Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4325/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 11 saylı Notariat Kontoru və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub: 1) borc kimi qeyd olunmuş məbləğ tam şəkildə ödənildiyinə görə iddiaçı ilə Cavabdeh2 arasında 11 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ləğv edilsin; 2) maddi zərərin əvəzi kimi 5.000 manat Cavabdeh2 iddiaçının xeyrinə tutulsun; 3) mənəvi zərərin əvəzi kimi 10.000 manat cavabehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə tutulsun. Tələb onunla əsaslandırılıb ki, Cavabdeh3 iddiaçının etibar etdiyi, ana tərəfdən yaxın qohumudur. Cavabdeh Qalib Hüseynovu isə iddiaçı əvəllər tanımamış, ilk dəfə həmin kredit müqaviləsini bağlayarkən notariat kontorunda görmüşdür. Kredit müqaviləsinin tərtib edilməsi tamam başqa münasibətdən irəli gəlmiş, həmin müqavilə üzrə iddiaçı cavabdehdən pul almamış, borc Cavabdeh3 Cavabdeh2 qarşısında mənzil alqı-satqısı nəticəsində yaranmış və qısa müddətdə qaytarılmışdır. Belə ki, Qalib Hüseynova aid olan mənzil bankda girovda olmuş və satışa çıxarılmışdır. Bu barədə mətbuatda elan verilmişdir. Həmin mənzil Cavabdeh3 maraqlandırmış və o, bu barədə iddiaçının qardaşı Aydəm İsmayılova demişdir. Aydəm də alqı-satqı firmasının müdüri olan Rüfətə zəng edərək həmin mənzillə maraqlanmasını xahiş etmişdir. Rüfətin topladığı məlumatdan bəlli oldu ki, mənzil bankda girovdadır, hərraca çıxarılıb və bank mənzili əldə etmək ərəfəsindədir. Bundan sonra bankla əlaqə saxlayıb, oradan da iddiaçının qardaşını mənzilin sahibi olan cavabdeh Qalib Hüseynovla əlaqələndirmişlər. Qalibin adından onun yaxın adamı kimi Zaur adında şəxs ortaya çıxmış və Qalibin olmadığı vaxtlarda danışıqlar onunla aparılmışdır. Həmin vaxtlar Qalib Hüseynov xarici ölkədə olmuş, danışıqlardan sonra Bakıya gəlmişdir. Mənzili qiymətləndirərək 720.000 ABŞ dollarına razılaşmışlar. Mənzilin alqı-satqısını rəsmiləşdirmək üçün əvvəlcə girovdan çıxarılması lazım olmuşdur. İlkin olaraq mənzili girovdan çıxartmaq üçün Cavabdeh3 150.000 ABŞ dolları vermişdir. Həmin pul Rüfət adında şəxsə verilmiş və o, da Zaurla gedib, pulu banka ödəyərək mənzili girovdan çıxarmışlar. Mənzilin alqı-satqısının rəsmiləşdirilməsi üçün 11 saylı Notariat Kontoruna yığışanda, iddiaçı da qohumu Cavabdeh3la getmişdir. Mənzilin razılaşdırılmış dəyəri olan 720.000 ABŞ dollarından əvvlcədən ödənilmiş 150.000 ABŞ dolları nəzərə alınmaqla, qalan 570.000 ABŞ dollarından 140.000 ABŞ dolları çatmamışdır. Alqı-satqı yarımçıq qalmasın deyə razılaşdılar ki, mənzil alan şəxs həmin məbləğə dair borc müqaviləsi imzalasın və 5-6 aya ödəyəcəyini öhdəsinə götürsün. Lakin notarius buna razılaşmadı ki, eyni zamanda həm mənzilin alqı-satqı müqaviləsinin, həm də aralarında borc müqaviləsinin bağlanması məntiqli deyildir, razılıq varsa borc müqaviləsi başqası ilə bağlansın. Məhz bu səbəbdən, notariusun məsləhəti ilə kredit müqaviləsi iddiaçının adına tərtib edilmişdir. Mənzilin alqı-satqı müqaviləsi ertəsi gün Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Bir aydan sonra da mənzili alan həmin məbləği hissə-hissə ödəməyə başlamış və təqribən 4-5 ay müddətinə mənzilin dəyərindən yerdə qalan və kredit müqaviləsində əks edilmiş 140.000 ABŞ dolları tam şəkildə ödənilmişdir. Pulların çox hissəsini cavabdeh Qalib Hüseynovun yaxını olan Zaur götürüb aparmış, Rüfətin də alıb göndərdiyi hal olmuş, iki dəfə də pul şəxsən Qalibin özünə verilmişdir. Hər dəfə də Qalib pulun ona çatdırıldığı barədə məlumat vermiş və bununla bağlı aralarında heç bir sözsöhbət və irad olmamışdır. Həmin alqı-satqıya kimi iddiaçı ümumiyyətlə Qalib Hüseynovu görməmiş, onu tanımamış və onunla hər hansı razılaşması olmamışdır. Alqı-satqıdan sonra da iddiaçının Qalib Hüseynovla heç bir əlaqəsi olmamışdır. Onun əlaqələri iddiaçının qardaşı Aydəm İsmayılov ilə olmuşdur və öz aralarında alver etmişlər. Sonunda da Qalib düzgün mal vermədiyinə görə mübahisələri olmuşdur. Belə ki, X1 yaşadığını və orada bizneslə məşğul olduğunu iddiaçının qardaşı Aydəmə demiş, iddiaçının qardaşı da ona malın üzərinə yapışdırılan “birkalar” lazım olduğunu demiş və birkaları Türkiyədə hazırlayıb göndərilməsi ilə bağlı iddiaçının qardaşı Aydəmlə cavabdeh Qalib Hüseynov razılaşmışlar. Pulu göndərəndən sonra da Qalib mallar göndərmişdir. Sonuncu 2 partiya birklarlar düzgün olmayan mal kimi göndərilmişdir. Həmin mallara görə iddiaçının qardaşı ümumilikdə 90.000 ABŞ dolları ziyana düşmüşdür. Türkiyə gedəndə onlara məlum olmuşdur ki, Qalib sonrakı partiyanı dediyi fabrikdən deyil, kustar üsulu ilə 32.000 ABŞ dolları ucuzuna zay maldan düzəltdiribmiş. X2 həmin birkaların satışından 120.000 ABŞ dolları gəlir olduğu iddiası ilə gəlirdən iddiaçının qardaşından pay istəmiş və aralarında mübahisə baş vermişdir. Bundan sonra Qalib Hüseynov onunla aralarında bağlanmış kredit müqaviləsini məqsədli şəkildə istifadə etmiş və məqsədinə nail olmuşdur, yəni iddiaçı mövcud olmayan 140.000 ABŞ dolları məbləğində öhdəliyin altında qalmışdır. Əslində isə mənzildən qalan borcun son məbləğini alandan sonra müqavilənin ləğv edilməsi cavabdehlərə aid məsələ idi. Belə ki, borc bağlandığından kredit müqaviləsi də cavabdehlər tərəfindən ləğv edilməli idi. Müqavilənin ləğvinə dair iddiaçının müraciəti, bütün bunlardan məlumatlı olan cavabdeh 11 saylı notariat kontoru tərəfindən də təmin edilməmişdir. İddiaçı məsələnin yoluna qoyulmasını cavabdehlərdən dəfələrlə xahiş etsə də, bunun müsbət nəticəsi olmadığından, aralarında mübahisəyə səbəb olmuşdur. Ona görə də iddiaçı mübahisəni məhkəmə yolu ilə həll edilməsi məcburiyyətində qalmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh (borc verən) Cavabdeh2 ilə iddiaçı (borc alan) İddiaçı arasında bağlanmış, Bakı şəhəri 11 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə görə borc verən borc alana 237.790 manat (140.000 ABŞ dolları) məbləğində pulu borc verir, borc alan isə həmin pulu xx.xx.2018-ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürür. Müqavilədə göstərilən pul notariusun depozit hesabı vasitəsilə borc verən tərəfindən borc alana verilib (iş v. 139). İddianın 2 əsası var. İddianın 1-ci əsası ondan ibarətdir ki, kredit müqaviləsi uydurma əqddir, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanıb, əslində alqı-satqı müqaviləsi üzrə mənzilin qiymətinin ödənilməmiş hissəsi “kredit borcu” kimi sənədləşdirilib. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd əhəmiyyətsizdir. Lakin kredit müqaviləsinin uydurma əqd oldugunu təsdiq edən sübutlar yoxdur. Belə ki, cavabdeh (borc verən) müqavilənin həqiqi olduğunu bildirir. İddiaçı tərəfin təşəbbüsü ilə dindirilmiş şahidlərin – iddiaçının qardaşı Aydəm İsmayılovun və iddiaçının qardaşının dostu Ülvi Həsənovun ifadələri öz məzmununa və şahidlərin mübahisə tərəfləri ilə olan münasibətlərinə görə müqavilənin uydurma sayılmasına əsas verən mötəbər sübut sayılmır. İddianın 2-ci əsası ondan ibarətdir ki, kredit müqaviləsində göstərilən pul (yəni mənzilin qiymətinin ödənilməmiş hissəsi) tam olaraq Cavabdeh2 ödənilib. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 528-ci maddəsinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Lakin kredit müqaviləsində göstərilən pulun geri qaytarıldığını təsdiq edən sübut yoxdur. O cümlədən iddiaçıya maddi və mənəvi zərər vurulduğu müəyyən olunmur. Mülki Məcəllənin 21.1-ci maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsinin tələb edilməsi üçün əvvəlcə zərərin vurulduğu müəyyən olunmalıdır. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4325/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4325/2022
24.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver