Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4322/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın əvəzinin, habelə hüquqi yardıma görə çəkilmiş xərcin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 12 905 (on iki min doqquz yüz beş) manat maddi zərərin əvəzinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 800 (səkkiz yüz) manatın, 30 (otuz) manat dövlət rüsumunun, 10 000 (on min) manat mənəvi ziyanın əvəzinin, yəni cəmi 23 735 (iyirmi üç min yeddi yüz otuz beş) manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 08 mart 2018-ci il tarixdə, saat 10:30 radələrində idarə etdiyi “Lexus GX460” markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti ilə Vaqif küçəsinin və X7 küçəsinin kəsişməsində yerləşən yeraltı tunelin X7 istiqamətində sağ zolaqla 40-50 km/saat sürətlə hərəkət edərkən tunelin çıxışına yaxın sərt döngəni keçdikdə hərəkətdə olduğu sağ zolaqdan sol zolağa çıxmağa başlamış, bu vaxt arxadan hərəkət edən “BMW” markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomaşın avtomobilini sol arxa təkərindən və təkərin qabaq hissəsi olan arxa qanaddan vurmuş, nəticədə maşın döngədə oynamış, idarəetməni itirərək ilkin olaraq hərəkət yolunun sağ hissəsində olan tunelin divarına, sonra da 24 metr hərəkət edərək sol yan hissəsi ilə tunelin sol hissəsində yerləşən divara dəyərək əks istiqamətdə dayandığı zaman “BMW” markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sol hissəsi ilə onun avtomobilinin sol yan hissəsini sürtərək hadisə yerindən qaçıb uzaqlaşmışdır. Mülkiyyət hüququ əsasında X2 məxsus olan və Cavabdeh1 sürücülük vəsiqəsiz və etibarnaməsiz idarə etdiyi “BMW” markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi həmin hadisə nəticəsində avtomobili yararsız vəziyyətə düşmüş, avtomobilin təmiri üçün cəmi 12 905 (on iki min doqquz yüz beş) manat ödəmiş, hadisədən sonra ağır mənəvi gərginlik və sarsıntı keçirmişdir. Cavabdehlərin vurduğu ziyanın ödənilməsi ilə əlaqədar dəfələrlə onlara müraciət etmiş, lakin cavabdehlər ziyanı ödəməkdən yayınmışlar. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və vəkilə 800 (səkkiz yüz) manat ödəmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9792 (doqquz min yeddi yüz doxsan iki) manat vurulmuş zərərin əvəzi, 800 (səkkiz yüz) manat hüquqi yardıma görə ödənilmiş məbləğ və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 10 622 (on min altı yüz iyirmi iki) manatın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manatın cavabdehlərdən tutulub Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər birgə apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətlərini birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması, onları düzgün tətbiq etməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması, yol-nəqliyyat hadisəsinin əslində iddiaçının təqsiri nəticəsində yarandığını və bu xüsusatın qanuni qüvvədə olan məhkəmə qərarında müəyyən edildiyini nəzərə almaması arqumentləri ilə əsaslandırmışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 şikayətin dəlillərini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, 08.03.2018-ci il tarixdə təxminən saat 10:30 radələrində idarə etdiyi, atası X2 məxsus “BMW” markalı ** VR *** dövlət nömrə nişanlı avtomobillə sürücülük vəsiqəsi və etibarnaməsi olmadan Atatürk prospekti ilə Vaqif küçəsinin və X7 küçəsinin kəsişməsində yer altı tunellə Xoyski küçəsi istiqamətində təxminən saatda 30-40 km. sürətlə hərəkətdə olan zaman tunelin içərisində arxasında hərəkətdə olan “Lexus” markalı avtomobil sürətlə sağ zolağa keçərək onun idarə etdiyi avtomobili keçib sərt döngədə onu sola-tunelin divarına sıxmış, onun hərəkətdə olduğu zolağa çıxdığı üçün “Lexus” markalı avtomobilin sol arxa təkəri onun avtomobilinin qabaq sol qanadının ucuna dəymiş, bundan sonra “Lexus” markalı avtomobil idarəetməni itirərək tunelin sol divarına dəyərək üzü əks istiqamətdə dayanmış, bu zaman avtomobilinin sol qabaq qanadı “Lexus” markalı avtomobilin sol yan hissəsini sürtərək keçmiş, bu sürtünmə nəticəsində özünün avtomobilinin yalnız yan güzgüsü qopmuş, həyəcanlandığından hadisə yerində dayanmamışdır. Hesab edir ki, hadisə onun təqsirindən deyil, “Lexus” markalı avtomobilin sürücüsünün təqsirindən yaranmışdır və buna görə də həmin avtomobilə dəymiş ziyandan o məsuliyyət daşıya bilməz. O, yalnız sürücülük hüququ və etibarnaməsi olmadan avtomobil idarə etdiyi üçün təqsirkardır, buna görə isə inzibati qaydada tənbeh olunmuşdur. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı, habelə digər cavabdeh məhkəməyə gəlmədiklərindən işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin, buna bağlı olaraq da məhkəmə xərclərinin bölüşdürülməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı ümumiyyətlə şikayət verməmiş, cavabdehlər isə qətnamənin ləğv edilməsini xahiş etmələrinə baxmayaraq, faktiki olaraq iddianın təmin olunan hissəsini mübahisələndirmişlər. Başqa sözlə qətnamənin, iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunması və məhkəmə xərclərinə dair hissədə ləğv edilməli, müvafiq iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, Cavabdeh1 08 mart 2018-ci il tarixdə saat 10:30 radələrində idarə etdiyi, atası X2 məxsus “BMW” markalı ** VR *** dövlət nömrə nişanlı avtomobillə sürücülük vəsiqəsi və etibarnaməsi olmadan Atatürk prospekti ilə Vaqif küçəsinin və X7 küçəsinin kəsişməsində yeraltı tunellə Xoyski küçəsi istiqamətində hərəkətdə olarkən “Lexus GX460” markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə yerindən yayınmış, nəticədə “Lexus GX460” markalı avtomobil tunelin divarına dəymiş, avtomobildəki sərnişinlər bədən xəsarətləri almış, Nərimanov rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin 05.05.2018-ci il tarixli qərarı ilə Cavabdeh1 haqqında cinayət işinin başlanması rədd olunmuş və barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi əsasında inzibati tənbeh tədbirinin görülməsi üçün material Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 29.08.2018-ci il tarixli qərarı ilə o, “Lexus GX460” markalı avtomobilə (ikinci toqquşma zamanı) maddi zərər yetirdiyindən qeyd edilən maddədə nəzrdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 400 manat cərimə olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sözügedən qərarı ilə müəyyən olunmuşdur ki, 08 mart 2018-ci il tarixdə Atatürk prospekti ilə Vaqif küçəsinin və X7 küçəsinin kəsişməsindəki tuneldə baş vermiş yol-nəqliyyat hadisəsi iki toqquşmadan ibarət olmuşdur: birinci toqquşma “Lexus GX460” markalı avtomobilin sürücüsü İddiaçı hərəkət zolağını dəyişərkən onun idarə etdiyi avtomobilin arxa təkərinin arxada hərəkətdə olan “BMW” markalı ** VR *** dövlət nömrə nişanlı avtomobilə sürtülməsi nəticəsində baş vermiş, bununla da “Lexus GX460” markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobilin tunelin divarlarına çırpılması, avtomobilə maddi zərər, sərnişinlərə isə sağlamlığa yüngül dərəcəli xəsarət yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə 10 aprel 2018-ci il tarixli və 30 iyul 2018-ci il tarixli rəyindən göründüyü kimi, birinci toqquşma zamanı “Lexus GX460” markalı avtomobilin sürücüsü İddiaçı hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur...Bununla da məhkəmə belə qənaətə gəlir ki, 08 mart 2018-ci il tarixdə Atatürk prospekti ilə Vaqif küçəsinin və X7 küçəsinin kəsişməsindəki tuneldə baş vermiş yolnəqliyyat hadisəsinin birinci toqquşmasında “BMW” markalı ** VR *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh1 təqsiri istisna edilir. ...Lakin ... tuneldə baş vermiş ikinci toqquşma bilavasitə “BMW” markalı ** VR *** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün təqsiri ucbatından baş vermişdir. Belə ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə 10 aprel 2018ci il tarixli və 30 iyul 2018-ci il tarixli rəyindən göründüyü kimi, “ikinci dəfə “BMW” markalı avtomobil ilə “Lexus GX460” markalı avtomobil arasında baş vermiş toqquşma hadisəsində “BMW” markalı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Birinci instansiya məhkəməsi “Lexus GX460” markalı avtomobilə ziyan dəyməsinə səbəb olmuş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirkar olduğunu vurğulamış, təyin etdiyi ekspertizanın rəyini əsas götürərək ondan və onun idarə etdiyi avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 ekspert rəyində müəyyənləşdirilən məbləğin tutulmalı olduğu nəticəsinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə, müəyyən etdiyi hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, maddi hüquq normasını düzgün təfsir etməmiş və hüququn tətbiq edilməsində səhv buraxmış, həmçinin sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi, “Lexus GX460” markalı avtomobilin sürücüsü İddiaçı hərəkət zolağını dəyişərkən onun idarə etdiyi avtomobilin arxa təkərinin arxada hərəkətdə olan “BMW” markalı ** VR *** dövlət nömrə nişanlı avtomobilə sürtülməsi səbəbilə “Lexus GX460” markalı avtomobilin tunelin divarlarına çırpılmasında (birinci toqquşma) və nəticədə avtomobilə maddi zərər dəyməsində “BMW” markalı ** VR *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh1 təqsirli olmadığı qanuni qüvvədə olan qərarla müəyyən olunmuşdur; bu isə o deməkdir ki, Cavabdeh1 bu hadisə, yəni birinci toqquşma nəticəsində “Lexus GX460” markalı avtomobilə dəymiş ziyana görə məsuliyyət daşıya bilməz. Bununla yanaşı qeyd olunmalıdır ki, tuneldə baş vermiş ikinci toqquşmanın bilavasitə Cavabdeh1 təqsiri ucbatından baş verdiyi də işin müəyyən olunan halıdır – hansı ki, həmin toqquşma zamanı onun idarə etdiyi “BMW” markalı avtomobilin sol qabaq qanadı “Lexus GX460” markalı avtomobilin sol yan hissəsini sürtərək keçmiş, Cavabdeh1 özünün bildirdiyinə görə bu zaman özünün avtomobilinin yan güzgüsü qırılmışdır (qopmuşdur). Şərh olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh1 məhz ikinci toqquşma zamanı “Lexus GX460” markalı avtomobilə dəymiş ziyandan məsuliyyət daşıya bilər və buna görə də sözügedən avtomobilə həmin toqquşmada dəymiş ziyanın məbləği müəyyən olunmalıdır. Bununla əlaqədar iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmasa da, kollegiya ağlabatan mühakimə əsasında belə qənaətə gəlir ki, “BMW” markalı avtomobilin sol qabaq qanadının “Lexus GX460” markalı avtomobilin sol yan hissəsini sürtərək keçməsi nəticəsində həmin avtomobilin iddiaçının istinad etdiyi aktda dəyişdirildiyi göstərilən hissələrindən qapılarının üstündəki nikelin və qapının əltutanının zədələnmiş olduğunu ehtimal etmək mümkündür – birinci instansiya məhkəməsinin təyin etdiyi ekspert rəyində isə qapılarının üstündəki nikelin qiymətinin 320 manat, qapının əltutanının qiymətinin 460 manat olduğu müəyyənləşdirilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.Bununla yanaşı qeyd olunmalıdır ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı). Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Kollegiya hesab edir ki, yüksək təhlükə mənbəyi olan “BMW” markalı avtomobili idarə etmiş Cavabdeh1 “Lexus GX460” markalı avtomobilə dəymiş ziyanın təqribən 780 (yeddi yüz səksən) manat hissəsinə görə məsuliyyət daşıdığından, həmin məbləğ ondan iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya həmçinin qeyd edir ki, “BMW” markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olmuş X3 da həmin ziyan məbləğinə görə müştərək məsuliyyət daşıyır; belə ki, o, avtomobilin oğlu Cavabdeh1 tərəfindən onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olmadığına dair heç bir dəlil irəli sürməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İddiaçının “hüquqi yardıma görə vəkilə ödənilmiş 800 (səkkiz yüz) manatın cavabdehlərdən tutulması” tələbini də kollegiya qismən əsaslı hesab edir; belə ki, Mülki- Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı onu məhkəmədə təmsil etmiş nümayəndə (vəkil) ilə bağladığı müqaviləni təqdim etməsə də, həmin vəkilə 800 manat ödədiyinə dair mədaxil qəbzini iş materiallarına əlavə etmişdir və kollegiyanın qənaətinə görə ağlabatanlılıq meyarı əsas götürülməklə bu məbləğin 150 (yüz əlli) manat hissəsi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə isə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri qismən əsaslı hesab edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğlərinin tərəflərin özlərinə aid edilməsi, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın xərcinin isə onların arasında mütənasib qaydada bölüşdürülməsi ədalətli hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-343/2020 saylı iş üzrə 14 yanvar 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9792 (doqquz min yeddi yüz doxsan iki) manat vurulmuş zərərin əvəzi, 800 (səkkiz yüz) manat hüquqi yardıma görə ödənilmiş məbləğ və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 10 622 (on min altı yüz iyirmi iki) manatın tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manatın cavabdehlərdən tutulub Ekspertiza Mərkəzinin hesabına köçürülməsi” hissəsində ləğv olunsun. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın əvəzinin, habelə hüquqi yardıma görə çəkilmiş xərcin ödənilməsi” tələbləri qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 maddi ziyanın əvəzi qismində 780 (yeddi yüz səksən) manat, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi qismində 150 (yüz əlli) manat olmaqla cəmi 930 (doqquz yüz otuz) manat müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın xərci olan 120 manatın 80 (səksən) manatı İddiaçı, 40 (qırx) manatı isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4322/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4322/2020
23.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver