862 nömrəli cavab məktubunda bu abonentləri obyektə çəkilmiş abonent kimi qeyd edirlər. Cavabdeh məlumatları təqdim etməməklə “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2005-ci il tarixli, 18 № -li Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının tələblərini yerinə yetirmədiklərini dolayısı ilə təsdiqləmiş olurlar. Özbaşına sənədləşmə işləri aparıblar. Hesab edir ki, 10 il ərzində, mövcud olmuş **********01336 və **********00064 kodlu abonentdən bir fazanı götürərək şəxsi vəsaiti hesabına tikdirdiyi yaşayış evinə quraşdırmışdır. Bu da onun sahiblik hüququndan mərhum olunmağıma gətirib çıxartmışdır. Ən maraqlısı odur ki, ƏMDK yanında DƏDRX-nin 15 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə ********** cavab məktubunda qeyd olunan 44.8 kv.m yaşayış evinin atası X2 adına qeydiyyata alınması barədə heç bir məlumat yoxdur. Cavab məktubunun məzmunundan belə başa düşmək olur ki, 1981-ci ldə tikilmiş ev sonradan tapılıb. Beləliklə, onun məhkəmə təminatı hüququ obyektiv araşdırma aparılmadığı üçün pozulmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının "xxxx" ASC-yə etdiyi müraciətlərdən görünür ki, həmin müraciətlərdə “texniki normativlərə cavab verən 3 fazalı sayğacın quraşdırılması” ilə bağlı tələblər öz əksini tapmamışdır. Halbuki, məişət abonentlərinin tikinti obyektlərinə əlavə güc alması tələb olunduqda, onlara verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla, əlavə gücün alınması üçün yeni texniki şərtlər verilməlidir. Beləliklə, iddiaçı “ASAN” Kommunal Mərkəzinə müraciət etmək əvəzinə tutarsız istinadlara söykənərək Səhmdar Cəmiyyətin hesabına sayğacın quraşdırılmasını həyata keçirmək və dövlət rüsumu ödəmədən 3 fazalı sayğacı quraşdırmaq niyyətindədir.
Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
17. Məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır. Məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır; 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin və etirazın dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
26. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının iddia tələbi iki hissədən ibarədir. 1) texniki normativlərə cavab verən 3 fazalı sayğacın quraşdırılması və məişət abonenti müqaviləsinin bağlanması; 2) cavabdeh tərəfindən vurulmuş mənəvi zərərin ödənilməsi.
27. Məhkəmə kollegiyası iddia tələbinin texniki normativlərə cavab verən 3 fazalı sayğacın quraşdırılması və məişət abonenti müqaviləsinin bağlanması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı məhkəmə iclasında izahatı zamanı əvvəllər ona məxsus sayğacın 3 fazalı olduğunu, lakin sonradan cavabdehin əməkdaşları tərəfindən onun xəbəri və məlumatı olmadan dəyişdirilərək sıfır fazalı sayğacla əvəz edildiyini qeyd etmişdir.
28. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin bu dəlillərinə istinadən qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
30. Bu baxımdan iddiaçı əvvəllər ona məxsus olan evdə sayğacın 3 fazalı olduğunu sübut etməli idi. Lakin iddiaçı bu mövqeydən çıxış etsə də, öz mövqeyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Ona məxsus evdə hazırda olan və bundan əvvəl quraşdırılmış sayğacların da 3 fazalı olmadığı açıq və aşkardır. Aparılmış araşdırma zamanı da belə bir halın mövcudluğu müəyyən edilməmişdir. Cavabdeh də öz növbəsində bu halı təsdiq etməmişdir. Başqa sözlə, tərəflər arasında elektrik enerjisinin alqı-satqısından irəli gələn müqavilə münasibətləri yaranmış və hazırda da mövcuddur. Lakin bu münasibətlər çərçivəsində cavabdehin üzərinə iddiaçıya məxsus olan evdə 3 fazalı elektrik sayğacının quraşdırılması öhdəliyinin qoyulması üçün hər hansı hüquqi əsas yoxdur. Bu da öz növbəsində iddia tələbinin bu hissədə təmin edilməsini və texniki normativlərə cavab verən 3 fazalı sayğacın quraşdırılması ilə bağlı məişət abonenti müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istisna edir.
31. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, hazırki mövqe iddiaçını öz evinə 3 fazalı sayğacın quraşdırılması imkanından məhrum etmir. Belə ki, bu sahəni tənzimləyən qanunvericilikdə həmin məsələnin həlli qaydası əks etdirilmişdir. İddiaçı da qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti quruma müraciət etməklə və müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməklə, habelə xərcləri qarşılamaqla rəsmi qaydada öz evinə 3 fazalı elektrik sayğacının quraşdırılmasını təmin edə bilər.
32. Məhkəmə kollegiyası cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, bu tələb “yeni sayğacın quraşdırılması” tələbinə münasibətdə törəmə tələbdir və onun təmin edilib-edilməməsi bilavasitə əsas tələbin təmin edilib-edilməməsində asılıdır. Əsas tələbin təmin edilməməsi ilə bağlı məhkəmə kollegiyasının qənaəti də bu tələbin də rədd edilməsini şərtləndirir. Həmin tələb müstəqil tələb kimi qiymətləndirildiyi təqdirdə belə, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin vurulması halı öz təsdiqini tapmır, iddiaçı da məhkəməyə bu halı təsdiq edəcək heç bir sübut təqdim edə bilmir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: . İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2778/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Fuad Abdıyev Hakimlər: Xəyal Sarıyev Fərrux Qasımov